Архив по авторам | Xeyrulla Xəyal

 LUKAŞENKO ŞUŞADA

20230721_135628

 Şuşanın üstündəki duman tüstüyə bənzər,
Dağı sanki şumlayır “Belarus” traktoru.

Özünü yığışdırıb, quruyub-qalıb şəhər –

Qonaqdır Avropanın sonuncu diktatoru.

 +

Can verib bu şəhərə kəndimin qoç igidi,
Bulağından içmədən, meyvəsini dadmadan.

Gəlib küçələrində qaniçən gəzir indi,
Paya kimi qolları dirsəyinə qədər qan.

 +

Qatı duman, sıx meşə, sıldırım qayalıqlar –

Boylanaraq müstəbid köks ötürür həsəddən.

Minləri belə yerdə yoxa çıxarmaq olar,
Sübut-dəlil tapılmaz, istintaq min il gedə.

 +

Ləziz içki və yemək, məxfi siyasi söhbət –

Kim şagird, kim müəllim? Kim kimə nə öyrədir?

Dağ xəlvət, dərə xəlvət, Cıdır düzü də xəlvət,

Xan qovulub — gədələr indi bu yerdə bəydir…

19. 05. 2024, Samara

 

ROBERT BERNS. ZALIM ARVAD

Robert Burns

Bədbəxtdir, zavallıdır o kişi ki,  həyatda,

Tiran arvada vassal, önündə ikiqatdır.

Yoxdur öz iradəsi, o, ali iznə bənddir,
Pul arvadda, yox onun altı penni cibində.

Əziz dostun sirrini ona söyləyə gərək,
Danlağından it kimi qorxur, olanı desək.

Olsaydı, deyirəm ki, əgər belə arvadım,
Ürəyini üzərdim, ruhunu sarsıdardım.

Mum kimi əridərdim, qulluqçuları öpər,
Onu kötəkləyərdim, mənə söz desə əgər.

ingiliscədən tərcümə

17. 05. 2024, Samara

+++++++++++++++++

Robert BURNS
The Tyrant Wife

Curs’d be the man, the poorest wretch in life,
The crouching vassal to the tyrant wife!
Who has no will but
by her high permission;
Who has not sixpence but in her possession;
Who must to her his dear friend’s secret tell;
Who dreads a curtain lecture worse than hell!
Were such a wife had fallen to my part,
I’d break her spirit, or I’d break her heart:
I’d charm her with the magic of a switch,
I’d kiss her maids, and kick the perverse bitch.

Cursed be the man, the poorest wretch in life,
The crouching vassal to the tyrant wife!
Who has no will but by her high permission;
Who has not sixpence but in her possession;
Who must to her his dear friend’s secret tell;
Who dreads a curtain lecture worse than hell!
Were such a wife had fallen to my part,
I would break her spirit, or I would break her heart:
I would charm her with the magic of a switch,
I would kiss her maids, and kick the perverse bitch.

GƏDƏBİYYAT: HÜSEYN ARİFİN XƏZRİ VƏ GİLVARLA MÜBARİZƏ PLANLARI

 

Hüseyn Arifin 7-sinfin Ədəbiyyat dərsliyinə salınmış «Yaşıl işıq» şeirini oxuyaq.

Təbiət vurğunu, torpaq oğluyam,
İlk dəfə əlimi ağaclar sıxıb. 

Bu necə olur? Gəlin bunu təsəvvür etməyə çalışaq. Deyək ki, ağaclar əl sıxır, məcazi mənada. Hüseyn Arifin də əlini, hələ Hüseyn Hüsynzadə olan vaxtlar,  ilk dəfə ağaclar sıxıb. Təxminən neçə yaşında olub bu? O vaxtacan bir insan övladı  Hüseynin əlini sıxmayıbmış? Bu nəyə oxşayır? “Anası üzündən öpməyən qız”a?

Yesenin içkili olanda ağacları qucaqlayırdı. Ancaq demirdi ki, “ömrümdə ilk dəfə ağacı qucaqlamışam”. Deyirdi ki, ağacı özgə arvadı kimi qucaqlayır…

Sonra gələn beyt fövqəladə hallar nazirliyinə və TƏBİB-ə aiddir.

“Dağlarda meşəyə düşən yanğının
Tüstüsü evimdə başımdan çıxıb.”

Niyə düz yerdə meşəyə yanğın düşmür? Hüseyn Arif Leriklidir? Yaxşı, deyək ki, dağlarda meşəyə yanğın düşüb. Hüseyn Arif də bunu biləndə darıxıb. Ancaq yanğının tüstüsünün onun başından çıxmağı ən azından qəribə səslənir. Əlbəttə, bu, metafordur, ancaq belə metafor eşidəndə deyirsən ki, “ağ eləmə…”

Yaxşı ki, Hüseyn Arifin tüstü yalnız başından çıır. Xəlil Rza Ulutürkün həm başından, həm beynindən tüstü çıxırdı…Səməd Vurğun Şaumyandan poema yazanda dalı-qabağı tüstüləyə-tüstüləyə gəzirdi…

 “Düzdə seyr etdikcə məğrur çinarı
Qartal balası tək qanadlanmışam”…

Bəh-bəh… Bala Hüseyn bala qartal kimi qanadlanıb… Dağda meşə yanır, düzdə çinar məğur durub Hüseyni qanadlandırır.
“Yaşını kimsədən öyrənməsəm də,
Babam Koroğluya yaşıd sanmışam”.

