Архивы

BÜLBÜL BAYRAMI

Bu il Heydər Əliyevin 90 illiyi ilə əlaqədar olaraq Gül bayramından başqa bülbül bayramı da keçiriləcək. İndi ölkədə bu bayrama geniş hazırlıq görülür. Dünyanın müxtəlif yerlərindən bir neçə milyon bülbül yumurtası gətirilib Masazrda yerləşən inkubatorlara vurulub. Bülbüllər yumurtadan çıxan kimi onlara bülbül müəllimləri təlim keçək ki, heykəl və abidələrin üstündən uçanda natəmizlik eləməsinlər.

Prezident İlham Əliyev istəyirmiş ki, Bülbül bayramında Qarabağ bülbülləri də iştirak eləsinlər. “Mən eşitmişım ki, bir vaxtlar Qarabağ bülbülləri olub. Onların yumurtasından tapmaq olmazmı?” – deyə möhtərəm prezident akademik Ramiz Mehdiyevdən soruşub. Akademik Mehdiyev zat-alilərinə deyib ki, Qarabağ bülbülləri doğrudan da olub, ancaq yumurtadan çıxmayıblar, Qarabağ bülbüllərini qarabağlı atalar və analar yetiriblər ki, onların da kökü kəsilib

DE GƏLSİN HƏR NƏYİN VARDIR…

T. Bəhrəmov adına stadion. Azərbaycan milli yığması uduzur. Stadion qışqırır: “İstefa! İstefa!” Berti Voqts tərcüməçidən soruşur:

— Camaat nə deyir? Mənim anamı söymür ki?

— Allah eləməsin, nə danışırsınız! “İstefa” çox gözəl sözdür, bu sözü xalqımız bir sizə deyir, bir də möhtərəm prezidentimizə….

MİSİR MƏRDANOV ÖLMƏZDİR!

Misir Mərdanovun təhsil naziri vəzifəsini tutmağının on beş illiyi münasibətiylə Azərbaycanda ümumxalq şənlikləri keçirilib. Qubada, İsmayılllıda, Qəbələdə atəşfəşanlıq olub. Salyanda yeddi nəfər bıçaqlanıb, Nardanda on iki müsəlman başını yarıb.

“Əgər Misir Mərdanov ölərsə, bu, Azərbaycanda hansı nəticələr verə bilər”? – bu sualla və cavabın üç variantıyla AzTv öz tamaşaçılarına müraciət edib.Variantlar:

  1. Misir Mərdanov ölməzdir!
  2. Misir Mərdanov ölsə, Təhsil nazirliyi bağlanmalıdır.
  3. Misir Mərdanov ölsə, Azərbaycanda təhsil ləğv olunmalıdır.

İlkin nəticələrə görə, tamaşaçıların 99 faizi birinci cavavı seçib.

AY LAÇIN, CAN LAÇIN…

İLHAM ƏLİYEV VƏ RAMİL USUBOV

 

-Ramil, özlkədə nə var, nə yox?

— Cənab prezident, sabitlikdir. Ancaq bir dəstə gənc mahnı oxuyub Yutubda.

— Elşadçın oxuyublar?

— Yox, elə özləriyçin

— Mehriban xanımın, Ramizin adlarını çəkmirlər ki?

— Yox, o qələti eləmirlər.

— “Davay do svidaniya” demirlər ki?

— Yox, elə ağızlarını açıb göyə “Laçın, Laçın” deyirlər.

— Bəlkə “Lazım, Lazım” deyirlər?

— Yox, möhtərəm preziden, “lazım” demirlər, “Laçın” deyirlər.

— Bəlkə qaçındırlar?

— Qaçqına oxşamırlar. Geyimli-keçimlidirlər.

— Ramil, indi qaçqınların güzəranı yaxşıdır, səndən-məndən yaxşı geyinirlər.

— Orası elədir. Mən öz uşaqlarıma baxanda deyirəm ki, kaş bunlar qaçqın olaydılar… Möhtərəm prezident, sərəncamınız nədir?

— Gənclərə hələlik dəyməyin. Ancaq mahnı qoşanı tapın. Danışdırın, o yan-bu yan eləsə, atasını yandırın.

