Архив | 06.01.2025

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 14. SÜNİYƏ (HÜSNİYYƏ) VƏ CƏFƏRAĞA

Səxavətin ölümü 1971-ci ildə olubsa, mən hələ Əlibayramlıda pedaqoji məktəbdə oxuyurmuşam. O vaxt bizim evdən düz cüyürün tininiəcən pambıq əkilirdi. Yayın əvvəli idi, Kür xeyli daşmışdı. Mən ya Salyandan, ya Əlibayramlıdan gəlirdim. Kolazdan çıxıb cığırla ev sarı gedəndə arvadlar, səhv etmirəmsə, alaq vururdular. Yaxında işləyən Süniyə (Hüsniyyə) xalaya salam verəndə o, kətməni yerə qoyub  dedi: “Xeyrulla, Ağası müəllim Səxavəti saxlayıb sinifdə. Nə deyirsən, gedim xahiş eləyim keçirsin?”

Ağası müəllim şagirdi sinifdə saxlamışdısa, xahişlə keçirən deyildi, həm də jurnallar doldurulub, əmrlər yazılıb, möhürlənib… Dedim xahiş eləmə, bir ilin eybi yoxdur, bundan sonra yaxşı oxuyar…

Səxavət elə dördüncü sinifdə də qaldı. Anası ilə söhbətimdən az sonra Kürdə boğuldu…

Səxavət dərslərini zəif oxusa da, çox zirək uşaq idi. Yekə kişilər kimi danışardı. Bir dəfə Səxavətin lələsiylə, yəni Cəfərağa kişinin söhbətini eşitmişəm. İşdən gələn Cəfərağa kişi bizim o vaxtkı çəpərlə pambıq yerinin arasındakı çəmənliyə çatanda orda həmişəki kimi uşaqlar oynayırdılar. Səxavət lələsini görən kimi onun qabağına qaçıb soruşdu: “Lampuşkə (yəni rusca “lampoçka”, lampa) aldun?” Cəfərağa kişi Səxavətə düz baxmağa cəsarət etməyərək ağlar səslə dedi: “Yox ey, almadım, yadımnan çıxdı…” Lələ gözlərini baladan gizlətməyə çalışsa da, bala lələnin düz gözünün içinə baxırdı. “Yadunnan çıxdı? Neynəy, indi axşam qalarsan qarannığa…”

Yəqin Səxavət gecə yatanacan lələsini danlayacaqdı. Bəlkə də Süniyə xala qonşulardan “lampuşkə” alıb ərini danlaqdan qurtarardı…

Uşağının üzünə baxmağa xəcalət çəkən Cəfərağa Cəfərov o vaxt Böyük Vətən Mühatribəsi dediyimiz İkinci dünya müharibəsinin veteranı və əlili idi. Yəni bizim kinolarda gördüyümüz döyüşlərin iştirakçısı olmuş, qıçından yaralanmışdı. Bu adama, guya sənədləri tapılmadığından, ömrünün axırınacan bir manat da əlillik pulu vermədilər. Allahdan qorxmadan, qanun saymadan oğurlayan, basıb yeyən məmurlar Cəfərağa Cəfərov kimi əfəl adamları görəndə qanun müdafiəçisinə çevrilirdilər. Heç birində həmişə yamaqlı paltarda gəzən, gözləri daim sulanan ya bəlkə də deyə bilmədiyi dərddən yaşaran bu kişidə əsgər, müharibə veteranı görməyə onların ləyaqəti çatmırdı…

Cəfərağa kişinin uşaqlığı sovet hökuməti təzə qurulan dövrə, gəncliyi isə kolxozlar yaradılan axta düşmüşdü. Zirəklər, gözüaçıqlar, yəni başdan tük qapanlar kolxozda sədr, mühasib,, ambardar, qapançı, partkom, təftiş komissiyasının sədri, ferma müdiri və s. olmuşdular. Yəni ağızları çatmışdı çörəyə, yiyələnmişdilər ictimai adlanan mülkiyyətə. Cəfərağa kimilər mal otarmışdılar ya mal altı atmışdılar, pambıq, taxıl suvarmışdılar. Cəfərağa kişi, deyəsən, arabaçı imiş. 1941-ci ildə müharibə başlanıb, Cəfərağa səfərbər olunub… Yaralanıb qayıdandan sonra yenə kolxozda işləyib. Mənim yadıma gələn vaxtlar Salyanda yol idarəsində işləyirdi. Avtobusla kənddən Salyana gedəndə hərdənbir həmişə bimbalanmış vəziyyətdə olan Salyan-Neftçala yolunun-çuxurunu doldurub yamayan yol fəhlələrinin içində Cəfərağa kişini də görmək olardı.

İndi mən burda “Cəfərağa dayı”, “Cəfərağa kişi” yazıram, əslində mən onu uzun müddət elə adı ilə çağırmışam, baxmayaraq ki, aramızda az qala qırx yaş fərq var idi. Onu adı ilə çığıran təkcə mən deyildim. Məndən çox kiçiklər də onu “Cəfərağa” çağırırdılar. Niyə belə olmuşdu, bu zəhmətkeş kişiyə, müharibə veteranına və əlilə belə hörmətsiz münasibət necə yaranmışdı, deyə bilmərəm. Günlərin bir günü bu barədə özlüyümdə filirləşəndə az qaldım xəcalətdən yerə girəm…

