Архивы

QURBAN MƏMMƏDLİ OSMANQIZININ ÜSTÜNƏ QOÇU GÖNDƏRMƏK İSTƏDİ, «ŞAİR» ŞƏHRİYARI GÖNDƏRDİ…

Qurban Məmmədli Mopassan

Mən bir dəfə Qurban Məmmədlinin dünya ədəbiyyatını necə bildiyindən yazmışam. Özünü Harvard məzunları ilə müqayisə edən bu adam Mopassanın kim olduğunu, nə vaxt yaşadığını bilmir, oxumadığı, hansısa Paşa Həsənlidən eşitdiyi “Koppuş” hekayəsinin guya faşist Almaniyasında baş verən hadisəni təsvir etdiyini arxayınlıqla, ağzını marçıldada-marçıldada danışır…

Bu adamın tarixdən, ədəbiyyatdan bilikləri sıfır da deyil. Biliyi sıfır olan ağzına su alıb susur. Bu adamın biliyi minusdur. Çünki oxumadığını, bilmədiyini danışmaqdan utanıb-çəkinmir, ona etibar edib qulaq asanı da dolaşdırır…

Bu adam keyfiyyətli təhsil almayıb, hüquqşünas praktikası isə Sabirabadda olub. Sabirabadda soğan, qarpız yetişdirən soydaşımızın humanitar bilikləri nə səviyyədə ola bilərsə, Qurban Məmmədlinin biliklərini də o səviyyədə təsəvvür edin. Bunu mən qərəzlə demirəm. Bakıda, indi də Londonda yaşadığı illərdə bu adam keyfiyyətli kitablar oxumayıb, operaya, flarmoniyaya getməyib, nə Şekspirdən, nə Bayrondan, nə Hendeldən, nə Şubertdən xəbəri var. Bayronun, Şellinin Kitsn vətənində yaşayan, ingilis vergiverənlərinin vəsaiti ilə dolanan bu adam poeziyanın nə olduğunu bilmir, vaxtaşırı hansı deşikdənsə cızmaqaraçıları çıxarıb ona ianə verib maariflənmək ümidində olan insanlara  şair kimi təqdim edərək o qədər də sağlam olmayan başlarını daha da korlayır.

Qurban Məmmədlinin yaxşı vaxtları olub. 90-cı illərin məhkəmələrindən çəkilmiş vdeolarda o, əsir götürülmüş, ancaq yenilməmiş, sarsılmamış əsgəri xatırladır. İndi isə qocalmış, qanadları salxan, hər addımında yıxılıb-duran qoca xoruza bənzəyir.

Qurban Məmmədli iddialı adamdır, ancaq özünün məhdudluğu üzündən əlacsız luzerə çevrilib. Bütün hay-küyünə, hərbə-zorbasına baxmayaraq, nə partiyası var, nə də onu dəstəkləyən çoxsaylı tərəfdarları. Bütün səylərinə baxmayaraq YouTube kanalı cəmi 124 min abunəçi yığa bilib. Bu adamların səviyyəsini yazdıqları şərhlərdən görə bilərsiniz. Müqayisə üçün: Qurban Məmmədlinin uzun düşmən siyahısında olan Tural Sadıqlının 630 min abunəçisi var, bu cavan adam, şübhəsiz qüsurlarına baxmayaraq, axtarışda, inkişafdadır. 

Qurban Məmmədlinin düşmənləri onun opponentləri deyil, Qurban Məmmədlinin düşmənləri onu ötüb keçənlərdir. Onu ötüb keçəni Qurban Məmmədli şərləməkdən də çəkinmir. Bu, luzerlərin xassəsidir.

Qurban Məmmədli hərdən mənə beş min manat pulu yeyilmiş və aldadılmış, “nişanlısı”nı əğyar ilə görmüş və qoçu çağırmaq qərarına gəlmiş Məşədi İbadı da xatırlardır. Qurban Məmmədlinin adaxlısını indi elə bil Sevinc Osmanqızı əlindən aldırıb. Sabirabad hüquqşünası gecə-gündüz ah-zar edir ki, Osmanqızı onun 54 min  abunəçisi olan kanalını bağlatdırıb… Və Qurban Məmmədli Osmanqızının üstünə qoçu göndərmək istəyir. Bakıya zəng edir:

— Alo!  Əlyo! Sərdardır?

— Sərdar yox, Sərdar Cəlaloğlu! Sən kimsən?

— Mən sənin atabir, anabir qardaşın Qurban…

— Mən səninlə danışmıram… Atabiriyə də şübhəm var.

— Sərdar, mənim sənə işim düşüb. Mənə qoçu lazımdır. Sevinc Osmanqzının üstünə qoçu göndərmək istəyirəm..

— Ağıllı ol, qoçunun xərci ağırdır, burdan gərək Amerikaya uça. Bir yaxşı şair var, Osmanqızıya tapança gülləsi kimi şeir yazar. Adı da Şəhriyar.

— Bəs Şəhriyar ölməyib?

— Ə, Şəhriyar hara ölür? Klassik ölmür ki. Sən elə əvvəlki kimi başıboş qalmısan. Yazdırım Şəhriyara şeiri, nə deyirsən?

-Yazdır, Şəhriyardırsa, qələminə arxayınam. Paşa Həsənli mənə Şəhriyardan çox danışıb…

Söhbət uzundur…  Qurban Şəhriyarın kartına pul atır, Şəhriyar da Sevinc Osmanqıızına minaatan atəşi kimi bir şeir yazır:

Baxışından zəhər, zəqqum tökülür

Gözlərindən kin-küdurət tökülür

İblissən, şeytansan ay Osmanqızı..

Vallah, yaxşı baxanda, Qurban Məmmədli mənə daha çox Sənəmi xatırladır.  Kəniz Sənəmi…

30.10. 2023, Samara

SƏNGƏR TV: HİTLER AVTOBUSLARA GİRİB AYAQ ÜSTƏ DURANLARI GÜLLƏLƏYİRMİŞ. RAZİ NURULLAYEV BOŞANMIŞ ARVADLARA SAHİB ÇIXIR…

Aqil Alışov

Messencer yaradana nə deyəsən! Telefon pullu olanda aylarla zəng eləyən olmurdu. Qulağın da dinc idi. Dünən gecənin bir aləmi Azərbaycandan bir  nəfər zəng vurub məni oyatdı ki, Mirzə, oyan xabi-qəflətdən, möhtəşəm xəbər var, Milli Məclis boşanmış arvadlara sahib, çıxır. Tahir Kərimli deyib ki, hər vəkil 20-30 boşanmş arvada sahib çıxsın, Aqil Abbas dyib ki, araq içməkdən əfəlləyib, potensiyası tükənib, 30 arvadın öhdəsndən gələ bilməz, 15 arvad bəsidir. Razi Nurullayev deyib ki, o cavandır, özü də buğa kimidir, 50 arvada sahib çıxa bilər, ancaq gərək fond yaradıla, çünki əlli arvadı saxlamağa onun deputat maaşı bəs eləməz.. Mirzə, fürsətdir, indiyəcən ailəsizsən, indi birdən böyük bir ailə başçısı ola bilərsən…

Bu deyilənlərn bir kəlməsinə də inanmayıb tanışıma məzəmmətlə dedim: “A kişi, məni dolamısan? Gecənin bu vaxtı başına ayrı söz qəhətdir?” Tanışım and içdi ki, zarafat eləmir. “Mirzə, inanmırsan, Səngər TV-yə bax, mən deyənlərin hamısını orda deyiblər”.

