Архивы

DİOGENİN VƏSİYYƏTİ

Duyaraq yaxındır ölüm saatı,
Diogen elədi vəsiyyətini.

Dedi: “Basdırmayın hamı tək məni,
Adamlardan uzaq bir yerə atın”

 +

Dedilər: “Sən əgər basdırılmasan,

Qurd-quş cənazəni parçalayacaq”

Söylədi: “Yanıma qoyun bir ağac,
Qovum, yaxın gəlsə quş ya da heyvan”.

 +

Dedilər: “Öləndən sonra sən axı,
Diogen, heç nə hiss etməyəcəksən!”

Söylədi: “heç nə hiss etmirəmsə mən,

Nə fərqi, cəsədim necə dağılır?”

 

04. 10. 2025, Samara

 

«MÜHARİBƏLƏR DƏ ELƏ QUMARDIR…»

Ludoman… qumarbaz… oyun dəlisi…

Nə udan bəs deyir, nə də uduzan.

Özünü qumara qoyur eləsi,

Bütün var-yoxunu itirən zaman.

 +

Nişan üzyünü, paltarını da,

Qoyub arvadının uduzdu biri.
Böyükdü, dahiydi o insan hətta,

Və eyni zamanda qumar əsiri.

 +

Oyun ehtirası bir qumarbazın,

Fəlakət yaşadır neçə insana.

Olur namusunu arvadın, qızın

Uduzan – ev-eşik hələ bir yana…

 +

O dahi sağaldı… Sağalmır hər kəs,

Ehtiras qızdıqca mərci qaldırar.

Nə uduzan, nə də udan deyir “bəs”,

Göz yaşı axan var, qanı axan var…

 +

Müharibələr də elə qumardır,
Əlbəttə, hamısı yox, çoxu ancaq.

Əlli mini birdən, yüz mini birdən,
Var xalqın adından uduzan qoçaq.

 +

Dəstləyib qumarbaz əskinasları,

Qumar masasına necə atırsa,

Yığıb milyonları cəbhəyə basır,
Soyumur “rəhbərin” ehtirasısa.

 +

Hərbi oyunlarda ciddi fərq də var:

Rəhbər cibdən çəkmir oyuna xərci,

Adi insanlardır uduzulanlar,
Qaldırır rəhbərsə həvəslə mərci…

 +

Napoleon olsun, ya da xırdası,
Biz ludomanların cılbik hərbinə.

Hərəmiz müxtəlif bir əskinasıq,
Sabah növbə çatar sənə ya mənə…

 

02. 10. 2025, Samara

«YAXŞI FİLM NƏDİR, PİS FİLM NƏDİR…»

Yaxşı film nədir, pis film nədir? –

Necə ayırasan yaxşını pisdən?

Ekranda görürsən, gecə, məsələn,

Bir qadın ağlayır, sonra zəng edir.

 +

Ağlaya-ağlaya danışır elə,

Nitqi və jestləri dramatikdir.

Kamera göstərmir xətdəki kimdir,
Səhnə inandırır, görməsən belə.

 +

Özün iştirakçı olursan indi,

Tərəf də tutursan münaqişədə.

Bu zaman gözünün  axsa yaşı da –

Bu film, əlbəttə, yaxşı filmdir.

 +

Ayrı filmdə də gecə bir qadın,

Ağlayır, zəng vurur, ağlayır yenə,

Ancaq inandırmır nəsə bu səhnə,

Bilirsən oyundur sənin baxdığın.

 +

Nə xəttin özü var, nə xətdə adam,
Danışır bu xanım özü özüylə.

Telefon həqiqi olsa da belə,

Fərqli deyil uşaq oyuncağından.

 +

Diqqətin yayınır qadından daha,
Çəkiliş səhnəsi indi görürsən.

Əsəbi rejissor söyür hər kəsi,
Gedir köməkçisi əldən-ayaqdan.

 +

Qaçır tualetə ağlayan xanıım,
Buterbrod basır cəld operator,

Yenə qışqıracaq rejissor: “Motor!” —

Bunları gördünsə, itir inamın…

 +

Əsər – kino olsun, ya da ayrı janr,
Tanrı yaradana bənzəsin gərək.