Sonralar mən ona “Cəfərağa dayı” deyirdim…

Surəti də gözümün qabağındadır. İndi qışdır. Onu qış paltarında təsəvvür edə bilmirəm, çünki Cəfərağa dayının ayrıca qış paltarı yox idi. Bir neçə nimdaş köynəyi, dönə-dönə yamanmış, bəlkə kiminsə bağışladığı sviteri bir-birinin üstündən geyir, elə də gəzirdi. Yəqin orası-burası cırılıb pambığı çıxmış sırıqlısı da olmalıydı… Bizim kənddə, bi neçə ailəni çıxmaqla, elə hamı kasıb idi. Ancaq Cəfərağa ilə Süniyə (Hüsniyyə!) çox kasıb idilər. Cəfərağa kişi yol idarəsində 70 manatdan çox almazdı. Süniyə də (Hüsniyyə!) də məktəbdə xadimə işləməklə, alaq vurmaqla, pambıq yığmaqla az-maz qazanırdı. Ancaq bu qazancla yeddi baş ailə ancaq yarıac-yarıtox dolana bilərdi…

Ailədə başçı, əlbəttə arvad idi. Yəni büün hakimiyyət Süniyyə xalanın əlində idi. Cəfərağa kişi siyasətə qarışmırdı – belə də demək olar…

Süniyyə xala çox məğrur və hətta təkəbbürlü arvad idi. Kasıblığını, ehtiyac içində olduğunu gizlətməyə çalışır, heç kimdən aşağı olmadığını göstərmək üçün necə yaxşı yeyib-içdiklərindən danışırdı. Buna görə ona sataşanlar da olurdu. Pis niyyətlə, onun qəlbini sındırmaq üçün yox, zarafatla. Süniyə xala isə iddialı, həm də kövrək idi. Qəlbi sınırdı. Sonbeşiyi Səxavətin boğulmağı isə belini də qırdı. “Ay Saxavət!” deyib ağlayardı…

Ailə başçısı gərək yaxşı taktik və və strateq ola. Süniyə xala bəlkə də pis taktik idi, yəni gündəlik işlərdə, münasibətlərdə səhvlərə yol verirdi. Ancaq yaxşı strateq idi. Qızlarını ərə verməyi planlaşdırdı, verdi də. Belə məsələlərdə Süniyə xala tank kimi irəliləyirdi, qabağını heç bir artilleriya ala bilməzdi. Gözəlliyi və cehizi olmayan üç qızı ərə vermək hər ananın işi deyil…

Şura hökuməttini quranlar xalqa vəd eləmişdilər ki, uzağı beş-on il çətinlikdən sonra kommunizm olacaq. Mağazalarda hər şey var və hər şey də havayıdır – nə lazımdırsa, ürəyin nə istəyirsə, götürüb gedirsən. Yeməkxanalarda ləziz yeməklər bişəcək, hamı qarnı tutan qədər havayı yeyib-içəcək… Mərhum qonşumuz Şiralı Bədəlovun dediyinə görə, Süniyənin (Hüsniyyənin) dədəsi arvadına deyirmiş: “Ay Şeydə, şəni ştolovoyda (“stolovaya” – yeməkxana) itirib-axtarım…”

O yeməkxananı nə Əkbərlə Şeydə, nə də qızları Süniyə gördü…

Kasıblığı gizlətmək çətindir. Ancaq Süniyə kasıblığını gizlətməyə çalışır, “hamı necə, mən də elə, lap hamıdan yaxşı” deyirdi. Süniyəyə (Hüsniyyəyə) qohumluğu çatan Şiralı Bədəlov məsələyə aydınlıq gətirmək istəyirdi: “Yox, hoqqa. Bir az da artır. Hamıdan neyün yaxşıdır?” “Hər şeyim. Hər şeyim var, yeməyim, içməyim, şükr allaha”. Şiralı Bədəlov əl çəkmirdi: “Neyün var ey? Axşam nə yimisən?” “Hamı yiyənnən. Hamıdan da yaxşı. Hamı yavan yiyəndə mən ərimə, balalarıma yağlı yiyizzirirəm”. Şiralı Bədəlov: “Sən lap ağ elədün ha…” “Ağ-zad eləmədim, olanı diyirəm! Qazanan oğlan sağ olsun, əqim qazanıb gətirir, xan kimi dolanırıq”.

Şiralı Bədəlov yol idarəsində işləyirdi, “qazanan oğlan”ın nə qədər qazandığını yaxşı bilirdi…

Sonra Süniyə (Hüsniyyə) məməmə şikayrət eləyərdi: “Raziyə, varam o Şiralıyçın! Məni lağa qoyur, arvadı da yanın da durub gülür. Mən oun cavabın verməsəm, dədəm Əkbərin belinnən gəlməmişəm!”

Məməm deyərdi ki, Şiralı sənnən zarafat eləyir, qohumundur də, istədiyindən eləyir… Süniyyə razılaşmırdı: «Bıyy, Raziyə, düşmanımın elənçik issiyəni olsun…»

İki gün keçməmiş Şiralı Bədəlov Süniyyəni (Hüsniyyə!) təntənəli şam yeməyinə çağırırdı. Süniyə nəm-nüm eləyirdi. Şiralı  Bədəlov deyirdi ki, “padruqun da gələcək”. Süniyyə (Hüsniyyə) özünü naza və bilməməzliyə qoyurdu. “Padruqam kimdi?” Şiralı kişi gülürdü: “Necə kimdir. Raziyə xala”. Süniyənin (Hüsniyyənin) qırışığı açılırdı: “Neynəy, Raziyənin xətrinə gələrəm…”

Beləcə barışırdılar…

05-06. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 13. ZÜLEYXA XALA VƏ ƏLİHƏSƏN KİŞİ