Архивы

DEYƏSƏN, MİRZƏ ƏLİL DƏ GEDƏCƏK. ƏLLİ-AYAQLI…

Dünən bir soydaşımız mənə zəng eləyib deyir:

— Mirzə, muştuluğumu ver. “Vətən, vətən”, deyib ağlayırdın, Allah səsini eşidib, tezliklə gedirsən Vətənə.

— A bala, mən vətənə necə gedirəm? Yollar bağlı, mənim təyyarə ilə uçmağa pulum var ki, gedəm?

— Mirzə, darıxma, səni Rusiya hökuməti özü uçurdacaq. Özü aeroporta aparacaq, özü mindirəcək təyyarəyə, ruhun inciməyəcək.

— Bala, bu nə işdir axı? Rusiya hökuməti niyə məni Azərbaycana uçirdur? Axı mən xahiş eləməmişəm. Haçan gedirəm?

— Mİrzə, tezliklə gedərsən. Bu işin əlahəzrət İlham Əliyevdən asılılığı var. İlham Əliyev Bakıda beş-altı rusu da tutub ağız-burunlarıının qanı axa-axa dama salan kimi Rusiya hökuməti bizim hamımızı Azərbaycana göndərəcək.

— Oğul, mən sənin dediyini yaxşı başa düşmədim. Nə ağız-burun, nə qan? Rusların burnunu kim Bakıda qanadıb? Ermənilər? Axı, mən bilən, Bakıda erməni yoxdur…

— Ay Mirzə, biz ermənidən acizik? Bizimkilər elə vururlar ki, heç qan çıxmayan yerdən fəvvarə vurur… Nə işinə qalıb? Səninki Vətənə getməkdir. Qoy beş-altı rus tutulsun… Təyyarə aeroportda hazırdır…

— Oğul, bəs niyə tutmurlar?

— A kişi, Bakıda rus tapıb tutmaq asandır? Bakıda rus qalıb ki, tutasan? Qalan-qulan da gizlənib. Qalanlar rusdillilərdir, yəni özümüzdən olub dillərini dəyişənlər.

— Bala, Əliyev onda qoy rusdiillərdən tutsun.

— Ağsaqqal, Putin bizim rusdililəri rus saymır. Putin bizim rusdililləri heç adam saymır… Yox, Əliyev gərək əsl ruslardan tuta ki, Putin burdan azərbaycanlıların hamısını uçurda Azərbaycana.

— Oğul, bizə orda şərait yaradıblar? Vallah, mənə Şirvan Kərimov yaxşı mənzil düzəldib, heç doyunca qalmamışam. Orda bilmirəm şərait xoşuma gələcək ya yox…

— Gələcək, Mİrzə…Bax Əvəz Zeynallının videolarına. Gör necə tərifləyir şəraiti. İl yarımın içində Əvəz Zeynallı gör necə gözəlləşib, gör artıq çəkisini necə atıb, on beş yaşında oğlana oxşayır. Mirzə, Şirvan Kərimov sənə Əlieyev yaradan şəraiti yarada bilməz. Görmədiyin günə düşəcəksən. Hazırlaş!

— A bala, avadanlığımı özümlə götürə bilərəm? Mənə yaxşı mebel alıblar…

— Yox, Mirzə, Kürdəxanıda hər cür mebel var. Yerdə yatacaqsan, belinin ağrıları çəkiləcək…

-Onda bəlkə noutbukumu götürüm? Qardaşoğlu pay alıb…

— Yox, Mirzə, sənin orda yazmağa macalın olmayacaq.

— Bala, bəs mənim başım orda nəyə qarışacaq?

— Mirzə, sən orda qırx il ərzində Rusiyada Azərbaycan barədə nə yazdığını kompotent orqanlara danışacaqsan. Sənin bəlkə heç yatmağa da vaxtın olmayacaq. Vallah, min bir gecə yalan olacaq… Ona görə indidən yatıb yuxunu al. Uçmaq vaxtı gələndə səni oyadacaqlar. Qapını gecələr bağlama. Çünki dalınca gecə də gələ bilərlər.

Muştuluq yadından çıxmasın…

 

Mirzə ƏLİL

16. 07. 2025, Samara

NECƏ QAN AĞLAMASIN DAŞ BU GÜN, DEPORT OLUNDU BU QARDAŞ BU GÜN…

Mən Rusiyada son iyiirmi-iyirmi beş ildə Georgi lenti taxan çox soydaşımızı görmüşəm, ancaq bu lentin Elşən İbrahimov qədər ikinci bir azərbaycanlıya yaraşdığını görməmişəm. Baxın, ağalar, xanımlar, gör lent necə topalanıb, necə düyünlənib. Mən bu şəklə baxanda əfsanəvi Bülbülün oxuduğu bir mahnı yadıma düşdü.

Döşünə bir gül taxım,

Gül düşsün gül üstünə…

Düzdür, bu mahnıda, türkün məsəli, qız sinəsi nəzərdə tutulur. Elşən İbrahmovun sinəsi, əlbəttə, qız sinəsinə bənzəməz, rəhmətlik Qoqolun dediyi kimi, yəqin ki, baş kimi tüklü olar. Ancaq lent Elşən İbrahimovun döşünə yaraşır. Vallah, yaraşır, mənə nə deyirsiniz deyin!

İndi mən qalmışam əlimyandıda. Mənə yemək-içmək haram olub. Gecələr yatmıram, fikir nəni götürür ki, bu yazıq gədə indi Azərbaycanda Georgi lentini taxa biləcəkmi? Axı, deyilənlərə görə, Azərbaycanda Georgi lenti taxanı tuturlar!. Bu yazıq gədə isə öyrəşib döşündə Georgi lenti gəzdirməyə. İndi bunun halı necə olacaq? Bəlkə əlahəzrət İlham Əliyev istisna halında bir fərman imzalayıb Elşən İbrahimova döşündə Georgi lentini gəzdirməyə icazə verə?

Ya əlahəzrət! Ya bizim rəhim və rəhman padşahımız! Mİllətin azmış qoyununa (Tövrat diliylə deyirəm) yazığın gəlsin!

Hardasınız ay Nəcəf bəy Vəziriov və Əbdürrəhim bəy Haqverdiyev! Nə qədər yatmaq olar? Qiyamətdir, qalxın! Biriniz “Bəxtsiz cavan”ın davamını, biriniz də “Müsibəti-Elşən” yazsın!