— Möhtərəm prezident, elə bilin ki,  atası elə indidən yanıb…

AĞZI ƏTƏ ÇATMAYAN PİŞİK

Yazıçı Kamal Abdulla deyib ki, onu yenə hər il olduğu kimi Nobel mükafatına təqdim ediblər və o da hər il olduğu kimi mükafatdan imtina edəcək. “Nə qədər ki möhtərəm prezidentimiz İlham Əliyev Nobel mükafatını almayıb, mən o mükafata yaxın durmaram”, — Kamal Abdulla deyib.

 

ANALOQU OLMAYAN AZƏRBAYCAN TOYUĞU

Hər Novruz Azərbaycan prezidenti İlham Əliyev xalq arasına çıxıb yumurta döyüşür və həmişə də udur. İlham Əliyevin sınmaz, basılmaz yumurtasını dünyaya gətirən toyuq nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində də maraq doğurur.

Mötəbər mənbələrə görə, bu toyuq Naxçıvanda dünyaya gəlib, atası da, anası da naxçıvanlı olublar. Fərə vaxtı Azərbaycanın görkəmli toyuqşünasları tərəfindən seçilib Bakıya gətirilib və o vaxtdan xüsusi şəraitdə yaşayır. Naxçıvanlı bir xoruzla nikahdadır. Sınmaz yumurtalar dünyaya gətirən bu toyuq akademik Cəlal Əliyevin yetişdirdiyi, dünyada analoqu olmayan dənlə və prezident mətbəxindən verilən qara kürüylə yemlənir. Toyuğun adı gizli saxlanılır, şəklinin nəşri qadağandır. Ancaq məlumdur ki, bu toyuq Azərbaycan silahlı qüvvələrinin şəxsi heyətinə daxil edilib, rütbəsi kapitandır, bir neçə orden və medala layiq görülüb.

Azərbaycannın Birinci toyuğunun yumurtası nəinki başqa toyuqların yumurtalarını, hətta ördək, qaz və timsah yumurtalarını da udur. Prezident İlham Əliyev Sarqsyana təklif edib ki, kirvə, sən referendumu neynirsən, referendum baş ağrısıdır, gəl Qarabağ uğrunda yumurta döyüşək, kimin yumutrası udsa, Qarabağ onundur. Ancaq Sarqsyan razılaşmayıb, çünki yaxşı bilir ki, Azərbaycan prezidentinin yumurtasının qabağına yumurta çıxara bilməz.

 

 

Mirzə ƏLİL

YUMURTA DÖYÜŞLƏRİ

Bakı. Prezident sarayında ağır döyüşlər gedir. Prezident rəqiblərini bir-bir sarsıdır. “Ramiz, sən bu yumurtanı yumurtlayan toyuğu gətir, mən onunxoruzunu ağladım”, — deyə cənab prezident Ramiz Mehdiyevə sartaşır. “Səfər, sən gözdə-qulaqda ol, birdən Lazım gələr, xəbərimiz olmaz”, — deyə zat-aliləri Səfər Əbiyevə göz vurur. “Cənab prezident, arxayın olun, peykimiz xəbər verib ki, lazımın bu yaxınlarda gəlmək fikri yoxdur”,- deyə general Əbiyev cavab verir…

Yumurta döyüşləri davam edir…

KİŞİ PAPAĞI

Ilham Əliyev:

—         Ramiz müəllim, bayram axşamına az qalıb, istəyirəm mən də papaqatdıya gedəm. Mənə bir papaq təşkil elə.

Ramiz Mehdiyev:

—         Cənab prezident, mən təşkil eləyə bilərəm yaxşı polis papağı, gömrükçü papağı, sərhədçi papağı, prokuror papağı, cərrah papağı…

İlham Əliyev:

—         Mən istərdim adi kişi papağı olsun.

Pamiz Mehdiyev:

— Kişi papağı tapmaq bir az çətin olacaq. Gərək soraqlaşaq. Ya da şəhərdə bir kəndçi-kündçünün başından qaçırdaq…

AZƏRBAYCANIN VATİKANA TƏSİRİ HAQQINDA

Məlumdur ki, Azərbaycanın siyasi mədəniyyəti bütün dünyaya, o cümlədən Vatikana da ciddi təsir göstərib. Məsələn, seçkidən sonra tüstü çıxarmağı Vatikan Azərbaycandan öyrənib. Fərq burasındadır ki, Azərbaycanda seçkilərdən sonra tüstü seçicilərin başından qaıxır və özü də bir rəngdə — qara olur.