LAZIM KİMDİR?

“Vaşinqton post” qəzetində “Lazım kimdir?” adlı maraqlı bir material çap olunmuşdur. Amerikanın görkəmli azərnaycanşünasları Lazım haqqında öz fikir və mülahizələrini bildirirlər. Professor Devid Rafaelsonun fikrinə görə, Lazım xalis naxçıvanlıdır, orta yaşlı kişidir. O hətta Lazımın söz portretini də çəkir: “Boyu uca, saqqallı, gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Burnu əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana”.

Professor Rafaelsonun fikrincə, Lazıma göyçək kişi demək olmaz.

Professor Henri Haverkroft bu fikirdədir ki, Lazım tovuzludur, hətta cavanlıqda başqa tovuzlular kimi saz çalmağı da varmış. Lazımın indi hansı ölkədə yaşadığı barədə azərbaycanşünas alimlər müxtəlif fikirlər deyirlər və İsveçrə, Ərəb Əmirlikləri, Britaniya kimi ölkələrin adlarını çəkirlər. Amerikalı alimlər bir məsələdə həmfikidədirlər: Azərbaycan prezidenti Lazım gəlməmiş heç bir ciddi qərar qəbul etmir. Bu da Lazımın Azərbaycanın siyasi həyatında necə mühüm yer tutduğunu göstərir.

ABORTUS (hekayə)

                           Bir gün əvvəl arvadının ayaqyalın gəzdiyini gördü, qışqırmaq, ağzına gələni demək, coşub özündən çıxmaq üçün yaxşı fürsət vardı, həm də nə qədər ucadan qışqırsan, dediklərin nə qədər acı olsa da, hamısını onun xeyruinə deyirsən, ancaq demədi, fikirləşdi ki, əskiklik kimi çıxacaq, nə canfəşanlıqdır bu, gün hayandan çıxıb yəni, ürəyində “canı cəhənnəmə” deyib susdu. Bu gün səhər tezdən arvadı zarıyırdı ki, qızdırması var, dünəndən boğazına yığılıb qalanları var gücüylə düz gözünün içinə qışqırdı, bəs ayaqyalın gəzəndə nə fikirləşirdin, elə bil bu ayaqyalın gəzmək əhvalatı yüz il qabaq olmuşdu və arvadı heç cür yada sala bilmirdi, gözlərini döyə-döyə ona baxırdı, sol qaşı azacıq yuxarı dartılmışdı və nazik dodaqları son ucda titrəyirdi. Gör ha, yorğanın altında da iriliyi bilinən qarnına fikir verməsən, deyərsən dörd il bundan qabaqkı qız uşağıdır, bədən nəşələrinin bitib-tükənməzliyinə arxayın olan, onları səbirlə, həm də inadla gözləyən qız uşağı. O susdu. Ümumuiyyətlə, rusca qışqırmaq, qara-qorxu gəlmək onunçun xoşagəlməz bir işdi. Birdən yarıda dolaşırsan, sözün kəsərdən düşür, əlbəttə, azərbaycacnca da yamanlamaq olar, ancaq bunun faydası yoxdur, onsuz da rusca cavab verəcək. İndi isə ümumiyyətlə dinmir. Yəqin doğrudan da qızdırması var. Sonra soruşdu ki, bəs işə getməyəcəksən. Cavab verdi ki, bu qızma ilə işə gedə bilməz. “Nə qədərdir axı?” Heç ölçmüsən?” “Hə, ölçmüşəm, otuz səkkiz yarımdlır”. “Zəng eləyim təcili yardıma?” “Uşağı bağçaya apar, sonra”. Qanı lap qaraldı. Deyəsən arvadı hər gün gördüyü işi ona xatərladır. Guya özü bilmir, uşağı apar, sonra. Uşağı apararam, zəng-zad da vurmaram, canın cəhənnəmə, onsuz da qızmadan ölən deyilsən. Əvvəl yorğandan bir titrətmə keçdi, sonra özü də tərpənib gözlərini açdı, ağlamaq istəyib dodaqlaını büzdü., ancaq yemək stolunun ətrafında hərlənən atasına baxıb fikrini dəyişdi: “Ata, məni çıxar burdan”. Atası çevrilib baxdı, bunun boyuna bax, rusca danışmağına bax, böyüyəndə nə olacaq bu. Qızın boyu doğrudan da bir tikə idi, ancaq qapqara gözləri elə işıldayırdayıdı ki, nabələd adam da baxan kimi bu gözlərin yiyəsinin aləmin bici olduğunu başa düşərdi. “Çıxarmıram”. “Niyə çıxarmıesan, mən anamı istəyirəm!” “Ananı istəyirsən, gəlsin o çıxarsın”. “Ana, gəl çıxar məni”. “Bala, ata yaxşı atadır, indi çıxarar səni”. Bax ha, bunun bala deməyinə bax, özü guya böyük adam-zaddır, kənddə bu yaşda gəlinlər bala sözünü dillərinə gətirməzlər. Qızın çarpayısına yaxınlaşanda Venera qollarını açdı. Əllərini uzadıb uşağı götürdü. Venera boynunu qucaqladı. O, uşağın ürəyinin döyüntüsünü eşitdi və pəncərənin içərisindəki qəfəsdə tək-tənha büzüşən sarı bülbülə baxdı, ona nədənsə elə gəldi ki, indi bülbülün də ürəyi beləcə çırpınır, bəlkə uşaqlıq xatirələriylə bağlıydı bu, körpə bir quşu götürüb sıxırsan sinənə, çırpınır, deyəsən heç qanadlarını çırpmır, elə içəridən titrəyir, bəlkə də ürəyində danışır, bəlkə həyatla vidalaşır, kim bilir, quşun ürəyindəkini nə biləsən, bu uşağın da ürıyindəkini bilmək olmur, bayaqdan anasını istəyirdi,indi sarılıb boynuna, bilir ki, mən yuyundurracam, geyindirəcəm, bağçaya aparacam, bəlkə bağçadan yenə mən götürməli oldum, deyəsən bu qızma ilə durana oxşamır.

