Архивы

ÇİN HƏRBÇİ QADINLARININ PARADINA BAXARKƏN

20230721_135628

Ah, bu qadınlar necə addımlayır!

Ah, nə nizam! Ah, necə minlər belə sağ-sol sayır!

Ah, nə gözəl, ah nə məlahətli qadın hərbçi!

Ah, bu qəşəng formaları kim biçib!

Ah, necə də gənc sinələr kükrəyib,

Şux, dolu baldırları təlim görərək bərkiyib…

Möcüzədir qalxıb-enən dizləri,

Xırdaca ulduz kimi yanmaqda qıyıq gözləri.

Ah, itirərdim, cavan olsaydım əgər, ağlımı!

Mən görürəm gur çayı meydanda ya da ilğımı?

Kim görə minlərlə ağ əlcəkli əli oynayan,

Söyləyəcək ah, bu nə simmetriya, harmoniya!

Hər sinə üstündə yatır avtomat,
Hərbi gücü, Çin gücünü göstərir, əlbəttə, misilsiz parad.

Harda nizam varsa, gözəlik də var,
Laqeyd  bu harmoniyaya kim qalar!

Ah, sevirəm vəhdəti addımda mən,
Möcüzə! — vəhdətdəsə minlərlə baxış, üz, bədən.

Ah, bu gözəllik, nizam ancaq yaraşır hərbiyə,
Orduda qalsın bu parad, tərbiyə.

Yox fikir azadlığı tək bir dəyər,
Naminə qurban nizamı ver – dəyər…

O8.05. 2024, Samara

«AH, NƏDİR APRELDƏ BELƏ İSTİLƏR…»

20230721_135628

Ah, nədir apreldə belə istilər,
Gey necə nazik – yenə tər isladır.

 

Yanğı gəlir fasiləsiz içməsən,
Mal kimi içsən də, yenə təşnəsən.

 

Nemətin ən dadlısı dondurmadır,

Bir uşağı dörd-beşi doydurmadı…

 

Ot göyərir parkda cənublar kimi,
Ah, yenə saldım yada öz ölkəmi…

 

Güllər ağaclarda çıraq tək yanır,

Gec ayılanlar da tumurcuqlanır.

 

Ah, bu nədir ki, hələ var öndə may,
Gör  nə müsibət olacaq onda, vay…

 

Hardasa göydən yerə odlar yağır,
Yerdə də çarpışma dayanmır ağır.

 

İstiyə baxmır ki, rusun əsgəri,
Olsa yarmcan da çəkilmir geri.

 

Qan axıdır torpağa qıpqırmızı,
Qışdakı tək qanlıdır hərbin yazı.

 

Quş da, çiçək də unudulmuş daha,
İndi dönüb əsgər özü  torpağa.

 

Qan qıza əsgərdə necə istidən,

Qan töküb öldürməyi istər  bədən…

 

…Ah, bu uşaq doymadı dondurmadan,

Neməti bir-bir aşırır durmadan.

 

Ah, ye bala,  bəlkə də çoxdan sənin
Fərmanına imza atıb  rəhbərin.

 

Üç ilə ya beş ilə səngərdəsən,
Görməyəcəksən bu kefi orda sən…

 23. 04 . 2024, Samara

 

XEYİR VƏ ŞƏR. VƏ YA AT QOŞULAN MERSEDES

09. 10. 23

Bahalı Mersedes alıb at qoşan,

Zəngin  avamlardan lətifələr var.

Nə qədər yöndəmsiz və küt sayasan,
Gerçək müşahidə əksidir onlar.

 +

Sükan arxasında otursaq da biz,
Dilini bilsək də mühərriklərin.

Köhnə və həminki qalır içimiz,
Almanla, yaponla fərqimiz dərin.

 +

Fikirdən yaranan, fikir yaradan,

Vacib sözlər gəlib qıraqdan bizə

Elə dəyişir ki, keçincə zaman,
Sözlər öz əslinə daha bənzəmir.