Onsuz da yuxum qaçmışdı, tapdım bu Səngər TV-ni. Verilişin əvvəlıində Aqil Alışov adlı bir aparıcı doğrudan da boşanmış arvadlardan danışdı. Tahir Kərimlidən də, Razi Nurullayevdən  də söz açdı. Mən bilmək istəyirdim ki, boşanmış arvadlara xaricdə yaşayanlar da sahib çıxa bilər yay yox. Yaş məhdudiyyəti varmı? Məsələn, mən yaşda olana… Ancaq birdən bu Aqil Alışov dedi: “İcazənizlə bir faşiyə çıxım… Üzr istəyirəm… haşiyə çıxım. Sizə indi fahişəlikdən danıışmaq istəyirəm…” Bəli, bu Aqil Alışov xeyli fahişələrdən elə danışdı ki elə bil özü bu həyatı yaşayıb. Çox həyati, inandırıcı, təbii…Sonra birdən keçdi Hitlerə. Yəni Adolf Hitlerə. Aqil Alışovun Hitler haqqında dedyi sözlər bəlkə də tarixçiliyin, tarix elminin qızıl səhifələrinə çevriləcək. Alışov dedi: “Faşist Almamaniyası zamanı almanlrın düzgün millət kimi formalaşmasında Hitlerin böyük xidmətləri olub.”

Mən şoxdan şübhələnirdim ki, yazıq Hitleri sağlığında da, öləndən sonra da düzgün başa düşməyiblər. Alışovun bu sözlərindən sonra yəqin ki, Nürnberq məhkəməsinin qərarlarına təzədən baxılacaq. Şübhə eləməyin.

Sonra Aqil Alışov Hitlerin fövqəladə xidmətlərindən söz açdı. “Hitler çıxırmış avtobuslara. Avtobusun tutumu nə qədərdir? On yeddi nəfər. Görür ki, on yeddinci adam ayaq üstə dayanıb, təpəsindən atır gülləni: Olmaz!”

Doğrudan Hitlerin bu jesti təqdirə layiqdir. Mən fikirləşdim ki, azərbaycanlı bir Hitler milləti düzgün formalaşdırmaq üçün avtobuslara girsəydi, nəticəsi nə olardı? Çox fikirləşəndən sonra başa düşdüm ki, Azərbaycana bu iş çətin baş tuta. Çünki azərbaycanlı Hitleri şofer avtobusa buraxmaz, deyər ki, maşın mənimdir, mən səni qoymuram içəri girəsən. Onda gərək azərbaycanlı Hitler əvvəl şoferin başına bir güllə çaxaydı…

Çox təəssüf elədim. Qabaqcıl, proqressiv üsulların heç biri bizim millətə yaramır. Ona görə millət düzgün formalaşa bilmir…

Ancaq bu Aqil Alışopv kimdirsə, ondan dövlət gərək istifadə edə. Potensialı böyükdür. Ona, məsələn, şturmbanfürer rütbəsi verəsən. Silahlandırasan. Girə avtobuslra. Ya da Razi Nurullayevə ya da Tahir Kərimliyə qoşulub boşanmış arvadaları  yerbəyer eləməklə məşğul ola. Vallah, uzağı bir ya iki ilə ayrı düzgün millət olarıq…

Mirzə Əlil

30.10. 2023, Samara

VAHİD MUSTAFAYEVƏ: BİLDİK, KİŞİSƏN. ANCAQ BU QƏDƏR YOX DƏ…

VAHİD MUSTAFAYEV

Mən ANS kanalı haqqında çox eşitsəm də, verilişlərini görməmişəm, çünki qırx ildən çoxdur ki. Rusiyadayam. Burda peyk kanalı olan bir tanışım baxırdı və deyirdi ki, NTV-yə oxşayır…

Yəni Rusiyada bankir və işadamı Qusinskinin yaratdığı, sonra Putinin darmadağın etdiyi kanala…

İndi son günlər İnternetdə Azərbaycanla bağlı bir məlumat, məsələn hava haqqında məlumat axtaranda, Vahid Nustafayevun müsahibəsinin başlığını görürsən: “Kişi kimi çəkildim…”

(Mənə deyən lazımdır ki, Azərbaycandakı hava sənin burda nəyinə və harana gərəkdir?)

Vaqif Mustafayevin müsahibəsinin bir hissəsinə baxdım və məndə xeyli suallar yarandı.

Vahid Mustafayev mərhum qardaşı Çingizdən çox danışır. O cümlədən onun tibb institutuna girməyindən. Deyir ki, o vaxtlar rüşvətsiz ya tanışsız tibb institutuna (Vahid səhvən “universitet” deyir)  rüşvətsiz və tanışsız girmək mümkün deyildi.

Ağ yalandır. Mənim dayım oğlu iki dəfə şuppultu ilə girib – 1975-ci ildə müalicəyə girib, kəsrləri qaldığınə görə çıxarılıb. 1977-ci ildə stomotologiyaya girib, 80-ci ildə hərbdən kəsri qaldğına görə müvəqqəti çıxarılaraq əsgər göndərilib, Sovet Ordusunda həlak olub…

Müəllim yoldaşımın oğlu Səlim  15 yaşında Salyanda 4 saylı məktəbi bitirib tibb institutuna girib. Bakıda yaşayır və işləyir. Başqa bir salyanlı tanışımın da oğlu tibb institutuna rüşvətiz, tanışsız girib, indi Salyanda həkimdir.

Parlaqlar, hazırlıqlılar girirdilər.

Vahid Mustafayev deyir ki, Çingiz kimyanı və fizikanı bilmirdi, “yəqin hazırcabalılığı, məzəliliyi ilə proofessorları heyran edib”.

Bayaqdan deyirdi ki, rüşvətsiz, tanışsız girmək mümkün deyildi, indi deyir qardaşı məzhəkə ilə, xoxma ilə  girib. Bəlkə “gizli hərbi hissədə komandir olmuş zabit atası” tanışlıqla düzəldib?

Tibb institutunda oxumaq çətin idi: doğrudan da gərək ya rüşvərt verəydin, ya  gərək yaxşı adamın olaydı, ya da yüksək dərs intizamın və hazırlığın. Bütün təhsil illərində “yaradıcılıqla” məşğul olan Çingiz imtahanları necə verirmiş? Başı “yaradıcılığa” qarışmış, kimyanı, fizikanı, anatomiyanı bilməyən tələbədən nə həkim? Və institutu belə şübhəli hazırlıqla bitirən Çingizin dərhal İnşaat institutunun sanatoriyasına baş həkim təyin olunması şübhə doğurmurmu? Bu təyinatı “komandir ata”nın təşkil etdiyini təkcə mənmi düşünürəm?

Vahid Mustafayev deyir ki, nə yaradıbsa, öz puluna, ailəsinin puluna yaradıb.

Sual: 1991-ci ildə, hələ Azərbaycanda hərbi vəziyyət ləğv olunmamış, Qarbağ münaqişəsinin müharibəyə çevrildiyi bir vaxtda Vahid Mustafayevdə pul harda idi ki, radio və televiziya yaradırdı?Adamlar ucuz bir maqnitafon ala bilmirdilər, ağ-qara televizora da həsrət qalanlar var idi.