—   Uşağı mən götürəm gərək, hə?

—    Əlbəttə, sən. Mən çətin dura biləm. Hava da elə soyuqdur ki…

Əlbəttə! Elə arxayın deyir ki! Adam baş götürüb gedər, onda bilər ki, bu arxayınlıq nə yava şeydir. Soyuqdan şikayətlənir, ayaqyalın gəzəndə soyuq deyildi, indi soyuq oldu.

—   O qədər işim var ki. İndi hamısı tökülüb-qalacaq.

—   Ah, Eldarçik, hirslənmə, işlərin qalmaz, görüb-qurtararsan.

Eldarçik! Gör ha, cəmi dörd il qabaq nə bayağı adammış ki, on yeddi yaşlı bir uşağın ona “Eldarçik” deməyinə yol verirmiş! Deyəsən, belə çağrılmaqdan xoşlanırdı da, yadındadır ki, bir neçə dəfə az qalmışdı ağlasın, bu çaörılmaqdakı mərhəmlik, nəvaziş, sevgi onu yandırıb-yaxmışdı. Özünü bir növ bu on yeddi yaşlı qızın körpəso kimi hiss etmişdi və bu çağlılmaqda uşaq vaxtı tamarzı qaldığı əzizlənməni duymuşdu… İndi “Eldarçik” deyiləndəı elə bil ayıb bir söz eşidir, utanan kimi də olur, ancaq arvadına bunu tərgitdirə bilmir. Əslində bu barədə heç vaxt söz açmayıb, xoşlanmadığını hətta bildirməyib də, belə, əskiklik sayır ki, elan eləsin: Mənə bu gündən Eldarçik demə, Eldar de! Ümid edir ki, bəlkə özü yadırğayar, düzdür, son vaxtlar dilinə tez-tez gətirmir, ancaq hər halda gətirir, özü də belə məqamlarda. “Cik! Cik! Cik-cik-cik-cik!” Birdən uşağı yerə qoyub qəfəsin yanına getdi, bülbülə baxıb çırtma çakdı və bir neçə dəfə “cik-cik” dedi. Bülbül dinmədi.

