Архив по авторам | Xeyrulla Xəyal

«NƏSİMİ» KİNOKOMEDİYASI. «Ə, BİR DƏNƏ «YANIQ KƏRƏMİ ÇAL»! ÖZÜ DƏ İTİ!..»

Без имени-1

“Nəsimi” filmini görəndən sonra Azərbaycan xalqı üç il əvvəl “Yeddi oğul istərəm” filmindən sonra “Yanıq kərəmi”ni necə sevmişdisə, Nəsimi yaradıcılığını da elə başa düşüb sevdi. Bir vaxt Səməd Vurğun Azərbaycan kəndlilrinin başına müsiibət gətirmiş gənc bolşevikləri xalq qəhrəmanlarına çevirən “Komsomol poeması”nı yazmışdı. Oğlu Yusif bu yeddi “bolşvik samurayı”n tərifini daha da artıran ssenari yazmış, Tofiq Tağızadə film çəkmişdi. Babaları, bəzilərininsə lap ataları bolşevik irticasının qurbanı olmuş insanlar ekran qarşısında xalq xeyirxahları cildinə girmiş bolşeviklərin hər sözünü, hər hərəkətini nəfəs dərmədən izləyir, gah gülür, gah göz yaşı tökürdülər. Deyən yox idi ki, Həsən Məmmədovun, Şahmar Ələkbərovun oynadığı “qırmızılar” on minlərlə Azərbaycan kəndlisinin həyatını məhv ediblər: güllələnənlər, Sibirə, Qazaxstana sürgünə göndərilənlər… Bir parça torpağı, iki atı olanlar qolçomaq, xalq düşməni elan edilir, Dostoyevskinin ddiyi kimi, bir cüt yarımdan ibarət məhkəmə  hökm çıxarırdı. Minlərlə uşağı valideyinlərindən ayırıb yetim qoyublar… Səməd Vuurğun da, oğlu Yusif də bunları gözəl bilirdilər. Pul isə şirin şeydir. Yusif Səmədoğlu gözəl həyatı sevirdi, deyilənlərə görə, Bakı sexçilərilə əlaqəliydi, vaxtının çoxunu Moskvada Mərkəzi Ədəbiyyatçılar evinin restoranında keçirirdi…

Ancaq o film müəlliflərindən çox “Yanıq kərəmi”yə şöhrət qazandırdı. Ruslar buna “durnaya slava” deyirlər. Filmdən sonra kənd toylarında dalbadal bu saz havasını sifariş verir, tempi dəyişdirilmiş, Mersedes sürəti almış “Yanıq Kərəmi” çalınan kimi toyxanada zəncirini qırmış dəli kimi götürülür, toyxanada tozanaq qoparırdılar…

Maraqlıdır ki, Aşıq Ədalət o havanı yazdıranda xaric çalmışdı. Aşıq ortada keçid eləyəndə barmağı xaric pərdəyə düşmüşdü. Studiyada səhlənkarlıqdan ya ayrı səbəbdən elə də yazmışdılar. Bəlkə 20 il ya daha çox “Yanıq kərəmi” radioda elə xaric yeriylə də səslənirdi. Bu da bir komediya idi…

“Nəsimi” kinokomediyası xalqın həyatına bir qədər ayrı cür və həm də geniş və dərin nüfuz elədi. “Nəsimi” sözü ölkədə bir növ korrupsiya vahidi kimi səslənirdi və həm də respublika həyatının bütün sahələrindəki total və daim artan korrupsiyanı bütövlükdə xarakterizə edirdi. “Əməlli-başlı Nəsimi kimi soyuluruq!” – bu ümumxalq şikayətini arşın hərflərlə yazıb ən uca yerlərdən asmaq olardı. Ancaq 70-ci illərdə Azərbaycanın ən uca və ən görkəmli yerlərinə Brejnevin, çənəsini marçıldada-marçıldada dediyi sözlər yazlmışdı:”Широко шагает Азербайджан!». Yəni Azərbaycan geniş addımlarla irəliləyir. Deyilənlərə görə, bir xuliqan Bakıda belə bannerlərin birinin altında əlavə eləmişdi: «По магазинам Грузии». Yəni Azərbaycan geniş addımlayır, ancaq Gürcüstanın mağazalarında. Məsələ burasındadır ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda hər şey qıt olmuşdu, corabdan tutmuş çaya, yağa qədər hər şey üçün soydaşlarımız Gürcüstana gedirdilər. Gürcülər geniş addımlamırdılar, Azərbaycan kimi hər il Moskvadan Qırmızı bayraq almırdılar, ancaq mağazalarında hər şey tapılırdı…

(ardı var)

24. 08. 2023, Samara

FAZİL MUSTAFANIN PREZİDENTƏ ƏLİLLİK ƏRİZƏSİ

Fazil Mustafa 1

Sənə, əlahəzrət, salamlarım var,

Nökəruin Fazildir məktubu yazan.

Millət vəkiliyəm, yadında olar,
Həm də əsgərinəm, ali komandan!

 +

Gecəm-gündüzüm yox, böyük rəhbərim,
Canımı qoyuram sənin yolunda,

Nə qədər silsə də katibələrim,
Qurumur alnımda tərim bir an da.

