Архив тегов | Zinyət Əlizadə

GƏDƏBİYYAT. BAYIL TÜRMƏSİNDƏ BABA VƏZİROĞLU ÖZ-ÖZÜNÜ ÖZ KÖKSÜNƏ NECƏ SIXIRMIŞ?

BABA VƏZİROĞLU 3

Babanın qələmindən çıxan hər bir mətn əşyayi-dəlildir, yənin onun Azərbaycn dilini bilmədiyinə sübutdur.

“Qəlbimdən asılan bir daş imiş, daş!”

Qəlb – ürək deyilmi? Yəni ürəkdən asılan daş imiş? Ürəkdən nə asılıbmış? Bəlkə Baba demək istəyib ki, sinəsindən asılan daş imiş, ancaq deyə bilməyib?

Sıxanda köksünə özün-özünü,
Arabir yadına düşəcəyəm mən…

Adam öz-özünü necə köksünə sıxa bilər? Qurban Məmmədli demişkən: əziz həmvətənlər! Gəlin Babanı verək məhkəməyə, dünyanın ən ədalətli məhkəməsi olan Azərbaycan məhkəməsinə. Qoy bu aferist sübut eləsin ki, adam öz-özünü necə köksünə sıxır. Məhkəmə eksperimenti kimi Baba hakimin tələbiylə bu hoqqanı andlı iclasçılar qarşısında nümayş etdirsin. Bəlkə Baba Vəziroğlu Bayıl türməsində öz-özünü sıxırmış, yəni zad eləyirmiş, qızğın adamdır, bunu iistisna eləmək olmaz.. Ancaq öz-özünü köksünə necə sıxardı?

Haşiyə çıxıb Molla Nəsrəddin lətifəsini xatırladım.Molla Nəsrəddin müvəqqəti qazi işləyəndə yanına iki nəfər ərizəçi kəlir. Biri o birindən şikayət edir ki, guya o buna kəllə vurub. Cavabdeh and içir ki, kəllə-zad vurmayıb, şikayətçi özü-özünə kəllə vurub. Molla deyir gedin, yarım saatdan sonra gələrsiniz. Tək qalan kimi Molla özü eksperiment keçirir ki, görsün adam öz-özünə kəllə vurar bilər ya yox. O qədər hoppanır ki, axırda başı divara dəyib yarılır…

Möhtərəm hakimlər! Əziz həmvətənlər! Bu adam, bu aferist öz müsahibəsində deyir ki, bir mahnısına 100 min manat alıb. Bəlkə elə “öz-özünü köksünə sıxmağa” görə. O  pul təcili müsadirə olunub dünyada ən şəffaf fond olan Heydər Əliyev fonduna verilməlidir!

Gözlərim əbədi gözünə həsrət,

Qulağım bir şirin sözünə həsrət,

Özüm bu dünyanın özünə həsrət,

Nə yaxşı sən varsan, sevirəm səni.

Fikirləşəndə ki, bu mətnə mənim millətim bəh-bəh deyir, mən millətimdən üz çevirirəm. Bu Babalar bir deyil, beş deyil… Bu babalar elə-belə yaranmırlar. Natəmizlik olan yerdə hər cür qurd-quş əmələ gəlir. Mənim xalqımın tələbatı belədir, mənim xalqım bayağı, səthi, misraları başayaq, mübtədası xəbəriylə uzlaşmayan mətnləri sevir. Gürcü filosof   Merab Mamamrdaşvili 80-ci illərin sonlarında demişdi ki, əgər gürcü xalqı Qamsaxurdianın dalınca getsə, o, gürcü xalqına qarşı çıxacaq… Mənim xalqımın siyasi seçimi yoxdur, estetik, bədii seçimi isə Baba Vəziroğludur və Baba Vəziroğlu kimilərdir. Mənim övladım olsaydı və o, Babanın sözlərinə yazılmış mahnını zümzümə eləsəydi, mən ondan üz döndərərdim. Mən Babasevərlə bir süfrədə oturub çörək kəsmərəm. Mənim xalqım necə mənəvi rüsvayçııq bataqlığına qərq olduğunu başa düşmür…

Baxın yuxarıdakı bəndə:

“gözünə, sözünə, özünə…” Şərəfsiz həyatının yetmişinə çatmış bu adam əlli ildir deyir  “gözüm gözünə həsrət”.