 Bizim millət belədir də. Yaşı öyrənmir, tarixi öyrənmir, sonra deyir hələ buralar olmamışdan biz buralarda olmuşuq… A kişi, soruşaydın da…

“Baban Koroğlu”nun yaşını bilirdin?

Yaxşı ki, Babək deməyib… İnsaflı olub…

Səməd Vurğun ayrı cür şair idi, vallah. “Mənim babam olmuş iyirmialtılar…” Bir fransız komediyasında atasının kim olduğunu dəqiq bilməyən oğlan deyir: “Anam gəncliyində yaxşı gəzib”. Səməd Vurğunun da nənəsinin zəngin gəncliyi olub, əgər nəvəsi iyirmi altı kişiyə baba deyirsə…

Sonrakı bənd ədəbiyyatdan çox botanikaya aiddir. Bu şeiri biolgiya dərsliyinə də salmaq olar.

“Hər dən bir sünbüldür, hər toxum bir tağ…”

Bunu bilirdiniz?

Sonra şair botanikanı estetika ilə birləşdirir:

“Hər şitil bir nemət, bir yaraşıqdır”

Şitilin nemət olduğunu qəbul edriəm. Ancaq şitilin yaraşıq olduğuna şübhəm var.
“Baharda açılan hər yaşıl düymə
Bir yaşıl şölədir, yaşıl işıqdır”.

“Yaşıl düymə” nədir? Tumurcuq açılandan sonra olur çiçək. Çiçək isə ağ olur, çəhrayı olmur, narıncı olur, yaşıl olmur. Yaşıl olan yarpaqdır…

Sonra şair keçir ekologiyaya.

“Bir ağac əksəydi hərə həyatda,
Torpaq quraqlıqdan verməzdi xəbər,..”

Ağacı əkməklə iş bitir? Əgər quraq yerdirsə, gərək ora su çəkilə. Bu, heç. “Torpaq quraqlıqdan verməzdi xəbər,..” – bu, şeir dili deyil, bu dildə quldur millət vəkilləri, icra başçıları danşırlar.

“Çoxdan Abşeronun boz yaxasını
İlmələr bəzərdi, yaşıl ilmələr…”

Abşeronun boz yaxası…

 “Ağaclar əksəydik, nəhəng ağaclar,…”

Adi ağaclar yox, həhəng ağaclar…

İlham Əliyev bulvara baobab əkmişdi, Argentinadan 50 ya 60 min dollara alınmışdı. Baobab ömür eləmədi, dünyasını dəyişdi. Deyilənlərə görə, Lukaşenko qardaşı İlhama başsağlığı vermişdi…

Nəhəng ağacları şair niyə əkmək istəyir? Çünki nəhəng ağaclarAbşeronda əkilsə:

“Susub çəkilərdi qınına xəzri,
Kəsərdi hay-küyü gilavarın da…”

Vay-vaay… Təsəvvür edin ki, Bakıda nə xəzri, nə gilavar əsir. Bakı əhalisi tut kimi qırılardı. Havasızlıqdan. Sidik iyi ilə nəfəs almaqdan…

A kişi, sənin xəzri ilə nə işin var idi? Xəzri də şitil kimi nemətdir, bəlkə şitil kimi yaraşıqlı olmasa da…
Şeirin tərbiyəvi komponenti var. Deyir torpağı qorumaq lazımdır, çünki torpaq bizim anamızdır. Uşaqlıqda bu şeiri öyrənən məmurlar, deputatlar şairin tövsiyəsinə əməl edib dəniz salillərini hasara salıb göz bəbəyi kimi qoruyurlar. Otlaqları, örüş yerlərini, əkin sahələrini də özəlləşdirib qoruyurlar….Sərvəti qarışıq torpağın altını da qoruyurlar. Torpaq analarıdır… Sizin ananızı…


Sonra gözlənilmədən şair qoşma janrına keçir və “soruş” rədifli iki bənd əlavə edir. Bəlkə də bu bəndləri ayrı şeirindən götürüb.

 “Bir ipək çəməndə, bir göy talada
Sakitcə dincəlib gələndən soruş”.

Nəyi? Gələndən nəyi soruşaq? Mənim fikrimcə, burda gərək tamamlıq olaydı…

Güman edirəm ki, şair bu gözəl şeiri araq-vura-vura yazırmış, yəqin dördüncü ya beşinci stəkandan sonra elə hallanıb ki, keçib qoşmaya, saz çalıb oxuya-oxuya yazıb. Hallı olan adamın yadına tamamlıq düşür?

Mən isə Hüseyn Arifin bu gözəl şeiri haqqında yaza-yaza əfsanəvi Luçano Pavarottinin 1983-cü ildə Nyu Yorkda Lincoln Center-də verdiyi konsertin yazısına qulaq asırdım.

Sizə də tövsiyə edirəm.

X.X.

18. 05. 2024, Samara

XƏLİL RZANIN «QAYTAR MƏNİM QÜDRƏTİMİ, AZƏRBAYCAN» ŞEİRİNİN TƏDRİSİNƏ, MÜƏLLİM YOX, PSİXİATR LAZIMDIR

Mən Azərbaycanın Ədəbiyyat dərsliklərinə salınmış şeirləri oxuyanda özümü müəllimin yerinə qoyub fikirləşurəm ki, bu mətnləri şagirdlərə necə təhlil edərdim.

Məsələn, Xəlil Rza Ulutürkün  “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeirini.