Necə qan ağlamasın daş bu gün?! –

Deport olundu bu qardaş bu gün…

Öləydin, Mirzə Əlil, bu günü görməyəydin…

İndi internetdə bu bədbəxt soydaşımızn Rusiyada haçansa öz-özünə verdiyi müsahibəni oxuyub lap dəhşətə gəldim. Cənab İbrahimov deyir ki, miqrantlara Rusiyada verilən kvot azalıb, ona görə soydaşlarına tapşırıb ki, yerli arvadlarla nikah bağlasınlar. Demir ki, ailə qursunlar, evlənsinlər. Deyir ki, nikaf bağlasınlar, yəni saxta nikah. İndi Allaha şükr edirəm ki, Elşən İbrahimovun öz-özünə verdiyi müsahibəni özündən başqa heç kim oxumayıb. Bu müsahibə FSB-nin gözünə sataşsaydı, Elşən İbrahimov əlli-ayaqlı gedərdi… Vallah, gedərdi. Ucarlılar, beş-altı qoyun kəsib paylayın, rayonunuzun fəxri Rusiya türmələrində çürüyəcəkdi…

Bir məsələ də var. Bilmirəm deyim ya deməyim… Yox, gərək deyəm. Bu yazıq gədə Podmoskovye azərbaycanlılarından pul, pay-parça yığıb SVO-ya, yəni Ukraynada ədalətli savaş aparan Rusiya ordusuna göndəririmiş. İndi fikirləşirəm ki, Əliyev bunu Azərbaycanda bu işi görməyə qoyacaqmı. Yəni Elşən İbrahimov Azərbaycandan Rusiya ordusuna yardım göndərə biləcəkmi?

Ya pərvərdigar! Bizim bu azmış qoyunumuzu  (Tövrat diliylə deyirəm) məyus eləmə…

Vallah, fikir çkməkdən quruyub-qurtarmışam… Sərin Podmoskovyedən gedən adamın Ürəyi Ucarda partlamayacaqmı?

Yazırlar ki, Podmoskovyedə adına on şirkət var imiş. Deyirəm görəsən onlar kimə qaldı…

Ya Əli! Özün bu ucaqlı soydaşımıza kömək ol! Bəlkə də sünnüdür, eybi yox, sünnü də müsəlmandır, quyruq-muyruq söhbəti isə yalandır…

Gözümün yaşı kağızı isladır, ona görə yazımı bu yerdə saxlayıb Elşən İbrahimovu Azərbaycanın şərəfli hüquq-mühafizə orqanlarına tapşırıram.

 

Mirzə Əlil

10. 07. 2025, Samara

NİYƏ BİZ BELƏ PAXILIQ?

Mənə bir neçə nəfə təkidlə tövsiyə edib ki, Azərbaycanda keçirilən muğam müsabiqəsində iştirak edən cənub azərbaycalısının çıxışına baxım. Baxdım, yəni qulaq asdım, bəyənmədim – səsi güclü olsa da, kaldır, texnikası qüsurludur. Üstünlüyü elə cənubdan olmağıdır. Ümumiyyətlə, mən muğam müsabiqəsinin  həvəskarı deyiləm.Başına molla papağı və ya araqçın qoyaraq münsiflər heyətində oturub qədəş kimi danışan manıs “professorlar” məni canımdan usandırırlar…

Muğam, əlbəttə, bizim sərvətimizdir, qeyrətimizdir, papağımızdır (kişilərin), ləçəyimizdir (arvadların). Muğam yeganə sərvətdir ki, hakim ailə onu yeyib-dağıda bilməz… Muğam tamamilə kəndçi-küdçünün, kasıb-kusubun ixtiyarındadır…

Ancaq muğam yeganə musiqi janrı deyil. Klassik vokal deyilən musiqi janrı var. Klassik vokal milli olduğu qədər də beynəlmiləldir və ona görə klassik vokal ifaçıları mənsub olduqları xalqı dünyaya tanıdırlar. Yaxın günlərdə Azərbaycanın iki telekanlında çıxış etmiş Nail Əkbərovun da belə bir sənətkat olacağına inanırıq. Və onun bizə ikinci vətən olmuş Samarada, necə deyərlər, gözümüzün qabağında yetişməsi, əlbəttə, hamımızı sevindirməlidir. Ancaq sevindirirmi?

Mən bir neçə gün əvvəl FB-da Nailin Bakıdakı uğurlarına həsr olunmuş bir yazı yerləşdirmişəm. Üç gün keçib, yazının altında iki “like” var. Birini mənim Bakıda yaşayan qardaşım oğlu, ikincisini isə Nailin atası qoyub…

FB-dakı “Газета Очаг Самара» səhifəsinin 893 abunəçisi var, səhifənin baş tərəfində bu rəqəmi görə bilərsiniz. Bu 893 nəfərdən ən azı üçdən biri o yazını görübmü? Deyək ki, dörddən biri, beşdən biri görüb. Bəs niyə cəmi iki nəfərin əli “like” qoymağa gəlib? Şübhəm yoxdur ki, “like” qoymaq istəyənlər olub, qoymaq istəyəndə əlləri əsib, fikirləşiblər ki, mən buna niyə “like” qoymalıyam, bunun atası mənim oğlum (ya qızım) üçün neyləyib?

Məsələ burasındadır ki, biz yaxşılığı ancaq əvəz-əvəz eləməyə öyrəşmişik. Məsələn, Camal  FB-da iki “like” yığan oğlunun toyuna 1000 adam çağırsa, ən azı 800-ü gedəcək. Çünki toy əvəz-əvəzdir. Camalın oğlunun sənət uğuruna sevinmək isə təmənnasız səxavətlilik, ürək açıqlığı, genişliyi tələb edir. Bunlar isə bizdə yoxdur. Qonşumuzun, hətta yaxın adamımızın uğurundan daralıırıq, özümüzə yer tapmırıq, boğulub-qaralırıq…

Yeri gəlmişkən, bəlkə rəngimizin qaralığı paxıllıqdandaır? Axı biz Qafqaz xalqıyıqsa, rəngimiz göyçək olmalıdır —  elə deyil?

Alimlər iddia edirlər ki, paxıllıq insan ömrünü on beş-iyrmi il azaldır…

Gəlin paxıl olmayaq…

Mənim heç övladım yoxdur, ancaq Nailin uğuruna sevinirəm. Az qala iyirmi ildir ki, ondan yazıram. Talant – ümumbəşər sərvətdir. Məgər Messinin, Ronaldunun, Mbappenin, Lamin Yamalın talantı hamıya, hər kəsə məxsus deyil?

Bir məsələ də var ki, bizdən uzaq, tanımadığımız insanların uğuruna sevinə bilirik, tanıdığımız adamları uğurlu görəndə isə yasa batırıq. Başqalarının yüksəlməyi elə bil bizi alçaldır.

Alçaltmır, vallah, alçaltmır. Nail oxuyur, sənin də övladın ayrı bir peşənin sahibidir, hər peşədə hörmət, ad qzanmaq olar.

Paxıl olmayaq. Vallah, paxıllıq bizi öldürəcək…

Hanı Camalın çoxsaylı qohum-qardaşı? Niyə onlar Feysbuku “like”la basdırmırlar? Axı çox layk olan postları FB daha çox istifadəçiyə göstərir, beləliklə, biz Nailin tanınmasına bir barmaq basmaqla dəstək veririk.

