
Özgə olana, başqa olana, köməksizə, acizə biz azərbaycanlılarda olan qəddarlıq bəlkə də heç bir millətdə yoxdur.
Nə tam ağ, nə də qara irqə mənsub olmayan azərbaycanlılar “oğlan qaradır” deyib elçilərini boş qaytarırdılar.
Qara sayılan qızlar qarıyırdılar ya da istəmədiklərinə getməyə məcbur olurdular.
“Qapqaradır, zənciyə oxşayır, zənci yox ey, neqr!”…
Arıq olana «çıxotkə» deyirdilər. Yəni «çaxotka», vərəm…
Kök olana nehrəqarın, çəllək…
Anadangəlmə ya da sonradanqazanma fiziki qüsuru olanlara qarşı amansızlıq başqa millətlərdə çətin ola: “Ağzıəyri, boranıbaş, pəltək, yekəburun, çapıq, əsməcə, bayquşgöz, topal, keçəl, armudboğaz…”
Biz azərbaycanlılarda ana öz uşağının eyiblərini başına qaxınc edirdi…
Ata da anadan qalmırdı…
Başqa millətlərə qarşı bizdə heç vaxt hörmətli münasibət olmayıb. Rus arvadı – “matişkə”. Rus uşağı – “dığa”.
“Erməni” – söyüş idi. Hərçənd buyurulurdu ki, işin düşəndə gərək erməniyə dayı deyəsən…
Yeni ictimai zümrələr yarandıqca qarşıdurmanın, konfrantasiyanın da yeni kombinasıyaları əmələ gəlirdi.
Bakılının kəndlidən zəhləsi gedir.
Rusdilli olmayanı rusdilli adam saymır.
Yerlilərin qaçqınları, köçgünləri görməyə gözləri yoxdur. Səs-səsə gələndə hətta “erməninin gözünə dönüm ki, sizin kimi tayfanı qovub ççıxarıb” deyənlər də olur…
Azərbaycanlılar ucaboy millətlərdən deyillər. Bununla belə azərbaycnlıların içində də boyubalacalıq təbii fəlakətdir – fürsət axtarırlar ki, qapazlasınlar…
Azərbaycanlılar televizora sakit, yəni adam kimi baxa bilmirlər. Yəni gördükləri hər qadında, kişidə eyib axtarırlar. “Lap meymuna oxşayır!” “Nə qaradır bu, lap zeytunu qaradandır!”
İndi azərbaycnlılar öz aralarındakı çəkişmələri, ölüm-dirim davalarını müvəqqəti dayandırıb düşüblər ərəblərin üstünə. Bakya gələn turist ərəblərin hətta nəfəs almağında azərbaycanlılar qüsur tapırlar.Sosial şəbəkələrdəki ah-nalədən belə çıxır ki, azərbaycanlıların nəzərində ərəblərdən vəhşi tayfa yoxdur.
Məsələ burasındadır ki, azərbaycanlı özü də ərəbdir. Yəni xiyar 90 faiz sudan ibarət olduğu kimi, biz də təxminən o qədər ərəbik. Azərbaycanlıdan ərəbliyi çıxsan yerdə nə qalar? Elə bir şey qalmaz…
Biz məgər yaqutlar, tıvalılar, şorlar və hətta türkmənlər kimi qədim türklərə bənzəyirik? Bənəmirik! Biz ərəblərə, farslara bənzəyirik.
Mənim kəndimin adı Ərəbqardaşbəylidir. Azərbaycanda ərəblərlə bağı yüzlərlə toponim var.
Doğulişumuz, nikahımız, ölümümüz ərəb-islam qanunları, ayin və mərasimləri ilə dualanır, müşaiyət olunur.
Muğamatı və muöam əsasında yaranmış musiqimiz üçün ərəblərə minnətdar olmalıyıq. Muğamatsız biz kimik?
Ən yaxşı şeirlərimizin yazıldığı əruz vəzni ərəblərdən gəlib.
Orta əsrlərdə azərbaycanlılar dünya mədəniyyətini, o cümlədən fəlsəfi bilikləri bilmədikləri Avropa dillərindən yox, ərəbcədən alıblar.
Ərəb diliylə, ərəb yazısıyla az-çox tanış olan hər kəsə aydındır ki, bu dil dünyanın ən qüdrətli dillərindəndir, bu dildə danışan, düşünən xalqın intellektual potensialı tükənməzdir, İslam sivilizasiyası, İslam intibahı əslində ərəb sivilizasiyası və ərəb intibahıdır. Və ərəb dünyasının bugünkü geriliyi, böhranı gec-tez dəf ediləcək – buna gərək şübhə olmasın.
Qəribədir, yüzlərlə azərbaycanlı qadını Türkiyənin kurortlarında, yumşaq desək, kef idustriyasına cəlb edən türklərin hər yerindən öpməyə hazır olan azərbaycanlılar ərəblərin yerişində də namus xətası axtarırlar.
Polis, məmur tapdağı altında yaşamağı təhqir saymayan azərbaycanlılar ərəb turistlərin hər baxışından pərt olurlar.
Ermənilər bizim qəbiristanlıqlar işəyirlər, bu, bakılıların vecinə deyil, indi ərəblərin Bakıda istirahəti onların qeyrətinə toxunur. Necə qeyrətdir bu?
Ərəbləri qovmaq istəyirsiniz? Birdən onlar gedəndə bir vaxt bizə verdikləri nə varsa özləriylə aparsalar?
Yaxşı fikirləşin…
Qanacağınız olsun.
X.X.