                      — Bu görəsən niyə oxumur?                    —

                    — Bilmirəm, bəlkə yeri soyuqdur.

Eldar qəfəsi götürüb otağa göz gəzdirdi, boş yer axtardı, yazı stolunun üstündəki dəftər-kitabı bir qırağa yığıb qəfəsi açıq yerə qoydu.

—   Neçə dərəcədir görəsən?

—    Otuz səkkiz yarım.

—   Sənin qızmanı demirəm Sən hələ öz hayındasan. Bayırdakı havanı soruşuram.

—   İki dərəcə. Radio dedi.

Yenə soyuqdur. Aprel qurtarır, ancaq yazdan əsər yoxdur, külək elə üşüdür ki, dişin dişinə dəyir. Camaat da deyir ki, bəs folankəs Leninqradda kefdədir, çıxacaqsan bayıra, külək yeddi qatından kçəcək, plaşıının elə görkəmi var, Bakıda bundan yaxşısını tikməzlər ki, təki bir balaca xarici mala oxşasın, daha içində dondun, qaldın – veclərinə deyil. O,  metroya çatanacan, əslində vaqona girənəcən soyuqdan titrədi, çünki stansiyanın içində də külək vardı. Gör ha, gör nə qədər nağıl uydurublar ki, guya Rusiyada külək-zad yoxdur, alverçilər uydurublar yəqin, əyinləri-başları qalın, qalın nədir, soba kimi yanırlar, nə şaxtadan xəbərləri olur, nə küləkdən, alverçi yoldaş heç belə metro stansiyalarına da girmir, bu taksiləri bəs Allah kimin üçün yaradıb. Şəhərin mərkəzinə qədər xeyli yol  vardı və alverçilərin də, ümumiyyətlə, indi onun üşüməyinə, qanının qaralmağına, paltardan narazılığına səbəb olan başqa insanların da qarasınca yarım saat arxayınca deyinə bilərdi, ayaq üstəsən, başqa əlacın yoxdur, basırıqdır, tərpənmək mümkün deyil ki, bir kitab açasan, bu basırıqda adamlar ya öz ürəklərində danışırlar, ya da yol boyu qonşuları ilə sözləşirlər, hünərin var, birinin ayağını bas, bəh-bəh, leninqradlının ilhamı elə coşacaq ki, elə bəlağətlə döşəyəcək ki,mat qalacaqsan, ümumiyyətlə, burda söz sənətinin ən parlaq nümunələrini ictimai nəqliyyatda eşidirsən, Allah bilir, bəlkə də bu adamar hamısı nədənsə acıqlıdırlar, məsələn,  şəxsi maşınlarının yoxluğu və hər gün taksi tutmaq imkansızlığından. İnera da belə basırıqda işə gedir hər gün, həmişə. Yorğun. Hamilə qadınlara yer verirlər. Əlbəttə, belə basırıqda qadının hamiləliyini görən olsa. Ancaq qızma bü tünlükdən, basırıqdan deyil. Ayaqyalın gəzməkdəndir. Axşamacan qızma düşər yəqin. Uşağı özü də götürə bilərdi. Ancaq hər halda o da saat altıyacan qayıda gərək.