 +

Əziz prezident! Böyüyüm, atam,
Var bundan, əlbəttə sənin xəbərin,
Ağır və şiddətli terror aktına,
Məruz qalıb həqir kölən, nökərin.

 +

Mənə hücum etdi xomeyniçilər,
Topdan, avtomatdan atəş açdılar
Sağalmır, düzəlmr qıçlarım hələ,
Beş-altı qəlpə də dal tərəfdə var.

 +

Səndən nə gizlədim, dalım dağılıb,

Yaramır, doğrusu, istifadəyə.

Neçə professor baxıb mat qalıb,
Nə vaxrdan həsrətəm yeyib-içməyə.

 +

Canı, əlahəzrət, sözümün budur:

Sənəd ustəyirəm əlilliyimə.

Mən kimi bir terror qurbanı yoxdur,
Göstərsəm ağlayır yaramı kimə.

 +

Pis olmaz  təzə bir maşın da versən,
Cızıb maşınımı İran gülləsi.

Ver lap yaxşısından, zirehlisindən,
Xomeyni gülləsi deşə bilməsin.

 +

Yaxşı pensiya ver, əlahəzrətim,
Yeyib yaxşılaşım, cana gəlim mən.
Yaman bahalanıb indi mal əti,
Doğrusu, bezmişəm ceyran ətindən…

 

Mirzə TƏBİL
23. 08.2023, Samara

NƏSİMİ TEYMURA TƏRİF YAZIB QIZIL ALSAYDI, XALQ ONU SEVƏRDİMİ? YOX? BƏS NİYƏ SƏMƏDİ, RƏSULU, BƏXTİYARI SEVİR?

Без имени-1

Nəsiminin kinematoqrafiq surəti əslində  Miloş Formanın “Amadeus”filmindəki Mozart vüsətində və səviyyəsində olmalı idi. Həsən Seyidbəyli ilə İsa Hüseynovun kinosu isə, özünəməxsus Azərbaycan bolşevizmi estetikasına uyğun olaraq Mozart kimi işıqlı şairi siyasi proqramı hürufilik cəfəngiyyatıından ibarət olan bir partiyanın fəalına çevrilir və  Teymurlənglə, Şirvanşahla uydurma demaqogik mükalimələri ilə yadda qalır. Kino Nəsimi poeziyasını azərbaycanlılara bir santimetr də yaxınlaşdırmadı, bunun üçün gərək Səməd Vurğunun, Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin, Əlqayıbın  azərbaycanlıların qəlblərində və kəllələrində tutduqları yer boşaldıla. Adları çəkilən bütlər isə, görünür ki, tutduqları yeri yaxın onilliklərdə tərk etmək fikrində deyillər. Nəsimi ilə Səməd Vurğunlar bir məkana, yəni bir estetik məkana sığışa bilməzlər, çünki estetika və antiestetika kimi antipoddurlar.

Daha çox psixiatriya predmeti ola biləcək məsələlər var. Deyək ki, “Nəsimi” kinokomediyasında Nəsimi Teymurləngə həsr etdiyi mədhiyyəni oxuyur və əmir ona bir kisə qızıl verir. Qeryrətli və yüksək əxlaqlı azərabyacanlı tamaşaçı bunu şairə bağışlamazdı və ondan üz döndərərdi. Və, əlbəttə, heç bir kişi onun adını (təxəllüsünü) öz oğluna qoymazdı.

Rəsul Rza ilk müstəqil Azərbaycan dövlətinin hakimiyyətini devirib ölkəni yenidən Rusiyaya tabe edən Leninə poema həsr edib, onu Allaha bərabər tutub və bu işə görə Stalin mükafatı alıb. Niyə xalq Rəsul Rzanı sevir (ən azı onun adını)?

26 Bakı komissarının Bakıda on minlərlə müsəlmanın qırğınında iştirakı olduğu sübut edilib. Bəs niyə xalq 26-ları “babalarım” adlandırmış, onları poemasında vəsf etmiş Səməd Vurğuna pərəstişindən qalmır?

İndi gələk Bəxtiyar Vahabzadəyə. Bəxtiyar Vahabzadə “Leninlə söhbət” poemasını yazıb və SSRİ Dövlət mükafatını alıb (Heydər Əliyev təşkil edib). Yəni bir ətək qızıl. Niyə bu biabırçılıq Azəribaycan xalqının Bəxtiyar Vahabzadəyə olan eşqinə xələl gətirmir?

Xəlil Rza Heydər Əliyevi mədh edən şeir yazıb və bu şeirdən bir parça onun Salyandakı heykəlinə həkk edilib. Bu, Xəlil Rzaya olan pərəstişi azaldırmı? Yox!

Bu onu göstərir ki, xalqın nə zövqü var, nə də təhsillə, tərbiyə ilə, nümunələrlə yaranmış mənəvi oriyentirləri və əxlaq standartları.

