Архивы

İBLİS

09. 10. 23

Adəm yaranandan indiyə qədər,
Yer üzü dəyişib, göy də dəyişib.

Erkəkli-dişili dəyişib bəşər,
Dəyişib İblisin həyatı, işi.

 +

Uzaq gəzir daha xarabalardan,
Çoxdan ayaq basmır məzarlıqlara,

Min ilidr çıxarıb hamamı yaddan,

Bəlkə hərdən-birdən girər bazara.

 +

Beşulduz oteldə yaşar adətən,
Bütöv mərtəbəni bronlayaraq.

Çalğı eşidilir mərtəbəsindən,
Bir insan da görmür özünü ancaq.

 +

Hərdən çaldırsa da Rixard Vaqneri,

Amma Tartinidir əsl sevgisi.

Eşidən olub ki, ağlayıb deyir:

“Zalım necə dərin duyub İblisi!..”

 +

Varıdır cibində nə pasport desən,
Şengen də, əlbəttə, öz yerindədir.

Bürüyür elə ki, canını qüssə,
Ürəyi haranı istəsə, gedir.
+

İxtiyarındadır gözəl yaxtalar,
Gəlir hər məzəsi, verməmiş əmr.

Ancaq nə dincələr, nə rahat yatar —

İblis depressantsız keçinə bilmir!

+
Tanrı hüzurundan qovulan andan,
Bir neçə milyon il sovuşdu artıq,
Bilinmir Qiyamət yetişər haçan,
Buna şübhəsi var İblisin açıq.

 +

Sayı adamların – qarışqa sayı,

Törədir, çoxaldır, bəşər yorulmur.

Çıxır İblissiz də çoxunun zayı,
İnsanı şeytandan ayırmaq olmur.

 +

Tüstüsüz alovdan yaradılandan,

Torpaqdan yaranan gedib irəli.

Döndərir, qaytarır İblis anbaan,
Atom düyməsinə uzanan əli…

11.10. 2023, Samara

DAYIM SABİRƏ OĞLU ÇİNGİZİN ÖLÜMÜ MÜNASİBƏTİLƏ

SABİR ÇİNGİZ

Tanrı vergisiylə doğulan insan,

Özün məhv elədin sən bu neməti.
Yaxşı vaxtın olub, ad çıxarmısan,
Vaxt gedib – adının hanı qiyməti?…

 +

Dünən yazdığını unutdun bu gün,
Elə sağlığında dağıldı irsin.
Gedir oğlun, qızın yazında ömrün,

Öldü Çingisin də — sonun, varisin…

 +

Vaxtı, vədəsi var ölümün məgər?

Ölüm çağrılmayan qonaq deyil ki.

Payızda da gələr, yazda da gələr,

Girər hər qapıdan öz evi kimi…

 +

Öldüyün az qala yarım əsrdir,

Çadırın qurulu qalıb elə bil.

Gedir övladların, nəvən də gedir,

Bu nəsil qırğını tükənən deyil…

 +

İlahi vergiyə vermədin dəyər,
Gəlmədi dilinə adı Tanrının.

Bəlkə ORDA rəhm diləsən əgər,

Eşidər O, Sabir Arbatanlını…

 04.10. 2023, Samara

 

«SÖNÜB İSLAM İŞIĞI, ÇƏKİLİB YER ÜZÜNDƏN…»

Bir neçə il Çernobıl atom stansiyası,
işləyib gecə-gündüz verdi enerji, işıq,

Təkcə işıq deyildi, vardı həm də istisi,
Zavodlara güc idi, küçələrə yaraşıq.

 +

Günlərin bir günündə baş verdi ağır qəza,

Adi qəza deyildi, fəlakətiydi əsrin,

Kül eləyirdi şüa kim gəlirdi haraya,
İndi də davam edir qəzanın fəsadları….

 +

Buna oxşar nəsə var mənim İslam dinimdə:

Yarandığı vaxt olub pozitiv enerjisi.

Sözə, elmə göz açan işığı olub həm də,

Kəşflər də çox olub fəthlərlə yanaşı.

 +

Haçan və hansı qəza baş veribdir bilmirəm,
Tükənbdir dinimin enerjisi, işığı.

Ondan zülmət şüası qalxaraq dağılır həm,

Məhdud hərəkətliyik: geri ya da aşağı.

 +

Harda İslam adıyla yaranırsa nə indi,
Aciz, əsir-yesirdir günüqaradır insan,

Allahdan irəlidə ölkədə Müstəbiddir,

Ölkə də ölkə deyil, cəhənnəmdir ya zindan.

 +

Məzhəb savaşlarında sayı yox qırılanın,
Məscidi yandırırlar, məktəbi partladırlar.

Kişi ayağı altda qalır, tapdanır qadın,
Sütül qızlar boğulur qoca yataqlarında…

 +

Azadlara uca yer yoxdur dar ağacından,
Təhlükə var susana, kəlmə də kəsməyənə.