Cənab Mustafayev, mən sizin pulunuzu saymaq fikrində deyiləm, sadəcə deyin ki, adamlar yeməyə çörək tapmayanda bu müxtəlif şirkətləri hansı pulla açırdınız. Avandanlığa, deyək ki, nə qədər pul xərcləmisiniz.

Qusinskini Qazpromun 400 milon dollarlıq kreditini qaytarmamaqda günahlandırıb əleyhinə iş açanda deyirdi ki, 16 kamera almışam, hərəsi 50 min dollar…

Bu nə qədər elədi?

Qusinski türmədən çıxmaq üçün biznesini Putinə verib qaçdı İsrailə…

Jurnalistika – sənət, yəni incəsənət deyil, peşədir. Keyfiyyətli jurnalistikanı Cəlil Məmmədquluzadə, Sabir talantlı adamlar yaratmırlar. Jurnalistikanı ən azı baza təhsili olan,  müəyyən prinsiplərə sadiq peşəkarlar yaradırlar. Belə söz var: əsas sudur, su olsa, balıq da olacaq. Keyfiyyətli televiziya jurnalistikasının olması üçün ən vacib şərtlər demokratik və iqtisadi azadlıqlardır. İqtisadi azadlıq olmadan azad jurlalistika ancaq marginal halda mövcud olur – indi YouTube kanallarında olan jurnalistika kimi – burda isə təmiz murdara qarışıb, yalan doğruya, debil intellektuala…

ANS  kanalının yaranması o dövrdəki nisbi azadlıqla bağlıdır. Sonralar, Heydər Əliyev hakimiyyətini bərpa edəndən sonra, bu kanalda deqradasiya başlanmaluydı, çühki jurnalistin gözü kamerada, fikri isə prokurorluqda, prezident adminstrasiyasının yanındadır…

Heydər Əliyevn ANS-i dərhal bağlamamğı onun demokratlığından irəli gəlmirdi. Sadəcə o, kənarda olduğu illərdə ölkədə təmiz hava buraxan çoxlu mənbələr yaranmışdı, və bütün kranları birdən bağlamağa Heydər Əliyevin əli çatmırdı…

Vahid Mustafayev deyir ki, “..mən Avropa məhkəməsinə gedə bilməzdim, onda gərək mən Azərbaycana qarşı olaydım, bu isə mümkün deyil, çünki mən də, qardaşlarım da, valideynlərim də, əmilərim, dayılarım da Azərbaycanı dəlicəsinə sevirik…”

Ah, necə peşəkar manipulyatordur, vicdanını şeytana satıb…

Azərbaycan məhkəməsinin qərarından narazı qalıb Avropa məhkəməsinə gedənlər Azərbaycana qarşı çıxırlar, ya qanunsuz hökm çıxaran Azərbaycan məhkəməsinə? Cənab Mustafayev, sən şərlənərək tutulmuş, işgəncələrə məruz qalmış, türmələrdə sağlamlıqlarını itirmiş yüzlərlə, minlərlə adamı təhqir edirsən. Çünki səndə o qədər də  incəliklə gizlədilməyən sinizm və rasionallıq var, sən daim İlham Əliyevə mesajlar göndərirsən: «baxın, mən necə yaxşyam, mən Mirşahindən də yaxşıyam… Mamoy klyanus…»

Vahid Mustafayev tez-tez ”kişi kimi” ifadəsini işlədir…Azərbaycanda qalanlar ya yəqin ya arvaddır, ya indi qərbdə dəbə düşən orta cinsdən… Adətən kişiliyində (əqidə mənasında) şübhəli adamlar bu ifadə ilə eyiblərini pərdələyirlər…

Vahid Mustafayev deyir ki, “..mən boksçuyam, Avropa, dünya çenpuionatlardında döyüşmüşəm…”

Bunu eşidəndə az qaldım heyrətdən öləm, çünki özümün bir yumruqluq canım olmasa da bolsçulara böyük hörmətim var. Boksçu deyiləndə gözümün qabağına əfsanəvi Məhəmməd Əli gəlir… Vahid Mustafayevi Məhəmməd Əli ilə, Mayk Taysonla döyüşən təsəvvür etdim…Sonra lənətə gəlmiş Vikipediyanı açdım. Demə Vahid əsl boksçu deyilmiş, şıllaq və yimruq atanlardan imiş…

Daha buir sual. Hörmətli Vahid Mustafayev, Çingiz Mustafayevin istedadlı və cəsur insan olduğuna şübhəmiz yoxdur. Bəlkə bu sualın cavabı çoxdan verilib, mənim xəbərim yoxdur: Çingiz Mustafayev döyüş səhnələrini, qaçqınları, meyitləri çəkərkən onun özünü çəkən kimdir. Axı Çingiz eyni vaxtda öz-özünü çəkə bilməzdi. Çingizi çəkən oprator kimdir7 Sağdırmı? O da Milli Qəhrəman adlna layiq görülübmü? Görülməyibsə, niyə? Adamı olmayıb ya rüşvət verilməyib?

 X.X.

29. 10. 2023, Samara

AZƏRBAYCANSAYAĞI ANTİSEMİTİZM. QİBLƏSİZ VƏ ORİYENTİRSİZ…

əl əqsa məscidi

ƏVVƏLİ BURDA:

AZƏRBAYCANSAYAĞI ANTİSEMİTİZM: ANTİCUHUD YOX, ANTİƏRƏB…

Üzeyir bəyin dostu və bacanağı, onunla birgə Azərbaycan klasik musiqisinin banisi sayılan Müslim Maqomayev heç azərbaycanlı deyil, çeçen ya inquşdur… Yəni Qarabağı mədəniyyət beşiyi olmağı, qədimlik şübhəlidir. Uzağı üç yüz-dörd yüz il. Buna baxmayaraq hətta mənim kimi heç vaxt Qarabağda olmamış və bundan sonra da yol pulu tapıb ora gedə bilməyəcək adamlar da “Qarabağ bizimdir” deyirlər və bu torpaqdan ötrü — yox, özlərini yox, kəndlərimizdə zülmlə boya-başa çatan kasıb-kusub uşaqlarını qurban verməyə hazırdırlar…

İndi Qarabağın bu üç yüz illik tarixini Qüdsdəki Əl Əqsa məscidinin 1300 ildən çox olan tarixi ilə müqayisə edin. Fərq min ildir! Ərəblər ən azı Ömər o məscidi Qüdsdə inşa edəndən ordadırlar və başqa yurd tanımırlar.Və son yetmiş beş ildə doğma yuvalarından qovulmuş, qaçqına, köçgünə, dustağa, əsirə çevrilmiş, İsraili və onun havadarı ABŞ-a qarşı dura bilməyən xalqın içərisində radikalların olmağı təbii deyilmi? Bu radikalların içində körpə balalarını İsrail bombaları öldürmüş insanlar da var. Bizim xalq Ramil Səfərovu qəhrəman elan etmədimi? Ermənini yatdığı yerdə baltalamış Ramilin hərəkətini qınayanlar vətən xaini elan olunurdular. Cındır Kamran Həsənlinin hünəri varsa, Ramil Səfərovu terrorçu adlandırsın!