Mənzil isti idi. Bu isti soyuqdan keyləşmiş sümüklərinə elə xoşluq gətirir ki, canın elə dincəlir ki, elə bil subay bir adamsan. Azad, müstəqil. İnqilab və istiqlaliyyət! Rədd olsun zəncirlər! Rədd olsun köləlik! Sonra telefonu barmaqları ilə döyəclədi. Sən də köləsən, ha, susub durmusan. Dindirməyincə dinən deyilsən, hünərin var, öz-özünə danış görək, əlbəttə, danışa bilməzsən. İncimə ha, bu da bir zarafatdır, özün yaxşı bilirssən ki, mən özüm qulam, arvadın, uşağın, elə sənin qulun, bayaq dediyimə fikir vermə, sən adamı öldürə də bilərsən, dirildə də. O, telefonla belə söhbətləri tez-tez edirdi və fikirləşirdi ki, bu, kəndçiliyindəndir, yəqin telefonun telefon olduğuna alışa bilmir, gözünü açıb evlərində telefon görsəydi, öyrəşərdi, indi ömrü bayı telefona bir adam kimi, üstəlik yaxın adam kimi baxacaq. Ya sən ondan asılısan, ya da o səndən, fərqi yoxdur, asılılıq hər hansı formada onun təbiətinə ziddir. İnqilab və istiqlaliyyət! Sonra İneranı da, Veneranı da, telefonu da unutdu, dalbadal bir neçə səhifə yazdı, yazdığını oxudu və oxuduğunu bəyəndi – belə şeylər az olur, durub otaqda gəzindi, əl-qolunu yellədi, mətbəxə gedib çay qoydu, qayıdıb stolun arxasına keçdi, yazdığına bir də baxdı, ümumiyyətlə, pis deyil, Axundzadə cənablarından ya gərək yaxşı yazasan, ya da heç yazmayasan, Bakıda, şübhəsiz ki, bundan pis yazırlar, əyalət-paytaxt-əyalət. Ancaq, cənab Axundzadə, məsələ təkcə əlifbada deyildi. Əlbəttə, bizim fikrimizcə, yəni mənim fikrimcə. Sonra köhnə jurnallardan birinin fotosurətini götürüb divanda uzandı, bir az oxuyub tavana baxdı, Qəribədir, əgər bu bunadakı mənzillərin hər birində belə ağır çılçıraqlar asılıbsa, tavanlar necə davam gətirir bu qədər yükə, bərəkallah, yaxşı tikiblər, görəsən bu mənzillərin neçəsi yiyəsizdir, ayda səksən manat, bu qədər pulu iqtisadçılar görəsən necə adlandırırlar, özləri xaricdə, maşınları-filanları, ayda da səksən manat nağd yığılıb qalır, görəsən onun bu məmzildə vaxt keçirməyi, işləməyi, dincəlməyi qanunla necə təsnif olunur və buna görə onu tutub dama sala bilərlərmi? Əsil kirəçini necə? Nə var-nə var, uşaq həftədə bir dəfə şəhərə buraxılacaq, mənzil kirələyirlər səksən manata, dincəlsin, yaxşı yesin-içsin, özləri də az qala hər ay burdadırlar, əlbəttə, rayonun yarısı onların əlindədir, səksən manat nədir ki, lap olsun səkkiz yüz manat, görəsən ona açar etibar eləməkdə niyyətləri nədir. Axundzadədən yazdığı işlə çoxmu irəli gedəcək ki, rayonun yarısını əllərində saxlayan bu adamların bir işinə yarıya bilsin, bəlkə yaradıcı ziyalı ilə ünsiyyət də bir şandır, ancaq onun yaradıcı ziyalı adını daşımağa hələ heç haqqı yoxdur, bəlkə gələcəkdə, onda da bu adamlarla ünsiyyət heç mümkün olmayacaq. Onunku müstəqillikdir. İnqilab və istiqlaliyyət! Durub çay dəmlədi, soyuducudan kolbasa, pendir çıxardı, kürü də vardı, toxunmadı. Tək olanda dəymirdi, bunu nə isə bir oğurluq sayırdı, hərdən qız-zad gələındə çıxarırdı, onda da özü yemirdi. Yeməkdən sonra maqnitafonu oxutmaq istəyirdi ki, telefon zəng çaldı:

— Allo, Eldarçik!

