Архив тегов | Yusif Eloğlu Salyan

SALYAN, 1973-CÜ İLİN YAYI. YUSİF ELOĞLU İLƏ GÖRÜŞ

Yekə sağ əlində iri kəlbətin,

Dirəyib sinəmə ayağını da,

Dediyinə görə guya “ən çətin”,

Dişi Teymur həkim çəkib çıxardı.

 

Bir ucdan axsa da əngimin qanı,

Ağzımda ağaca dönsə də dilim,

Daha qurtarmışdı ağrıdan canım,

Yol boyu gic kimi gülümsəyirdim.

 

“Qələbə” bağında Sabir dayımı,

Tapdım. Bir kişiylə çay vururdular.

Məni görən kimi çəkdi yanına,
Yoldaşına deidi “bacım oğludur”.

 

“Xeyrulla, yaxşı bax, gördüyün adam,

Yusif Eloğludur, bəlkə biləsən”.

Bunu eşidəndə yəqin ağardım,

Əngimin qanı da kəsdi deyəsən.

 

Ağlım söz kəsəndən bu ad tanışdı,

Salyanın ən məşhur qoçusuydu o,

Ondan əfsanələr danışırdılar,

Guya ad çıxardıb Rusiyada o.

 

Qorxuya salırmış hamını guya,

İyirmi il şimal türmələrində,

Əlli-yüz kişini düzüb sıraya,

Vururmuş beşini-onunu birdən…

 

“Sabir, nə iş görür, bizim bacoğlu?

“Yusif, müəllimdir bacoğlu kənddə.

Yaman oxuyandır. Həm yazır-pozur”.

“Sabir, onda denən sənə çəkib də…”

 

Bir qələm çıxarıb sonra cibindən,

Fikirli-fikrili dayımın dostu,

Nə isə cızmağa başladı birdən,

Bozumtul  “Avrora” qutusu üstə.

 

Çəkdiyi xətləri mənə göstərib,

Dedi “bu yazılar həyat dərsidir.

Yaxşıca öyrənmək əgər istəsən,

Həyatı, kitablar onda bəs deyil”.

 

Hər oxu, hər xətti incəliyiylə,

Salyan əfsanəsi xırdalayırdı.

Deyirdi dünyanı  başa düşməyə,

Kitablar ayrıdır, həyat ayrıdır…

 

Dişim çəkilmişdi, qarnım ac idi,

Ağzım da kilidli novokainlə.

Yadımda qalmadı kişi nə dedi,

Daha görüşmədim bir də onunla.

 

Ən vacib suala cavab bilmədən,

Yaşaram indi də sirli dünyada.

Gərək o “Avrora” qutusunu mən,

Yusif Eloğludan alaydım onda…

19.10.16

Samara