
Heyvana segini asan sayanlar,
Yanılır — heyvanın qayğısı ümman.
Suyu, yeməyi var, təmizliyi var,
İnsanın özü tək ağrıyır heyvan.
+
İti gəzdirəsən üç dəfə gərək,
Başın da ağrısa, ayaqların da.
Dindirə biləsən, sığal çəkərək,
Kefin xoş olanda, qan qaralanda.
+
İtə bənzəsə də, it deyil insan,
Fərqlənir, əlbəttə, təbiətiylə.
Yaxınla, doğmayla qılıq tapmayan,
Bəzən can bir qəlbdə olur itiylə.
+
İtlə danışırsan, danışmır itsə,
Susur, baş qoyaraq pəncələrinə.
Ağır söz deyərsən, hövsələn itsə,
Göz döyüb baxacaq. Dili var dinə?
+
İtdir, qabağına nə qoysan yeyər,
Dadıyla, duzuyla qınayan deyil.
Nə “gəl bu kanalı dəyişək” deyər,
Nə də baxdığına ağzını əyir.
+
Siyasətə-zada qarışmaz itin,
Hürür iqtidara, müxalifətə.
Bilmir adını da prezidentin,
Hansı tərəfdəsən, o tərəfdədir.
+
Düşəcək dalına gəl deməmişdən,
Öpüb yalayacaq görməyə bir az.
İtdən arxayınsan həmişə, hər dəm,
Səndən özgəsinə meylini salmaz…
+
İnsana qalanda… çətindir insan,
Sən belə deyirsən, o elə deyir.
Nə qədər lap yaxın, doğma olasan,
Dediyi incidir, qəlbinə dəyir.
+
Arxayın deyilsən sədaqətinə,
Başı bağlı deyil, insan azaddır.
Əlini əlinə versə də, yenə,
Fikri uzaqdadır, baxışı yaddır.
+
Üzülüb sevgidən başqa insana,
Mehr saldığımız it və pişikdir,
Tanrı dil versəydi əgər heyvana,
Ona da sevgimiz çətinləşərdi…
25.09. 2019
Samara