AH, O VAXT OLSAYDI İNDİKİ AĞLIM…

09. 10. 23     

                          Yusif Süleymanlıya

Ah, o vaxt olsaydı indiki ağlım,

Başımdan aşırdı sərvətim indi.

Yan-yörəm qiymətsiz xəzinə idi,
Nə istəyə bildim, nə zorla aldım.

 +

Lələmi, lələmi danışdırmadım!

Nələr danışardı, bir Allah bilər…

Doğum tarixi – on doqquzuncu əsr,

Üstəlik yaxşı da yaddaşı vardı.

 +

Gərək qılığına onun girəydim,
Əl atmaq olardı şantaja hətta,

Keçmişi içində dəfn edən ata,
Bəlkə də çox şeyi açıb deyərdi.

 +

Nənəmdə, nənəmdə nələr olarmış!
Sandığı kasıbdı, yaddaşı zəngin.

İyirminci əsrin əvvəli yəqin,
Bəzəksiz, yalansız orda qalarmış.

 +

Sinədəftər idi anam doğrudan,
Məharətli idi söhbətində də.

Yazaydım kaş bircə söz ötürmədən,

Dəftərə, yaddaşa gərək o zaman.

 +

Qonşular dünyanın özü tək qədim,

Tükəzban xala da, Bəyim xala da.
Oyuncaq tapança çəkərək hətta,

Bir kitablıq söhbət ala bilərdim.

 +

Zəli tək yapışıb dayım Sabirə,

Tarixi soraydım mən ondan gərək.

Şimallar, türmələr mən də onun tək
Görərdim, gedərdim bəlkə Sibirə.

 +

Virtuoz cibgirlər cib kəsən sayaq,

Bir şey hər yaddaşdan gərək çəkəydim,
Həm zəngin olardım mən, həm də qədim,
Varımı hər kəslə bölərdim ancaq.

 +

Ah, o vaxt olaydı indiki ağlım…

Nə bilim hər insan xəzinədardır,
Hər adi sinədə xəzinə vardır…

Sərvət itirmişəm, tükənmir ağrım…

09-10. 08. 2024, Samara