— Hə, hardan danışırsan?

— Xəstəxanadan.

— Nə xəstəxana?

— Təcili yardım gələnə xarablaşdım, gəlib məni apardılar.

— Nədir axı?

— Uşaq atmaq qorxusu var.

— De ünvanı, gəlirəm.

Xəstəxana uzaqmış. Xeyli axtardı da. Palataya buraxmadılar. Dedilər ki, vəziyyəti yaxşı deyil, gözləyin. Həyətdə oturdu. Oturduğu tərəfə gün düşürdü və tezliklə bədəninə ilıq isti hopdu. Vəziyyəti yaxşı deyilsə, uşaq atmaq təhlükəsi gerçəkdir yəqin, hər dəfə bir hoqqa ilə başlayır, əvvəlkilərdə belə qızması olmurdu, əlbəttə, ayaqyalın gəzməyindəndir, altıaylıq körpə, əlbəttə, qalmaz, qalmaz nədir, yəqin elə cansız doğulacaq, bəlkə də oğlandır, bəlkə birinci uşq oğlan olsaydı, daha uşaq istəməzdi, onda da Venera olmazdı, qəliz məsələdir. Uşağı, balası var, ona çatmayan nədir axı – atalıq hakimiyyətinin cəlalı kəsirlidir. Oğul! Kim bilir, bəlkə də onu çəkən ata-oğul münasibətlərindəki sirdir, atasının erkən ölməyi bu münasibətlərin məzmununu, özəyini açılmaz, yozulmaz sirrə çevirmişdi. Bəlkə də oğulsuzluq ya qızsızlıq bədənin hansısa çatmayan bir üzvünü anbaan anmaq və ağrımaq kimi bir şeydir, ah, bu qadın, bu uşağın biri uşaq, nə səhlənkar, nə başısoyuq adammış, altı ay özü ağrı, əziyyət çəkib gəzdirib, indi buyur, at bu xəstəxanaya get. Bir neçə dəfə durub xəstəxananın qapısına getdi, nə içəri buraxdılar, nə xəstənin vəziyyətindən bir şey dedilər, gəzişdi, oturdu, portfelindən qeyd dəftərini çıxarıb vərəqləməyə başlamışdı ki, orta yaşlı bir tibb bacısı korpusdan çıxıb ona yanaşdı. “Arvadınızın vəziyyəti lap yaxşıdır, özünü lap yaxşı hiss edir, gedə bilərsiniz, heç narahat olmayıan, bu gün ona heç na lazım deyil”. Eldar tibb bacısının qabağında durmuşdu və sağ əlində tutduğu dəftərçəni sol əlinə vururdu, başa düşürdü ki, tibb bacısı hamısını demir, demək istəmir, sual gözləyir ki, demək asanlaşsın, ancaq o soruşa bilmirdi, dəftərçəni ovcuna şappıldadırdı. Biədəb bir vəziyyətdə qalmışdı, arvadından ona xəbər gətiriblər, sualı sual dalınca yağdırmaq əvəzinə durub gözübü döyür, ancaq yaxşı ki, mamaça özü dilə gəldi. “Uşağı saxlaya bilmədik. Tələf oldu. Çox təəssüf edirik. Gərək ən azı bir həftə-beş gün qabaqdan xəstəxanaya qoyulaydı. Çox gecikib. Heç nə mümkün olmadı. Qaraqaş bir qız idi…”