Yoxdan o, var ola gözəl, mübarək,

Necə yarandığı düşündürməyə…

 

30. 09. 2025, Samara

SENTYABRDA OTUZ…

İsti nə gözəlmiş sentyabrda!

Yaydakı istidən deyil bu isti.

Nə təngiyir nəfəs, yandırır nə də,

Göyçək buludludur başımın üstü.

 +

Havadan gülşərab ətri duyuram,

Dərəcə otuz ya otuza yaxın.

Doyub-dolanmaran, nə qədər vuram,

Başım yerindədir, kefimsə yaxşı.

 +

Yaş da bu havada öz yaşım deyil,

(Mən bu möcüzəylə cavanlaşmışam.)

Otuzdur… uzağı üstə gəl beş il,

Gör nə hünərliyəm düşəndə axşam…

 +

Sümüyüm isinib, qaynayır qanım,

Kim belə istidən inciyə bilər?

“Jarko!” – inləyərək nazlı bir xanım,

Açıldı sonuncu düyməyə qədər…

 

24. 09. 2025, Samara

«ÖLÜR GÖY GÖYƏRÇİN, ÇÖL GÖYƏRÇİNİ…»

Gəzinti zamanı, az qala hər gün,
Yolun ortasında səkidə ya da,
Görürəm sərilib ölü göyərçin,
Qan qızarır sınıq qanadlarında.

 +

Pişik boğan da var, maşın vuran da,
Uşaq atan daşa hansısa qurban.

Zəhər yeyib ölüb bəlkə biri də,

İndi yem dağılır içalatından…

 +

Ölür göy göyərçin, çöl göyərçini,
Ömrü də uzağı üç il-beş ildir.

Dünən fəvvarədə sevincək çimən,

Yaxılıb asfalta, cəsəddir indi.

 +

Gözucu baxmadan adamlar keçir,
Nəcib, ağ deyil ki, kədərləndirə.
Gəlincə növbəti süpürgəçilər,

Yapışıb qalacaq öldüyü yerə.

 +

Keçirik… az deyil baxan bəlkə də,
Kimsə oğrun baxır, gözucu kimsə.

Öz yatağında  öl, ya da səkidə —

Quşdan ölümünlə fərqli deyilsən…

 

21. 09. 2025, Samara

 

«QOCADAN «NECƏSƏN?» SORUŞAN İNSAN…»

Qocadan “necəsən” soruşan insan,

Qoca necə olar? Özün fikirləş…

Eynidir, həmindir haçan soruşsan,
Qar yağa ya göydən od tökə günəş…

+

Haldan-hala düşmək cavana xasdır,

Yasla toy arası məsafə — bir an.

Qanadı qırılmış indi quşsa da,
Ala buludlarda üzər bir azdan.

+

Özü necəlikdir qocalıq elə,

Gəlir fəsil kimi, dəyişmir ancaq.

Bax, quruyub durub necə qüssəli,

Əli baltalını gözləyən ağac…

17. 09. 2025, Samara

«BƏS QOCANIN NƏDİR MƏŞĞULİYYƏTİ…»

Bəllidir cavanın işi-peşəsi:

Çalışır, yaradır, sevişir cavan,

Həvəs çox, zamandır təkcə çatmayan,
Tələsir, o, yerlə, göylə əlləşir.

 +

Bəs qocanın nədir məşğuliyyəti? –

Elə ki, cavanlıq qalır arxada,

O, daim zamanla əlbəyaxadır,
Sevginin, yuxunun itib ləzzəti.

 +

Pompey əsgəri tək o keşik çəkər,

İzləyər saatda dəqiqələri,
Seçər yerişini əqrəbin belə,

Günün axırına çıxana qədər.

 +

Əsl ölüm-dirim savaşı gedir,

Gəlir zülmətiylə elə ki, gecə.
Yuxuya getməmiş ayılır qoca,
Gözü saatda və pəncərədədir.