Demək vacibdir ki, hər hansı şeiri oxuyanda gərək onun müəllifinin kim olduğunu düşünməyəsən: böyük vətənpərvərdir ya kiçik vətənpərvər, xalq şairidir ya əməkdar incəsənət xadimi, gözəl olub ya çirkin, övladı döyüşüb ya yox. Bunlar ədəbiyyat tarixçilərini maraqlandırmalıdır. Oxucunun fikrini isə gərək mətndən başqa heç nə məşğul etməyə.

Girişək mətnə.

“Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş..”

Deməli, şairin başı, beyni (baş beyindən ayrıdır?) tüstülənir, varlığında kədər və təlaş var. Hərçənd kədər və təlaş müxtəlif təbiətli psixoloji hallardır.

“Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş…”

Göz yaşını ildırıma bənzətmək olarmı? Məncə, yox. Xalq dilindən nümunə: ağır, gözlənilməz zərbə alan adam deyir ki, “elə bil gözlərimin qabağında ildırım çaxdı”. Boksçular, ya ərləri tərəfindən döyülən qadınlar bunu yaxşı bilərlər. Göz yaşı selə, leysana və s. oxşadılıb, ildırıma yox.

“Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş”.

Şair Azərbaycana deyir ki, o gərək yenidən doğula.  

“Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş”.

“Dirçəlim?” Belə çıxır ki, doğulub, doğulmayan necə dirçələr? Yuxarıda demişdi ki, “gərək doğulam”.

“Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı”.

Həsrət gözlər? Xəlil Rza hardadır? Lefortovаda? Xatırladım ki, Xəlil Rza 1990-cı ildə Moskvaya aparılıb. üç-dörd gün Lefortovada yatandan sonra Mərkəzi sovet televiziyasıın «Vremya» proqramında  çıxış edərək Azərbaycanda yol verdiyi  hərəkətlərdən peşman olduğunu demiş, bağışlanmağını xahiş etmişdi.

Yekə-yekə danışmağa nə var ki…

“Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan”.

Azərbaycan dərdlərini yumruğunda sıxacaq. Bunu necə təsəvvür edək?

“Üzü ağsan. Nurlu dağsan…”

Nəyə görə Azərbaycan üzü ağdır? Niyə qara deiyil? Niyə nurlu dağdır?

“Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…”

Bayaqdan “nurlu dağsan” deyirdi. İndi deyir cəhənnəmdəsən…

“…zülmət dağı devirəcək, yıxacaqsan. Boğazından yapışanı boğmalısan, boğacaqsan”.

Azərbaycan – nur dağıdır və cəhənnəmdədirsə, “zülmət dağı” nədir və hardadır” “Nur dağı”nın boğazı var? Dağın zirvəsi, ətəyi olar. Boğazı?

“Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı”.

Bayaqdan “nurlu dağa” bənzədilən Azərbaycan indi oldu hamilə arvad…

“Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək…”

Azərbaycan gözlərinə şəkli necə çəksin? Nəsiminin və başqa klassiklərin şəkillərini Mikayıl Abdullayev çəkirdi, hamısı da atabir qardaş kimi bir-birinə oxşayırdı….

Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.
Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək.

Saxla, a kişi! “çiçək-çiçk” deyəndən sonra “lalə-lalə” demək naşılıq və bədii dil tələblərini bilməməkdir. “Çiçək-çiçək”deyib ya gərək dayanasan, ya da on-on beş müxtəlif çiçəyin adını çəkəsən. Misranı doldurmaq üçün laləni soxuşdurur…

“Gözlərimin çeşməsilə suvarıram o növrağı…”

Yuxarıda demişdi ki, göz yaşı ildırımdır. Növrağı ildırımla suvarır?

 “Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!”

Bayraq ölkənin rəmzidir ya ölkə bayrağın?

 “Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü…”

Yerin altı barədə deyilən düzdür, ancaq xəzinənin sahibi biz deyilik. Ruslarda zarafat var:Xoroşa Maşa, no ne naşa…”

Göyün üzü tez-tezmi “saf aynaya” bənzəyir? Ayanın nə safı, nə çirkini, ayna elə aynadır. Ulutürk “saf” sözüylə misra doldurur. Kənddə barı götürüləndə usta qışqırırdı: “Para kərpic ver!”

“Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam.”

Məni yeddi nəfər tutsun, yoxsa “daşqın olasıyam”…

“Yırtıcılar dünyasını burulğana salasıyam”

Yırtıcılar dünyasını çətinliklə, hərə öz pozğunluq dərəcəsinə görə, təsəvvür etmək olar. Ancaq onu “burulğana salmaq” necə olur?

“İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı”

Azərbaycan – bəşərin haqq bayrağı? A kişi, sənin insafın olmayıb, Azərbaycandakı haqsızlıqlar dünyanın çoxmu ölkəsində var?

Sonra şair Daşaltıdan, Xocalıdan deyir. Ancaq deyilənləri poeziya adlandırmaq çətindir.
“Dağın, daşın başdan-başa qan dənizi, qan Xocalı!
O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı!”

Nə qədər artıq söz var! An, qan…Nə qədər yalan pafos! Bir dənə orijinal metafor yoxdur. Nə qədər “qan-yaş” demək olar?

“Qaranlıqda oğru kimi yurda gecə girdi onlar”
Deməli, ermənilər gecə girirlər Xocalıya. Kaş Xəll Rza bu hadisəni sadə sözlərlə təsvir edəydi. Yox, o, Ulutürkdür, o, gərək yeri-göyü qata bir-birinə.