Məsələ burasındadır ki, Camalın qohum-qardaşı heç Naillə Aidənin çıxış etdiyi konsertlərin çoxuna gəlmirdi.

Niyə biz beləyik, ayrı cür deyilik?

Bizim adam ayrı yerdə gözünə dəyən bir şey görən kimi, əlli, yüz adamla paylaşır. “İsfahanda eşşək ağaca çıxır!” Gözünün qabağında sənətkar yetişir, sabah bu sənətkar ölkənin, xalqın adına şöhrət qazandıracaq. Bu onu sevindirmir, qarnına ağrı salır…

Əlbəttə, hamının yaxşılığı əvəz-əvəz elədiyini iddia eləmirəm. Təmənnasız yaxşılığa qadir insanlar da var. Evim yanandan sonra məni, həqiqəti desək, küçədən götürüb rahat mənzildə yerləşdirən, əynimə pal-paltar alan, küllüyə dönmüş evimi bərpa edən Şirvan Kərimova mənim nə yaxşılığım olub? Heç bir!

Şəxsən mənim özümə FB “like”ları lazım deyil, mən bu yaşda “layyklaşma” oyunu oynayayacaq dərəcədə arsız deyiləm. Təkcə indi yox, FB-un əvvəlindən. Mən Nailə görə pərtəm. Postun altına baxıb görəcək ki, cəmi iki nəfər “like” qoyub, biri atası, biri dostu…

Hamıya paxıllıq azarından şəfa diləyirəm. Yəni uzun ömür arzulayıram.

X.X.

P.S. Yazını qurtaranda ““Газета Очаг Самара»” səhifəsinə baxıb gördüm ki, abunəçilərin sayı 893 yox, 892-dir. Yəqin kimsə Nailin uğuruna dözməyib həlak olub…

08. 06. 2025, Samara

HƏMİN NAİL: BAKI MUSİQİ AKADEMİYSININ TƏLƏBƏSİ NAİL ƏKBƏROV

GƏDƏBİYYAT: GÜLƏ VURULAN BÜLBÜL ERKƏKDİR? BÜLBÜLÜN DİŞİSİ OLMUR?

Bülbülün gülə (yəqin ki, qızılgülə) vurulmuş aşiq kimi təsvir edilməsi qədim fars poeziyasından başlanır və bu metafora bülbülün elə torpağın üstündə, sıx tikanlı kolluqlarda, o cümlədən qızılgül kolluqlarında yuva qurması ilə izah edilir. Ancaq bu metaforada bir yöndəmsizlik var. Deyək ki, gül – qızdır və ya qadındır. Deməli, bülbül oğlandır, kişidir, yəni erkəkdir. Həmişə erkəkdir. Sual: bəs bülbülün dişisi olmur? Niyə erkək bülbül dişi bülbülə yox, gülə vurulur? Belədirsə, bülbüllər necə artırlar, yumurtanı kim çıxarır? Güllə sevgisindən erkək bülbül yumurtlaya bilməz, bu, şübhəsizdir…

Quşların hər biri öz tayfadaşıyla sevişir, bir fars məsəlində deyilir: göyərçin göyərçinlə, qırğı qırğı ilə…

Bizim bir gözəl bayatımız ördək məhəbbətindən bıhs edir:

Qaradır qaşın ördək,
Yaşıldlr başın, ördək.

Həmişə cüt gəzərdin,
Hanı yoldaşın, ördək…

Gözəl deyilib, ördəklərin cüt gəzməyi də doğrudur. O ki qaldı ördəyin qaşının olmağı, özü də qara olmağı, bu barədə heç nə deyə bilmərəm…

Yaxşı, deyək ki, fars şairləri bir dəfə, iki dəfə oğlanı bülbülə, qızı gülə bənzətdilər. Bunu qəbul eləmək olar. Ancaq əsrlər ərzində bülbülü az qala seksual azlığa çevirmək yaxşı deyil. Dişi bülbülü qoyub mehrini gülə salan bülbül azlıq nümayəndəsi deyilmi?

“Hər bağın, hər bağçanın bir bülbülü-şeydası var…”

Bunu akademik şair Səməd Vurğun yazıb. Uzun rəməl bəhrini götürüb, misranı doldurmaq üçün çoxlu cəfəng söz işlədib. Yaxşı, dedin ki, “hər bağın”, başa düşdük. Daha “hər bağçanın” nəyə lazımdır? Və hər bağda “bir bülbülü-şeyda” olur? İki olmur?

“Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var”.

Bu iki misra arasında hansısa əlaqə varmı?

1960-cı illərin əvvəllərində Ələkbər Tağıyevin “Bülbül” mahnısı o vaxtlar hələ çox yaxşı səsi olan Zeynəb Xanlarovanın ifasında radioda az qala hər gün səslənirdi – televizor kənd yerlərində tək-tük evdə var idi. Mahnının sözləri xalq şairi Məmməd Rahimindir. (“Xalq şairi” Məmməd Rahimə dövlət tərəfindən verilmiş fəxri addır və onun doğrudan da xalq tərəfindən tanındığına və sevildiyinə sübut deyil).

Yenə qonub şax budağa,
Nə sızlarsan belə, bülbül?!
Vəfasızdır yarın sənin,
Yanıb dönmə külə, bülbül!”

Biz “gül” sözünü də, “bülbül” sözünü də farslardan götürüb öz tələffüz tərzimizə uyğunlaşdırmışıq. Ancaq farslardan götürdüyümüz sözlərin hər birini yerli-yerində işlədə bilmirik. Dili kamil bilənlər, məsələn, Füzuli, əlbəttə, yerli-yerində işlədib. Məmmədrahimlər, səmədvurğunlar – yox. Yəni biz, bir lətifədə deyildiyi kimi, Mersedesə at və hətta eşşək qoşuruq..

Bülbülün yarı niyə vəfasızdır? Məmməd Rahim gülü qarğa ilə mazaqaşanda tutmuşdu?

Allahu əkbər!

“Yanıb dönmə külə, bülbül”!

Desəydi ki, özünü yırtma, özünü cırma, özünü öldürmə, özünü yandırma – dərd yarı idi. “Yanıb külə dönmə”! Bilirsiniz niyə görə “külə” olmalıdır? Çünki gərək hər bəndin rədifinin əvvəlində qafiyə ola: belə, külə, gülə, yelə… Bu şeirdə məntiq axtarmayın, qafiyılərinə baxın..