Sabah İlham Əlyev bir çıxışında Səməd Vurğunu “antimilli ünsür” adlandırsa, milyonlarla azərbaycanlı yubanmadan Səməd Vurğundan üz döndərəcək. İlham Əliyevin bir-iki çıxışı, AZTV-də bir neçə “fildibesser””in “ləbbeyk”i kifayədir ki, sovetdənqalma bütlərin virtual düşümü və dağılımı başlasın. Burda hipnoz mexanizmi var. Ancaq hipnoza ilk növbədə psixi cəhətdən zəiflər uyarlıdırlar.

Kaşpirovskini mən yaşda olanlar yaxşı xatırlayarlar. Stadionda elan edirdi: “Dayu ustanovku!” Yəni istiqamət, komanda verirəm. Bir neçə saniyədən sonra “ekstrasensin” komandası ilə minlərlə insan eşşək kimi anqırırdı, ağnayırdı və mayallaq aşırdı… 

(ARDI VAR)

22. 08. 2023, Samara

«NƏSİMİ» KİNOKOMEDİYASI. ƏRƏB ƏLİFBASINDA NEÇƏ HƏRF VAR? İNDİKİ AZƏRBAYCAN ÜÇÜN NƏSİMİ «ANTİMİLLİ ÜNSÜR»DÜR…

Без имени-1

“Nəsiminin qadınını tutublar. Miranşah öz əliylə ağ saçlı qadını lüt-üryan edib. Paslı mismarla bədəninə 32 hərfi bir-bir yazdırıb”.

Sual: Bu 32 hərf hansı əlifbanın hərfləridir? Kirilin? Məgər ərəb əlifbasında hərflərin sayı 28 deyil? Bunun özü “Nəsimi” filminin komediya olduğuna sübut deyilmi?

“Gedirəm qəbrimi qazdırmağa”. Bu cəfəng sözləri Rasim Balayev elə üzücü və biganə halda tələffüz edir ki, tamaşaçı başqa bir ifadə eşidir: “Mənim başım dünənkndən sonra çatlayır, evdə yarım araq qalıb, gedib onu vurum, bəlkə düzələ…”

Nəimi isə bir çox səhnələrdə filosofdan çox sovet vaxtı bir gündə beş-altı yolka şənliyini “yola verən” şaxta (saxta…) babaları xatırladır. Artistlər yeni il şənliklərində xeyli pul qazanırdılar.

“Şəhərlərimizə minlərlə köçəri gətirilir, Nizaminin, Xaqaninin yurdu cahil köçərilərlə məskunlaşır” bi ifadə fars dilli ədib Nəiminin dilində ikibaşlı səslənir: fars dilli şairlər olan Xaqannin, Nizaminin yurduna gətirilən “köçərilər” kimdir?

Edam səhnəsi maraqlıdır. Nəsiminin fanatları dar ağacının ətrafında onun şeirlərini deyirlər. Hamı şeir deyir. Belə nəticə çıxarmaq olar ki, on beşinci əsrdə Hələb Azərbaycan dilli şəhər olub.

Dərinin soyulmağı. Bu tip edam orta əsrlərdə Avropada da olub. Ancaq, tarixçilərin dediyinə görə, edamdan qabaq bir parça dəri soyulurmuş, ya da məhkunun dərisini  öldürüləndən sonra soyurlarmış. Bu əslində aydındır. Diri-diri insanın dərisini soymaq olmaz. Elə bir parça soyulandan sonra insan şokdan ölər…

Nəsiminin ədəni-bədii irsinin populyarlaşmasında bu filmin rolu oldumu? Yəqin ki, yox. Rasim Balayevin ifasında səslənən bir neçə beyt, lağlağıya çevrilmiş “Məndə sığar iki cahan…”, Zeynəbin hələ xarab olmamış səsiylə yazılmış erotik mahnı… Biz  inadla öz şairimiz saydığımız Nizamini oxuya bilmirik, çünki fars dilini bilmirik. Nəsiminin, Füzulinin əsərlərini də oxumaq çətindir, çünki buna da dil hazırlığı lazımdır, bunun üçün məktəblərdə ən azı farsla. ərəblə tanış edən humanitar siniflər olmalıdır.

+++

Hürufilik, nəsimilik həm də onu göstərir ki, orta əsrlərin bütün qanlı müharibələrinə, qırğınlarına baxmayaqraq, o vaxt totalitar rejimlər olmayıb və bu, mümkün deyildi. İndiki Azərbaycanda bu gün bir bakılı, şəkili, şamaxılı YouTube-la özünü imam, yeni məzhəbin peyğəmbəri elan etsə, bir neçə saatın içində polis başının üstünü alar, ciblərindən beş-altı kilo narkotik çıxar, sonra İran ya Ermənistan casusu elan edilər, evinin axtarışı zamanı on minlərlə saxta dollar tapılar, kompüterindən uşaq pornioqrafiyası çıxar… Şirvanşahın və Teymurun nəinki geniş xalq kütlələrini, hətta öz əyanlarıı, komandirlərini izləmək və nəzarətdə saxlamaq üçün texniki vasitələri olmayıb. Ona görə daim yeni dini-fəlsəfi cərəyanlar yaranır, cəmiyyətlərdə azadfikirlilərin arasında yenifikirlilər yetişirdi. İndiki Azərbaycanda hətta ucqar bir kənddə arxayın danışmaq risklidir, insanlar öz yataq otaqlarında belə özlərini arxayın hiss etmirlər, çünki izləmə qurğularlnın yerləşdirilə biləcəyi ehtimalı yüz faizə yaxındır. Nəsimiyə heykəl qoyan, onun rolunu oynayan artistin boynundan xalta… pardon, orden asan dövlət şəxsiyyəti əzir, insanları onlara doğuluşdan məxsus olan azadlıqdan mərhum edir və ölkə əhalisini müstəqil düşüncə qabiliyyəini itirmiş, mənəviyyatı yağmalanmış, əslində xəstə sayıla biləcək adamlardan ibarət kütləyə çevirir. İndiki Azərbaycanda Nəsiminin heykəli dar ağacından asılmış halda yaradılmalıdır ki, hər bir azadfikirliliyə cürət edənə nümunə olsun. Nəsimiyə rəsmilərin hörməti əslində özü bir komediyadır. Hər səhnəsi göz yaşlarıyla islanmış, qanla boyanmş tragikomediya…