“Ulduzları güllələyib göydən yerə sərdi onlar”.

Bu yöndəmsiz misrada bədiilik var? Yoxdur, əksinə, gülüş doğura bilər.

Uistan Odenin dostunun ölümünə yazdığı şeir var. Deyir ki, ayı, ulduzları göydən endirib qaraya bükün.

 “Ulduzlar göz oxşamır, ulduzları söndürün,

 Açıb-atın günəşi, ayı büküb endirin.(tərcümə mənimdir – X.X.)

Bu misralar  kinematoqrafik matəm səhnəsi yaradır: filmlərdə  görürük hüzr düşmüş evdə aynalara, mebelə qara örtük çəkirlər.

Xəlil Rza “Ulduzlar güllələndi” deyib dayansaydı, dərd yarı idi. Dayanmır. Deyir “göydən yerə sərdi onlar”. Yəni ulduzların enmə marşrutunu təsvir edir…

“Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar”

Ermənilərin körpələri öldürməyini xalq şairi “tər qönçə dərməyə” bənzədir.

Xalq şairinin ilhamı elə coşub ki, nə dediyini özü də bilmir, şeirin əvvəlində demişdi ki, “başından, beynindən tüstü çıxır.”

“İsti külə döndərdilər bar üstündə min budağı…”

Külün nə istisi, nə soyuğu? “İsti” misranı doldurur, elədir? Əgər Xocal qırğınından söhbət gedirsə, bu, fevralda olub. Fevralda budaq “bar üstündə”olur?
“Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!”

Konkret bir alçağı? Hansı alçağı?

 Şeir guya Azərbaycana müraciətlə yazlıb. Birdən xalq şairi üzünü döndərir tarixə. Adi tarixə yox, qoca tarixə.

“Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm.”

Şair elə bilir ki, onun götürdüyü bütün təxəllüsləri “qoca tarix” əzbər  bilməlidir. Türkün ulusu. Yəni Mustafa Kamal türkün atası idi, bizim Xəlil Rza tənbəllik eləməyib, özünə Babatürk adı qoyub.

“Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm”.

Bu misra oxucuya nəyisə, kimisə xatırlatmalıdır? Bəlkə Nəsimini? Bu, Nəsimidən sitatdır ya tərcümə?

“Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm”.

İddia böyükdür. “Bircə kişi…” Azərbaycan bunun qüdrətini qaytardı? Əvvəldə ərizəsini oxumuşduq, deyirdi qaytar mənim qüdrətimi. Qaytarılıbsa, prosedur göstərilməliydi…

“Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm….”

Bəh-bəh, misranın birinci hissəsi Allahşükür üçün yazılıb…

İkimci hissə dolaşıqdır. Oddan qın olar? Qılıncın özünə od demək olar, ancaq qına yox…

Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!”

“Hüsnüm…” Yəni Azərbaycan Xəlil Rzanın gözəlliyidir…

Heç nə başa düşmədim və bu mətni şagirdlər də, onlar məndən min dəfə bilikli olsalar da, başa düşməyəcəklər. Şair özü də bu mətni başa düşülmək üçün yazmayıb. Yekə sözlər bol-bol ona görə işlədilib ki, oxuyan başında yumruq zərbəsi duysun, gözlərinin qabağında ildırım çaxsın…

Gözlərinə isə Ulutürkün şəkli çəkilsin…

 Sonuncu bənddə deyir:

“Əhrimənlər yuvasını darmadağın edəcəksən,
Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən”

Əhrimənlər yuvası nədir və haradır? Bəlkə müdafiə nazirliyi? Bəlkə Paşa holdinq?  

Aya, ulduzlara, Marsa hansı ağılla, hansı nizamla yetişəcəyik? Hələ keyfiyyətli bir velosiped də düzəldə bilmirik. Nə ay, a kişi, vətəndaş ayağını ölkədən qırağa qoya bilmir, Əliyev on milyon adamı əsir-yesir eləyib, heyvan sürüsü kimi salıb ağıla… Yox, Saturna yetişərik…

Birdən xalq şairi üzünü adı çıkilməyən düşmənə tərəf ttur:
«Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən,
Təpiyimin altındaca gəbərəcək, öləcəksən”

Saldı təpiyinin altına…

Şeirin adına və başlanğıcına qayıtsaq, müəllif qarşısında bir sual qoya bilərik: Qüdrəti ölkə vətəndaşa verir ya vətəndaş ölkəyə?

Nə qədər baş sındırasan, xalq şairinin ölkədən nə istədiyini, alıb-almadığını başa düşmək mümkün deyil. Cəfəng sözlərlə dolu ondördhecalı uzun misralar gözünün qabağını boz Salyan şoranlığı kimi basır, heç nə görmürsən.

Azərbaycan məktələrində, deyəsən, psixoloq var. Bəs psixiatr? Belə mətnləri ancaq yaxşı psixiatr izah edə bilər. Ayrı heç kim…

 «Başı da, beyni də tüstülənən» şairdən nə gözləyəsən?

X.X.

17. 05. 2024, Samara

ROBERT BERNS. ARVADIM MƏNİ DÖYÜR

Robert Burns

Xor

Bəli, tez-tez evdə döyülürəm mən,
Gündə kötəkləyir arvadım məni.