Bayatıda gözəl deyilib:

“Yeyib bülbül bağrını,

Çıxıb ağzı qanlı gül…”

Xalq şairi, 3-cü dərəcəli Stalin mükafatı laureatı Məmməd Rahim gülün pozğunluğunu açıb aləmə yayır:

“Öz meylini salmış xara…”

Yəni gül tikanla sevişir. Bilməyənlər üçün deyirəm ki, “xar”  bizim dildə “tikan”dır…

“Bülbül” mahnısının çox maraqlı cəhəti bu idi ki, mətn müəllifinin adı nəqərata salınmışdı və beləliklə, mahnı oxunduqca “Rahim” adı ən azı üç ya dörd dəfə səslənirdi ki, bu da mahnı ifaçılığında görünməmiş bir şey idi.

Rahimin öz cananı var,

O bənzəməz gülə bülbül…

Bunu iki  cür başa düşmək olar: 1. Məmməd Rahimin cananı vəfasız deyil. 2. Məmməd Rahimin cananı gülə bənzəmir, yəni gözəl deyil.

Əlbəttə Azərbaycan xalq şairlərinin əksəriyyəti istərdi ki, öz “canan”larını Zeynəb Xanlarovaya dəyişsin. Zeynəbin yaxşı vaxtı idi…

Mən Yunus Emrenin “Bülbül” şeirinə qoşulmuş mahnını çox sevirəm, Mine Koşanın ifasında bu mahnya ildə bir ya iki dəfə qulaq asıb gözlərim acılanınca ağlayıram… Ancaq şeirə diqqətlə baxsan, görərsən ki, cəfəngiyatdır.

Bilirim âşıksın güle

Gülün hâlinden kim bile.

Bahçedeki gonca güle

Dolaşıp söz atma bülbül.

Əlbəttə, musiqi çox yüksəkdədir, musiqi yüksəkliyinə yaxın sözü hələ heç bir şair deyə bilməyib… Və musiqi bəzən ən bayağı, ən yöndəmsiz sözün eybini belə örtür. Ancaq abır-həya da yaxşı şeydir. Bu bülbül-gül məsələsinə moratorim qoymağın vaxtın çoxdan çatıb və hətta keçib də…

X.X.

22.05. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏNİN İMAM HÜSEYN MÜSİBƏTİ

1959-cu ilin dekabrında Bəxtiyar Vahabzadə İraqda səfərdə olub.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1958-ci ildə çıxıb. Özünün və fanatlarının iddiasına görə, KQB bu poemaya görə onu az qala güllələyəcəkmiş. Ancaq KQB-nin “qara siyahı”sına düşən ədəbiyyatçı ömrü boyu ayağını ölkədən qırağa qoya bilməzdi. Bəxtiyar Vahabzadə “Gülüstan” poemasına görə nəinki tənbeh olunmur, hətta xarici səfərə də göndərilir.

Qəribə deyilmi?

Bəxtiyar Vahabzadə 1958-ci ildə poemasını yazanda İraqda qanlı hərbi çevriliş baş verib. İyulun 14-də polkovnik Əbdülkərim Qasımın başçılığı ilə hərbçilər kral Feysəli deviriblər. Kralı və onun bütün arvad-uşağını sarayda divara dirəyib güllələyiblər. Bütün hərbi çevrilişlərdə olduğu kimi, bu çevrilişdən də sonra ona başçılıq etmiş Əbdülkrim Qasım özünü baş nazir təyin edir. İraq respublika elan olunur.

Yəni Bəxtiyar Vahabadə, yəqin ki, sovet yazıçılarının nümayəndə heyətinin tərkibində, İraqa səfər edəndə, Bağdad küçələri bəlkə hələ çevriliş zamanı öldürülənlərin, sonra edam olunanların qanından təmizlənməmişdi.

KQB-nin, “Gülüstan” poemasına görə Bəxtiyar Vahabadəni məzəmmət etdiyini istisna etmək olmaz. Və  İraqa göndərməklə bəlkə KQB ona “səhvini” düzəltmək şansı verir. Yəni Bəxriyar Vahabzadə günahını yumalıydı. Əlbəttə, qanla yox, mürəkkəblə…

Əbdülkərim Qasım kralı devirib hakimiyyəti zəbt edən kimi SSRİ ilə yaxın əlaqələr qurur, hərbi əməkdaşlıq sahəsində müqavilə bağlanır. Moskva İraqa silah və hərbi texnika göndərir, iraqlılar SSRİ-yə hərbi təhsil almağa gəlirlər. Sovet yazıçılarının İraqa səfərinin məqsədi sovet adamlarına yeni İraqı tanıtmaq ola bilərdi.

Sovet yazıçılarından xaricə, xüsusən qeyri-sosialist ölkələrinə tək-tükü buraxılırdı. Nümayəndə heyətinə salnmamışdan qabaq KQB, Partiya komitəsi yazıçının bütün nəslini yoxlayırdı. Siyahıya düşəndən sonra onlar ciddi təlimat alırdılar. KQB ilə xüsusi əlaqəsi olanlar təlimatdan başqa tapşırıq da alırdılar. Onlar getdikləri ölkəyə öz göləri ilə yox, KQB-nin göləri ilə baxmalıydılar, KQB gözləri ilə gördüklərini yamalıydılar.

Deyək ki, Nəsimi 1959-cu ildə, hərbi çevrilişdən bir il sonra İraqa gedir. O, Bağdad küçələrində qan iyi duyacaqdı, qan ləkələri görəcəkdi, üzləri divara çevrilib başları üzərində quran tutaraq güllələnən arvad-uşağın səssiz fəryadını eşidəcəkdi. Elə deyilmi?

Bəxtiyar Vahabzadə nə qan iyi duyur, nə arvad-uşağın fəryadını eşidir. O, Kərbalada İmam Hüseyn məqbərəsinə atüstü baş çəkib ona KÜB gözüylə, partiya təlimatı ilə baxaraq sosial və hətta kommunist şeiri yazır. Şeirin adı əsl kommunist və hətta proletar üslubunddadır: “Aclardan toxlara”.

Zər-ziba içində alışıb yanır

Sərdabə, döşəmə, tavan sərasər;

Neçə yüz ildir ki, burda saxlanır

İmamın adına gələn nəzirlər.

Bir delikat, yəni incə məsələ var. Bəxtiyar Vahabzadə şəkilidir, çox güman ki, ailəsi sünnü məzhəbindəndir. İmam Hüseyn məqbərəsinə neqativ məzmunlu mətnin sünnü məzhəbindən olan azıəərbaycanlıya həvalə edilməsi təsadüfi ola bilərdimi? Axı KQB hər şeyi ölçüb-biçirdi. Özü də br dəfə yox…

Bəndin ikinci beytinə baxın: “İmamın adına gələn nəzirlər yüz ildir ki, burda saxlanır”.

Yüz illərlə saxlanılan nəzirlər nədir? Pul? Qızıl? Daş-qaş? Şair məscidin, məqbərənn tikintisinə, bəzəyinə işlənmiş nəzirləri deyir? Divarlara, tavana qiymətli metaldan bəzək vurulubsa, buna “nəir saxlanır” demək olarmı? Və şairin “xəzinə” adlandırdığı bu qızılı, daş-qaşı aclarmı gətirib? Acın qızılı, daş-qaşı hardaydı?