Pullu ərəb turistləri  yoxsul, feodal tipli iqtisadiyyatın hər cür işıqlı perspektivdən mərhum edib marginala çevirdiyi insanlarımızda o qədər paxıllıq, həsəd hissi yaradıb ki, ərəb körppələrini, qocalarını, qadınlarını öldürən İsrail bombardmanları onları bayram atəşfəşanlığı kimi sevindirir. Bizim bədbəxtlərin ürəyindən İsrail qətlləri tkan çıxarır: “Aha, indi ərəb də mənim günümdədir… məndən də pis gündədir…”

Bizim millətin qibləsi yoxdur. Bizim millətin əxlaqi oriyentirləri yoxdur. Televizorda görəndə ki, polis müxalifətçi gənci salıb dəyənəyinin altına, içimizdə əksəriyyətin gəncə nəinki ürəyi yanmır, çoxu hətta uzaqdan-uzağa polis dəyənəyini alqışlayır da: “Canın da çıxsın! Sənə elə bu yaxşıdır! Niyə başını aşağı salın bir tikə çörəyini yemirsən?!”

İngilis, alman, fransız, niderlandlı fələstinlərin müdafiəsi üçün nümayişə çıxır, bizim cındırlar böyük cındır Kamran Həsənlinin dliylə deyirlər ki, “biz İsrailin yanındayıq..”

Yox, yanında deyilsiniz, siz artıq yəhudinin yoğun bağırsağındasınız…

Mənəviyyat yoxsullarının ağlına gəlmir ki, biz türkdən çox ərəbik. Klassiqk poeziyamız ərəblərdən gəlib, muğamatı ərəblər gətiriblər, leksikamızın çox mühüm seqmentini ərəb sözləri təşkil edir. Ərəblər bizə həm kitab, həm də “kitab”, “məktəb” sözlərini veriblər. Nikah, dəfn qaydalarını da bizə ərəblər öyrədiblər, ən qədim abidə saydığımız “Dədə Qorqud”da hər zəfərdən sonra oğuzlar “düşmənin kəlisasını yıxıb yerində məscid yapırlar”…

Özünü Xəlil Rzanın şagirdi adlandıran birisi musiqi aləti uda şeir yazmışdı: “Bəlkə də “ud” sözü” “od” sözündəndir?”

Bəlkəni əkiblər, bitməyib…

“Ud” ərəb sözüdür,”ağac” mənasındadır, çünki udun döşü aloe ağacından hazırlanırmış…

Yeri gəlmişkən, udu Azərbaycana 60-cı illərdə Əhsən Dadaşov gətirib ansamblına daxil eləmiş, özü də udda Şur muğamını və “Qaraxal yar” mahnısını lentə yazdırmışdı. Ərəblərni ud çaldığı isə yəqin azından iki min ildir…

“Bizimdir” deməyə cəldik…

Samovara od salmışam, stəkana qənd salmışam…

“Samovar” da bizimdir? “Stəkan” da bizimdir?

Biz qibləmizi itirmişik…

Mən mömin deyiləm, mənim rəğbətim müsəlmanlara deyil, mənm rəğbətim əzilənədir, haqsız incidilənədir. Zəif, haqsız incidilən bu gün və yetmiş il ərzində fələstinlidir…

Mənəvi oriyentirlərinmiz yoxdur. Nə qədər ki, polis dəyənəyinin altına salınana ürəyimiz yanmayıb, nə qədər ki, dəyənəyi alqışlamışıq, abırlı millətlər sırasında yerimiz olmayacaq…

28. 10. 2023, Samara

AZƏRBAYCANSAYAĞI ANTİSEMİTİZM: ANTİCUHUD YOX, ANTİƏRƏB…

əl əqsa məscidi

İsraillə XAMAS qruplaşması arasında oktyabrın 7-də növbəti və ən qanlı müharibə başlanandan sonra məlum olub ki, Azərbaycanda əhaliinin çox mühüm hisssəsi antisemitdir, özü də aqressiv, fanatik antisemitdir.Ancaq Azərbaycan antisemitiziminin indiyəcən məlum olan antisemitizmdən köklü fərqi var: azərbaycanlı anticuhud, yəni antiyəhudi deyil, azərbaycanlı antiərəbdir. Və Azərbaycan əhalisinin (“vətəndaş” yazmıram, çünki vətəndaş hüquqlu insandır, Azərbaycan insanının isə hüququ yoxdur) bu seqmenti yəhudilərə alovlu məhəbbətini Qarabağı bizə İsrail silahının qaytarmağı ilə bağlayır. Zurnaçı və “toylar kralı” Kamran Həsənlinin debil fanatları belə də yazırlar: “İsrailin silahı olmasaydı, biz Qarabağı ala bilməzdik”.

Bunu yazan, əlbəttə, Qarabağda qan axıtmış əsgərimiz deyil. Bunu yazan biqeyrət və binamusdur, bəlkə də bütün nəslindən əsgər gedən olmayıb. İndi də əsgərimizin canı bahasına qazandığı qələbəni İsrail silahının qazandığını iddia edir.

Ancaq antiərəbizim, ərəbsevməmək, antisemitizmin bu növü təkcə yəhudilərə qarşı qəfil yaranmış atəşli sevgi ilə bağlı deyil. Azərbaycanda ən böyük “şnobel” sahibi Kamran Həsənlinin və onun debil fanatlarının ərəblərə nifrəti həsəddən və paxıllıqdan doğur.

Sovet dağılana qədər ərəblər Azərbaycana uzağı oxumağa gələrdilər — ən çox neft və kimya institutunda. Eə o vaxtlar, məsələn, yetmişinci illərdə, xarici  tələbələrin, xüsusən qara afrikalıların və ərəblərin azərbaycanlıların şiddətlə arzuladığı və yuxularında gördükləri cins geyinməyi də həsəd və bu həsədin tərəməsi olan kin doğururdu. Sovetdən sonra ərəb ölkələrinin səfirlikləri yaranıb, Bakıya diplomatlar, iş adamları gəlib-gedirlər. Çoxlu ərəb üçün Azərbaycan maraqlı turizm marşrutudur. Ərəb ölkələrəindən Azərbaycana gələnlər, əlbəttə, imkanlı adamlardır, onların dünyanın ən bahalı hava yolu olan Azərbaycana uçmağa, soyğunçu mehmanxalarda qalmağa, talançı restoranlarda yeyib-içməyə pulları var. Bu isə öz hökumətləri, öz məmurları  tərəfindən dilənçi halına salınmış azərbaycanlıları qeyzləndirir. Ancaq nifrətlərini, qəzəblərini onları ləyaqətli yaşamaq imkanından və hüququndan məhrum etmiş doğma hökumətə yox, ərəblərə qarşı yönəldirlər. Və, əlbəttə, dörd-beş il konservatoriyada zurnaçılıq oxuyub ancaq demaqoqluqda peşəkarlıq qazanmış, üstəlik “toyalar krallığı”ndan da dalına təpik vurularaq qovulmuş, yəqin ki, başdan-ayağa kompleksli olan (закомплексованное ЧМО) Kamran Həsənli ərəbin paxıllığını çəkir. Antiərəb antisemitizmini ərəblərin guya bizim qadınlarla “gəzdikləri” ilə izah edənlər də bunu qeyrətdən yox, paxıllıqdan deyirlər. Əgər ərəb Bakıda azərbaycanlı qadınla görüşürsə, bunu zorlamı edir? Ərəblərin Bakıda kütləvi və davamlı şəkildə  qadın zorladıqları barədə məlumat varmı? Dubaya və başqa yerlərə kütləvi şəkildə fahişə ixrac edənlər ərəblərdir yoxsa öz azərbaycanlılarımız? Niyə Kamran Həsənlidə və onun debil fanatlarında sütül azərbaycanlı qızlarla pornokliplər çəkib İndternetdə yayan azərbaycanlı erkəklər qəzəb doğurmur? Həmin azərbaycanlı erkəkləri videosurətləri ilə tanıyıb tapmaq da çətin iş deyil. Deməli, ərəbə nifrətin səbəbi yalnız paxıllıq və həsəddir.

