XEYİR VƏ ŞƏR. VƏ YA AT QOŞULAN MERSEDES

09. 10. 23

Bahalı Mersedes alıb at qoşan,

Zəngin  avamlardan lətifələr var.

Nə qədər yöndəmsiz və küt sayasan,
Gerçək müşahidə əksidir onlar.

 +

Sükan arxasında otursaq da biz,
Dilini bilsək də mühərriklərin.

Köhnə və həminki qalır içimiz,
Almanla, yaponla fərqimiz dərin.

 +

Fikirdən yaranan, fikir yaradan,

Vacib sözlər gəlib qıraqdan bizə

Elə dəyişir ki, keçincə zaman,
Sözlər öz əslinə daha bənzəmir.

 +

Əxlaqi-fəlsəfi doxotomiya —

Xeyir və şər gəlib ərəb dilindən,

Üstündə onların mədəni dünya,

Düşünür, əlləşir neçə min ildir.

 +

Əxlaqi məzmunu çıxarılaraq,

Atılıb Mersedes mühərriki tək,

Sözlər məişətdə işlənir ancaq,
Vüsət itirərək və kiçilərək.

 +

Bədbəxt hadisə —  şər, yas yeridir şər,

Biz toya-bayrama deyirik xeyir.

Adam öldürürlər – kim yaxın gedər?
Şər – yasıdır, millət yığılıb gedir…

18. 04. 2024, Samara