HAMAM ƏHVALATI

Mənə bu yaxınlarda bir əhvalat danışdılar, dedilər ki, guya bunu AzTV-də görüblər.

Azərbaycanda, hamının bildiyi kimi, hər gün minlərlə iş yeri açılır, onlarla yeni obyektlət yaradılır.  Bunların hamısının da açılışına möhtərəm prezident dəvət olunur. Bəzən məsuliyyətsiz məmurlar prezidentimizin xalqa olan qayğı və məhəbbətindən, ürəyinin təmizliyindən istifadə edib onu çoxdan işləyən, hətta sovetdən qalma obyektlərin açılışına dəvət edirlər. Günlərin bir günü möhtərəm prezidenti ya Salyana ya da Beyləqana obyekt açılışına çağırırlar. Prezident də başının dəstəsiylə gedir. Hay-küy, zurna-balaban, lentkəsmə, gülsəpmə… Obyektin qapısını açırlar və prezident girir obyektə…

Sən demə bu, işləyən obyekt imiş…

Sən demə bu, hamam imiş…

Sən demə bu, arvad hamamıymış…

Arvadlar da qışqırışıblar ki, ay rəhmətliyin oğlu…

Bu əhvalatı eşidəndən qalmışam məəttəl, bilmirəm inanım ya inanmayım…

Salyanda, mən biləni, bir hamam vardı, onu da bir neçə il bundan qabaq sökdülər.

Beyləqanda isə binadan hamam olmayıb…

Bəlkə əhvalatı mənə danışan rayonun adını dəyişik salıb…

Ancaq məzəli əhvalatdır…Təki elə hər gün obyekt açılsın… Təki Allah prezidenti millətin üstündən əskik eləməsin…

Mirzə ƏLİL

05.08.17