Sonrakı şayiələrlə Zeynəb Xanlarovanın ölüm xəbəri gəldi, özü də deyirdilər ki, xəstəlikdən ölməyib, “iksus” içib özünü öldürüb…
Biz azərbaycanlıların sirkə turşusunu niyə rusca adlandırmağımız aydındır, o vaxt Rusiyadan gələn malların çoxunun adları təhrif olunmuş şəkildə rusca deyilirdi. Ancaq bizim adamların “uksus” yox, “iksus” deməyi təəccüblüdür, çünki, “uksus” bizim ahəng qanununa uyğundur, “iksus”da isə incə saitdən sonra qalın, özü də dodaqlanan sait gəlir…Mənim yanımda Rusiyada satıcıdan “iksus” soruşublar və soruşanın azərbaycanlı olduğunu səhvsiz bilmişəm…
Hə, nədənsə o vaxtlar kəndə tanınmış müğənnilərin ölüm xəbəri gəlirdi. İntihar – ölüm səbəblərindən birincisiydi. Zeynəb xanımın niyə “iksus” içdiyi barədə danışıqlar çox idi. Bu danışıqlarda Ələkbər Tağıyevin adı çəkilirdi. Çünki Zeynəb xanım “Qonşu qız” mahnısıyla tanınan gündən söhbət gəzirdi ki, müğənni xanım Ələkbər Tağıyevin “adamıdır”, “adamıdır” sözü isə, məlum olduğu kimi, bizim abır-həyalı azərbaycanlıların dilində “məşuqə” “oynaş” deməkdir…
Ümumiyyətlə, Azərbaycanda yalnız kommunust ya komsomol qəzetlərinin çıxdığı vaxtda insanlar sevimli artistlərin şəxsi həyatından bütün bildikləri şaiyələrdən ibarət idi. Bu şayiələri kimin birinci uydurmağı və necə sürətlə yayılmağı sirdir. İnsanlara sevgi tarixləri, sevgi intruqaları lazım idi və cəmi iki dəfə televiziyada görünən müğənni şifahi “leyliməcnun”un qəhrəmanına çevrilirdi. Əlbəttə, musiqiçilərin həyatı barəsində gedən söhbətlərin bir qismində həqiqət payı da vardı. Çünki by artistlər adi insan həyatı yaşayırdılar, onların qonşuları vardı, ünsiyyətdə olduqları adamlar vardı, bir də ki, o vaxt qapalı qəsrlər də yox idi və adi insanlarla “yarlmallahlar” bir-birlərini bazarda, poliklinikada, nəqliyattda da görə bilərdilər. Zeynəb Xanlarovanın cavan qız vaxtından Ələkbər Tağıyevin məşuqəsi olduğuna mənim heç bir sübutim yoxdur, mən uşaq vaxtı camaatın ağzından eşitdiklərimi xatırlayıram. Ancaq şifahi Xanlarova-Tağıyev dastanı elə düyünlərlə inkişaf edirdi ki, onun uydurma olduğunu güman etmək çətindir… Bəlkə də Zeynəbin efirdən itməyi 1972-ci ildə olub və ən azı il yarım davam edid. Müxtəlif şayiələri bir yerə yığsaq. sonralar kriminala və detektivə çevrilmiş bu sənət və eşq ittifaqının inkişafını və qalmaqallı iflasını təxminən bu cür ifadə etmək olar:
Əlbəttə, yenə deilənlərə görə, prokuror Ələkbər Tağıyevlə Bakı rayonlarının, deyəsən, Abşeron rayonunun, rəhbəri arasında ədavət yaranır. Bəstəkarın tapşırığı ilə Zeynəb Xanlarova həmin məmurla tanışlıq qurur, sonra bu tanışlıq intim yaxınlığa çevrilir. Şayiələrə görə, Zeynəb xanım çarpayının altına maqnitafon qoyurmuş və məmurla aralırında olanların səsli hissəsini yazırmış. Sonra guya Ələkbər Tağıyev maqnitafon yazısıyla başlayıb məmuru şantaja…Qalmaqal çatır Heydər Əliyevin qulağına və o da “eşq” üçbucağının hər üç tərəfini cəzalandırır. Abşeron (ya da ayrı rayon) rəhbərinin başına nə gəldiyini deyə bilmərəm. Ancaq Ələkbər Tağıyev və Zeynəb Xanlarova təxminən il yarıma (mən, əlbəttə, səhv edə bilərəm) qadağan altında qaldılar. Bu qadağanı Heydər Əliyevin necə götürdüyünü, hansı mülahizələrlə götürdüyünü dəqiq demək çətindir. Ancaq Heydər Əliyev ustedadlı olanı istedadlı olmayandan ayırmağı bacarırdı. Və öz janrlarında Ələkbər Tağıyevin və Zeynəb Xanlarovanın bərabərləri yox idi. Bir də ki, Heydər Əliyev onları niyə bağışlamayaydı ki? Bu iki sənətkarın “çarpayı” əməliyyatı əsil KGB üslubunda həyata keçirilmişdi və bu da Heydər Əliyevdə, ola bilsin ki, rəğbət də doğura bilərdi…