Mərkəzə qayıdan baş – xəstəxanadan çıxanda saat dörd idi və altıdan tez yataqxanaya qayıtmaq istəmirdi — əvvəl trolleybusda, sonra metroda yüngülləşdiyini hiss edirdi, basırıqdan nəfəsi daralmırdı, trolleybusun qəfil-qəfil dartılmağı onu həmişəki kimi cinlətmirdi. Əvvəl anlamadı ki, nə məsələdir, sonra mamaçanın xəstəxana həyətindəki monoloqunu bir də yaddaşında səsləndirəndə kefinin nədən durulmağını başa düşdü, şübhə ola bilməzdi uşağa görədir, yəni ki, tələf olan uşağın qız olduğuna görə, oğlan olsaydı, xəbəri ayrı cür qarşılardı, bəlkə ağlardı da, hərçənd çoxdandır ağlamır və ona elə gəlir ki, ümumiyyətlə ağlamaq qabiliyyətini itirib. İşə bax ha, uşağı heç istəmədi də. Əvvəlki iki uşaq iki ylıqdan da tez tələf olmuşdular, axı altıaylıq iri olmalıdır, kəndlərində belələeini qayda-qanunla dəfn edirlər, əlbəttə, baş daşı qoymurlar, yas saxlamırlar, ancaq dəfn edirlər, gör indi mamaça nə fikirləşəcək, birdən fikirləşər ki, heç əri deyiləm, oğlanıyam, niyə də fikirləşməsin, get indi onları başa sal ki, babasının Türkiyədən Gürcüstana, atasının Gürcüstandan Orta Asiyaya, özünün də orta Asiyadan Leninqrada adlayaraq yığdığı bütün təcrübəni səfərbər edən bu zərif  türk qızı həyatının ən mürəkkəb anlarında “oğlan”la münasibətlərin mümkün hüdudlarını aşmağa qoymamışdı. Əlbətttə, ər, əlbəttə ki, ailə, əlbətə ki, uşaq, yataqxanada yaşayanda nə olar ki və bu yataqxana otağının İneraya mənsub olması da heç əskiklik-zad deyil, fəhlə ailəsinə yataqxananı elmi işçi ailəsindən tez verirlər və nə olsun ki, bu fəhlə Leninqrad universitetinin biologiya fakultəsinə imtahan vermişdi və nə olsun ki, indiki işini yalnız şərti olaraq fəhləlik adlandlrmaq olar, laboratoriya, kağız-kuğuz, ər, əlbəttə, ər, ərin buynuzu olmur ki, tfu, nə pis söz oldu, əslində azərbaycanca biədəb deyil, ruscaya çevirəndə biədəb olur, heç vaxt, heç vaxt, istiqlaliyyət, istiqlaliyyət, əclaflığa bax ha, heç soruşmadı ki, uşağı götürmək olar ya yox, Nevskiyə iki stansiya qalmış metrodan çıxdı, stansiyanın həndəvərində gəzindi, qəzet aldı, ancaq baxmayıb portfelə qoydu, qəzet köşkünün lap yanında gül köşkü də vardı, qızılgüllərə baxdı, ində yəqin kəndlərində bağ-bağça qızılgüllə doludur, hər