Korsan?

Yaxşı, biz də özümüzü qoyduq korluğa. Üçüncü misra:

“Özüm bu dünyanın özünə həsrət”.

Bəs bu nədir? “Dünyanın özü” nədir?

 

“Təzəcə doğulan bir Aya baxdım”

Hardasan, ay Zinyət müəllim! Yapışaydın Babanın kirli qulağından, soruşaydın ki, ay yaramaz, neçə ay var ki, biri ya ikisi ola?

Özü də bu şeir Allaha müraciətlə yazılıb. Allah sənin…

“Göydə şimşək kimi çaxdın, İlahi”…

Sonra da yağış kimi yağır…

Məndən inciyəndə, məndən küsəndə,
Qəlbimə sopsoyuq küləklər əsir.

“Sopsoyuq küləklər” – necədir?

Lamançlı Don Kixotu tanıyan var? Heç vaxt görmədiyi Dulsineyanı sevir, onun şərəfinə döyüş qələbələri qazanmaq eşqi ilə yel dəyirmanları ilə vuruşurdu…Bizə məktəbdə izah ediblər ki, Don Kixot kimdir, niyə xəyalında Dulsineyanı yaradıb, niyə dəyirmanlarla vuruşur və s. Bu Babada bir qram donkixotluq, idealistlik, romantiklik yoxtur, Baba son dərəcə soyuqqanlı aferistdir. Görmədiyi gözəli sevdiyini deyirsə, məqsədi kəndlərimizdə telefodan başqa bir nəinki əyləncələri, hətta ümid yerləri olmayan qızların və oğlanların sadəlövh, heç br nizamlı, məzmunlu estetik tərbiyə almamış qəlblərinə girməkdir. Başı telofinda olan gənc heç bilmir ki, Baba yetmiş yaşında pozğun bir qocadır, zorlama ittihamı ilə Bayıl türməsində oturub, bu qafiyələi sevgi demaqoqiyası pul tələsidir…

Bilmirəm gözlərin necədir senin ?

Saçların bir zulmət gecədir sənin,

Bilmirəm yaşını, neçədir sənin,

Nə yaxşı sən varsan, sevirəm səni.

Yenə ən ədalətli Azərbaycan məhkəməsiunin hakiminə müraciət edirəm. Möhtərəm hakim! Bu aferist cənab əgər arvadı görməyibsə, hardan bilir ki, saçları “zülmət gecədir”? Möhtərəm hakim! Üçüncü misrada ciddi qrammatik səhv var. Yuxarıda da deyilənləri nəzərə alsaq, bu, Baba Vəziroğunu nəinki ali məktəb diplomundan, hətta attesstatdan məhrum etməyə əsas deyilmi?

(ardı var)

19. 09. 2023, Samara

ZİNYƏT MÜƏLLİM HAQQINDA. AŞIQ AYDIN, BABA VƏZİROĞLU…

Ziynət əlizadə

Dalda oturmağımın iki səbəbi vardı: dərslərə gecikirdim və qabaqda yer qalmırdı; dalda yatmaq olurdu, dərslərin çoxunda isə yuxu basırdı. Qiyabiçinin gündə 6 cüt dərsi olurdu, yəni 12 saat, gecə də yaxşı yatmamısansa, müəllim gözünün içinə baxsa da, yuxu aparır… Dərslərin də çoxu keyfiyyətsiz olduğundan itirilən vaxtı yalnız yuxu mənalı edə bilərdi. Yuxuya getməklə dezodorantın, saç boyasının, ucuz ətirlərin, tütünün, tərin qarışıb yaratdığı cəhənnəmi tərk edirdin…

Yəqin ki, gecikdiyimdən Zinyət müəllimim tanışlıq monoloqunun əvvəlini buraxmışam. Monoloq və ya qiyabiçi kütləsinə müraciəti bu yerindən eşitdim: “Bilirəm necə girmisiniz. Hamınızın dayısı olub, ya da rüşvət vrmisiniz, heç o yan-bu yan eləməyin, yaxşı bilirəm…”