 +

Əxlaqi-fəlsəfi doxotomiya —

Xeyir və şər gəlib ərəb dilindən,

Üstündə onların mədəni dünya,

Düşünür, əlləşir neçə min ildir.

 +

Əxlaqi məzmunu çıxarılaraq,

Atılıb Mersedes mühərriki tək,

Sözlər məişətdə işlənir ancaq,
Vüsət itirərək və kiçilərək.

 +

Bədbəxt hadisə —  şər, yas yeridir şər,

Biz toya-bayrama deyirik xeyir.

Adam öldürürlər – kim yaxın gedər?
Şər – yasıdır, millət yığılıb gedir…

18. 04. 2024, Samara

 

«TOYUQDAN-CÜCƏDƏN HAÇAN NƏ BİŞSƏ…»

Toyuqda-cücədən haçan nə bişsə,
Yeyərdi boyunla ayağı anam.

Deyərdi: “Bunları sevirəm nəsə,

Ətlə uşaqlıqdan olmayıb aram”.

 

Biz də inanırdıq onun sözünə,
“Ayaq, baş sevəndir məmə”, deyirdik.

Buddan, döş ətindən bəxtə düşsə nə,
Bir göz qırpımında basıb yeyirdik.

 

Çorəyin boyadı, çayın qalmışı,
Qazanın kəfgirlə sıyrılan dibi,

Paltarın köhnəsi. güvə salmışı –

Yaxşını qıymadı ölənə kimi.

 

Oğul-uşaq yedi yaxşını, geydi,
Şirin, dadlı bizə düşəydi gərək.

Qazanın dibində qalanı yedi,

Qalmayanda yedi anam şor-çörək.

 

Tikənin yağlısı, ya təzə paltar,
Çaşdırır, indi də məni, pərt edir.

Mənə xatırladır anamı bunlar,
Nə yesəm, nə geysəm, haram kimidir…

  1. 04. 2024, Samara

BALACA EVLƏR VƏ YEKƏ EVLƏR

Şəhərdə yekəpər, uca evlərin,
Balaca evləri gözü götürmür.

Onların yanaşı həyatı gərgin,
Həyat yox, daimi savaşdır ömür.

 +

Uca, yekəpər ev dinc duran deyil,
Gözümçıxdıdadır yazıq balaca.

Gah açıq sataşır, gah da ki, qəfil,
Yorulub oturmur yekəpər, uca.

 +

Yuxarı qatlardan ya kül əndərir,
Yanan siqareti tullayır hərdən.

Başına kranı açıb döndərir,
Özü də işəyir üstünə bəzən.

 +

Gah yanır balaca, gah suda üzür,
Sarsılıb, üzülüb barı da, dam da.

Canını dişinə yığaraq dözür,
Bu zülmə ev nədir, dözməz adam da.

 +

Balaca yekənin gözünə girir,
Korlayır peyzajı, perspektivi.

Görür yuxusunda zırpı hər gecə,
Silib yer üzündən balaca evi.

 +

Balaca zavallı neyləyə bilər? —

Uca, yekəpərin göy dəlir başı!

Şikayət elərsən – gəlib sökərlər!

Hara getsən – onun dostu, qardaşı.

 +

Sonu balacanın çatır deyəsən,

Zırpı təpiklərdən sarsılıb divar.

Var nə harayına onun tələsən,
Nə də yekəpərə “dayan” deyən var…

 

11. 04. 2024, Samara

«HANI ƏSL MÜZƏFFƏR, MİLLƏTİN QƏHRƏMANI?..»

09. 10. 23

Ölümcül hərbə girdi,

Fəhlə-kəndli balası.

Dedi: Vətən, sənindir,
Yenə Şuşa qalası!

Dalğalandı, qabardı,
Allı-yaşıllı bayraq,

Nə istəkli xəbərdi,
Alınmağın, Qarabağ!

 +

Hanı o şanlı əsgər,
Qala fatehi hanı?