cürüylə. Bəlkə də bu körpəni kənddə basdırsaydılar, qəbrini qohum-qardaş gül-çiçəyə tutardı. Gözünün acılanmağını hiss etdi. İş xeyir deyil deyəsən. Qayıdıb yenidən metroya girdi. Nevski prospektində camaatın qaynayan vaxtı idi. Ancaq indi o, basırığz fikir vermirdi. Üşüdüyünü hiss edib prospektin gün düşən hissəsinə keçdi. Bir də gördü ki, Moskva vağzalına gəlib çıxıb, elə iti gəlmişdi ki, guya qatara gecikirmiş, hərçənd qatarla getdiyi az olur, vətənə təyyarə ilə uçur, qatarda səbri çatmır, işə bax ha, kənd adamı olasan, qatar sürəti sənə ağır görünə, şəhər adamı bəlkə də sürətlərin hamısına tədricən öyrəşir, hamısı ilə yola gedir, evdən işə də iki saat, öz şıhırıindən iki min kilometrlik aralı bir şəhərə də iki saat, həmin yolu qatarla da gedə bilər iki günə və bunu özünə dərd eləməz, kəndli isə bir də gördün piyada sürətindən adladı təyyarə sürətinə, qatarla ilk uzaq yolu əsgərlik olmuşdu, ancaq əsgərliyin ilk yarım ilinin hər günü qtardakı kimi, bəlkə də daha uzun, uzun, lap uzun çəkir və qatardakı o günlər də calanıq xidmət günlərinə, yol təsəvvürü itib gedir, sənə elə gəlir ki, elə bakıdan çıxandan hərbi qulluq başlanıb, sən də öz xiffətinlə, həyəcanlarınla, dayanmadan inadla özünə yol eləyən göz yaşlarıla çırpışa-çırpışa gəlmisən, əsgərliyin axırına yaxın təzə gələnlərə yuxarıdan baxırsan, ay ana uşağı, bundan nə əsgər olacaq, gözünün qorasını sıxır bu, sənə elə gəlir ki, ağlamaq uşaqlığın başqa biabırçı vərdişləri kimi tərgidilir və indi gəl bu hoqqadan baş çıxar ki, gözlərin bayaqdan acılanmaqdadır, iş xeyir iş deyil. Nə adı vardı ki, adını deyib çağırasan, nə üzünü görmüsən, ancaq nədənsə körpənin varlığını, daha çox yoxluğunu duyursan. Daha doğrusu, yoxluğunu. Mübarəkdir, deyəsən düşüncələrində də bir elmilik yaranır. Admiralteyskaya Naberejnayanın gün düşən tərəfini tutub gedirdi, sahilə nə vaxt burulduğunu bilməmişdi. Külək güclənirdi, Neva kükrəyirdi. Yenə daşmasa yaxşıdır, Fin körfəzindən əsir. İndi gəminin göyərtəsində dayanıb üzü küləyə üzəsən. Külək adamı yaxşıca çırpıb ayıldar. Körpücükdə köhnə bir teploxod dayanmışdı. Adam-zad görünmürdü. Pillələrlə göyərtəyə qalxdı. Üst kayutdan bir qadın çıxdı. Eldar salam verdi.