İndi fələstinlilərin azadlıq mübarizəsi və müharibəsi haqqında. Kamran Həsənli və onun debil fanatları deyirlər ki, “biz İsrailin yanındayqıq”. Yəni yəhudi haqlıdır, fələstin ərəbi yox.

Bizim millət, əlbəttə, bütün millət yox, qeyrətlilər, fəhlə-kəndli ailələrindən olan əsgərlər otuz ildən çox ərzində Qarabağ uğrunda qan töküblər. On minlərlə insan həyatını itirib, daha çox insan ömürlük şikəst olub. “Qarabağ bizimdir” deyənlərdən Qarabağın azərbaycanlı tarixini soruşsan, hardan başlayacaq? Pənah xandan? Bu, 18-ci əsr deyil? Azərbaycan mədəniyyətinin beşiyi saydığımız Şuşa ya Qarabağ kimləri yetirib? Füzulini? Xaqanini? Axundovu? Sabiri? Hətta Şuşada heykəli qoyulan Vaqif də qarabağlı deyil, qazaxlıdır. Üzeyir Hacıbəyovu Qarabağ yetirməyib, Üzeyir bəyi rus təhsili, rus məktəbi, Qori seminariyası, Peterburq və Moskva konservatoriyaları yetirib…

(Ardı var)

oktyabr 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROV. PARAPETDƏ QIRMIZIPAPAQLARLA ÇAY DƏSGAHI

09. 10. 23

Tahir Tahirovla keçirdiyim günün xatirələri Antonioninin “Blou-up” filmini yadıma salır. Günün mənzərəsi bütöv deyil, xeyli epizod Tomasın fotoaparatındakı kadrlar kimi ya korlanıb, ya da tamam silinib. Biz bulvarda olanda saat uzağı beş olardı, xatırladığım sonrakı yer Parapet bağıdır və çoxdan axşam düşüb, işıqlandırılmayan yerlər tünd qaranlıqdır. Tahir Tahirov, mən də yanında, bir dəstə milis zabiti ilə oturub çay içir. Biri polkovnikdir. Ayaq üstdə vurnuxan milislər var – onlar çay işinə baxırlar və həm də asayişin keşiyindədirlər. Tahir Tahirov məni qırmızıpapaqlara təqdim etdi: “Xeyrulla Salyandan gəlib müdafiə eləməyə, professor olacaq”. Zabitlər yəqin ki, haqlı olaraq bu professorluq söhbətini yumor kimi başa düşdülər. Nahaq deyirlər ki, milis yumor hissindən məhrumdur…

Mənim guya bilikli olduğuma Tahir Tahirovu Əkrəm Əliyev inandıra bilərdi. Yəqin məni tərifləyib, deyib ki, belə yazır, elə yazır… Tahir Tahirov özü mənimlə ədəbiyyatdan danışmırdı. Heç sual da vermirdi. Məsələn: Nizami Gəmcəvi neçənci ildə anadan olub? Rəsul Rza “Lenin” poemasını neçənci ildə yazıb? O vaxtlar ədəbiyyatdan biliyi belə yoxlayırdılar…

Parapetdə çaydan başqa ayrı içki də vardı. Mən içmirdim, gündüzdəkinin havası başımdan getmirdi. Həm də çox həyəcanlı idim. Gecə düşürdü, bundan sonra Tahir Tahirov mənə hansı mehmanxanada yer alacaqdı?..

Çay dəsgahı davasız keçdi. Milis polkovniki ilə nə dava? Həm də yəqin gecə gözü Tahir Tahirovun tamaşa yaratmağa da həvəsi qalmamışdı…

Haçandan-haçana Tahir Tahirov qırmızıpapaq dostlarıyla vidalaşdı, bağdan çıxanda mənə dedi: “Gedirik bizə”. Bunu deyəndə fikirləşdim ki, kaş məni qırmzıpapaqlar aparıb gecəni öz türmələrinə salaydılar. Səhər elə ordan durub gedərdim müdafiəyə… Mən heç gündüz də qonaq getməyi sevmirəm. İndi gecənin bir aləmində heç vaxt olmadığın, tanımadığın adamlar yaşayan evə gedəsən…

Taksiyə oturub getdik. Tahir Tahirovun evinin yeri yadımda deyil. Şəhəri yaxşı tanımıram. Bəlkə də 4-cü mikrorayon idi, arxayın deyiləm…Qapını arvadı açdı. Tahir Tahirov mənim Salyandan  müdafiəyə gəldiyimi dedi, ancaq professorluq məsələsinə toxunmadı, görünür arvadı zarafat sevmirdi…

Tahir Tahirov məni boş bir otağa keçirdi. Otaq doğrudan da boş idi. Nə çarpayı , nə divan var idi. Rejissorun arvadı yorğan-döşək gətirb dinməzcə yer saldı və getdi. Tahir Tahirov da mənə xeyirli gecə arzulayıb çıxdı.  Həm bürküdən, həm xəcalətdən məni tər basıb bürüyürdü…

Səhər tezdən durub geyindim, tezliklə Tahir Tahirov da qapıda göründü. Mənə qalıb çay içməyi təklif etdi. İstəmədim. Rejissor mənə uğur arzuladı və təkid elədi ki, müdafiədən sonra gəlib ona məlumat verim…

Təəssüf ki, Tahir Tahirovu  bir daha görmədim. Evinin yeri də, mənzilinin nömrəsin də yadımda qalmamışdı. Məni rejissorla tanış etmiş Əkrəmi də o vaxtdan görməmişəm. Bir dəfə, deyəsən sıfırıncı illərdə, Tümen-Bakı qatarı ilə Azərbaycana gedirdim. Vaqonda xaçmazlılar var idi. Onlardan Əkrəmi soruşdum, dedilər tanıyırlar. Studiyadakı işindən çıxıb vətəninə qayıdıbmış. Dedilər müəllimlik eləyir, alveri də var. “Gənc oğlunu maşın vurub öldürdü”, — bunu xaçmazlılardan eşidəndə çox məyus oldum. Çox. Mən Əkrəmin xərini çox istəyirdim…

oktyabr 2023, Samara

DOLDUR QƏDƏHİ, SAQİ, ƏRƏSTUN YENƏ GƏLDİ…

Ərəstun Oruclu

Salyanda “Beş” ləqəbli bir divanə var idi, şəhərdəki bütün yas yelərində ehsana gedərdi. Yemək çəkilənə az qalmış çadırın bir yerindən brezenti aralayır, elə ordan girib stol başında oturardı…

Ərəstun Oruclu da o “Beş” kimi bütün YouTube verilişlərini gəzir. Verilişin yağlı yerində Ərəstundan zəng gəlir: “Müdaxilə etdiymə görə üzr istəyirəm, ancaq bir vacib məsələyə aydınlıq gətirməyi özümə borc bildim”. Bu gün də beləcə Qurban Məmədlinin verilişində peyda oldu və dedi ki, İsrail Azərbaycana silahı pula görə satmır. Əsla. İsrailin Azırbaycana dost və qardaş münasibəti Azərbaycanda otuz minlik yəhudi əhalinin olmağıdır. Yəhudilərə münasibət İsrail üçün çox həssas məsələdir, Azərbaycanda isə yəhudilərə münasibət çox gözəldir və s.