Hanı əsl müzəffər,

Millətin qəhrəmanı?

Niyə millətin özü,
Məyus və qaraqabaq?

İgidliyin yox izi –

Basılmış kimi, qorxaq.

 +

Xalqın işıqlıları,

Qolları bağlı, dustaq.

Solur qız uşaqları,
Zindana basılaraq,

Başını qaldırmağa,

Cəsarət eləmir xalq,

Sancılıb uca dağa,

Dalğalansa da bayraq,

Burda dayaınıb Ağa,
Başının üstdə oyaq.

Gözdən qoymur uzağa,
Yumruq qolaylanaraq –

Adın batsın, Qarabağ!

01. 04. 2024, Samara

ALLAHIN ƏLLƏRİ

İYUL 2023

“Səcdə eləmirsən, İblis, niyə bəs,
Yaratdığım kəsə öz əllərimlə?” —

Allah deyib – bilir, yəqin ki, hər kəs,

Otuz səkkizinci surədə belə.

 +

Əlbəttə, Allahın sözüdür Quran,

Tamam vasitəsiz nitqidir onun.

Hər sözü müqəddəs sayır müsəlman,
Dəyişməz ehkamdır, əbədi qanun.

 +

Əgər əlləriylə yaranıb insan,
Bəs nəyi yaratmış o, “”Kun!” deyərək?

Əllə nə yaranar, nə cana gələr?
İnsan yaradanda ruh, nəfəs gərək.

 +

Bizi əlləriyə o, yaradıbsa,

Deməli, Allahın əlləri vardır?!

Çiyin var, boyun var, əlləri varsa,
Təbii, başı var, ayaqları da…

 +

Əldən danışarmı əli olmayan?

Başqa üzvlər var, varsa əl əgər.

Ruh deyilmi Allah məkan bilməyən?

O ayəni insan deməyib məgər?

 +

Bu kitab oxunur min üç yüz ildir,
Şübhələrlə çaşan tək mən deyiləm.

Susur, öz içində hərə gizlədir,
İçindən üşənir, bayırından həm.
+

Bu böyük kitabın ziddiyyətləri,
Bir nədir, yüz nədir, min olar hətta.
Ömrün son həddinə çatandan bəri,
Susmağı doğru iş saymıram daha.

 +

Bu böyük kitabın müəllifliyi,
İnsana məxsusdur, buna əminəm.

Allah adından o, sözünü deyib,
Yaxşı çox söz deyib, pis də deib həm.

 +

Bircə şey var  bizə təsəlli olan:

Allah yaradıbdır o müəllifi.

Əllə yaranmamış ancaq o İnsan,
Tanrı qüdrətiylə dünyaya gəlib.

 

15. 03. 2024, Samara

«CƏNNƏTİN YERİNİ BİLƏN ADAM VAR?»…

Cənnətin yerini bilən adam var?

Yeddi qat səmanın üstdəsə əgər,

Onda necə bitər orda xurma, nar?

Çaylar necə axar, hara tökülər?

 +

Orda nə istisə, nə soyuqdusa,
Sərin kölgə vədi deyilmi əbəs?

Yorulmaz —  insanın işi yoxdusa,

Nədən dincələcək cənnət əhli bəs?

+

Baxıb həyatına, həndəvərinə,
Ərəb bu cənnəti yaratdı bəlkə?

Yemişdi xurmadan axı başqa nə?

İstəyi, arzusu sərin su, kölgə…

 +

Arvad cavansa da, çirkin, əfəldir,
Həyatın, rəftarın ağırlığından.

Huri xəyalıyla tapıb təsəlli,
Ərəbi ehtiras incidən zaman…

 +

Təşnənin suyudur, acınsa yemi,
Cənnət əfsanəsi yaşar əbədi.

 Sübutu, dəlili yox onun elmi,

Sağlam düşüncəyə o həm də ziddir.