Bunu eşidəndə çox məyus oldum. Zinyət müəllim məni, də özünün beş verdiyi adamı da, qatdı kütləyə… Hətta ürəyimdən keçirdi ki, dalda pərçim olub oturduğum yerdən qalxıb deyəm ki, Zinyət müəllim, bəs yadınızda deyil… Ancaq desəydim, Zinyət müəllimi də, kütləni də özümə güdldürərdim. Bu basabasda kim kimi tanıyır?… Məni bu rüsvayçılıqdan Zinyət müəllimin moloqunu da kəsən hadisə qurtardı. Birdən bərk tappıltı eşidildi. Elə bil ki, sement dolu kisəni ən azı iki metr hündürlükdən atdılar. Qabaqda hay-küy qalxdı, qadınlar qışqırışdılar, ağlaşdılar…Yəqin ki, sarsıntıdan Zinyət müəllimin səsi çıxmırdı…

Aşıq Aydının haralı olduğunu bilmirdim, bəlkə tovuzlu, bəlkə qazaxlı idi, ancaq Bakıda olurdu. Yaxşı saz çalırdı, hamı da ona aşıq deyirdi. Yaşı yəqin ki, otuza yaxın olardı. Aydının ürəyi gedirdi. Ancaq həmişə yox. Hər dəfə sinfə təzə fənnin müəllimi  gələndə həmişə qabaqda, müəllim stoluyla üzbəüz parta dalında oturan Aydın dərs başlayandan beş-on dəqiqə sonra tappıltı ilə az qala müəllimn ayaqları altına yıxılır və ağaca dönürdü. Müəllimlər də, xüsusən, qadınlar, az qalırdılar özlərindən gedələr. Dörd-beş qiyabiçi Aydını çiyinlərinə qaldırır, onu cənazə kimi apararaq dəhlizdə yer tapıb asta-asta enndirirdilər. Aydının özünə gəlməyi yarım saata qədər çəkirdi. Bu müddət ərzində onun keşiyini çəkənlər sonra onun qoluna girir, bəyi toyxanaya gətirən kimi gətirib yerində oturdurdular. Dərsin qalan hissəsində müəllim özünü morqa salınmış kimi hiss edirdi, oğrun-oğrun Aydın tərəfə baxır, tez baxışlarını çevirirdi…

Aydın sözün əsl mənasında universitetdə ürəklə oxuyurdu. Yəni ürəyi ilə. Hansı müəlilim epileptikin xətrinə dəyərdi?

Zinyət müəllim, səhv etmirəmsə, Aydının “tutması”nı şərh eləmədi, yəqin ki, öz mülahizələrinə arxayın deyildi. Ancaq imtahanda suallara cavab verə bilməyən Cəfər adlı tələbəyə Zinyət müəllim qeyri-kafi yazmaq istəyəndə Cəfər sağ əliylə sinəsinn solunu qamarladı, gözlərini axıtdı, başını sinəsinə endirdi. Yenə qadınlar qışqırışdılar ki, vay, Cəfərin ürəyi getdi. Zinyət müəllim özündən çıxdı: “Bu kurs dəlixanadr, nədir? Birinin ürəyi gedir, bir dombalır, biri doğur…”

Zinyət müəllimin iki iradı yüz faiz doğru idi. Üçüncüsündən başqa. Bizdə çoxlu hamilə qadınlar olsa da, hələ doğan olmamışdı…Bəlkə də olub, mən bilməmişəm. Mən dərsdə yuxuya gedəndə bərk yatırdım. Bir dəfə Musa Adilovun dərsində məni oyada bilmirdilər. Bu, ayrı söhbətdir…

 Mən Zinyət müəllim haqqında yazmaq fikrinə düşəndə İnterneti axtardım, ancaq görkəmli pedaqoq və alim haqqında heç nə tapmadım. Onun deputat oğulları anaları haqqında bir abırlı, onun xatirəsinə layiq arayış da hazırlayıb qoymayblar. Mən bir neçə dəfə Zinyət müəllimin haqqında, lənət şeytana, Qurban Məmmədlidən eşitmişəm. Vallah, onun Zinyət müəllimdən nə dediyyini də başa düşməmişəm. Onu başa düşmüşəm ki, Qurban Məmməli Zinyət müəlim, Zinyət Əlizadə, Zinyət xanım demir. Elə “Zinyət”deyir və onun adını elə nifrətlə çəkir ki, eə bil boşanma prosesində sonuncu şalvarını da əynindən çıxarmış, üstəlik onu qardaşlarına da döydürmüş keçmiş arvadından danışır. Çox qəribədir…

