NƏSİMİ TEYMURA TƏRİF YAZIB QIZIL ALSAYDI, XALQ ONU SEVƏRDİMİ? YOX? BƏS NİYƏ SƏMƏDİ, RƏSULU, BƏXTİYARI SEVİR?

Без имени-1

Nəsiminin kinematoqrafiq surəti əslində  Miloş Formanın “Amadeus”filmindəki Mozart vüsətində və səviyyəsində olmalı idi. Həsən Seyidbəyli ilə İsa Hüseynovun kinosu isə, özünəməxsus Azərbaycan bolşevizmi estetikasına uyğun olaraq Mozart kimi işıqlı şairi siyasi proqramı hürufilik cəfəngiyyatıından ibarət olan bir partiyanın fəalına çevrilir və  Teymurlənglə, Şirvanşahla uydurma demaqogik mükalimələri ilə yadda qalır. Kino Nəsimi poeziyasını azərbaycanlılara bir santimetr də yaxınlaşdırmadı, bunun üçün gərək Səməd Vurğunun, Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin, Əlqayıbın  azərbaycanlıların qəlblərində və kəllələrində tutduqları yer boşaldıla. Adları çəkilən bütlər isə, görünür ki, tutduqları yeri yaxın onilliklərdə tərk etmək fikrində deyillər. Nəsimi ilə Səməd Vurğunlar bir məkana, yəni bir estetik məkana sığışa bilməzlər, çünki estetika və antiestetika kimi antipoddurlar.

Daha çox psixiatriya predmeti ola biləcək məsələlər var. Deyək ki, “Nəsimi” kinokomediyasında Nəsimi Teymurləngə həsr etdiyi mədhiyyəni oxuyur və əmir ona bir kisə qızıl verir. Qeryrətli və yüksək əxlaqlı azərabyacanlı tamaşaçı bunu şairə bağışlamazdı və ondan üz döndərərdi. Və, əlbəttə, heç bir kişi onun adını (təxəllüsünü) öz oğluna qoymazdı.

Rəsul Rza ilk müstəqil Azərbaycan dövlətinin hakimiyyətini devirib ölkəni yenidən Rusiyaya tabe edən Leninə poema həsr edib, onu Allaha bərabər tutub və bu işə görə Stalin mükafatı alıb. Niyə xalq Rəsul Rzanı sevir (ən azı onun adını)?

26 Bakı komissarının Bakıda on minlərlə müsəlmanın qırğınında iştirakı olduğu sübut edilib. Bəs niyə xalq 26-ları “babalarım” adlandırmış, onları poemasında vəsf etmiş Səməd Vurğuna pərəstişindən qalmır?

İndi gələk Bəxtiyar Vahabzadəyə. Bəxtiyar Vahabzadə “Leninlə söhbət” poemasını yazıb və SSRİ Dövlət mükafatını alıb (Heydər Əliyev təşkil edib). Yəni bir ətək qızıl. Niyə bu biabırçılıq Azəribaycan xalqının Bəxtiyar Vahabzadəyə olan eşqinə xələl gətirmir?

Xəlil Rza Heydər Əliyevi mədh edən şeir yazıb və bu şeirdən bir parça onun Salyandakı heykəlinə həkk edilib. Bu, Xəlil Rzaya olan pərəstişi azaldırmı? Yox!

Bu onu göstərir ki, xalqın nə zövqü var, nə də təhsillə, tərbiyə ilə, nümunələrlə yaranmış mənəvi oriyentirləri və əxlaq standartları.

Sabah İlham Əlyev bir çıxışında Səməd Vurğunu “antimilli ünsür” adlandırsa, milyonlarla azərbaycanlı yubanmadan Səməd Vurğundan üz döndərəcək. İlham Əliyevin bir-iki çıxışı, AZTV-də bir neçə “fildibesser””in “ləbbeyk”i kifayədir ki, sovetdənqalma bütlərin virtual düşümü və dağılımı başlasın. Burda hipnoz mexanizmi var. Ancaq hipnoza ilk növbədə psixi cəhətdən zəiflər uyarlıdırlar.

Kaşpirovskini mən yaşda olanlar yaxşı xatırlayarlar. Stadionda elan edirdi: “Dayu ustanovku!” Yəni istiqamət, komanda verirəm. Bir neçə saniyədən sonra “ekstrasensin” komandası ilə minlərlə insan eşşək kimi anqırırdı, ağnayırdı və mayallaq aşırdı… 

(ARDI VAR)

22. 08. 2023, Samara