— Bəs gəzinti yoxdur?

— Yoxdur gəzinti bu gün. Küləyə görə. Mayın birində gəlin. Yaxşı gəzinti olacaq.

Qadınla sağollaşıb sahilə çıxdı.  Bayrama üç gün qalıb. Veneranı götürüb gələr. İneranı hələ buraxmazlar. Veneranın ağlı kəsir daha, bilir bayram nədir, şənlənmək nədir, aləmin bicidir, anasına göz ağardan kimi az qalır özünü öldürı, göz ağartmamaq da olmur. İndi bax ha, hər gün sözləşirlər, hə, hər gün, İneranın xəstəxanada olduğu günlərdən başqa. Çox vaxt elə ona dəyməyə gedəndə də sözləşirlər. Bir kişi deyirdi ki, arvadlar ərləriylə sözləşməsələr ürəkləri partlar, ölərlər, onların ərlərindən çox yaşamağına səbəb ərləriylə sözləşmələridir, ər özündən çıxır, qanı beyninə vurur, arvadınsa kefi daha da durulur, bəlkə İnera da mənim axırıma çıxar beləcə. Saçım ağarıb gedir, üzüm qırışlanır, o hələ həminki uşaqdır. Bəlkə də həmişə məndən səkkiz yaş kiçik olmağını fikirləşir, qürrələnir, bəlkə məndən zəhləsi gedir. Cəhənnəmə getsin. Elə mənim də ondan zəhləm gedir. Adına bax ey –İnera! Bilmirəm nə addır bu, qızın da adı özünkündən geri qalmaz, özüm qoymuşam ancaq qızın adını, yenə onun günahıdır, onun adı İnera olmasaydı, qızın adını Venera qoymazdım, lap elə Sevinc qoyardım, Venera nədir axı, qara qız, kişmiş qız, yeməli qız, yeməli bala, incə bala, quş bala, rusca danışmağına bax bunun, qurtarsaydım, götürüb gedərdim Bakıya, bəlkə Bakıda da rusca danışacaq, hər halda ora, ora, cənab Axundzadə, vallah, məsələ  təkcə əlifba deyildi, hərçənd mən bu barədə yazmıram, lap ötəri toxunuram, bəlkə sonra bunun özünü də rəhbərim Moisey Aronovnçin məsləhətiylə çıxardım, cənab Axundzadə, yarımçıq doğulan fikirlər var, onların çoxu, təbii ki, tələf olur, yəni ki, ölü doğulur, ancaq yarımçıq doğulan fikirlərin yaşayanları bəzən təhlükəli olur, çünki adamlar işlərini-güclərini atıbbaşlayırlar bu yarımçıq ideyalara nəfəs verməyə, can verməyə və adamlar bəzən bu yarımçıq ideyaların əsirinə çevrilirlər, bu ideyalar əzizləndiklərindən ərköyünləşirlər və adamların başına olmazın oyunlar açırlar və adamların başı tələm-tələsik yeni yarımçıq ideyalar doğur ki, əvvəlki yarımçıq ideyalara calansın, əlbəttə, biz çalışarıq ki, yaxşı yazaq. O, İssak kilsəsinin yanından bəlkə həmişəki kimi sakitcə ötüb keçərdi, ancaq məbədin arxa tərəfində qalaqlanmış metal boruları görüb dayandı. Əslində bu, qalaq deyildi, əməlli-başlı dağ idi, şübhəsiz ki, tezliklə məbədin böyük bir hissəsini bu borularla bəndləyəcəklər və təmir başlanacaq. Eldar yolundan burulub məbədə lap yaxın gəldi. Bura gün düşmürdü, ancaq külək də dəymirdi, Leninqrad məscidini də nə vaxtdan borulayıb bəndləyiblər, ancaq içəridə ibadət gedir. Görəsən orda ölü yuyurlar ya yox. Eh, onsuz da altıaylıq körpəni heç kim məscidə aparmir. Bəlkə heç yumurlar da. Ümumiyyətlə o heç nə bilmir. Nadandır. Üstəlik əclafdır da.  Bülbülü də qəfəzdə tək saxlayıb darıxmaqdan öldürür. Elə deyir birini də alaram, almır, pula qıymır. İndi Venera da tək olacaq, anasını neçə gün görməyəcək. Uşaq da öyrəşib deyəsən. Ağlayıb-eləmir. Kim bilir, bəlkə ürəyində darıxır. Ağlamır, ancaq qorxur bəlkə ağlamağa. Ürəyi elə ona görə titrəyir. İndi gedib bağçadan götürəcək. Bağçadan evə qədər özü fedəcək. Atası ilə yanaşı addımlamağa xoşu gəlir. Ancaq otaqlarına girən kimi boynuna sarılacaq, üzünü çiyninə qoyacaq, sinəsi də titrəyəcək, titrəyəcək… Eldar əvvəl başını metal boruların üstünə qoydu, sonra plaşının iri yaxalığını üzünə qaldırdı. Əlbəttə, bu plaş Bakıda tikilib, pis tikiblər, ancaq ağlamağını gizlətmək üçün plaşlın nə yaxşısı, nə pisi…

 

22 may – 30 iyun 1984 Moskva

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

НА ГОА С ДОМАШНЕЙ ЗАГОТОВКОЙ

nar

На пляжах Гоа запретили пить. Теперь руссо туристо вынуждены будут напиваться на весь срок пребывания на Гоа перед отъездом, в России.

 24 апр, 2013