Builmirən Ərəstun Oruclu “otuz min” rəqəmini hardan götürüb. İnternetdə təxmini say göstərilib: on altı minə yaxın. Fərq var? Var. Əgər Azərbaycana dostluq münasibəti yəhudi icmasının olmağına görədiirsə, bəs İrana niyə münasibət düşməndir? Axı İranda on mindən çox yəhudi var və yəhudi icması yüksək rifahlı, hörmətli icmadır. Əsgər də gedirlər. İraqla müharibədə yəhudi millətindən olan 15 əsgər ölüb. Qarabağ müharibələrində Azərbaycan yəhudilərindən neçə nəfər həlak olub? Bir nəfər?

Niyə Ərəstun Oruclu demir ki, Azərbaycan İsrail üçün İranla qonşuluğuna görə qiymətlidir. Yəni MOSSAD oturur Arazın bu tayında, gözünü zilləyir o taya və oxuyur: “Baxdıqca hüsnünə doymayır gözüm…”

Ərəstun Oruclu salyanlı molla Bayram kimi nitqinə elmilik verməyi və avazla danışmağı bacarır. Ancaq bizdə atalar sözü var: “Avazın yaxşı gəlir…”

Qoqolun da yaxşı sözü var: «Мошенник на мошеннике сидит, мошенником погоняет». Burda  yalnız “moşennik” sözünü manipulyator sözü ilə əvəz etmək lazımdır…

  1. 10. 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROV: KRAL LİR, «ÇÖRƏYİMİN DUZU YOXDUR…»

09. 10. 23

…”Kral Lir” Lenfilmdə çəkilib, Gerdt isə Moskvada yaşayır, Obraztsovun məşhur kukla teatrında işləyirdi. Kozintsev çox tələbkar olduğuna görə filmin səsləndirilməyi xeyli çəkib. Gerdt tez-tez işindən ayrılıb Leninqrada gedirmiş ki, bu da Obraztsovu narahat edirmiş. “Bir səslənmədən ötrü teatrı atıb gedirsən”, — deyə aktyoru məzəmmət edirmiş… İndi Kozintsevin filmində Yuri Yarvetin oynadığı Liri başqa səslə təsəvvür etmək çətindir…

Səməndər Rzayevin də səsi Yuri Yarvetin Kral Lirinə elə “yapışıb”. Mən o vaxtlar eşitmişdim ki, “Kral Lir” filmlərinin müxtəlif dillərdə dublyajlarının müsabiqəsi keçirilib və Azərbaycan dublyajı ikinci yeri tutub…

Lətifədə deyildiyi kimi: mən birinci yeri verərdim…

İndiyəcən Kral Lirin bəzi replikalarını Səməndərin səsiylə eşidirəm…

Və 1980-ci ilin iyununda mən Bakı kafelərinin birində Kral Lirin səsiylə yanaşı oturmuşdum. Tahir Tahirov məni aktyora göstərib dedi ki, “Xeyrulla Salyandan gəlib diplom müdafiə eləməyə, özü də professor olacaq”. Səməndərdə bu professorluq məsələsi yəqin ki, əsaslı şübhələr doğurdu, ancaq Salyanın adı gələndə həyəcanlanan kimi oldu. “Biz bu yaxınlarda Salyana gəlmişdik, ordan da Neftçalaya getdik. Katib bizə çox hörmət elədi, yaxşı yola da saldı. Bax, bu boyda ağbalığı maşına qoydu” – bunu deyib aktyor iri və uzun qollarını üfqi vəziyyət alana qədər geniş açdı…

O vaxtlar Kürdən o boyda və ondan da böyük ağbalıqlar çıxırdı…

Süfrəyə araq gəlmişdi. Mən o vaxtlar hərdənbir içirdim. Yəqin həm içkidən, həm də harda gecələməyin fikrindən Tahir Tahirovla Səməndər Rzayevin söhbətindən yayınmışdım. Birdən mənə çatdı ki, bunların sözü çəp gəlib və ucadan bir-birlərinə məzəmmətli sözlər deyirlər. “Səməndər, mənim elə çörəyimin duzu yoxur”, — Tahir Tahirovun bu ağır tənəli sözləri Səməndəri bıçaq kimi yaraladı. “Ə, Tahir, sən mənlə çörək söhbəti eləyirsən? Mən heç burda oturmaram”, — deyib yarıyacan dikəldi. Tahir Tahirov boydan kiçik olduğundan tam qalxıb Səməndəri qucaqladı və deyəsən öpüşdülər də…

Davaları nəyin üstündə düşmüşdü – bilmirəm. Ancaq çörək söhbəti doğrudan da qəribə idi. Hesabı mən verməliydim, bunu Tahir Tahirov yaxşı bilirdi. Mən özünü rejissordan qaçırtmış kolxoz sədrini əvəz etməliydim. Elə bil ki, əsas rolun ifaçısı tamaşa başlayanda sancılanr, təcili, basməmmədi birini onun yerinə çıxarırlar səhnəyə…

Sonra kafedən çıxdıq. Tahir Tahirovla Səməndər danışa-danışa qabaqda gedirdilər, mən də dalda onları izləyirdim. İndi Səməndəri ilk dəfə bütöv, başdan ayağa qədər görürdüm. Akyorun qıçları məni dəhşətə gətirdi. Qıçlar elə yoğunlamışdılar ki, pivə çəlləyinə bənzəyirdilər. Yəqin ki, ciddi azarı vardı. O vaxt Səməndər Rzayevin yaşı qırxdan da az idi…

Aktyordan harda ayrıldığımız yadımda deyil. Bir də gördüm ki, bulvardayıq. Hələ axşam düşməmişdi, adam az idi. Ucaboy bir cavan oğlan qucağında azyaşlı uşaqla gəzinirdi. Yaxınlıqdakı boş uşaq arabası da yəqin onların idi. Oğlan üzü bizə dönən kimi Tahir Tahirov mənə “burda dur” deyib ona tərəf getdi. Rejissorla cavan oğlan çıx hərarətli görüşdülər, qucaqdakı uşaq olmasaydı, yəqin ki, qol-boyun olacaqdılar. Məndən çox aralı olmasalar da, söhbətlərini eşitmirdim, içki məni tutmuşdu, üstəlik dənizdən gələn mazut iyi də vururdu…Birdən oğlanın bütün həndəvərə yayılan səsini eşitdim: “Tahir, sən mənimlə danışmaq istəyirsən? Gəl danışaq!” Oğlan uşağı tələsik arabada yerbəyer elədi və Tahir Tahirovun üstünə yeridi. Məni dəhşət bürümüşdü. Atlet görkəmli ucaboy cavanın bir yumruğu çəlimsiz Tahir Tahirovu öldürə də bilərdi. Tahir Tahirov isə Pompey əsgəri kimi ya da Çarli Çaplinin qəhrəmanı kimi yerindən tərpənmirdi. Ancaq oğlan ona çatanda Thair Tahir nə dedisə, oğlanın nəinki hirsi soyudu, o hətta Tahir Tahirovu qucaqladı da…

