RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: «YAŞA, YAŞA CAN STALİN, EY BÖYÜK İNSAN STALİN!»

Rəsul Rzanın ən gülməli şeirlərindən biri də “Stalin”dir. Yox, bu şeirdə yumor və satira yoxdur. Bu şeiri bu gün oxuyan insan 1938-ci ili təsəvvür edir, 1938-ci ildə SSRİ-də, o cümlədən Azərbaycandan yaşamış insanları gözünün qabağına gətirir və onların necə xoşbəxt, yəni bəxtəvər yaşadıqlarını görüb sevincindən gülür. Bu xoşbəxtliyi sovet adamlarına verən, yəni bağışlayan kim idi? Stalin!

Gəlin, dostlar, qulaq asın,
Bu ellərin nəğməsinə,

Körpələrin şən səsinə,
Cavanların nəğməsinə,
Söyləyirlər bir ağızdan:

Yaşa-yaşa, can Stalin!

Dillərdə dastan Stalin!

Bununla Rəsul Rzanın ilhamı soyumur, sadalayır:

“Quş keçməyən sərhədlərdə,
Eldə, obada, hər yerdə,

Geniş, mavi dənizlərdə,

Keşik çəkən qızıl əsgər
Deyir, yaşa, can Stalin!

Ey böyük insan Stalin!”

Şeir elə oynaqdır ki, adam durub oynamaq istəyir. Böyük Azərbaycan dirijoru və bəstəkarı Niyazinin bu şeir elə sümüyünə düşüb ki, ona musiqi də yazıb. Hayıf ki, bu mahnı You Tube-da yoxdur. Yoxsa sünnət toylarında sifariş verib gözzəl xanəndələrimizə oxutdurmaq olardı.

Ancaq şeirin tarixinə bir də diqqətlə baxanda adam bir az elə bil qarınağrısına bənzər bir şey duyur. 1938-ci il. Bu, Müşfiqin öldürüldüyü il deyil? Bəlkə Rəsul Rza Müşfiqin güllələnməyinə sevinib Stalinə belə tərif yazıb? Ancaq tez qarınağrısı dərmanı atıb bu rəzil fikri başından qovursan. Allah eləməsin! Rəsul Rza elə adam deyildi… Şeirdi də, yazıb… Əgər gənc şair görürsə ki, körpələrdən tutmuş mavi dənizlərdəki əsgərlərə qədər hamı “can Stalin” deyir, bunu niyə yazmayaydı? Aşıq gördüyünü çağırar…

Mən də həmçinin… Oxuduğumu yazıram…

18.12. 2018

Samara