Cəlil Məmmədquluzadənin “Eşşəyin itməkliyi”ni yadımıa salaq. Yazıq Məmmədhəsən əmi ömrü boyu Kərbəla ziyarətini arzulamış, qəpik-quruş yığıb eşşək almışdı. Deyək ki, eşşəyi Xudayar bəy satmamışdı və Məmmədhəsən əmi getmişdi Kərbəlaya. Gedib ora çatsaydı İmam Hüsyen məqbərəsinə bəlalı başından başqa nə qoya bilərdi? Heç nə. Onun özünün qarnını, yəqin ki, orda nəzir hesabına doydurardılar.

Məscidin divarlarını 1508-ci ildə Şah İsmayıl qızila tutub. 1708-ci ildə Ağa Məhəmməd Qacar günbəzin qızıl örtüyünü yeniləyib. Bu adamları heç cür ac adlandırmaq olmaz…

“Bu busat, bu cəlal kimin üçündür?

Bayırda əl açıb dilənir millət….”

1959- cu ildə İraqda həyat səviyyəsi, əlbəttə, yüksək olmayıb. Ancaq “millət dilənir” ağ yalandır. 1959-cu ildə Sovet Azərbaycanında yaxşımı dolanlrdılar? Kənd adamlarının paspordu yox idi, pensiya almırdılar, iki ildən sonra üstəlik çörək qıtlığı başlandı…

Bəxtiyar Vahabzadəni Bakıdakı Lenin museyi niyə narahat eləmirdi? Ona nə qədər xərc qoyulmuşdu və saxlanmağına nə qədər pul xərclənirdi? Bəs Leninin çoxsaylı heykəlləri? Bəxtiyar Vahabzadə sonra özü Lenindən poema yazıb nə qədər qazandı?

Siyasi məqsəd güdən bi xarici səfərlərə büdcədən, yəni kasıb sovet xalqının hesabına, nə qədər pul xərclənirdi? İmam Hüsendən yadığı bu şeirdən qazandığı pulu Bəxtiyar Vahabzadə Bakıda dilənənlərə payladımı?

“Dünyanın qəribə təzadları var:

Aclardan toxlara düşərmiş nəzir…”

Yox, yox, yenə də yox! A kişi, ağzında “ac” deyirsən, “kasıb” da demirsən. Acı  nəyi var ki, nə verə? Nəziri, yəni ciddi nziri,, daş-qaşı, sentnerlərlə qızılı zənginlər verir. Adamları kasıb eləyən nəzir deyil, iqtisadiyyatın bərbadlığı,korrupsiya, milli sərvətlərin və gəlirin hakim təbəqə əlində cəmləşməyidir. Deyək ki, İmam Hüseyn məscidindəki bütün sərvəti payladın əhaliyə. Əhalini bu məscidin sərvəti neçə gün dolandırar?

Şeirin sonu müsibətdir. İmam Hüseyn müsibəti yox. Lümpenproletar müsibəti.

“Daş-qaş içindədir ölü imamlar,

Diri övladları lüt-üryan gəzir…”

Nə az, nə çox: lüt-üryan. Elə bil ki, Bəxtiyar Vahabzadə Kərbəlada yox, nidist çimərliyindədir. Arvad çılpaq, kişi çılpaq… Yəni lüt-üryan…

A kişi, başa düşdük ki, sənə KQB tapşırıq verib, sən gərək İmam Hüseyni azərbaycanlıının gözündən salasan. Ancaq hər şeyin yeri var. Ağ eləmisən…

Bir şeyi bilmək yaxşı olardı: görəsən Kərbəla səfərindən sonra KQB Bəxtiyar Vahabzadəyə hansı rütbəni verib? Kapitan? Mayor? Polkovnik?

1963-cü ildə İraqd yeni çevriliş baş verir. Əbdülkərim devrilir və edam olunur…

 

X.X.

  1. 05. 2025, Samara

AC OYUNLAR? ACLIQ OYUNLARI? TOFİQ YAQUBLUNUN VƏ KOMEDİYANIN SONU

Əli Kərimlinin necə məyus olduğunu təsəvvür edirəm – kişi qırx gün idi ki, Tofiq Yaqublunun dəfninə hazırlaşırdı. Yəqin, sabirabadlılar demişkən, “qəssum”unu” ütülətdirib ona yaraşan qalstuk da seçmişdi. Əgər İlham Əliyev ona güzgüyə baxmağı qadağan eləməyibsə, güzgü qabağında dayanıb Tofiq Yqublunun qəbri üstündə deyəcəyi nitqin məşqimi də eləmişdi. Hər gün hazırlıq, gərgin məşq – indi məlum olur ki, yas “qəssumu”nu geyib hüznlü nitq söyləmək ona qismət deyilmiş – Tofiq Yaqublu aclığı dayandırıb…

Bəs mən demirdim ki, biz özümüü irlandlara oxşatmaq istəyirik, ancaq tez acıyırıq?

Mən Tofiq Yaqublunun ölməyini istəyirdimmi? Əlbəttə, yox! Məni narahat və hətta pərt edən əvvəl dram, sonra hətta faciə kimi görünən sitüasiyanın farsa, bayağı komediyaya çevrilməsidir. Tofiq Yaqublunun bu aclıq performansı özünü xəcalətli və üzüqara eləməklə, indi həbsxanalrda çürüyən bütün siyasi dustaqlara miqyası çətin təsəvvür edilə bilən ziyan vurdu.

Tofiq Yaqublunun aclığı dayandıracağını mən əvvəldən güman edirdim. Azərbaycanda aclıq aksiyaları həmişə belə xəcalətli bitir. Mən Mehman Hüseynova hörmətlə yanaşıram və onun indi təklikdə ( ya da dostlarının köməyi ilə) gördüyü işi bütün müxalifətin fəaliyyətindən üstün sayıram. Ancaq Mehman Hüseynovun da türmədə aclıq aksiyası şirin bir vodevilə çevrilmişdi. Şirin ona görə deyirəm ki, Mehman Hüseynov aclıq keçirdiyi zaman yoqurt yediyini deyirdi…

Qarnı burnunda olan arvadının dalına düşüb FB-da qayınatasına azadlıq “tələb edən” Samir Həzi indi kimdir və nədir?

Nigar Həzi yazır ki, guya atasının yaxınlarda dünyaya gələcək körpəyə yazığı gəldi.

Bəs Tofiq Yaqublu aclığa başlayanda bilmirdi ki, evdə arvadı var, qarnı burnunda qızı var? Bəlkə ümid edirmiş ki, aclığın onuncu, uzağı iyirminci güündə İlham Əliyev onu buraxacaq?

İndi kim uzaqgörəndir? Kim ciddi adamdır? Kim dediyini eləyəndir?

