NEYLƏYİRDİK OYUN-MOYUN…

Стадион

Bakıda tezliklə Avropa oyunları başlanacaq…

Özümlə bacara bilmirəm: “oyun sözünü eşidən kimi “qoyun” yadıma düşür. Neyləyirsiniz, eləyin, lap vurun, öldürün. Nə qədər çalışıram Ki, gözümün qabağınA ayrı şey gətirim, olmur. Kimin ağzından “qoyun” sözü çıxsa ya bir yerdə bu sözü oxusam, elə bilirəm yaxında bir sürü qoyun mələşir.

Bəlkə də bu məsələ məktəb kirablarına salınmış bir nağılla bağlıdır: “Getdin gördün qoyun, neyləyirsən oyun-moyun…”

Ürəyinizə ayrı şey gəlməsin…

Bəklkə də “oyun” sözünün yadıma qoyunu salması mənim kənddə keçmiş uşaqlığımla bağlıdır. Başqa kəndləri bilmirəm, bizim kənddə uşağın ayağı topa dəyən kimi böyüklər onun yadına qoyunu salırdılar: “Qoyun qalıb yiyəsiz, sən top vurursan! Qıçın sınsın!”

Biz uşaq olanda əsil topu altı ayda, ildə bir dəfə görürdük. Biz topu əskidən-üsküdən düzəldərdik. Bizdən sonrakı nəsillərin topu olub. Yəni uşaqlar cib xərcliklərini, ya sünnət olanda onlara bağışlanan pulu yığıb özləri xəlvətcə top alırdılar. Ancaq böyüklər çox vaxt bu topları da alıb ya cırırdılar, ya da iti bir şeylə deşirdilər. Çünki uşaqların başı qarışırdı oyuna, qoyun qalırdı yiyəsiz! “Qoyunun dərdi ürəyinizə! Çörəyi qoyundan yeyirsiniz, burnunuzdan gəlsin!”

Eşitdiyimə görə, Azərbaycan kəndlərində indiyəcən böyüklər hərdən-hərdən uşaqların toplarını alıb cırırlar.

Buna görə də Azərbaycana futbolçuları banan, kartof, mobil telefon kimi başqa ölkələrdən gətirirlər. Öz uşaqlarımız qoyun qabağındadırlar…

Azərbaycanda niyə Asiya yox, Avropa oyunlarının keçirilməyi də bir az təəccüblüdür. Çox mötəbər mənbələrdə Azərbaycanın Asiyada yerləşdiyi göstərilir. Elə insanların bir-birinə, hakimiyyətin vətəndaşlara münasibətindən görünür ki, Azərbaycan Avropada deyol, Asiyadadır.

Belə bir lətifə var: birinə “öküz” Məhəmməd deyirmişlər, o da çox inciyirmiş. Yaxşı bir danası varmış, kəsir, yekə bir qinaqlıq verir ki, “öküz” sözünü üstündən götürsünlər. Camaat yeyib-içir, dağılışanda deyir ki, sənin adaından “öküz”ü götürürük, sən bu gündən olursan “dana” Məhəmməd…

Mən qorxuram ki, Avropadan idmançılar, məşqçilər, məmurlar gəlb iki həftə Azərbaycan xalqının hesabına yeyə-içə, dağılışanda deyə ki, siz Asiya deyilsiniz, Afrikasınız…

Hərçənd valideynlərin uşaqlardan topu alıb cırdığı ölkə heç Afrika adına da layiq deyil. Baxın Afrikaya, görün necə futbolçular yetişirlər. Afrikalılar çoxdan başa düşüblər ki, qoyunun öz yeri, oyunun öz yeri…

Ancaq gözünü beş-altı qotur qoyuna dikmiş soydaşımıza da rəhmli olaq: o yəqin ki, indi Avropa oyunlarına çəkilən xərcləri görüb başını yelləyir: “Neyləyirdik oyun-moyun…”

Mirzə ƏLİL

 

 

 

Оставьте комментарий