İndi bunları yadıma salanda fikirləşirəm ki, Tahir Tahirov əsl ekstremal imiş. Məsələn, göydələnlərə dırmaşanlar kimi. Yəni daim adrenalini qaldırmaq istəyirmiş. Bəlkə də bu, yaradıcılıq fantaziyasını qidalandımaq üçün zəruri olub…

Tahir Tahirov mənim yanıma qayıdanda astadan dedi: “Birincinin (yəni Heydər Əliyevin – X.X,) ailəsindəndir”. Tahir Tahirov bu cavanın Heydər Əliyevin nəyi olduğunu da dedi: bacıoğlumu, kürəkənmi, baldızoğlumu… Yadımda deyil…

(ardı var)

24.10. 2023, Samara

BİZİM ÇİÇİKOV: KAMRAN HƏSƏNLİ ÖLÜ CANLARLA ALVER EDİR…

KAMRAN HƏSƏNLİ ŞNOBEL

Qurban Məmmədlinin yaxın günlərəcən “tarixin gözəl bilicisi” adlandırdığı Kamran Həsənli “Müsavat TV”-də gözəl biliyini  uşaq xorunun solistləri kimi cingiltili səsli aparıcı Sevinc Telmanqızıya və tamaşaçılara nümayiş etdirir.

Müsavat adıyla indi Azərbaycanda nə hoqqalardan çıxarıldığı Məmmədəminə çatsa, goru çatlayar…

Kamran Həsənli deyir ki, “ikinci dünya müharibəsində 300 min adamımız ölüb”.

Almaniya ilə SSRİ arasında müharibənin başlanmasından cəmi iki il əbvvəl SSRİ-də əhali siyahıya alınıb. Azərbaycannın əhalisinin ümumi sayı 3 200 000 olub. Bunlardan 2 275 678-i etnik azərbaycanlı kimi qeydə alınıb. Bəzi milli azlıqların da  pasportda azərbaycanlı kimi göstərildiyini nəzərə alsaq, azərbaycanlı türklərin sayı 2 milyon həddində olar. Və bu qədər əhalidən 300 min nəfərin ölməyi ağlabatandırmı? Yox!

Əslində Kamran Həsənli Azərbaycan SSR-dən səfərbər olunmuş rusları, erməniləri, gürcüləri, yəhudiləri və başqa etnik qrupların nümayəndələrini də, indiki dillə desək, azərbaycanlı şəhid sayır. Rusu, ermənini sevmir, ancaq itkinin sayını artırmaq istəyəndə onların  meyitlərini bağrına basır, qəbirlərinə üzünü sürtür.

İkinci dünya müharibəsində həlak olmuş etnik azərbaycanlıların sayı məlumdur: 58 400.

Müqayisə üçün:

Ermənilərdən ölənlər: 83 700 

Gürcülərdən: 79 500

Tatarlardan: 187 700

(https://ru.wikipedia.org/wiki/%D0%9F%

D0%BE%D1%82%D0%B5%D1%80%D0%B8_%D0%B2_%

D0%92%D0%B5%D0%BB%D0%B8%D0%BA%D0%BE%

D0%B9_%D0%9E%D1%82%D0%B5%D1%87%D0%B5%

D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%BE%D0%

B9_%D0%B2%D0%BE%D0%B9%D0%BD%D0%B5)

Rəqəmlərlə belə maipulyasiyalardan hətta peşəkar tarixçilər də utanmırlar. Onlar azərbaycanlıların müharibə illərində sovet ordusuna 600 min nəfərə yaxın əsgər verdiyini iddia edirlər.  Sayı iki miluyondan bir qədər çox olan xalq 600 min əsgər verə bilərdimi? Nəzərə alaq ki, bunların yarısı qadındır, bir hissəsi qoca və uşaqlardır, xəstələr və əlillər də var.

Manipulyasiyadan utanıb-çəkinməyən tarixçilər Azərbaycanın əhalisinin ümumi sayını (3 205 150) götürürlər. Kamran Həsənli kimi üskük oynadanlar isə özlərinə əziyyət verib sənədlərə ötəri də olsa baxmırlar. Kamran Həsənli də Çiçikov kimi peşəkar fırıldaqçıdır, ölü canlarla alver eləyir, rusu, ermənini qatır azərbaycanlı şəhidlərə.

İndi ki, Kamran Həsənli erməniləri qatır azərbaycanlıları siyahısına, ona xatərlatmaq vacibdir:

Ermənistanın monoetnik respublika olduğu məlumdur. Buna görə də təəccüblü deyil ki, Ermənisrandan səfərbər edilən 320 min nəfərinin 300 mini erməni olub. Nəzərə almaq lazımdır ki, o vaxt çoxlu erməni Rusiya və başqa müttəfiq respublikaların ərazisində yaşayıb.

Mən, əlbəttə, demirəm ki, 58 min ölüm azdır. Bir nəfərin də ölümü ağır itkidir. Bizim kəndimizdə çəpər qonşularımızdan iki qardaş – Əsəd  və Mustafa Məmmədovlar – həlak olublar. Başqa qonşumuz – Həsən Bədəlov – cəbhədə həlak olub, arvadı dörd uşağı zülmlə böyüdüb. Yəni 58 min ölüm  — 58 min faciədir. Hələ on minlərlə insan şikəst olub. Ancaq manipulyasiyalar, ermənilərdən, ruslardan ölənləri öz adımıza çıxmaq alçaqlıq və rəzillikdir. Belə manipulyatorlara şərəf anlayışı yaddır. Belə manipulyasiyaları eləyən insanlar qonşu toyuğunu, metroda telefon da oğurlayarlar…

Təəssüf ki, belə getsə, Azərbaycanda əsil olan, doğru olan, həqiqi, tarixi olan heç nə qalmayacaq. Köhnə binalar dağıdılır,  küçə adları dönə-dönə dəyişdirilir, hadisələr, tarixi şəxsiyyətlərin  bioqrafiyaları təhrif olunur. Azrbaycanda tarix elm deyil, aşıq yaradcılığıdır. Sovet vaxtının toylarında bir göy beşliyə «Ana ürəyi» oxuyan xanəndələr kimi, «tarixçi»lər də «yuxarının» sifarişiylə  hər cür qondarmanı, uydurmanı xalqa, şagirdlərə, tələbələrə sırımağa hazırdırlar və sırıyırlar da…

23.10. 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROVDAN XATİRƏ. SƏMƏNDƏR RZAYEVLƏ GÖRÜŞ…

R

09. 10. 23

Keçən əsrin 70-ci illərinin ortalarında  rejissor Tahir Tahiovun quruluşunda  bir neçə televiziya tamaşası görüb çox bəyənmişdim. Birindən, Hüseyn Cavidin “Cəyavuş” dramı əsasında hazlrlanmış tamaşadan fövqəladə təsirlənmişdim. Baş rollarda Rasim Balayev və Şəfiqə Məmədova oynayırdılar. Mən Nəsimi filmini sevmirəm, ancaq filmin yöndəmsizliyi, böyük şair surətinin gözlərini süzdürüb ağlar səslə qəzəl deyən qiraətçi səviyyəsinə endirilməsi Rasim Balayevin yox, filmin müəlliflərinin – rejissorun və ssenari müəllifinin günahıdır.

