Архив | 11.12.2016

XƏLVƏTƏ ÇƏKİLİB DALANDA, TİNDƏ…

 anam Raziyyənin xatirəsinə

Xəlvətə çəkilib dalanda, tində,

Bağda, xiyabanda, küçədə bəzən,

Elə izdihamın qatı yerində,

Özüylə danışan adam görürsən.

 

 

Səssiz, pıçıltıyla danışan da var,

Səsi eləsinin uzaqdan gələr.

Biri danışdıqca başını bular,

Biri ehtirasla əlini yellər.

 

 

Görəndə baxan var, qulaq verən var,

Duruxub dururlar, oğurluq anı,

Tutulan adam tək. Aralanaraq
Gedirlər, baxaraq o yan-bu yana.

 

 

Çoxu ahılsa da, cavanı da var,

Beləcə özüylə danışanların.

Kimi yol gedəndə, kimi duranda —

Vaxtı yox, yeri yox bu seansların.

 

 

Yaxından-uzaqdan haçan ayrılır,

Haçan öz içinə qapılır insan?

Yaxın-uzaq ondan üz çevirir ya,

İçində onunla kimdi danışan?

 

 

Bəlkə əzizləri həyatdan köçür,

Məzarlıq yaranır içində bəlkə.

Bəlkə də daşlardan birini seçir,

Danışır qəlbinə nədir dağ çəkən.

 

 

Göylərdən üzülüb bəlkə ümidi,

Xitabı, sualı cavabsız qalıb.

Tanrını qəlbində dikəldib indi,

Ona bütbərəst tək mehrini salıb…

 

 

İzdiham içində, daldalıqda ya,

Görürük içiylə danışanları.

Orda  hər birinin onları duyan,

Onları eşidən tanrıları var…

09-11.12.2016

Samara