Bütün ixtiyarı  arvada versən,

Vallah, yıxıb hökmən sürüyər səni.

1.

Qəlbim dinc həyata meylli idi,

Niyə evlənirdim? Mən nə gicmişəm!

Abırlı insanın təmiz  niyyəti,
Öz başına bəla açarmış demə.

2.

Cılız bir təsəlli, qağa, sonda var:

Elə ki, həyatın günləri bitər,

Yerdəki cəhənnəm zülmü qurtarar,

Əminəm, olaram göydə bəxtəvər.

ingiliscədən tərcümə

16. 05. 2024, Samara

+++++++++++++++++

ROBERT BURNS

My Wife She Dang Me

Chorus

O, ay my wife she dang me,
An’ aft my wife she bang’d me!
If ye gie a woman a’ her will,
Guid faith! she’ll soon o’er-gang ye. Читать далее

ROBERT BERNS. ÖLÜM NƏĞMƏSİ

Robert Burns

    1.

Əlvida, sevimli gün, mavi səma, göy çəmən,

Qüruba gedən günəş qəlb sevindirər indi!

Sevgi, dostluq, əlvida, mehribanlıq, sağ ol sən,

Ömür yürüşümüzün sonu gəlib yetişdi.

Qəddar qorxu Kralı! Həyata qatı düşmən,
Yeri, get indi qorxut köləni və qorxağı.
Tiran, onları əsdir, fəqət bunu da bil sən,

Gücün yox qorxudasan cəsuru və qoçağı.

                          2.

Çaldın yazıq kəndlini – zülmətə qərq olacaq,

İtib-gedəcək izsiz onun adı da hətta.

Gənc igidi çalırsan – şərəf qazanır ancaq,

Yıxılsa da, nur saçır şöhrəti ətrafında.

Qeyrət meydanlarında qılınc əlimizdədir,
Kralın və ölkənin xilasına hazırıq.

Qürubumuz Zəfərlə işıqlanana qədər,
Ölümə gedənlərin sırasında biz varıq!

1791

ingiliscədən tərcümə

16. 05. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

The Song Of Death

1.
Farewell, thou fair day, thou green earth, and ye skies,
Now gay with the broad setting sun!
Farewell, loves and friendships, ye dear tender ties —
Our race of existence is run!
Thou grim King of Terrors! thou Life’s gloomy foe,
Go, frighten the coward and slave!
Go, teach them to tremble, fell tyrant, but know,
No terrors has thou to the brave! Читать далее

KOMSOMOL POEMASI: LEONİD İLİÇ BREJNEV VƏ BAYRAMQULU KİŞİ

Azərbaycanda çox az adam bilir ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməyi Salyan rayonu Komsomol kənd sakini Bayramqulu kişinin sayəsində olub. Bunu mən Salyan arxivində sənədlərlə tanış olmuş əmioğlum Mirzə Təbildən eşitmişəm. Mirzə Təbil həm də Bayramqulu kişini şəxsən tanıyırmış.

Kimsomol kəndinin əsl adı Ərəbqardaşbəylidir, sovet vaxtın onun adını qoymuşdular Komsomol. Bu ad kəndə yaraşırdı, doğrudan da kənd əhalisinin hamısı ya kommunist, ya da komsomolçu idi, hamısı da Sovet İttifaqı Komunist Partiyasının daxili və xarici siyasətini ürəkən bəyənir və ikiəlli dəstəkləyirdi. Təkcə Bayramqulu adında hörmətli bir kişi SSRİ rəhbərliyindən, şəxsən iki dəfə Sosialist Əməyi Qəhrəmanı, üç dəfə Sovet İttifaqı Qəhrəmanı, Beynəlxalq Lenin sülh mükafatı laureatı, Sovet İttifaqı Marşalı, Sov. İKP MK-nın Baş katibi Leonid İliç Brejnevdən narazı idi və öz narazılığını hər gün səhər tezdən qoyunları Kür qırağınsa  çıxararkən Salyan-Neftçala şossesinə çıxaran kənd yolunda var-gəl edərək uca səslə bildirirdi. Bayram kişinin nitqinin qısa məzmunu belə idi: “A Brejnev, sən çox da yaxana beş ulduz taxmısan, çox da özünə marşal adı vermisən, sən qocalmısan, sən rəhbərliyə yaramırsan. Sənin evdə oturub mənim kimi qoyun-quzuya baxan vaxtındır. Get otur evdə. Çoxlu cavan alimlər var, çoxlu savadlı akademiklər var, qoy onlar rəhbərlik eləsinlər! Bir adam vəzifəni neçə il tutar? Amerikada dörd ildən bir seçki olur, ona görə firavan dolanırlar, biz ayda bir dəfə küftə yeyə bilmirik. Bəsdir! Get otur evində!…”

Bayramqulu kişinin bu qorxulu antisovet niytqini eşidənlər qorxudan yollarınını dəyişirmişlər ki, natiqi tutsalar, onları şahid çəkməsinlər. Bayramqulu kişinin səsi hətta Kürün Şirvan tayındakı Ərəbqardaşbəyliyə gedirmiş. O kəndin adamları isə qorxaq olurlar, Bayramqulunun antisovet nitqini eşidən kimi qapı-pəncərəni bağlayırmışlar…. Hətta qoyunlar da narahat olurmuş, iştahlarl kəsilirmiş, otlamaq əvəzinə başlarını kola soxub gözlərini döyürmüş…

Suçəkən maşının mexaniki Nadir Bayramqulu kişini tənbeh edirmiş: “Vallah, səni bir gün KQB tutub aparacaq”. Bayramqulu kişi əlindəki çubuğu yelləyib deyirmiş: “Qoy aparsın. KQB mənə neyləyəcək?” Nadir belini göstərib deyirmiş: “Necə neyləyəcək? Mənim günümə salar.” Bayramqulu kişi tərəddüdlə souşurmuş: “Səni KQB belə eləyib?” Nadir halını pozmadan deyirmiş: “Bəs nə bilmişdin?»