 +

Qoca sinirlidir göy buludlusa,

Yağış nəmi duyur evin içində,
Ulduzlar yanırsa, kefi həmindir –

Vurub tökər yerə əlacı olsa…

 +

Səhər açılanda yenilir gecə,

Hava qaralanda basılır səhər,
Zamanla döyüşdə qazanır zəfər,

Müharibənisə uduzar qoca.

 

10. 09. 2025, Samara

«YURDDA OLMADIĞIM ARTIQ ON İLDİR…»

On il nə qədərdir? Bu, çox ya azdır?

Bir itin ömrüdür, məsələn, on il,

İtin günü kimi keçə də bilir,

Kiməsə bu müddət həmişə yazdır.

 +

Ev tikər, bağ salar zirək on ilə,
Gül kimi uşaqlar bəzər həyəti.

Günlərin bir günü ölməsə iti,
Haçan keçdi on il – çətin ki, bilə…

 +

Stalin  dövründə prokurorlar,

Tələb elərdilər adətən on il.

Hər iki ölkəmdə bu iş həmindir —

İtin günündəsən it ömrü qədər….

 +

Bir dəli başlayan müharibənin,
Yatırılmğına on il ya çox var.

Qum saatındakı qumdur adamlar,
Sızarlar, sayları bilinməz yəqin.

 +

Yurdda olmadığım artıq on ildir,
Arada elə bil Çin divarı var.

Çin iki min ilə yaradan divar,

Qəlbdə onca ilə ucala bilir…

 06. 09. 2025, Samara

SMS ALMIŞAM FÖVQƏLADƏDƏN…

SMS almışam Fövqəladədən,

Xəbərdarlıq edir o, lütfən mənə:

Yağış gözlənilir axşama yenə,
İstisna edilmir dolu da hərçənd.

 +

Ciddi narahatdr hava saytı da:

“Çıxsan, çətirini unutma” deyir.

Hava məlumatı qadağan deyil,

Rusiyada hələ, şükr Allaha.

 +

Və şükr Allaha, burda hələ ki,
Göydən yağış yağır və dolu hərdən,

Unudub çətiri götürməsən də,
Yoxdur həyatına ciddi təhlükə.

 +

Hələ aralıdan keçir dronlar,
Hələ biz deyiliK, hədəfdə, şükr.

Hardasa raketlər yükünü tökür,

Hələ ayrı yerlər bombalanırlar.

 +

Hava barəsində xəbər tək indi,
Cəbhə xəbərləri burda izlənər.

Mövsümə uyğunsa üst-başın əgər,

Rahat işindəsən ya gəzməyində.

 +

Bir harın bahalı maşında bəlkə,
Səni basar suya keçib yanından.

Darıxma, düşün ki, elə bu anda,
Dronlar harasa yükünü tökər…

 04.09. 2025, Samara

 

KRUİZ

Axşam düşüb, qaralıb Volqanın suları da,
Tələsmədən teploxod keçir dörd göyərtəli.

Haçansa beləsində üzmüşəm, yadımdadır,
Elə çoxdan olub ki, mənə yuxu tək gəlir…

+
Hələ sərnişinlərin yuxu vaxtı deyildir,

İşıqları gur yanır, çıraqban gedir gəmi.

Bürclərin ən parlağı qopub enib elə bil,

Qaranlıqdır göy üzü indi yer üzü kimi.

 +

Nə həngamə, nə kef var, indi o teploxodda!

Kayuta, göyərtəyə sığmır orda sərnişin!

Üç gün, dörd gün çəkəcək kruiz, artıq ya da,

Qayğılar unudulmuş, hamı tox və hamı şən…

 +

Bax belə bir gəmiyə yer kürəmiz də dönə,
Parlayaraq dolaşaq fəzanı gündüz, gecə.

Nə bir qarnı ac olan var, qana susayan nə,

Ömrümüz kruiz tək keçib bitə eləcə….

 +

Kruiz həyatını vəd edənlər çox olub,
Kommunizm deyən də olub belə istəyə.

İnananları sonra truyumlara doldurub,

Şimallarda, Sibirdə göndəriblər ölməyə…

 01. 09. 2925, Samara