«CƏNNƏTİN YERİNİ BİLƏN ADAM VAR?»…

Cənnətin yerini bilən adam var?

Yeddi qat səmanın üstdəsə əgər,

Onda necə bitər orda xurma, nar?

Çaylar necə axar, hara tökülər?

 +

Orda nə istisə, nə soyuqdusa,
Sərin kölgə vədi deyilmi əbəs?

Yorulmaz —  insanın işi yoxdusa,

Nədən dincələcək cənnət əhli bəs?

+

Baxıb həyatına, həndəvərinə,
Ərəb bu cənnəti yaratdı bəlkə?

Yemişdi xurmadan axı başqa nə?

İstəyi, arzusu sərin su, kölgə…

 +

Arvad cavansa da, çirkin, əfəldir,
Həyatın, rəftarın ağırlığından.

Huri xəyalıyla tapıb təsəlli,
Ərəbi ehtiras incidən zaman…

 +

Təşnənin suyudur, acınsa yemi,
Cənnət əfsanəsi yaşar əbədi.

 Sübutu, dəlili yox onun elmi,

Sağlam düşüncəyə o həm də ziddir.

 +

Orda hurilər var, uşaq yox ancaq,
Yoxdur ata, ana, yox bacı, qardaş,

Orda nə it, pişik, nə at olacaq,
Nə sığal çəkməyə doğma, əziz baş…

 +

Əbədi yox işin, məşğuliyyətin,
Ağac da əkmirsən, çünki bağdasan.

Nədir bu həyatın bəs məziyyəti?

Doğrudan bunumu arzular insan?

 + 

Xurma kölgəsində, mütəkkə üstdə,

Min il oturarsan, milyon, milyard il,
Ağıl başdan çıxar çox belə getsə —

Ya cənnətə gedən ağılsız gedir?..

13. 03. 2024, Samara