20. 08. 2023, Samara

AKİF İSLAMZADƏ: «MƏN BU GÜNDƏN MÜĞƏNNİ YOX, MANISAM…»

akif islamzadə 2

Məlumat gəldi vətəndən elə bir,

Çatdırım təcili gərək sizə də:

Jurnalistlərlə ağır cəng eləyir,

Bakıda guya ki, İslamzadə.

 +

“Bir nəfər tək tələbim var hamıdan:

Mənə müğənni demə bir daha sən!

Mənə orden verən verər adı da,

Mən bu gündən müğənni yox, manısam!

 +
Sinəmə taxsa ordeni, yeri var,

Yeri var həm də assa boynumdan.

Önündə boynumu əysəm nə olar? —

Gəlirsə pul, gəlirsə ad ondan!

 +

O, Koroğlu, o bizə Babəkdir,

Daha üstündür o, İsgəndərdən.

Analoqsuz, yeganədir, təkdir,
Sevindirən həm odur, həm mələdən.

 +

Ölkədə ən birinci mən manısam,
Bunu təsdiq eləyən fərmandır,

Birgə itmiş ləyaqətimlə səsim,

“Bura vətən” yox, Azərbaycandır”.

Mirzə TƏBİL

 19. 08. 2023, Samara

«NƏSİMİ» KİNOKOMEDİYASI. GÜNƏŞ BATANDA SARALIR YA QIZARIR?

Без имени-1

Vikinqlər haqqında xeyli lətifə var, Nəsimi komediyasındakı Şəms onlardan birini xatrlarıır.

Vikinqlərin növbəti basqını. Üç-dörd vikinq bir evə girir. Evdə bir nənədir, bir də onun gənc nəvəsi. Vikinqlər deyirlər ki, bu, vikinq basqınıdır, biz qarət edirik, zorlayırıq. Və nəvədən yapışırlar. Nənə özünü atır vikinqlərin qabağına ki, nəvəmə dəymyin, məni zorlayın…

Bir il sonra. Yenə vikinq basqını. Üç-dörd vikinq yenə həmin evə girir. Nəvəni zorlamaq istəyəndə yenə nənə özünü atır onların ayağı altına ki, nəvəmə dəyməyin, məni…

Bir il də keçir. Üçüncü dəfə vikinqlər o evə girirlər. Nəvədən yapışanda yenə nənə özünü  verir qabağa. Bu dəfə nəvə nənəsinin qolundan yapışıb kənara itələyir: “Nənə, indi ki, bu vikinq basqınıdır, qoy əməlli başlı-vikinq basqını olsun, çəkil qırağa, bu iş mənlikdir…”

Filmdə, əvvəldə dediyim ki, qadın cinsi yox kmidir, bu Şəms isə Hollivud vesternlərindəki gözəlçələr kimi bəzənib vurunuxur, elə bil ki, özü psixopat və zorçu Miranşahla görüş axtarır. Filmin bu yeri o qədər primitiv işlənib ki, heç gülməyin də gəlmir… Gülməli  Miranşahın (guya) sözləridir: “Bütün dünyanın gözəlləri bircə xoş baxışımçın ayağımdan öpməyə hazırdırlar…”

Filmdə komik səhnələrdən biri Nəsiminin guya taxta qılınc paylamağıdır. Ancaq məlum deyil ki, bunu niyə eləyir. Sonrakı sözlərindən belə çıxır ki, Nəsiminin fikri kommunizm qurmaqdır və öz “əşarı” ilə kommunizm qurucuları hazırlayır.

“Onlar (yəni raxta qılıncla silahlananlar – X.X.) özləri kimi yüksək ruhlu, elmli insanlar yetirəcəklər, bu gün üçün yox, sənin, nəvələrin, nəticələrin üçün döyüşməlidirlər, əbədiyyət üçün döyüşməlidirlər…”

Sovet adamları da daim əbədiyyət üçün döyüşürdülər, əbədiyyət isə get-gedə sovet adamından uzaqlaşırdı. Amerikalı, qərbi Avropa sakini, yapon  döyüşmürdü, elə ömür-gün keçirirdi, işləyirdi, yaradırdı, yaxşı qazanır və ya yaxşı maaş alırdı, özü də sovet adamının ağzından su axıdaraq arzuladığı kommunizmdə yaşayırdı…

Nəsimi Nəimiyə:

“Sən olmasan, qəzəllərim qan ağlayar, qan ağlayan əşardan xalq nə fayda götürər? Qiyamımız sənin adınla bağlıdır”.

