ALEKSANDR BLOK. «GÜNAHA BATASAN BAŞDAN AYAĞA…»

ALEKSANDR BLOK

              (1880 – 1921)

 

             Грешить бесстыдно, беспробудно,

             Счет потерять ночам и дням…

 

Günaha batasan başdan ayağa,

Sayı bilinmədən günlərin ötə.

İçkinin dəmiylə başın ağrıya,

Kilsəyə gedəsən salıb xəlvətə.

 

Üç dəfə səcdəylə ikiqat olub,

Sonra yeddi dəfə  xaç da vurasan.

Qızmalı alnını tüpürcək dolu,

Kirli döşəməyə toxundurasan.

 

Nəzir nimçəsinə mis quruş atıb,

Üç və yeddi dəfə, dalbadal gərək,
Bəlkə də yüz yaşlı, ləkəli, çatlı,

Minlərin öpdüyü surəti öpmək.

 

 Qarşına çıxanı evə dönən tək,

Aldadasan elə o quruş qədər.

Qapına sığınan ac iti görcək,

Yaxşı bir təpiklə qovasan gedə.

 

Surətin önündə yanan çırağın,

İşığında sayğav şaqqıldadasan.

İsladıb ağzında sonra barmağı,

Pulları saydıqca çay da vurasan.

 

Yıxasan özünü pərqu döşəyə,

Nəhayət, dolanda yuxu gözünə…

Belə həyatla da bil ki, Rusiya,

Bütün ölkələrdən əzizsən mənə.

 

26 avqust 1914

Ruscadan tərcümə

20-22 yanvar 2017, Samara