İndi aclıq keçirməyən, ədalətsiz türmə həyatını mərdliklə yaşayan jurnalist qızlar və başqa siyasi dustaqlar üzərində türməçilərin zülmü artmayacaqmı? Tofiq Yaqublu öz dramını farsa çevirməklə təkcə özünü yox, ləyaqətlə dustaq həyatı yaşayan insanları da aşağıladı, onları daha artıq təzyiqlərə və hətta vəhşiliklərə hədəf elədi.

Yaşı altmışla yetmiş arasında olan “müxalifətçilər” könüllü istefa verib evlərində lal-dinməz otursalar, bütün ölkənin xeyrinə olar. Demokratik tələbatlı gənclik istəsə, mübariəni davam etdirər, özünə lider də seçər. İstəməsə, başını aşağı salıb yaşayar. İndiki müxalifət rəhbərləri başdan-ayağa xəcalət və üz qarasıdırlar.

Baxın, İlham Əliyevin iyirmi ildən çox hakimiyyəri zəbt etdiyini deyən İsa Qəmbər İlham Əliyevdən yeddi-səkkiz yaş böyükdür və və elə rəhbərdi ki, rəhbərdir. Gördüyü iş də LAF TV-də iki arvadla oturub mırt vurmaq.

Əli Kərimlinin işi nədir? Cangüdənlərini, şoferlərin tutdurmaq?

İndi qoy Tofiq Yaqublu özünə gəlsin, cücə-plovdan, yarpaq dolmasından (tənəklər yarpaqlayıb?)  yeyib cana gəlsin, uzağı bir həftədən sonra gərək elan eləyə ki, bütün siyasi fəaliyyətini dayandırır. Və İlham Əliyevin yumruğunun altından keçir. Mənə elə gəlir ki, İlham Əliyev onu bağışlayar. Mənə elə gəlir ki, Tofiq Yaqublya bundan sona siyasi fəaliyyətdə yer yoxdur. Çünki həm özünü, həm onunla bağlı bütün hərəkatı xəcalətli və üzüqara elədi. Tofiq Yqublu gərək bu qırx gündə həqiqətən darıxmış, ürək ağrısı tapmış bütün insanlardan üzr istəyə.

Əlikərimlilər, İsaqəmbərlər, Tofiqyaqublular istefa verəndən sonra gənclər özləri öz gələcəkləri barədə qərar qəbul edərlər. Sabah – onlarındır, əgər Sabaha İlhamla ya onun törəmələriylə getmək fikrindədirlərsə, nə deyə bilərik. Yaxşı yol! Getmək istəməsələr, özləri mübarizə formalarını seçərlər. Və ümid edirəm ki, bu mübarziə formalarının içində ac oyunlar və ya aclıq oyunları olmayacaq…

X,X.

10.05. 2025, Samara

ÖZÜMÜZÜ İRLANDLARA OXŞATMAQ İSTƏYİRİK, ANCAQ TEZ ACIYIRIQ…

ŞƏHRİYARIN «HEYDƏRBABAYA SALAM» POEMASI HAQQINDA QEYDLƏR — III

“Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.
Tövlənin bir tərəfi mal ilə dolu və qaranlıq idi, amma digər tərəfi uca və işıq idi və burada çox cəmiyyət əyləşib söhbətə məşğul idilər. Danışanlar bizi görcək səslərini kəsdilər və cümləsi birdən ayağa durub, bizə kəmali-ehtiram ilə yuxarı soruşmağa başladılar.”

Eyni hekayə əsasında yazılmış pyesin remarkasında deyilir ki, “əhvalat vaqe olur 1891-ci ildә Gәncә qubernyasında, Bәrgüşad kәndindә.” Gəncə quberniyası kimi adlı-sanlı bir yerdə qış gecələri “mötəbər ağa və ağsaqqal” Bala Sultanın tövlədə, mal-heyvanla bir yerdə  məclis qurmağı Cəlil Məmmədquluzadənin fantaziyası deyil. Məhəmmədhüseyn Şəhriyar bu faktı “Heydərbaba”da təsdiq edir.

Qış gecəsi tövlələrin otağı,
Kəndlilərin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.

Mirzə Cəlilin hekayəsindən şam yeməyinin də tövlədə çəkilditövləyini öyrənirik. Şəhriyarın poemasından məlum olur ki, “tövlə otağında” yatırlarmış da. Əlbəttə, tövlə isti olar, peyini nə bilmisən…

Millətimizin məişət mədəniyyətinə, əlbəttə söz yoxdur. Fransız-zad işi dedyil…

+++++++++++++++=

“Heydərbaba”nın məişətində qədimliklə uyuşmayan bir əşya var: samovar.

Şüca xaloğlunun Bakı sovqatı,
Damda quran samavarı, söhbəti,
Yadımdadı şəstli qəddi, qaməti,
Cünəmməyin toyu döndü yas oldu,
Nənəqızın bəxt aynası kas oldu.

Bəndin birinci beytindən samovarı Bakıdan “Şüca xaloğlunun” gətirdiyini güman etmək olar. Azərbaycanlıların çaya olan məhəbbəti Rusiyadan gəlmiş bu möcüzəyə də keçib. Elə keçib ki, xalq mahnısında adı əbədiləşib.

Samovara od salmışıam,

İstəkana qənd salmışam…

İki misrada iki rusizm var. Bu predmetlər xalq mahnılarnı Şirəli Müslümov kimi qocaldıb onlara üç-dörd yüz il yaş vermək istəyənləri məyus etməlidir: “Küçələrə su səpmişım” mahnısı samovar bizim məişətimizə gələndən sonra yaranıb…

“Heydərbaba” poemasından görürük ki, kənddə samovar br deyilmiş, çox imiş.

Heydərbaba, Amir Heydər neyniyür?

Yine yəqin samovarı qeyniyür.

Day qocalıb alt əngiynən çeyniyür… 

Rusiya “Heydərbaba”da təkcə samovarı ilə təmsil olunmayıb.

Mirmustafa dayı, ucaboy baba,
Heykəlli-saqqallı Tolustoy baba,
Eylərdi yas meclisini toy, baba…

Görəsən “seyid-peyğəmbər övladının” “urusa” bənzədilməsi şiə oxucunu cin atına mindirmir ki?…

X.X.

06. 05. 2025, Samara

əvvəli burda:

ŞƏHRİYARIN «HEYDƏRBABAYA SALAM» POEMASI HAQQINDA QEYDLƏR — II

«RAFİQ TAĞI CƏHƏNNMƏ VASİL OLDU» DEYƏN TALE BAĞIRZADƏ ƏLİ KƏRİMLİNİ TƏBRİK EDİR…

“Azadlıq qəzeti”nin Facebook səhifəsində Əli Kərimli ilə Tale Bağırzadənin qoşa şəkli qoyulub. Əli Kərimli, şəkillərinin çoxunda olduğu kimi irişir. Nəyə irişir – bilmək olmur. Tale Bağırzadə, əsl müsəlman olaraq, irişmir. O, “həbsxanadan ünvanlanan təbrikdə o, Əli bəy (!) Kərimliyə möhkəm can sağlığı,uğur və müvəffəqiyyətlər arzu edir”.