Nəsimini siyasi mübariz edən İsa Hüseynovla Həsən Seyidbəylidir, Nəsimi mistikdir, sektantdır, ancaq Stepan Razin ya Yemelyan Puqaçov deyil. Onun “əşarı”, yəni qəzəlləri gülür də, ağlayır da, bu, dövrün poeziyasının və janrın təbiətindədir. Onun insanları qiyama, hürufi cənnəti qurmağa, mifik Azərbaycanı birləşdirməyə çağıran bir misrası da yoxdur. Və Azərbaycan sözü də yoxdur və ola bilməzdi. Nəsiminin şeirlərinin, indiki Bakı jarqonu ilə desəm, hədəfi xalq, kütlə deyil, indinin özündə hətta filoloji təhsili (Bakı dövlət) görmüş azərbaycanlılar belə Nəsimnin yalnız bir neçə populyar beytini bilirlər, o da filmdən. 14-cü əsrdə, 15-ci əsrin əvvəllərində sadə adamlar nə dərəcədə maariflənmiş olmalıydıar ki, Nəsimin şeirini başa düşsünlər? Hüruflik sekta olub. Hakimləri narahat edən hürufiliyin “geniş xalq kütlələrini əhatə etməsi” yox, yazıb-oxuya bilənlərin, yəni o vaxtkı elitanın İslamdan yayınma təhlükəsi idi. 650 il keçəndən sonra, dönə-dönə yubiley tədbirlərindən, şairin irsinin geniş təbliğındən sonra Nəsimi Azərbaycan xalqının oxuduğu ya oxuya bildiyi müəllifə çevrilibmi? Yox! Azərbaycan xalqının Nəsimidən xəbəri yoxdur, çünki azərbaycanlıların əksəriyyətində olan ətalət onlarlı Nəsimiyə yaxınlaşmağa qoymur. Bizim xalq Rasim Balayevi sevir, bizim xalq Səməd Vurğun kimi bəsit, fəsəli kimi səthi şairləri sevir. Bizim xalqa Ramiz Rövşəni ver ya da o mərhum gürcüstanlını… Adı yadıma düşmür…

“Vəsfində Nəsimi sözünü ərşə çıхardı,
Qanğı sədəfin incisi buldu bu nizamı”

Necə gözəl, nəcə zərif şeirdir! Qrammatik minimalizm yüksək sənətkarlıq nümunəsidir və bu şeirə “bir ətək qızıl” verib alan da, onun qiymətini bilən və oxuyan da kütlə deyil, Nəsimi kütlə şairi olmayıb. 1973-cü ildə Azərbaycanfilm rus usyançıları Razinin, Puqaçovun “soft” variantını yaradıblar ki, əsl Nəsimi ilə onun arasında ümumi heç nə yoxdur….

Yeri gəlmişkən, əvvəldə dediyim kimi, bu filmə “Vaqif” komeiyasının böyük təsiri  var. Kino müəllifləri hətta təkrar etməkdən də utanmayıblar. Çox təəssüf. Utanmadıqlarına görə yox. Təkrar ediklərinə görə.  Çunki səhvi təkrar ediblər. Baxın. “Vaqif”də:

Şeyx (kinayəli)

Şair, rənginizdə bir sarılıq var?

Vaqif

Qafil, gün batanda rəngi saralar!

“Nəsimi” komediyasında:

“Həqiqi olan Allahsansa bəs rəngin niyə saralır?

“Bədbəxt, gözündə tor var. Mən əbədiyyət üfüqlətində doğmuş günəşəm, günəş qürub edəndə saralar..”

Əslində tor bu cəfəngiyatı yazanın gözündə olub və ya heç vaxt qüruba baxmayıb. Günəş qürub edəndə saralmır, qıpqrmızı olur…

19 avqust 2023, Samara

ZAMANN SUALI: İNTİQAM QASIMZADƏ ANARIN YANINDA SİQARET ÇƏKƏR?

İntiqam Qasımzadə 1

Vətəndən ayrı düşmək budur: nəinki sən soydaşlarından soyuyursan və soydaşların səndən soyuyurlar, hətta çoxları səni ölmüş bilirlər. Nə gizlədim, mən də bəzi adamları ölmüş bilirəm, sonra öyrənirəm ya təsadüfən məlum olur ki, ölməyiblər. Mən də həm xəcalət çəkirəm, həm də sevinirəm. Biri elə İntiqam Qasımzadə. Nə gizlədim, mən onu da ölmüş bilirdim. Ancaq bu günlərdə Azərbaycanda bir vurhavur oldu ki, səsi bura gəlib çıxdı: demə İntiqam Qasımzadənin 80 illiyini qüyd edirlərmiş. Toplarda yaylım atəşi açıblar (ermənilərə tərəf), beş-altı müxalifətçinin cibinə ağ, qara basıblar ki, çəkib kef eləyin, ancaq gərək türmədə çəkəsiniz ki, görən olmasın…İntiqam müəllimin xətrinə Qubad İbadoğluya bir şüşə Badamlı veriblər ki, içib şəkərini salsın…

