Yekə sağ əlində iri kəlbətin,
Dirəyib sinəmə ayağını da,
Dediyinə görə guya “ən çətin”,
Dişi Teymur həkim çəkib çıxardı.
+
Bir ucdan axsa da əngimin qanı,
Ağzımda ağaca dönsə də dilim,
Daha qurtarmışdı ağrıdan canım,
Yol boyu gic kimi gülümsəyirdim.
+
“Qələbə” bağında Sabir dayımı
Tapdım. Bir kişiylə çay vururdular.
Məni görən kimi çəkdi yanına,
Yoldaşına deidi “bacım oğludur”.
+
“Xeyrulla, yaxşı bax, gördüyün adam,
Yusif Eloğludur, bəlkə biləsən”.
Bunu eşidəndə yəqin ağardım,
Əngimin qanı da kəsdi deyəsən.
+
Ağlım söz kəsəndən bu ad tanışdı,
Salyanın ən məşhur qoçusuydu o,
Ondan əfsanələr danışırdılar,
Guya ad çıxarıb Rusiyada o.
+
Qorxuya salırmış hamını guya,
İyirmi il şimal türmələrində,
Əlli-yüz kişini düzüb sıraya,
Vururmuş beşini-onunu birdən…
+
“Sabir, nə iş görür, bizim bacoğlu?
“Yusif, müəllimdir bacoğlu kənddə.
Yaman oxuyandır. Həm yazır-pozur”.
“Sabir, onda denən sənə çəkib də…”
+
Bir qələm çıxarıb sonra cibindən,
Fikirli-fikrili dayımın dostu,
Nə isə cızmağa başladı birdən,
Bozumtul “Avrora” qutusu üstə.
+
Çəkdiyi xətləri mənə göstərib,
Dedi “bu yazılar həyat dərsidir.
Yaxşıca öyrənmək əgər istəsən
Həyatı — kitablar onda bəs deyil”.
+
Hər oxu, hər xətti incəliyiylə,
Salyan əfsanəsi xırdalayırdı.
Deyirdi dünyanı başa düşməyə,
Kitablar ayrıdır, həyat ayrıdır…
+
Dişim çəkilmişdi, qarnım ac idi,
Ağzım da kilidli novokainlə.
Yadımda qalmadı kişi nə dedi,
Daha görüşmədim bir də onunla.
+
Ən vacib suala cavab bilmədən,
Yaşaram indi də sirli dünyada.
Gərək o “Avrora” qutusunu mən,
Yusif Eloğludan alaydım onda…
19.10.16
Samara