Dah çox qəribə odur ki, Zinyət müəllimi Quqlla axtaranda daha çox Baba Vəziroğlunun adı çıxır. “Zinyət Əlizadə böyük şair Baba Vəziroğlunu universitetdən qovdurdu!” – bu cür çığıran başlıqlarla dolu səhifələr İnternetdə çoxdur. Yəni İnternet Zinyət müəllimi xatırlayırsa da, bunu ancaq Babanın xətrinə edir…

Taleyin ironiyası…

Onda bəlkə mən də Baba Vəziroğludan yazım?

Bu günlərdə işığım söndü, iki saat qaranlıqda oturdum. Əslində iki saatın birini. Birdən ağlıma gəldi ki, telefonun işığına kitab oxumaq olar. Qırx il ərzində dönə-dönə oxuduğum “Бесы» romanını vərəqləməyə başladım. Stepan Trofimoviçlə bağlı səhifələri. St. Trofimoviçin himayədarı Varvara Nikolayevna onu evləndirmək fikrinə düşür. Yaşı 60-ı keçiş dostuna tərbiyə edib böyütdüyü gənc qızı vermək istəyir. Evlənmək, özü də gənc qıza evlənmək perspektivi qoca subay Stepan Trofimoviçi sarsıdır, cürbəcür fikirlərə düşür. Və şübhələnir ki, bu iş elə-belə deyil. Yəqin qızın “eybi” var, və onu “özgə günahlarına” evləndirmək istəyirlər. Dostuna şikayətlənir: “Ah, dostum, yəqin ki, uşaqlar da olacaq, əlbəttə, məndən olmayacaqlar, tezliklə başımda  məlum kişi bəzəyi yaranacaq…” (Yaddaşla çevirirəm; məlum kişi bəzəyi – buynuzlar).

1980-ci ildə ya təxminə ona yaxın vaxtlarda az qala bütün ədəbiyyat Bakısı Baba Vəziroğlunun “özgə günahlarına” evlənməyindən danışırdı. Mən bu əhvalatı bir-biri ilə tanış olmayan ən müxtəlif adamlardan eşitmişəm, ona görə səhihliyinə inanıram.

70-ci illərin sonunda gənc Baba Elmlər akademiyasında işləyən, özündn bir neçə yaş böyük qadınla tanış olur və ya bu tanışlığı kimsə qəsdən təşkil edir. Bir az sevişəndən sonra qadın tələb edir ki, Baba onu alsın. Baba, özünün özü haqqında dediyi kimi, qeyrətli bir türk olaraq, yüksək statuslu ədəbiyyat adamının məşuqəsi olmuş qadına evlənməkdən qətiyyətlə imtina edir. Qadın dərhal milisə ərizə verir ki, Baba onu zorlayıb. Və Babaının başını qırxıb  basırlar içəri. İki ya üç ay Bayıl türməsində qeyrətli türk oğlu olduğunu unudan Baba bu fikrə gəlir ki, buynuz gəzdirməyin elə bir çətinliyi yoxdur, həm də buynuzlar real buynuzlar deyil, onlar yalnız məsələdən xəbərdar olanların təsəvvüründədir…

Baba deyir ki, buraxın məni. Razıyam, alıram…

17. 09. 2023, Samara

ardı burda: https://xeyrulla.com/2023/09/18/gedebiyyat-baba-veziroglunun-bayil-turmesinden-baslanan-seref-yolu/

 

ZİNYƏT ƏLİZADƏ. ZİNYƏT MÜƏLLİM HAQQINDA XATİRƏ

Ziynət əlizadə

1974-cü il iyunun 4-də ya 5-də S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan dövlət universitetinin binasını çətinliklə tapıb naşı oğru kimi həyəcandan əsə-əsə içəri girdim və yeddi-səkkiz dəfə qabağıma çıxanlardan soruşa-soruşa imtahan gedən otağa girdim.