Televiziya tamaşasında isə, mənim yadımda qalan, hər iki aktyor keyfiyyətli oyun göstərirdi ki, bu da, ilk növbədə rejissor Tahir Tahirovun xidməti idi. İlk səhnələrdən bilinirdi ki, Tahir Tahirov yüksək əyarlı peşəkardır.

İndi mən İnternetdə Tahir Tahirov haqqında məlumat axtarıram – heç nə tapmıram. Başqa Tahir Tahirovlar var, mənim axtardığım yoxdur!

Sonralar iş elə gətirdi ki, mən Tahir Tahirovla tanış oldum. Mən hətta onun evində gecələmişəm də.

Universitütin üçüncü ya dördüncü kursunda bizim kursa və mənim qrupuma yuxarı kursdan qalan bir nəfər gəldi. Bu tələbə xaçmazlı Əkrəm Əliyev idi. Əkrəm o vaxtlar Bakıda yaşayır və televiziyada rejissor assistenti ya köməkçisi işləyirdi. Üzdən qarmonçu Aftandilin gəncliyini xatırladan Əkrəm çox məlahətli, qılıqlı, hazırcavab, məzəli bir adam idi. Universitetə necə girmişdi – bilmirəm, çünki ədəbiyyatdan biliyi məharətlə danışdığı lətifələrlə mahdudlaşırdı. Əgər yay sessiyasında altı imtahan var idisə, üçündən kəsilir, üçünə girməyib sonra xəstəlik arayışı gətirirdi. Kəsildilyi imtahanları düzəltmək üçün Azərbaycan televiziya və radio verilişləri komitəsini səfərbər edirdi. Televiziyada azmaaşlı kiçik vəzifə tutsa da, fövqəladə məlahətinə görə xətrini istəyənlər çox idi. Universitetdə ən qəddar müəllimlərdən sayılan professor Fərhad Zeynalova onun xahişini İslam Səfərlinin qardaşı eləyirdi. “Səni and verirəm  İslamın ruhuna…”

Fərhad Zeynalov İslamın ruhundan necə keçsin?

Əkrəm bizim kursa düşən kimi mən ona isnişdim, şəhərdə qalmağa yeri olsa da, vaxtının çoxunu mənin qaldığım mehmanxanada keçirirdi. Şəhərdə gəzəndə qabağımıza televizordan, radiodan tanıdığım adamlar çıxırdılar. Məlum olurdu ki, Əkrəm onların hamısı ilə can bir qəlbdədir.. Bir dəfə Hüseynaağa Sadıqovla rastlaşdıq. Və indiyə qədər əlini sıxdığım yaradıcı adamların reytinqinin müəyyənləşdirsəm, Hüseynağa Sadıqov birinci olmalıdır. Hüseynağa Sadıqovu 60-cı illərdə uşaqların da, böyüklərin də sevimlisi idi. Hələ bizim kənddə işıq olmayan vaxtlar, yəni 1961-ci ilə qədər, bizdə batareyalarla işləyən radio var idi və həmişə  “Xoruz baba” verilişinə qulaq asardıq. “Gözləri yanar boz canavar” – Hüseynağa Sadıqovun ufasında “Əlcək” nağılını dönə-dönə eşitsək də, şirinliyini itirmirdi.

Biz Əkrəmlə hərdənbir bulvara düşüb şeytan çarxına minirdik. Əkrəmin heç vaxt pulu olmurdu. Mənim də pulum tükənəndə bir seansı 20 qəpiyə olan şeytan çarxından yaxşı əyləncə ola bilməzdi. Bir dəfə bəlkə elə bulvar tərəfdə Əkrəm məni elə mənim kimi çəlimsiz, 45-50 yaşlarında olan bir adamla tanış elədi. Bu adam televiziya tamaşalarının usta rejissoru Tahir Tahirov idi. Səhv etmirəmsə, onda biz hardasa çay içdik. Mən rejissora onun tamaşaıarını təriflədim, o mənim tərifimi, deyəsən, qulaqardına vurdu. Əkrəm də  məni rejissora təriflədi. Söhbətin nədən getdiyi yaxşı yadımda dyil. Tahir Tahirov Əkrəmdən imtahanları necə verdiyini soruşurdu..

Sonralar bir neçə dəfə Tahir Tahirovla belə epizodik görüşlərimiz olmuşdu. Yeganə uzun və son görüşümüz 1980-ci ilin iyununda olub. Təyin edilmiş  gündə mən Bakıya diplom müdafisəinə gəlmişdim. Universitetdə mənə dedilər ki, müdafiə sabaha keçirilib. Salyana qayıtsaydım, gərək sabah yenə sübh tezdən Bakıya gəlib özümü vacib tədbirə çatdıraydım. “Azərbaycan” mehmanxanasına getdim – “mest net”, ordan getdm “Bakı” mehmanxanısına. Burda da tünlük, “mest net”. Birdən elə bil Tahir Tahirov göydən düşərək  qabağımda dayanıb mənə əl uzatdı. «Burda bir kolxoz sədri ilə görüşüm vardı, dostuq, yeyib-içəcəkdik, harasa gedib, yoxdur. Sən niyə gəlmisən?” Dedim müdafiə sabaha qalıb, gecələmək istəyirəm. Dedi bir az gəzişək, yer düzəldərik. Küçəyə çıxdıq, Tahir Tahirov ötəri mənim diplom işimlə maraqlandı. ”Bakı”dan bir az uzaqlaşanda rejissor dedi:  “Burda yaxşı kafe var, gedək bir tikə çörək yeyək, sonra yer məsələsini həll edərik”. Mən Allaha şükr elədim ki, Tahir Tahirov restoran yox, kafe dedi, çünki restorana mənim pulum çatmazdı. Hesabı isə mən verməliydim, mən az maaşı kənd müəllimiydim, üstəlik qiyabi oxuyurdum, kafeyə tez-tez gedən deyildim, ancaq gedəndə hesabı hökmən özüm verirdim. İndi həm də Tahir Tahirov mənə yer düzəldəcəkdi axı…

Hansı kafeyə getdiyimizi xatırlamıram. Hələ yeməyimiz gəlməmiş üzü qapıya oturmuş Tahirov yerində dikəlib dedi: “Ba, Səməndər də burda gəlir ki… Səməndər, bura gəlin!”.

Və məşhur aktyor Səməndər Rzayev yanında bir nəfərlə bizim stola tərəf yönəldilər. Aktyor Tahir Tahirovla qol-boyun oldu. Sonra yanındakı ilə bizim stolun dalında əyləşdilər..

Səməndər Rzayevi teatrda görməmişdim, filmlərimizə də böyük rəğbətim olmadığına görə onun kino işlərinə biganə idim. Səməndərdə çox sevdiyim onun səsi idi. O vaxtlar Kozintsevin “Kral Lir” filmini Azərbaycan dilində televiziya ilə vaxtaşırı göstərəridilər. Kral Lir rolunda eston aktyoru Yusi Yarvet çəkilib, ancaq rolu Zinoviy Gerdt səsləndirib…

(ardı var)

 oktyabr 2023, Samara