Hər addımda, hər saat səslənirsə də əzan,
Allahı yox, Despotu xatırladır o sənə…

 +

Bilmirəm ki, nə qəza baş veribdir və haçan,
Sönüb İslam işığı, çəkilib yer üzündən.

Bəlkə şeytan azdırır, “İslam” deyilən zaman,

Çernobılı gözümün önündə görürəm mən….

 

30. 09. 2023. Samara

QƏNİRƏ PAŞAYEVANIN ÖLÜMÜNƏ

20230721_135628

Deyilənə görə, deputat xanım,

Vəsiyyət edibmiş haçandan bəri,

Xalqına dxili orqanlarını,

Bu da ki, sevgidən irəli gəlir.

 +

Bu nəcib orqanlar kimə çatacaq?

Mərmi dağıdana cəbhədə bəlkə?

Necə bölünəcək? Püşk atılacaq?

On deyi, yüz deyil yaralı əsgər…

 +

Üstəlik yüzlərlə hərbçimiz var,

Dalağı, böyrəyi sıradan çıxan.

Tərtərdə kəfəni cırıb çıxıblar,
Yaraları verir indiyəcən qan.

 +

Çoxdur şəhid, dustaq anaları da,
Məzarıq yolunda üzülüb onlar.

Ağır xəstədirlər, yaralıdırlar,
Orqana onların ehtiyacı var.

 +

Bu ölkədə sağlam kim və nə var ki? –

Xəstədir orqanlar, özü də ciddi.

Parlament xoralı, məhkəmə də ki,

Əsl qırmızı qurd eşənəyidir.

 +

Xanım, söyləyirəm sağlığınıza:

Vəkil deyildiniz siz axı əsl.

Siz xəstə orqanda qurd, yaraydınız,
Bütün Milli Məclis, təkcə Siz deyil.

 +

On beş ildə haçan xeyrinə xalqın,
Siz əl qaldırdınız, düymə basdınız?

Müdafiəsinə qalxaraq haqqın,
Müstəbid yeriyən yolu kəsdiniz?

 +

Ala bilərdiniz protez, orqan.

Vəkil maaaşından, xanım, hər ayın,

Sizin yolunuzda yarımcan olan,
Cavan oğlanların bilinmir sayı…

         P.S.

Divanə bir həkim, Rəşid Mahmudov,
Açıqlama verib atüstü dünən,

Vəkil orqanları, deyib, zay olub.
Hərçənd anlamadım nə üçün, nədən…

 

29.09. 2023, Samara

«İTLƏR DƏ YAŞAYIR DƏBDƏYİŞMƏNİ…»

Deyərsən təzədən çəkiləcəkdir
Çexov hekayəsi — kastinq, sınaqlar,
Bütün küçələrdə elə bil gedir.
Anna Sergeyevna hər birində var.

 +

Gedir həndəvərə salmadan nəzər,
“İt gəzdirən xanım”  fikirli, ciddi,
Onu ləngimədən ağ şpis izlər,
Qurov da oturub pusquda indi…

 +

Hamısı ağ deyil, yox, şpislərin,
Qarası, sarısı, xurmayısı var.

Əsr əksi deyil Çexov əsrinin,
Yox eşq romanları, yox o xanımlar…

 +

Modadır qayıdan uzaq əsrdən!
Dönüb vaxtaşırı qayıdır axı,
Yüz il, yüz əlli il düşüb nə dəbdən,

Çoxdan sandıqlarda qalanlar çıxır.

 +

İtlər də yaşayır dəbdəyişməni,

Dəbdən düşəni var, dəbə düşən var.

İnsan nə axtarır? – maraqlı, yeni,
Yeni bəzən nədir? – unudulanlar…

 +

Dünən əzizlənənən balonkalardı,
Kolli, labradordu, spanieldi.

İki itdən biri pudel olardı.

Hanı o pudellər? – yoxdular indi.

 +

Hər iki xanımdan indi birinin,
Yanında, dalınca şpisdir qaçan.

Çoxalıb aşiqi retriverlərin,
İt nə it! – ağlına mat qalır insan…

 +

Həmişə çiylik var, çirkinlik də var,
İnsanın itlərə məhəbbətində.

Bu gün əzizləyər, sabahsa qovar,
Xidmət tələb edər, əylənər həm də.

+

Qabaq kitablardı, kino indisə,

Dəbi dəyişdirən cinsinə itin.
Seriala baxan düşür həvəsə,

İt alır – həyatı kinodur indi.

 +

“İnsandan yaxşıdır it” – demə ancaq.

Yal ona yalayıb-öpmək öyrədir,

Sədaqət göstərib biz də yal alsaq,
Bilirik ki, kimik, adımız nədir…

 

27-28.09. 2023, Sanara

 

PROFESSOR HƏBİB ZƏRBƏLİYEVİN 70 İLLİYİNƏ

Həbib-colorized

Yetişibdir qızıl payız, yaşının yetmişidir,

İnanma, kim desə ki, yetmiş həyatın qışıdır.

 +

«Qocalmışam» demə sən, hər baxanda pasporta,

İndiki dövrdə səksən də cavanlıq yaşıdır.