Bu hələ azmış! Demə “Azərbaycan” jurnalı da ölməyib, indiyəcən çıxır və onun baş redaktoru səksən yaşlı İntiqam Qasımzadədir! Bu isə bütün millət üçün fəxrdir, çünki dünyanın heç yerində 80 yaşlı redaktor yoxdur. İndi məni bir şey çox maraqlandırır: İntiqam Qasımzadə Anarın yanında siqaret çəkir ya çəkmir? Yazarların rəisinin 85 yaşı var, redaktorun 80 yaşı. Bizim ənənələrə görə gərək çəkməyə, çıxıb qıraqda çəkə…

Mən belə bir dialoq təsəvvür edirəm:

Anar: İntiqam, oğul, sən hansı pampersdən istifadə edirsən?

İntiqam: Mənə Türkiyədən göndərirlər.

Anar: Türklərinki çox etibarlı deyi. Mən bir neçə dəfə şalvarımı islatmışam. İndi Amerikadan gətizdirirəm…

Belə… Bizim talışlar da özülərini öyürlər ki, nə bilim Şirəli Müslümov belə gəldi, elə getdi… Bir talış dosta dedim:

— Sizdə səksən yaşlı reedaktor var?

Talış dost incidi:

— Mirzə, bizi lağa qoymusan? Jurnaımız var ki, redaktoru da ola?

Çox xəcalət çəkdim…

Vallah, bilmirəm inanım ya yox. Mənə bir nəfər dedi ki, İntiqam Qasımzadənin atası Böyükağa Qasımzadə də sağdır, 107 yşındadır, bu yaxınlarda otuz yaşlı bir televiziya aparıcısını alıb, arvad indi hamilədir, yəni İntiqamın ya qardaşı, ya bacısı  bu yaxınlarda dünyaya gələcək…

Fikirləşirəm ki, deyilənlər düzsə,  uşaq olanda yenə top atacaqlar. Təki erməni tərəfə atsınlar…

Sonda onu deyim ki, Mirzə Əlil necə karateçidirsə, İnqiqam Qasımzadə də elə ədəbiyyatçıdır. Anarın müdrik başına and olsun!

Mirzə Əlil

18. 08. 2023, Samara

«NƏSİMİ» KİNOKOMEDİYASI. NƏSİMİ DİVANI BİR ƏTƏK QIZILA SATILIRMIŞ. KƏRAMƏT KİTABINI BİR ƏTƏK DƏMİRƏ SATA BİLMİR…

Без имени-1

Filmdə ən gülməlli səhnələrdən biri Teymurla Nəsiminin görüşüdür. Bu görüş təkcə ona görə gülməli deyil ki, Teymurla Nəsimin arasında görüş ollmayıb və çox güman ki, Teymur heç Nəsimi adlı şairi uzaqdan-uzağa da tanımayıb. Gülməli kitab məsələsidir. Teymur nəvəsini ikiqat əyərək yanında oturdaraq ətrafındakılara Yusif Vəliyevin məxməri baritonuyla elan edir ki, bu nəvə “bir ətək qızıl verib kafir Nəsiminin əşarını (!) alıb.

Haşiyə çıxaraq deməliyəm ki, Nəsimi dil baxımından da çox gülməlidir. Müəlliflər filmə tarixilik vermək üçün bəzən peronajların dilindən arxaik ifadələr səsləndiirlər. Məsələn: “Təğyiri-Libas olun!” “Zənən örpəyinə həsrətəm”! “Tərzi-həyat” vəs. Bu isə komik effekt doğurur. Burda da Teymur “şeirlər” demir, “əşar” deyir. Üstəlik dəqiqləşdirir ki, nəvə “əşarı” Badkubədən alıb. Vay-vay! Badkubədə Nəsiminin əşarı bir ətək qızıla satılırmış! Kəramət Böyükçöl kimi əjdaha kitabını bir ətək paslı dəmirə də sata bilmir…Maraqlıdır, bu səhnə mənə Nodar Dumbadzenin bir qəşəng hekayəsini xatırlatdı, yəqin İsa Hüseynov da həmin hekayəni oxuyubmuş. Gürcünün hekayəsində valideynləri tərəfindən nənələrinin üstünə atılan nəvə əldə-ayaqda dayanmır, günlərin bir günü coğrafiya müəllimnin bağından xeyli armud oğurlayıb bazarda satır və qazandığı pula, nənənin diliylə desək, “abırsız” “Dekameron” kitabını alır…

Belə çıxır ki, filmdə göstərildiyindən fərqli olaraq, o dövrün məkanı çılpaq qayalıqlardan, Səməd Vurğun deyən “dağ-dərə”dən ibarət deyilmiş. Adamların dolğun həyatı varmış, tikirlərmiş, qurlurlarmış, toy edirmişlər, şənlənirmişlər, şairlərin əlyazmaları əllə tirajlanıb satılırmış, bu kitabları ala bilən və oxuyan adamlar varmış…Filmdə isə hər şey depressivdir: Rasim Balayevin üzündəki maska, peyzajlar, geyimlər, danışıq tərzi, torpaq — torpaq deyil, böyük yanğınlardan sonra qalan küllükdür. Əgər doğrudan da belə olsaydı, Nəsiminin nəfis lirikası olmazdı, elitar estetikası olmazdı….