 “Bir ömür tarixçəsi daim mübarizə, mücadilə və demokratiya naminə azadlıqlar uğrunda parlaq səhifələrlə zəngin bir həyat hekayəsinin 60-ci ili tamamlanır. Biz Əli bəyi ad günü münasibəti ilə təbrik edir, Allahdan ona möhkəm can sağlığı diləyirik.”

Bəh-bəh!

16.02.13. Tale Bağırzadə Maştağadakı Həzrət Abbas məscidində qəzəblə Qafqaz müsəlmanları idarəsinə müraciət edib soruşurdu ki, niyə bu idarə “cəhənnəmə vasil olmuş Rafiq Tağıya “mürtəd” demir.

Tale Bağırzadınin aşna-dostları Rafiq Tağını bıçaqlayıb öldürmüşdülər, ancaq ürəyi soyumurdu, tələb edirdi ki, Allahşükür şəxsən Rafiqi “mürtəd” adlandırsın.

İndi Əli (bəy yox, gədə) Kərimli şəkildə bu şiə faşisti ilə yanaşı durub irişir…

Demək lazımdır ki, “demokratik ictimaiyyət” hər il Tale Bağırzadənin doğum günlərini təntənə ilə qeyd edir.

Bir vaxt İran liberalları Parisdə Xomeyninin dalına-qabağına keçdilər, gətirib çıxartdılar başlarına. Az sonra bu liberallardan çoxunun cəsədləri avtomobil kranlarından sallanırdı… Tale Bağırzadənin Xomeynidən daha qəddar olduğunu şübhə eləməyin. Xomeyni Paris görmüşdü, mədəni insanlar görmüşdü. Tale Bağırzadə isə Xomeyni İranından başqa heç yer görməyib…

Nə deyəsən? “Azadlıq qəzeti”nə də, Əli (bəy yox, gədə) Kərimliyə də ar olsun…

Yeri gəlmişkən, Əli Kərimlinin aclıq çəkən bir qrup adama baş çəkib onları “ruhlandırmağı” onun ya sinizmini ya da qeyri-adekvatlığını göstərmirmi? Aclığı, əgər bu tədbirdə məna varsa, ilk növbədə o çəkməməlidirmi? Mahatma Qandi dönə-dönə aclıq aksiyaları keçirib. 1933-cü ildə və 1943-cü ildə küçirilən aclıqların hər biri 21 gün davam edib. Arvadı 1944-cü ildə türmədə ölüb…

Mahatma Qandi xalq lideri idi və liderliyə haqqı var idi. Əli Kərimli kimin, nəyin lideridir? Daim şoferlərini, cangüdənlərini tutduran, aclıq çəkənlərin ətrafında atılıb-düşərək boşboğazlıq edən bu demaqoq, demokratik hərəkaı bayağı bir komediyaya çevirir. Və bu komediyada özünü ən rahat hiss edən də odur. Ona görə irişir…

Tale Bağırzadə isə irişmir. Onun məramı ciddidir. Yəqin ki, daim  gözünün qabağında kranlarından cəsədlər sallanan avtomobillər sıralanır…

X.X.

03. 05. 2025, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ: «BELƏ GETSƏ, ÖLÜLƏR MÜRDƏŞİRİ YUYACAQ…»

Bir sirdaş istəyirik
Qəlbimizi duyacaq;
Təmizsə — qəlbimizi
Gəlin özümüz açaq.

Başa düşdünüz? Akademik şair hər kəsi öz qəlbini açmağa dəvət edir. Və şərt qoyur: əgər təmizsə.

Sual çıxır: Təmiz qəlbin açılmağına nə dəvət, nə təklif, nə təkid? Yalnız açılası, deyiləsi sirləri olan qəlblərin açılmağında məna var. Yaxşı, bunun başına ip atmayaq.

Birinci bənd Sabirin şeirini xatırlatmırmı? “Zahida, gəl soyunaq bir kərə paltarımızı…” Sabir zahidə nə təklif edir:

“Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı

… Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!”

Yəni akademik şair yox, əsl şair Mirzə Ələkbər zahidi duelə çağırır.

Akademik Bəxtiyar Vahabzadənin konkret kimə müraciət etdiyi məlum deyil. Yəqin ki, bütün xalqa. Və gözləmək olardı ki, Bəxtiyar professor özündən başlayacaq, qəlbini açıb nümunə göstərəcək. Ancaq gözləntimiz boş çıxır.

“Acgöz yedikcə açar,
Dilənçiyə əl açar,
Zənn etmə ki, tamahkar
Axır bir gün doyacaq.”

Bu bəndin birinci bəndlə hər hansı əlaqəsi varmı? Bəxtiyar akademik ya bir başqası burda qəlbini açırmı? Yox, Bəxtiyar Vahabzadə əsl müsəlmandır, katolik xristian deyil ki, pərdə dalında oturmuş ruhaniyə batdığı günahları etiraf eləsin, desin ki, dönə-dönə cildə girib, iki öndər, üç-dörd-rəhbər dəyişib, Leninə poema həsr edib Heydər Əliyevin köməyi ilə SSRİ Dövlət mükafatı alıb. O, əsl müsəlman kimi  özünü yox, başqalarını ifşa edir. Yaxşı, bu da cəhənnəm, qoy eləsin. Ancaq necə eləyir? Bu bənddə şeirlik nəsə varmı? Necə yəni “acgöz yedikcə acar”? Yaxşı bu da cəhənnəm. Acgözün dilənçiyə əl açmağı? Bu, Azərbaycan universitetinin ədəbiyyat professorunun səviyyəsidir…

Aralıq yekunu vuraq: ikinci bənddə vəd olunan qəlb açılışı yoxdur. Keçək üçüncü bəndə.

Ucaldıqca biz endik,
Düz yoldan geri döndük;

Gördüyünüz kimi, alademik yenə “mən” demir, “biz” deyir. Və “akademik” şair “biz” deyirsə, ona zəncir ocağı qədər sitayiş edən oxucuların ağlına da gəlməz ki, bu müqəddəs vücud da “biz”in içindədir. Bəxtiar professor, əlbəttə, başqalarından, pis adamlardan danışır. Özü isə şübhəsiz ki, fövqəladə gözəl insandır.
“Özümüzü düşündük,
Özümüzü biz ancaq.”

Bəxtiyar Vahabzadə özü qəlbini açmadı, gözləmədi də ki, xalq qəlbini açsın, bilir ki, xalq düzünü deməyəcək, ona görə özü xalqın, Sabir demişkən, paltarını soyundurur.