Kəndimizdən bir az böyük yerdə indiyəcən azıram…

İçəridə filologoya fakultəsinin qiyabi şöbəsinə ikinci imtahan – Azərbaycan dili və ədbiyyatından şifahi imtahan gedirdi. Mən də beş-altı adamla bərabər bilet çəkib oturdum. Otaqda sakitlik idi. Sükutu yalnız səkkiz ya on uşaq atası olan cəlilabadlı Azadın səsi pozurdu. Gövdəsindən, xüsusən daz başından Zidana oxşayan cəlilabadlı sinif müəllimi tez-tez yerində dikəlir və hamıya müracit edərək yəqin ki, qıraqda da eşidilən piçıltıyla soruşurdu: “Ayə, kimdə Sabirin “Əkinçi”si var?”

Birdən imtahan masası ətrafında da hay-küy qalxdı. İmtahanı iki nəfər götürürdü: orta yaşlı qadın və təxminən 40-45 yaşı kişi. Qadın müəllim imtahan verən qıza səsini ucaldırdı: “Ay qız, sənin cümlə təhlilindən xəbərin yoxur, sən savadsızsan. Sən yazı imtahanından necə beş almısan?” Başını dikəltməyən qız astadan yalvardı: “Xotya bı bir üç verin…” Qadın müəllim lap alovlandı: “Ay qız, sən “xotya”nı mənə azərbaycanca deyə bilmirsən, məndən qiymət istəyirsən? Dur get…”.

Qız çıxdı. Onunla mənim aramda bir nəfər də vardı. Kişi müəllim “müştərini” adıyla çağıranda qadın onu saxladı: “Yox, qoy Süleymanov cavab versin, o da yazıdan beş alıb. Görək necə alıb”.

Ədəbiyyatdan olan sualların heç biri yadımda deyil. Qadın müəllimi əslində cümlə təhlili maraqlandırırdı. Mən cümləni təhlil edib onun suallarına cavab verən kimi qadın müəllim kişi həmkarına dedi: “Yaz “beş”ini”. Kişi müəllim qalxmaq istədi: “Gedim Famili çağırım”. Qadın müəllim səsini yenə ucaltdı: “Sən boyda kişi gedib Famili çağıracaqsan? Yaz “beş”i”.

Kişi itaət göstərib oturdu və imtahan vərəqimə “beş” yazdı…

70-ci illərin əvvələrində guya korrupsiyaya qarşı mübarzə kimi əla qiymət qəbul imtahanlarında yalnız dövlət imtahan komissiyasının sədrinin iştirakı ilə verilməliydi. Famil, bunu sonra bildm, şair və professor Famil Mehdi, ona minnətə getmək istəyən –dosent Cəlal Abdullayev, mənə “beş”i yazdıran isə dosent Zinyət Əlizadə idi.

Zinyət müəllimlə ikinci görüşüm il yarmdan sonra oldu. İkinci kursun qış sessiyasında leksika müəllimiylə aramızda yaranan münaqişədə dekan Əkbər Ağayev tərəfindən hakim təyin edilən Zinyət müəllim işi mənim xeyrimə həll elədi.

Üçüncü kursun yay sessiyasında Zinyət müəllim bizə morfologiyadan dərs deyirdi. Biz qəbul imtahanlarından sonra universitetlə diplom müdafiəsinəcən vidalaşmışdıq, bütün dərslərimiz 225 saylı məktəbdə keşirilirdi. 30 şagird üçün nəzərdə tutulmuş sinif otağına 125-ə qədər qiyabiçi təpilirdi. Bunalrın içində sumo güləşçilərinə oxşayan kişilər və hamilə gəlinlər də vardı… Sinif otağı auditoriyadan çox qaçqın düşərgəsinə bənzəyirdi. İndi bu qaçqın düşərgəsini gözünüzün qabağına gətirin – iyul ayının istisi, qiyabiçilər ac, susuz…. Yazı taxtasının qabağında özünə birtəhər yer eləyib dayanmış Zinyət Əlizadə müəllimdən çox patronaj bacısını xatırlada bilərdi…

Mən də həmişəki kimi oturmuşam lap dalda…

ardı burda:https://xeyrulla.com/2023/09/17/zinyet-muellim-haqqinda-asiq-aydin-baba-veziroglu/

16. 09. 2023, Samara