Архивы

ƏRƏBQARDAŞBƏYLİ

Изображение 242 MƏMƏ

Uzun, bir az eybəcər —

Misraya sığmır adın.

Talantım ola əgər,

Səndən roman yazardım.

 +

 Sakinlərin nə kütlə,

Nə də əhalidirlər.

Çox görkəmli deyillər,

Deyillər çox adi də.

 +

Olub bədəməllərin,

Olub yaxşıların da.
Olub dərdi hərənin,
Hamı da yaş axıdıb.

 +

Təbiətin yeknəsəq,

Qəlb üzər, gözü yorar.

Hər adi taledəsə,
Bir kitab süjeti var.

 +

Yaşasa da kim necə,
Bir əsərdir hər insan.

Komediya, faciə,
Bir lətifə azından…

 +

Heyf, deyildir qısa,

Misraya girə adın,

Başlığa yarayırsan —

Kəndim, yerin başdadır!

 

28. 12. 2024, Samara

YETMİŞİN ÜSTÜNƏ BİR İL DƏ GƏLDİ…

            

qardaşlarımın, bacılarımın xatirəsinə…

 

Yetmişin üstünə bir il də gəldi,

Saydır bu ömürdə təkcə möhtəşəm.
Evim yanmasaydı, elə bilərdim,
Bu ildə bir gün də yaşamamşam.

 +

Özüm can atmadan və gözləmədən,
Mən bütün ehtimal hədləri keçdim.

Bacı-qardaşlardan çox yaşadım mən,
Hamıdan böyüyəm – qəribə işdir…

+
Ailə süfrəsi  başında sanki,
Yenə oturmusan bardaş quraraq,
Qabına qoyulub ən ləziz tikə,
Yeyirsən, baxmırsan heç kimə ancaq…

 22. 11. 2024, Samara

 

AİLƏ PORTRETİ

Kimisə ötürürlər, kimsə qarşılanır ya,

Otuz nəfərə yaxın bəlkə sayları olar.

Yarımdairə olub obyektiv qabağında,
Qala divarı kimi qohumlar dayanıblar.

 +

Üç sıradır bu divar, alınmaz, möhtəşəmdir,

Sığınıb bir-birinə durub şəkildəkilər.

Bilməz heç biri qorxu, qaçıb-dağılmaq nədir,

Əli qılınclı gələ, topla ya tankla gələ.

 +

Həvəskar obyektivin önündəki divarda
Üç nəslin monolit tək durub nümayəndəsi.

Uşaq, yeniyetmə var, qarımış arvad da var,
Hər birinin kefikök, üzügülərdir əksi.

 +

Əlli-ayaqlıdırlar, yoxdur azarlıları,
Yox əfəl görünəni, çəliyə söykənəni..

Ailə sevgisiylə bərkiyib sıraları,
Bu sevgidən bərk sement dünyada yoxdur yəni.

 +

Ah, ayrı şeylər də var bu dünyada sevgidən!

Obyektiv qabağağında duranlardan bir nəfər,
Xərçəng xəstəliyilə yaxalanarsa birdən,

Ya başqa bir azardan yatağa düşsə əgər

 +

Çaxnaşma və tərəddüd sıralarda yaranar,
Bəhanə axtarılar baş götürüb qaçmağa.

Portret gözəlsə də, möhtəşəmsə də divar,

Taleyin bir zərbəsi bəs elər onu yıxa.

14. 02. 2023, Samara

«SÜLEYMAN OLAN YERƏ DEYƏRDİM MƏNİ GÖNDƏR…»

    Süleymanın xatirəsinə

Bir əsr ötdü, qardaş —

Gör haçandır  sən gedən!

Elə çoxalıb ki, yaş,

Düzü, utanıram mən…

 + 

Getmirəm daha yurda,

Məmə köçüb gedəndən.

Kənd hələ yadımdadır,

Unudulubdur Vətən.

 +

Avtovağzala çatıb,
Avtobusdan düşərkən,

Məni qarşılasaydın,

Gələrdim yenə bəlkə.

 +

Orda məni axtarır

Bəlkə ölüm mələyi,

Kimsə qalmayıb axı,

Yerimi bilib deyə.

 +

Düşüb qarabaqara,
İzimə, gəlsə əgər,

Süleyman olan yerə,
Deyərəm məni göndər…

 

11.02. 2023, Samara

OLDUĞUM YERİN BİR ADI VAR — «UZAQ»…

мать         

        Anamın xatirəsinə

Anasının başı qarışan zaman,

Gün gedir, uşaqsa yığışmır evə.

Nəfəsi təngiyir, doymur oyundan,

Yeməyin, yatmağın vaxtı keçsə də.

 

Dünya oyunları çəkdi məni də,

Girə də bilmədim, baxıram ancaq.

Qatara gecikdim, batıb gəmim də,

Olduğum yerin bir adı var – “Uzaq”!

 

İndi səsin yatır xatirələrdə,
İl üstə il gəlir, yox çağıranım.

Haçansa ayılıb səsləsən əgər,
Gəlib baş qoyaram sənin yanına…

28.08.17

Samara

 

YATAĞIN YIĞILIB, BOŞDUR OTAĞIN…

         anamın xatirəsinə

 

Yatağın yığılıb, boşdur otağın,

Xatirələrdəsən bir ildir ki sən.

Daha bir adama yox ağırlığın,

Hamıya əzizsən indi, şirinsən.

 

Nə qəlbin, nə canın ağrıyar daha,

Nə suya, çörəyə ehtiyacın var.

Nə gündüz gözlərin baxar yollara,

Nə də səksəkəylə keçən gecən var.

 

Gedib hər azarın xatirələrdə,

Sən əlsiz-ayaqsız qarı deyilsən.

İndi xatirənə hamı gəl deyər,

Yatağın yığılıb, boşdur evinsə…

 

27.08.2016

Samara

HƏR YAZIMI BƏYƏNƏN…

HACINIIN XATİRƏSİNƏ

Hər yazımı bəyənən,

Əzbərləyən Hacıydın.

Yazıma “əsər” deyən,

Yeganə oxucuydun.

 

Danışsaydım hər nədən,

Susub qulaq asardın.

Təkcə səndin kəsməyən,

Sözümü yarısında.

 

Təkcə sən məni yekə,

Bir sənətkar sayırdın.

Sənin gözündə bəlkə,

Mən ağıl dəryasıydım.

 

Dünyaya gəlmişlərin,

Ən həqiri indi mən.

Sənin qiymətin imiş,

Məni ucaldan demə.

 

Yoxsan – yox oxuyanım,

Eşidənim yox daha.

Sən yoxsan, ən yaxınım,

Mənə səndən uzaqdır…

 

07.01.2016 Samara