Film müəlliflərinə Teymurla Nəsiminin qondarma görüşü nə üçün lazımdır? Tamaşaçıya böyük sərkərdə və hökmdar Teymurun dilindən təriflər eşitdirmək üçün. “Şirvanda xanəndələrin dilindən düşmür bu qəzəllər! Bütün Səmərqənd, Xarəzm bu qəzəlləri oxuyur!”

Kaş bu, doğru olaydı və 14-15-ci əsrlərdə Şamaxıda xanəndələr Nəsimin qəzəllərini oxuyaydılar, Mirələm Mirələmov kimi, ara şairlərin “əşarını” yox…

Və, əlbəttə, Nəsimi fürsəti fövtə verməyib Teymura “kamil insan” barədə blits-mühazitrə oxuyur. “Kamil insan cümlə aləmin (!) sirrinə vaqif olacaq, heç nədən qorxmayacaq” və s. Bu, əlbəttə, hürufilik deyil, bu, marksizm-leninizmdir, söhbət kommunizm qurmuş insandan gedir… Şübhəsiz ki, İsa Hüseyniov institutda elmi kommunizm fənnini öyrəniub və dövlət  imtahanı verib. Rasim Balayevin institutda dərs oxuduğu şübhə doğurur, çünki aktyorun çoxlu msahibələrinə qulaq asanda görürsən ki bu adam ömrü boyu bir ciddi kitabı axıracan oxumayıb, söz ehtiyatı yoxdur, məhdud dünyagörşülü, dayaz fikirli bir insandır…

Teymur Nəsiminin blits-mühazirəsindən o qədər sarsılır ki, ətrafındakı seyidlərdən də belə qüdrətli “kəlamlar” tələb edir. “Nə vaxta qədər baş kəsməklə qalib gələcəyəm mən?! – deyə ritorik və eyni zamanda son dərəcə komik sual verir. Suala baxın, mübtəda (“mən”) sona keçirilib. Bu  sintaktik hoqqa Azərbaycan nəsrində 60-cı illərdə yaranmışdı, guya nitqə xüsusi ekspressivlik verirdi. İndiyəcən Azərbaycan jurnalistləri  və “yazar”ları belə yazırlar…

“Nə vaxtacan…” Teymurləng sözlə qalib gəlmək istəyir, baş kəsməklə yox…Teymur deyən vaxt Azərbaycanda çoxdan gəlib çatıb, adamların başını kəsmirlər, ölüm hökmü də yoxdur, elə sözlə, «məhkəmə”nin qərarıya basırlar dama, orda yavaş-yavaş çürüyür…

 

18.08. 2023, Samara

DANTE. CƏHƏNNƏM. 21-Cİ NƏĞMƏ

cəhənnəm 21-ci nəğmə

(FRAQMENT)

 1 Körpüdən körpüyə, söhbət edərək,

Yad olan şeylərdən Komediyama,

Dikə çatıb durduq ki, burdan görək

+
4 Malebolgedəki bir yarığı da,

Və həmçinin digər hədər dərdləri.

Məni heyran etdi qaranlığı da.

 +

7 Qışda qatı qətran odda əriyir,

Necə Venetsiya Arsenalında,

Kohnə kolazlara çəkilsin deyə,

 +

10 Çünki çıxa bilmir dənizə daha.

Təzə qayıran var, kimsə çalışar,
Köhnəni qaytara yenə həyata.
+

13 Avar düzəldən var, ciyə hörən var

Burunla, sükanla var əlləşən də.

Cırıq yelkənləri kinsə yamaqlar.

 +

16 Beləcə, odla yox, ilahi gücdən,

Elə qaynayırdı ki, qatı qətran,

Örtürdü pərdəylə həndəvəri də.

 +

19 Mən isə qətranın qaynamağından,
Qopan qovuqları görürdüm ancaq.

Gah şişən, sıxılıb gah da yox olan.

 +

22 Durmuşdum, diqqətlə ora baxaraq,
Qışqırdı rəhbərim: “Özünü gözlə!”

Yapışıb özünə sarı dartaraq.

 +

25 Döndüm, necə kimsə başına bəla,
Olacaq bir şeydən göz çəkə bilmir,

Yıxır qəfil qorxu onu az qala,

 +

28 Ancaq unutmur ki, o getməlidir;

Və gördüm qara bir şeytan arxadan,

Dik qaya üstüylə biz sarı gəlir.

 

31 Yırtıcı görkəmi vardı necə, ah!

Mənə görünürdü necə də qəddar,
İti yeridikcə, qanad çalaraq.