Rəhmətlik Nadirə “qozbel Ndir” deyirdilər, ancaq belindəki yüksəklik qoz boyda yox, bəlkə yekə qarpız boydaydı. Əlbəttə, hamı bilirdi ki, Nadir kişi anadangelmə belədir. Ancaq o, Bayramqulu kişini bununla qorxudub düşdüyü qorxulu yoldan çəkindirmək istəyirdi. Ancaq mətin Bayramqulu kişi yolundan dönən deyildi.

Adı Komsomol olan kənddə, əlbəttə, KQB agentləri olmalıydı. Və beş-altısı  var idi də. Onlar Bayramqulu kişidən yazırlar KQB sədri Andropova. Andropov məruzə edir Brejnevə və soruşur:

— Leonid İliç, nə qayıraq? Bayramqulunu güllələyək ya on beş il verək getsin?

Marşal Brejnev deyir::

— Yuri Vladimiroviç, mən o Bayramquludan acığımı ayrı cür çıxacam. Mən Azərbaycana elə bir adam qoyacam ki, vəzifəni əlli ildən sonra da heç kimə verməsin.

Guya Brejnev sözünü belə qurtarıb: “Nu, poqodi, Bayramqulu, sukin tı sın, ya tebe pokaju Kuzkinu mat”.

Və tezliklə Brejnev Andropovun məsləhəti ilə Heydər Əliyevi Azərbaycana birinci katib, yəni rəhbər təyin edir.

İndi kim deyə bilər ki, Brejnev uzaqgörən olmayıb?

Və bu əhvalat hər birimizə tarixdə şəxsiyyətin rolunu xatırladır. Şəxsiyyət deyəndə mən Heyər Əliyevi yox, Bayramqulu kişini nəzərdə tuturam…

Allah sənə rəhmət eləsin, Bayramqulu kişi. Sən, əlbəttə, bacardığın qədər kommunist rejiminə, avtokratiyaya qarşı mübarizə aparmısan. Ancaq mübarizən əks nəticə verib. Brejnev səndən qisas almaqla bütün Azərbaycan xalqını fəlakətə uğradıb…

O vaxtdan çox şey dəyişib. Komsomol kəndinə əvvəlki Ərəbqardaşbəyli adı qaytarılıb. Ancaq adamların komsomol zehniyyəti dəyişmir. Salyan-Neftçala şossesinə aparan kənd yolunda isə “bəsdir vəzifəni zəbt elədin” deyən Bayramqulu kuşinin yeri görünür…

 

Mirzə ƏLİL

16. 05. 2024, Samara

ROBERT BERNS. AĞLAR QULUN NƏĞMƏSİ

Robert Burns

Məni qul eləyərək doğma Seneqalımda
Düşmənlər gətirdilər Virciniyaya, aman;

Sevimli sahilimdən biryolluq qoparıldım,
Əfsus! Necə yorğunam! Üzülmüşəm nə yaman!
Doğma elimdən indi mən çox uzaqlardayam,
Sevimli sahilimi görmərəm mən heç zaman!

 +

Sevimli doğma yurdda nə şaxta var, nə də qar,
Virciniya-ciniya üşüdür iliyəcən.

Solmur orda çiçəklər, qurumur orda çaylar,

Əfsus! Necə yorğunam, necə üzülmüşəm mən!

Aman! Aman! İl boyu çiçəklər orda yaşıl,
Seneqalımdan ötrü axır gözümün yaşı!

 +

Çəkəm gərək  bu yükü; məni gözlər, qorxuram,

Virciniya-ciniya elində fəlakət, ah!

Dostları yada salıb acı yaş axıdıram,

Üzülmüşəm, öldürər məni belə şiddət ah!

Xəbər tuta dostlarım, aman, mənim halımdan,
Düşmənlər ayrı saldı doğma Seneqalımdan!

 1792

ingiliscədən tərcümə

14. 05. 2024, Samara

QEYD:

Bu şeir şotland xalq nəğmələri janrında yazılıb, altımisralıq bəndlərin son beytləri refrendir, yəni təkrar edilən nəqəratdır. Azərbaycnlı oxucu üçün belə təkrarların yöndəmsiz görünəcəyini nəzərə alıb onları kontekstlə bağlı orijinal misralarla əvəz elədim. Bernsin orijinalı qafiyəsizdir. Mən nəğməni qafiyəli tərcümə elədim və düşünürəm ki, Azərbaycan dilində mətn yzxşı səslənir – X. X.

+++++++++++++

Robert BURNS

The Slave’s Lament

 

It was in sweet Senegal that my foes did me enthrall

For the lands of Virginia-ginia O;

Torn from that lovely shore, and must never see it more,

And alas! I am weary, weary O!