“Qana həris zəlilər
Sorduğunu az bilər”

Bəxtiyar Vahabzadə təkcə qarğa və şahin mütəxəssisi deyilmiş, zəlilərin də dabbaqda gönünə bələdmiş.

Diqqət: şeir bitəcək:
“Belə getsə, ölülər
Mürdəşiri yuyacaq.”

Bir şey başa düşdünüz? Bu nə horrordur belə? Bəlkə bunu yazanda akademik şair qızdırmalı ya içkili olub? Bəlkə bu beyti başa düşmk üçün yüz əlli-iki yüz vürmaq lazımdır? Mən içən deyiləm. Ümid edirəm ki, içən qardaşlardan ya bacılardan biri özünü lazımi kondisiyaya çatdırıb bu beytin sirrini millətə açar…

X.X.

29.04. 2025, Samara

ÖZÜMÜZÜ İRLANDLARA OXŞATMAQ İSTƏYİRİK, ANCAQ TEZ ACIYIRIQ…

1981-ci il martın 1-də dustaqlar üçün “xüsusi status”un ləğv edilməyinin ildönümündə Belfastdan 9 mil aralıda yerləşən Meyz türməsində İrlandiya Respublika Partiyasının (İRA) üzvü Bobbi Sends aclığa başladı. Sonrakı günlərdə ona başqa dustaqlar da qoşuldular. Etirazçıların tələbləri:

Türmə uinformasını geyməmək hüququ

Türmə işini görməmək hüququ

Başqa dustaqlarla əlaqə və maarif və əyləncə xarakterli tədbirlərin təşkili hüququ

Hər həftə bir görüş,  bir məktub və bir sovqat almaq hüququ

Şərti-müddətdən əvvəl azad edilmək hüququnun saxlanılması

Britaniyanın baş naziri Marqaret Tetçer güzəştı getmədi və aclıq 10 (on) respublikaçının ölümü ilə nəticələndi. Sends 66 gün aclıqdan sonra üzgünlükdən türmə hospitalında öldü. 7 mayda keçirilən dəfnində 100 min adamın iştirak etdiyi deyilir.

Aclıqdan etiraz vasitəsi kimi istifadə İrlandiyada xristianlıqdan da əvvəl yaranan ənənədir. Sahibinin qapısı ağzında aclıq keçirən insan ya tələbini ona qəbul elətdirir ya da ölürdü. Aclıq vasitəsiylə ədalətə nail olmaq —  Cealachan – səkkizinci əsrdə qədim İrlandiyanın hüquq kodeksinə salınıb…

Bu gün FB-da Tofiq Yaqublunu dəstəkləyərək aclıq keçirən bir nəfərin 5 (beş) gündən sonra “səhhətinin pisləşməsi ilə əlaqədar” aclığı dayandırdığı barədə xəbərə rast gəldim.

Maraqlıdır eləmi? Mən deyərim ki, güməlidir də. Aclıq elan adam nə gözləyirdi? Səhhətinin yaxşılaşmağını? Buğaya dönüb atım-atım atılmalıydı?

Son illər nə qədər aclıq elan edib və “səhhətinin pislə.diyi ilə əlaqədar” bir neçə gündən sonra dayandırıb!

Niyə bu adamlar düşməni özlərinə güldürürlər?

Tofiq Yaqubluya belə komik həmrəylik lazım deyil. Tofiq Yaqubluya minlərlə, on minlərlə, yüz minlərlə insanın onun aclıq çəkdiyi türmənin qabağına yığışmağı lazımdır. Mən azərbaycanlıların belə bir hərəkətə və hərəkata qadir olduqlarına  inanmıram. Çünki biz zoğal dəyənək ya yumruq altında yaşamağa öyrənmiş xalqıq. Qorbaçov dövrünün kütləvi mitinqləri, balaqana, sirkə çevrilmiş Meydan toplantıları heç kimi aldatmasın. Qorbaçov heç kimi tutmurdu, Meydan ora yığışanlar üçün xalq teatrı, zorxana kimi bir yer idi.

Müharibədə fəhlə-kəndli balalarının fədakarlıqla döyüşməsi də illyüziyalar yaratmamılıdır. Dəyənəklə arvad-uşağı əzən polislər də fəhlə-kəndli balalarıdır. Nizami orduda sərt subordinasiya şəraitində döyüşə getmək və demokratik azadlıqlar, vətəndaş hüquqları uğrunda mübarizə aparmaq ayrı-ayrı şeylərdir. Rus kəndliləri dönə-dönə müharibələrdə böyük qələbələr qazanıblar, tərxis olunan kimi yenə sahiblərinin dilsiz-ağızsız iş heyvanına çevriliblər. Azərbaycanlıda demokratika azadlıqlar tələbatı yoxdur. Vətəndaş hüquqları, şəxsi ləyaqətə hörmət hissi azərbaycanlıların böyük hissəsi üçün uğrunda mübarizə aparılası, can veriləsi dəyər deyil.

Biz başı qapazlı şərq və sovet xalqıyıq. Dünənəcən bizi partkomlar, biriqadirlər, kolxoz sədrləri əzirdilər. İndi də elə o adamlar əzirlər, vəzifələrinin adları dəyişib, daha da harınlaşıbar.

Biz özümüzü irlandlılara oxşatmaq oistəyəndə komik sitüasiya yaradırıq. İrlandlıların necə qüdrətli xalq olduğu barədə təsəvvür yaratmaq üçün Britaniyanın nə qədər görkəmli şəxsiyyətinin bu millətdən olduğunu öyrənin. Birləşmiş Ştatların əhalisinin 40 faizinin irland kökü var.

Biz harda olmuşuq? İndi hardayıq? İlham Əliyevin yumruğundan başqa bizi dünyada tanıdan nəsə var?

Yoxdur!

Mən özüm qorxaq adamam, Azərbaycanda yaşasaydım, özümü lallığa və karlığa qoyardım, heç nə danışmaz, heç nə eşitməzdim, kömpüteri də onu mənə hədiyyə eləmiş adama bağışlayıb qoyun otarardım. Mən beləyəm, bunu boynuma alıram. Ancaq özünü mübariz, xüsusən siyasi rəhbər sayan adamlar yumruğun üstünə getməlidirlər. Biz daha Əli Kərimlinin nitqlərindən bezdik!

Soljenitsın “QULAQ arxipelaqı”nda litvalı dustaqlardan yazır. Litvalılar zona əsarətindən qurtulmaq üçün özləri avtomatçı əsgərlərin üstünə hücum çəkirdilər ki, güllələnsinlər…

Kimin belə cəsarəti yoxdursa, sussun. Yoxsa saf qəlbli namuslu insanları fövqəladə hərəkətlərə sövq edib cəfəng nitqlər söyləmək ayıbdır.

Vallah, ayıbdlr…

X.X.

26. 04. 2025, Samara