 +

italyancadan tərcümə

avqust, 2023. Samara

+++++++++++++++

Inferno • Canto XXI

Così di ponte in ponte, altro parlando
che la mia comedìa cantar non cura,
venimmo; e tenavamo ’l colmo, quando
Читать далее

«NƏSİMİ» KİNOKOMEDİYASI. NƏSİMİ ÜZÜ, BAŞI AÇIQ FATMAYA DEYİR: «ÜZÜNÜ MƏNDƏN GİZLƏTMƏ…»

Без имени-1

Qadın gözəlliyini, qadına sevgini vəsf edən yüzlərlə qəzəlin müəllifi Nəsiminin ətrafında qadınlar olmalı idi və şübhəsiz ki, olub. Ancaq kinokomediya şairi siyasi fəala və hərbi-siyasi toqquşmaların bilavasitə iştirakçısına çevirdiyindən filmdə mülki mülki həyat yoxdur, bir az da yuvarlasaq, heç həyat yoxdur. Filmin bütün ərazisini kişilər məskunlaşdırır, onlar dəstə-dəstə daim hərəkətdədirlər, şeir deyirlər, şüarlar səsləndirirlər. Qadınlar hardadır – məlum deyil. Fəzlullah Nəimi ilə onun çoxlu müridlərinin nə ilə dolandıqları məlum deyil. Nəsimi özü – o nə ilə dolanır, pal-paltarı, kağızı, qələmi ona kim alır? Cəmiyyətdən özlərini təcrid etmiş adamların həyatının iç tərəfi realistikliyə iddia edən filmdə açılmalıydı. Biz İncildən bilirik ki, İsa beş çörək və iki balıqla beş min adamı yedizdirir, hələ qalan qrıntılardan bir neçə kisə də yığılır. Bəlkə Nəimi də belə möcüzələr göstərirmiş? Nəsimnin qüdrətli şair kimi varlı himayədarlıarının olmağı, kobud desək, maliyyələşdirildiyi ehtimalı həqiqətə daha yaxın deyilmi?

Filmdə qadın cinsinin, göbəyiaçıq xanəndəni çıxsaq, iki nümayəndəsi var: Nəiminin qızı, Şeyxin qızı. Məlum olur ki, Nəiminin qızı yeddi ildir ki, “min kişinin içində” və kişi paltarında yaşayır. Niyə? Gizlədilir? Onun min qadının içində gizlədilməsi daha etibarlı olmazdımı? “Nə vaxta qədər mən karvansaralarda çürüməliyəm? Tay-tuşlarım hamısı şəhərbəşəhər, ulusbaulus gəzilrlər, məclislər qururlar”, — bunu Fatimə deyir və, əlbəttə, tamaşaçını güldürür. Tamaşaçı bəlkə də sevincindən gülür: 14-cü əsrdə Azərbaycan qızları şəhərbəşəər gəzirlərirmiş, məclislər qururlarmış… Yəqin gecə klubları da olub… Bəs Miranşah? Onun adamları? “Ulusbaulus” gəzən qızları onlar zorlamırmış? Çox qəribədir və çox gülməlidir…

“Dəbilqə yükdür mənə”.

Fatmanı bir dəfə dəbilqəli görürük, qalan vaxt başı ya açıqdır, ya papaq qoyub.

“Yeddi ildi adi zənən örpəyinə həsrətəm”

“Mən libas taparam sənə”. – Bunu Nəsimi deyir. Libası hardan tapacaq? Bəlkə alacaq? Supermarketdən? Pulu var?

“Mən də onu yandıraram” – Yusif də bir yandan hədələyir…

Fatma yeddi il bu min kişinin içində necə yatıb-dururmuş, təmizlik edirmiş? Vallah, İsa Hüseynov heç bir tarixi-faktik əsası olmayan elə bir situasiya qondarıb ki, onun izahında məntiq, sağlam düşüncə acizdir…

Bir tərəfdə də Nəimi öz müridlərinə həqiqi eşqdən danışır. Öküz sifətli bir mürid birdən səslənir: “Ustad, qəzəl istəyirik!” Digər mürid dəqiqləşdirir: “Aşiqanə!” Yəqin o vaxtlar aşiqanə olmayan qəzəllər də çox yazılırmış bizə gəlib çatmayıb…

Ustad deyir qəzəl Nəsimilikdir. “Varisi də çağırın gəlsin!”

Varis – guya qızı Fatma, gəlib oturur. Akademik Səməd Vurğunun dediyi “dağ-dərə” kimi bir yerdir. Hamı çınqılın üstündə oturub, məlum deyil harda yatırlar, nə və hansı qabda yeyirlər…

Fatma gəlir. “Oğlanı” qırxılmış başı açıqdır. Rasim Balayev gəlir və xumar gözlərini yaşla doldurub Fatmaya baxa-baxa qəzəl deyir:

“Üzünü məndən nihan etmək dilərsən, etməgil…”

Bu epizod ən gülməli səhnələrdəndir. Çünki tamaşaçı bircə dəfə də görməyib ki, Fatma “üzünü nihan eləyə”. Kişi paltarında, üz, baş açıq. Vallah, heç kim inciməsin, gözəl də deyil… Yox, Nəsimn qəzəli yəqin ki, ayrı biq qıza yazılıb. Nəsiminin çox gözəllər gördüyünə şübhə ola bilməz. O böyük istedadı Nəsimiyə verən Tanrı onun qabağına hökmən misilsiz gözəllər çıxarmalıydı…

17. 08. 2023, Samara

(Ardı var)