Torn from that lovely shore, and must never see it more;

And alas! I am weary, weary O! Читать далее

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZAƏ VƏ «TİN BAŞLARINDA» «DOQQAZ BAŞLARINDA» OTURAN «QOCALAR»

6-cı sinfin Ədəbiyyat dərsliyinə Bəxtiyar Vahabzadənin “Qocalar” şeiri salınıb. Mətnin dilinə baxaq.

“Çənə əl üstündə, əl çomaq üstə”.

Burda “üst” sözü təkrarlanır, ancaq müxtəlif şəkildə. Qrammatik norma ilə ikinci dəfə də “üstündə” olmalıdır: “əl üstündə, çomaq üstündə”. Mənsubiyyət şəkilçisi plyus yerlik hal şəkilçisi. “Üstə” yazmaqla müəllif savadsızlıq göstərir, çünki yerlik hal şəklçisi “də”dir. Niyə ali məktəb müəllimi, akademik bilərəkdən qaydanı kopud pozur? Qafiyənin xatirinə! Çümki üçüncü misrada “şikəstə” sözü var…

Ədəbiyyat və dil dərsləri vahid kompleksdir, ədəbiyyatın yüksək nümunələri ilə uşaqlar həm də doğma dilin incəliklərinə bələd olur, onun bədii ifadə vasitələrini tanıyırlar. Əgər mətn qafiyə xatirinə qoondarılmış formalarla doludursa, bu, uşaqıarn həm şifahi, həm yazılı nitqinə yalnız ziyan vura bilər.

“Qocalar əyləşir tin başlarında.”

Mübtəda insana aiddirsə, xəbər cəm halda olmalıdır. “Qocalar əyləşirlər”. Müstəsna hallarda – şeirdə! —  bu norma pozula bilər, ancaq bu müstəsnanı normaya çevirmək olmaz. Niyə görə, demək olar ki,  bütün Azərbaycan mətbuatı bu normanı pozur? Həmçinin ona görə ki, bütün “yazarlar” dil tərbiyəsini belə mətnlərdən alıblar.

“Tin başlarında” – biz belə deyirik? “Tində durub”, “tində oturub” deyirik, ancaq “tin başlarında” demirik. Bunu müəllif də bilir, ancaq bu yöndəmsiz ifadəni yenə qafiyə xatirinə işlədir, çünki dördüncü misra “yaddaşlarında” sözü ilə bitir.
“Sinə bayatılı, könül şikəstə,
Ömür varaqlanır yaddaşlarında”.

Niyə qocaların sinəsində “bayatı, şikəstə” olmalıdır? Bu qocalardan Tofiq Quliyevi və yaxud Vivaldini sevənlər olmayıb? Hamısı şikəstə əhli olub? Bəxtiyar Vahabzadə “tin başlarında” oturan qocaların könlündə nə olduğunu hardan bilib? Sorğu aparıb? Bəlkə qoca oturub arvadını söyür? Sən müəllifsən, sənin sözün  gərək oxucunu iddiana inandıra.

 “Yaşıdlar köç edib, cavanlar işdə
Tək-tənha oturmaq son əlacları”.

Bu mətnin ən ciddi problemi onun adındadır: “Qocalar”. Yəni bir qoca yox, çoxlu qoca. Onlar “tin başlarında otururlar”. Sonra müəllif onların təkliyindən, tənhalığından danışanda, uyğunsuzluq yaranır.

“Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları”.

Bütün qocalar yalqızdırlar? Bəs nəvələriylə özünü bəxtəvər sayan qocalar? Ömrünün sonuna qədər sevdiyi işlə məşğul ola bilən qocalar? Bu qocaların arvadları hardadırlar? Ölüblər? Əgər şair ekzistensial təklyi nəzərdə tutursa, cavan da təkdir, hər kəs təkdir, hər kəs öz taleyini tək yaşayır, tək gəldiyi kimi, tək də gedir.

“Yumub gözlərini düşünür onlar,
Durur göz önündə ötən zamanlar”

 Şair qocalardan yenə cəm halda danışmağa davam edir, hərçənd onlar tənha olmalıdırlar. Şeirin başqa ciddi problemi: güman, ehtimal oluna bilən şeylər hökm şəklində elan olunur. Sən “tin başında oturan” qocanın nə düşündüyünü bilə bilməzsən, yalnız güman edə bilərsən.

“Yerdə çuxur açır çomağın ucu,
Sonuncu həddinə dirənib ömür”

Burda Bəxtiyar Vahabzadənin müəllimi Səməd Vurğun kimi “Aha! demək lazımdır

Aha!

Çomağın ucu yerdə çuxur açırsa, deməli, kənd yeridir, asfalt deyil, Bəxtiyar Vahabzaə Bakı mənzilində oturub hardasa kənd yerində “tin başlarında oturan” qocanıın çomağının çuxur açdığını görür…

Dağılasan, Azəribaycan ədəbiyyatı!

Dinməzcə oturan, “ötən zamanları” düşünən qocanın çomağı çuxur açmaz, elə durduğu yerdə durar. Ürəyində arvadını, arvad qohumlarını, gəlinini, qudasını və ya qonşularını və ya icra başçısını, məhkəməni söyən qocanın çomağı çuxur açar və hətta yerin dərin qatlarına işləyər.

“Çomağın ucuna dikib gözünü”.

Yuxarıda akademik şair demişdi ki, qoca gözlərini yumub. Harasa göz dikmək baxmaq mənasındadır. Yumulu gözlə necə baxmaq olar?

“Onlar saatlarla oturar belə…”

Onlar? Bəs tək, tənha deyillər?

