Архив | 17.04.2021

ƏMRANIN ATASINA DEDİYİ

(Bəkil oğlu Əmran boyu)

Nə deyirsən, ata, nə söyləyirsən,

Mənə dağ çəkirsən niyə belə sən?

Yerindən qalxaraq mənəm atılan,

Minməyim çox olub Qazlıq atıma.

Ov üçün aşmadım mən Ala dağdan,
Olmadım Bayındır divanında da.

Qazan kim? Əlini onun öpmədim,
Ala ayğırını mənə ver ind!

Qan-tərə batırıb çaparam onu,
Çıxar ver əynindən qara donunu.

Sənə təzə yaxa tikdirərəm mən,
Ver mənə polad üz qılıncını sən,

Baş kəsim səninçin nə qədər desən.

Ver, ata, üstəlik qarğı süngünü,

Deşərəm onunla yağı köksünü.

Hanı ağ lələkli oxun, ver mənə,

Deşib yağıları düzərəm ona.

Üç yüz alagözlü igid də gərək,

Məhəmməd yolunda döyüşə girək.

16-17. 04. 2021, Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ «GÜLÜSTAN» POEMASI HAQQINDA

Məni İnternetdə Bəxtiyar Vahazadənin tənqidinə görə söyən heyvərələr mənə “Gülüstan” poemasını xatırladırlar: guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə bərabəri olmayan milli şücaət göstərib.

Məcburam ki, bu gülməli poema haqqında da yazam. Poema doğrudan da gülməlidir. Adına fikir verirsiniz? “Gülüstan”! Fars sözüdür “gül”(  گل) və stan. Yəni güllü-çiçəkli yer. Fars sözü! Burda təəccüblü heç nə yoxdur. Azərbyacanın şimalında olan xanlıqlar müstəqil dövlət yox, İran monarxiyasının vassalları olublar və öz aralarında daim çəkişiblər, daim Türkiyənin həmlələrinə məruz qalıblar, Rusiya tərəfinə meyllənəndə İran xanlıqarın ərazisinə qoşun yeridib və s.

1804-1813 –cü illərdə Rusiya ilə İran arasında gedən müharibələrdə Azərbaycan döyüşən tərəflərdən biri olmayıb, ola da bilməzdi, çünki o vaxt təbiətdə və tarixdə Azərbaycan dövləti yox idi. Müqavilə bağlanan vaxta qədər şimal xanlıqlarının əksəriyyəti Rusiya imperiyasının tərkibinə keçmişdi (Gəncə — 1804-cü ildə), müqavilə əslində çoxdan yaranmış vəziyyəti qeydə alırdı, 1812-ci ilin oktyabrında ağır məğlubiyyətdən sonra İran Azərbaycanın şimal hissəsindəki ərazilərdən əl çəkməyə məcbur olur: bu o deməkdir ki, şimali Azərbaycan o vaxta qədər beynəlxalq hüqüq normalarına görə İran ərazisi olub, Azərbaycan isə beynəlxalq hüqüq subyekti kimi mövcud olmayıb.

Yəni “Azərbaycanı böldülər” iddiası ağ yalandır.  Əslində Gülüstan, sonra Türkmənçay müqavilələri Şimali Azərbaycan ərazilərinin birləşdirir, feodal dağınqlığına son qoyulurdu. Bu müqavilələrdən sonra azərbaycanlıların vahid millət kimi inkişafı başlayır.

“Gülüstan” poemasını yazanda Bəxtiyar Vahabzadənin 35 yaşı olub, universitetdə sovet (!) ədəbiyyatını tədris edirdi, bunları gözəl bilməliydi. Və onu da bilməliydi ki, Gülüstan müqaviləsi olmasaydı, bəlkə də Şəkidə mal otarardı, çünki Azərbaycanda heç bir sovet ədəbiyyatı və heç bir universitet (cənubda Azərbaycan universiteti var?) olmayacaqdı.

İndiki Azərbaycanın əsası Rusiya imperiyasında qoyulub. SSRİ-də isə bitkin halda formalaşıb. Bunun üçün də biz Vlaıimir İliç Leninə minnətdar olmalıyıq. Çünki 1922-ci ildə SSRİ yaradılanda Stalin təkidlə muxtariyyə planını yeridirdi. Yəni milli ucqarlar Rusiyanın tərkibində muxtariyət kimi qalmalıydılar. Lenin bu planı rədd edir, hər milli ucqara müttəfiq respublika statusu – SSRİ tərkibindən çıxmaq hüququ ilə!- verilməsi təkfini irəli sürür. Yəni əslində Lenin bizə qurulu dövlət bağışlayır. Başqa xalqlar  kimi əsrlərlə mübarizə aparmadan, sərhədlər uğrunda dəryalarla qan tökmədən hazır dövlət alıb qoyuruq cibimizə. Biz Lenindən narazı ola bilərikmi? Hanı Leninin heykəlləri? Qaytarın qoyun yerinə! Bəxtiyar Vahabzadə özü Lenini sevib, ona poema yazıb, Heydər Əliyevin köməyi ilə SSRİ dövlət mükafatı alıb (5 000 r, bir “Volqa”nın pulu)… Yəni Bəxtiyar Vahabzadə həmişə bilib ki, çörəyi hardan çıxır. Gülüstan poeması isə gənclik lotuluğu olub. Hərçənd 35 yaşlı universitet müəlliminə lotuluq yaraşmaz…

İndi kim Gülüstan müqaviləsindən  narazıdırsa, baxsın Cənubi Azərbaycana. 1812-ci ildə İran Rusiyaya qalib gəlsəydi, bizim şimal əraziləri həmişəlik keçərdi İrana. Biz İranın içində dövlət qura bilərdikmi? Yox! Cənubda otuz milyona yaxın azərbaycanlı var, onlar nəinki dövlət qura bilmirlər, hətta bir məktəb də aça bilmirlər…

Şimalda pis-yaxşı dövlətimiz var. Düzdür, parlamentimiz yoxdur, məhkəməmiz yoxdur, məmurlar oğrudurlar… Ancaq dövlət var, ruslar açan akademiya da var, ruslara yaradan kinostudiya da var, ruslar yaradan (Tuqanov!) teatr var… Məktəblərimiz var, mətbuatımız var. Televiziya da var, hərçənd gecə-gündüz yalan danışır…

Bəli, xalq aralı düşüb. Ancaq xalq həmişə birləşə bilər (buna tələsmək lazım deyil, 1990-cı ildə İran sərhədini dağıdanlar başıpozluq edib, İranı düşmənə çeviriblər). Ancaq Gülüstan müqaviləsi olmasaydı, biz Rusiya imperiyasının tərkibinə keçməsəydik, heç bir dövlət-zad olmayacaqdı…

Bunu azərbaycanca yazıram ki, ruslar oxumasınlar. İndi lazım deyil. Putindən sonra, Rusiyada demokratik rejim yarananda ruslarla oturub Gülüstan müqaviləsinin şərəfinə araq da vurmaq olar…

14.01. 2019

Samara

P.S. Poemanın bədii xüsusiyyətlərini ayrı yazıda təhlil etmək olar. Gülməli şeylər çoxdur.  Bir beyt:

“Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?”

Universitet professoru bilməyib ki, “cəsəd” ərəbcə ölü bədəndir…

X.X.