 +

Məşğələn olsun həmişə, başından aşsın işin,
Saxlayan insanı gənc, başla əllərin işidir.

 +

Hələ çox bar verəcəkdir biliklərin və zəkan,

Töksə də saç, başın əvvəlki alimin başıdır.

 +

Şübhə yoxdur, sütülün, erkənin də ləzzəti var,
Meyvənin dadlısı, əlbəttə ki, yetişmişidir.

 +

Verməmiş dövlətin orden sənə, heç qəm eləmə,
Mükafatın elinin  rəğbəti və alqışıdır.

+

Vurarıq yüz-yüz əlli biz yenə də Salyanda,

Yüzündə bəlkə! — fəqət taleyin bu, gərdişidir…

 

sentyabr 2023, Samara

«ELƏ Kİ, QOCALDIN…»

20230721_135628

Elə ki, qocaldın, çevrilir bədən

Döyüş meydanına; başlanır ağır
Tankların üstündən keçidi birdən.

Aramsız  mərmilər, bombalar yağır.

 +

Bu hələ nədir ki – görünməz əllə,

Düzülür içinə partlayıcıylar,

Nə yaradan bəlli, göndərən nə də,
Üstündə kiminsə nə də adı var.

 +

Eləsi mürəkkəb, eləsi sadə,

Vardır hər birində amma vaxt sayan.

Kim həssassa əgər kifayət qədər,

Saatın səsini eşidir hər an,

+

Yığılır başına itehkamçılar,

Baxırlar ki, nədir içindəkilər.
Elə yerində məhv ediləni var,
Eləsinə dəysən, dağıdıb tökər.

 +

Partlayıcılarla dolu içimiz,
Müxtəlif trotil ekvivalentli.

Sarsılır, partlayır, dağılıırıq biz —

Yaradan, göndərən bəlli deyildir…

 

11.09. 2023, Samara

«AH, BU GÜNƏŞ PARLADI HARDAN BELƏ…»

20230721_135628

Ah, bu günəş parladı hardan belə? –

Pay gəlib o, sentyabrdan belə!

 +

İstilədib damları, divarları,
Qızmış hava, olmasa da gün yarı.

 +

Şölələri pəncərədən göz vurur,

Ağrıyan insan da yataqdan durur.

 +

Evdə necə mən də usandım daha!     

Canda əzm var küçəyə çıxmağa.

 +

Olsa da ürkək hələ addımlarım,
Arxayınam – pilləkəni adlaram!

 +

Asta basıb pillələrə mən ayaq,
Asta da qonnam yaralı quş sayaq.

 +

Xeyli gedib yer tutaram tində mən,
Qızdıraram sür-sümüyü gündə mən.

 +

Qan da damarlarda qızar get-gedə,

Həndəvərindənsə gözəllər gedər.

 +

Bəlkə gülümsər də biri, kim bilir…

Ah, elə bil ki, qayıdıb yay gəlir!

 +

Sonra cəhənnəm soyuğu üz verə,
Qızmağa bəsdir belə bir xatirə…          

 

07. 09. 2023, Samara

FAZİL MUSTAFANIN PREZİDENTƏ ƏLİLLİK ƏRİZƏSİ

Fazil Mustafa 1

Sənə, əlahəzrət, salamlarım var,

Nökəruin Fazildir məktubu yazan.

Millət vəkiliyəm, yadında olar,
Həm də əsgərinəm, ali komandan!

 +

Gecəm-gündüzüm yox, böyük rəhbərim,
Canımı qoyuram sənin yolunda,

Nə qədər silsə də katibələrim,
Qurumur alnımda tərim bir an da.

 +

Əziz prezident! Böyüyüm, atam,
Var bundan, əlbəttə sənin xəbərin,
Ağır və şiddətli terror aktına,
Məruz qalıb həqir kölən, nökərin.

 +

Mənə hücum etdi xomeyniçilər,
Topdan, avtomatdan atəş açdılar
Sağalmır, düzəlmr qıçlarım hələ,
Beş-altı qəlpə də dal tərəfdə var.

 +

Səndən nə gizlədim, dalım dağılıb,

Yaramır, doğrusu, istifadəyə.

Neçə professor baxıb mat qalıb,
Nə vaxrdan həsrətəm yeyib-içməyə.

 +

Canı, əlahəzrət, sözümün budur:

Sənəd ustəyirəm əlilliyimə.

Mən kimi bir terror qurbanı yoxdur,
Göstərsəm ağlayır yaramı kimə.

 +

Pis olmaz  təzə bir maşın da versən,
Cızıb maşınımı İran gülləsi.

Ver lap yaxşısından, zirehlisindən,
Xomeyni gülləsi deşə bilməsin.

 +

Yaxşı pensiya ver, əlahəzrətim,
Yeyib yaxşılaşım, cana gəlim mən.
Yaman bahalanıb indi mal əti,
Doğrusu, bezmişəm ceyran ətindən…

 

Mirzə TƏBİL
23. 08.2023, Samara