İndi buna baxın:
“Fikir bir gəmi ki bilinmir yönü,
Çırpınır, çıxammır ancaq sahilə”

Şair deyir ki, gəminin yönü, yəni hara üzdüyü bilinmir. Sonra deyir ki, “Çırpınır, çıxammır ancaq sahilə”. Bu o deməkdir ki, gəmi sahilə çıxmaq istəyirsə, yönü bilinir, yönü – sahildir, ancaq, şəkili demişkən, “çıxammır…”

 Sağlığına deyirəm, ay akademik, sən öz yazdığını oxuyurdun?

“Onlar düşündükcə boşalar, dolar,
Fikrin nə sonu var, nə də əvvəli”.

“Tin başlarında” oturan qocalar hamısı filosofdurlar? Əvvəl deyirdi ki, hamısının könlündə “bayatı, şikəstə”. Könlündə şikəstə oxunan adam nə düşünər? Və bəlkə qocalar düşünmürlər, ancaq arzulayırlar, məsələn, yaxşı bozbaş, cücə çığırtması. Hə?

Sonra məlum olur ki, qocaların “tin başlarında” oturmağı  feyk imiş. Qocalar “doqqazlar başında” oturublar!

Mən Azərbaycan konstitusiyasının, o cümlədən Azərbaycan dilinin qarantı İlham Əliyvə səslənirəm: “doqqazlar başı” nədir?
“Doqqazlar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli!”

Açığını deyirəm: Bəxtiyar Vahabzadə özü də qoca olub, başının tükü sayda qoca görüb, yaxşı bilib ki, qocalar oturanda nə fikirləşirlər, nə danışırlar. Mən sizə tam məsuliyyətlə bəyan edirəm, qoy altıncı sinif şagirdləri də bilsinlər. İki qoca “ tin başında”oturanda çox vaxt arvaddan danışır. Özü də elə ifadələrlə danışırlar ki, onların heç birini kağıza yazmaq mümkün deyil…

Burda bir sovet lətifəsini xatırladım.

Bir ordu hissəsində tərbiyəçi zabit (“zampolit”) əsgərlərlə siyasi-tərbiyəvi dərs keçir.

— Sıravi İvanov, sən bu qara daşa baxanda nə düşünürsən?

— Mən bu qara dşa baxanda, yoldaş mayor, qalib marksizim-leninizm nəzəriyyəsinin tezliklə bütün dünyada həyata keçəcəyini düşünürəm.

— Çox gözəl. Əsgər Petrov, sən bu qara daşa baxanda nə düşünürsən?

 — Mən bu qara daşa baxanda sosializmin kapitalizmdən üstünlüyünü, tezliklə Amerika imperializminn məhv olacağını düşünürəm.

— Afərin Petrov! Əsgər Sidorov, sən bu qara daşa baxanda nə düşünnürsən?

— Yoldaş mayor, mən bu qara daşa baxanda xətrim arvad istəyir…

— Əsgər Sidorov, niyə səndaşa baxanda xətrin niyə arvadistəyir?

— Yoldaş mayr, çünki mənim xətrim həmişə arvad istəyir…

Bəxtiyar Vahabzadənin şeiri bədii dil baxımından kobud, yöndəmsiz, məzmun baxmından dolaşıq və qeyri-səmimidir. Ruslarda məsəl var: “Çujaya duşa – potyomki”. Özgə qəlbi zülmətdir. Sən öz qəlbindəkini aça bilərsən, buna isə cəsarət lazımdır. Sən özgə qəlbindəkinin nə olduğunu yalnız güman edə bilərsən. Uşaqlar, cavanlar kimi qocalar da müxtəlif olurlar. Şikəstə dinləyənlər də, Bethovebnni sevənlər də, heç nə fikirləşməyib sadcə özünü günə verib dincələnlər, bozbaş ya balıq dolması arzulayanlar, xətri arvad istəyənlər də var…

Standart qoca modeli yaratmaq istəyəndə cəfəngiyat yaranır. Üstəlik dil standartları kobud şəkildə pozulur…

X.X.

15. 05. 2024, Samara

ROBERT BURNS. MÖHTƏRƏM ATAM ÜÇÜN EPİTAF

The_Grave_Of_William_Burns_-_geograph.org.uk_-_1213358

Dərin ehtiramla yaxın gəl, dayan,

Sən ey göz yaşından yanaqları nəm!

Sevən bir Ər idi burda uyuyan,

Övlada mehriban, dostluğu möhkəm.

 +

Özgə dərdlərinə ürəyi yanan,

Əyilən deildi mövqeyə, ada.

İnsana dost idi, günaha düşmən,

Ləyaqət var idi qüsurunda da.

1784

ingiliscədən tərcümə

13.05. 2024, Samara

QEYDLƏR:

 1, Robert  Bernsin atası Uilyam 1784-cü ildə vəfat etmiş və Allouedəqədim kilsənin həyətində basdırılmışdır.Bu əpitafiya başdaşının arxa  tərəfinə həkk edilmişdir.

2. Şeirin sonuncu misraları Oliver Qoldsmitin (1730-1774) “Tərk edilmiş kənd” pastoral poemasındandır.

+++++++++++++++++++++

ROBERT BURNS

Epitaph for the Author’s Father

 

O ye whose cheek the tear of pity stains,

Draw near with pious rev’rence and attend!

Here lie the loving Husband’s dear remains,

The tender Father, and the gen’rous Friend. Читать далее