
Ah, bu qadınlar necə addımlayır!
Ah, nə nizam! Ah, necə minlər belə sağ-sol sayır!
Ah, nə gözəl, ah nə məlahətli qadın hərbçi!
Ah, bu qəşəng formaları kim biçib!
Ah, necə də gənc sinələr kükrəyib,
Şux, dolu baldırları təlim görərək bərkiyib…
Möcüzədir qalxıb-enən dizləri,
Xırdaca ulduz kimi yanmaqda qıyıq gözləri.
Ah, itirərdim, cavan olsaydım əgər, ağlımı!
Mən görürəm gur çayı meydanda ya da ilğımı?
Kim görə minlərlə ağ əlcəkli əli oynayan,
Söyləyəcək ah, bu nə simmetriya, harmoniya!
Hər sinə üstündə yatır avtomat,
Hərbi gücü, Çin gücünü göstərir, əlbəttə, misilsiz parad.
Harda nizam varsa, gözəlik də var,
Laqeyd bu harmoniyaya kim qalar!
Ah, sevirəm vəhdəti addımda mən,
Möcüzə! — vəhdətdəsə minlərlə baxış, üz, bədən.
Ah, bu gözəllik, nizam ancaq yaraşır hərbiyə,
Orduda qalsın bu parad, tərbiyə.
Yox fikir azadlığı tək bir dəyər,
Naminə qurban nizamı ver – dəyər…
O8.05. 2024, Samara