 +

Orda hurilər var, uşaq yox ancaq,
Yoxdur ata, ana, yox bacı, qardaş,

Orda nə it, pişik, nə at olacaq,
Nə sığal çəkməyə doğma, əziz baş…

 +

Əbədi yox işin, məşğuliyyətin,
Ağac da əkmirsən, çünki bağdasan.

Nədir bu həyatın bəs məziyyəti?

Doğrudan bunumu arzular insan?

 + 

Xurma kölgəsində, mütəkkə üstdə,

Min il oturarsan, milyon, milyard il,
Ağıl başdan çıxar çox belə getsə —

Ya cənnətə gedən ağılsız gedir?..

13. 03. 2024, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI — 20

İlham Əliyev 4

Bağdadda kor xəlifəyəm,
Həm də Ağanəzərəm,
Mənə qarşı söz deyəni,
dama basıb əzərəm!

Eyy! Uxx!

 

Sərhədləri bağlamışam,
Cibimdədir açarlar.

Hərdən-birdən beş-on adam,
Gedir-gəlir uçarla.

 

Bağlamışam qəzetləri,

Yutubu dağıdıram.

Kim mənim ağzımı əyir,

Tuturam, bağırdıram.

Eyy! Uxx!

 

Avropadan uzaqlaşdım,
Abırsız ora yerdir.

Kişi ilə orda qadın,
Tualetə bir gedir.

 

Kişi kişiyə evlənir,
Dişini alır dişi.

Biz sevirik ənənəni,

Bəyənmirik bu işi!

Eyy! Uxx!

 

Orda saysız narkoman var,

Orda qumarbaz hamı.

Pozar, başdan çıxararlar,

Orda bizim adamı.

Xalqım dəmir yumruq altda,
Yüz faiz bəxtəvərdir.

Kişi evlənir arvada,
Arvad kişiyə gedir.

Eyy! Uxx!

 

Bizdə yoxdur heç bilən də,
Nədir qumar oynamaq.

Narkotiki işlədən də,
Müxalifətdir ancaq!

 

Xalq ömür sürür firavan,
Çörəyi var bir tikə.

Məni sevir hər bir insan,

Yəni ki, bütün ölkə.

 

Bizim Leyla bu işlərdən,
Yazıb gözəl bir şeir.

İndi onu Ramiz Rövşən,
Sizin dilə çevirir!

Eyy! Uxx!

 

Mirzə TƏBİL

12. 03. 2024, Samara

LONDONU ALMIŞ DUMAN, NAMAZ ÜSTDƏDİ QURBAN…

qurban məmmədli namaz

Yağış yağır Londona,

Londonu duman alır,
Qurban Məmmədli yenə,

Beş rükət namaz qılır.

 

Dəstəmaz alır əvvəl,
Tələsmədən yuyunur.

Çəkir dirsəyə qədər,
Təmiz Temza suyunu.

 

Yara olsa da alnı,

Döyülməkdən möhürə,

Qurban pozmur halını,
Namaz qılır beş kərə.

 

Əyilib-düzələrkən.

Akrobat kimi qıvraq,

Qurban namaz qılır şən,
Həvəsli, həm də oynaq.

 

Dualarını bəzən,

Elə ucadan deyir,

Hürkür küçədən keçən –

Ağ ingilis, həm neqr.

 

Kral bundan xəbərdar,

Rişi Sunak da bilir.

Həsr eləyir debatlar,
Bu işə Vestministr.

 

Arxiyepiskop özü,

Qurbana qonaq gedir,

Deyir: “Pliiz, namazı,
Gəl, üç rükətə endir”.

 

Qurban deyir: “Əsla mən,

Dönmərəm imanımdan.

Çünki radikalam mən,
Radikal müsəlmanam”.

 

Tez-tez evindən ancaq,
Ağlamaq səsi gəlir –

Quran buyuran sayaq,

Arvadı kötəkləyir…

 

Mirzə TƏBİL

  1. 03. 2024, Samara