Архивы

«QAYDASIZ YAŞADIM BÜTÜN HƏYATI…»

                       anamın xatirəsunə

Nə iş, nə qazanc, nə müəyyən peşə,

Cəmiyyət içində nə də mövqe var.

Tay-tuşdan sağ qalan nəvə qucaqlar

Heyf, oxşamadım mənsə tay-tuşa.

 +

Qaydasız yaşadım bütün həyatı,
Pozdum şifahini, yazılını da.

Gərək təzə qayda özüm yazaydım,
Güclü olan yazır… Gücüm çatmadı…

 +

Elə bil yazıyam qısa, yox ancaq,

Orfoqrafiya, punktuasiya.

Başı ağrıyacaq, oxuyan olsa

Yazı ya tərsinə anlaşılacaq.

+

 Yazısız bilirdi nəçiyəm, kiməm,

Savadsız anamsa üzümə baxıb.

Qonşuya deyərdi: uşaq sınıxıb,
Çox içmir çayı da qabaqkı kimi…

 28. 08. 2025, Samara

 

«ÇƏTİN, ÇOX ÇƏTİNDİR PİYADAÇILIQ…»

İndiki zamanda şəhər yerində,
Çətin, çox çətindir piyadaçılıq.

Evin qapısından qırağa çıxcaq,
Həyatın, bilirsən, təhlükədədir.

 +

Sanki sürücülər düşməni görür,
Səni həndəvərdə görən dəqiqə,
Eləsi az qalır çıxa səkiyə,
Eləsi maşını üstünə sürür.

 +

Göz ağardanı var, qışqıranı var,
Biri işarəylə silah göstərir.

Bəlkə də kiminsə namaz üstədir,

Ya ayrı səbəbdən yan sovuşurlar.

 +

Susmur nəriltisi mühərriklərin,

Əsirsən piyada zolağında da,
Sanki zebra  deyil ayağın altda,
Keçirsən pələngin belində sanki.

 +

Sükan arxasında qadınsa əgər,
Qalxır avtomobil şahə də hərdən.

Səni, məni minə beləsi birdən  —
Necə ölü olaq, coşmarıq məgər…

 +

Nə deyim, çətindir piyadaçılıq,
Elə bil azlıqsan – qovulan, həqir.
Nərələr dalımca evə də gəlir –

Vura bilməyiblər, yandırır acıq…

 

23. 08. 2025, Samara

BİZ ÖZÜMÜZ ƏŞYA, HƏYAT DA ŞEYDİR…

Paltaryuyan maşın və ya qabyuyan,

Kompüter, telefon, avtomobil al — 

Hər şeyin üstündə kitabçası var

Ətraflı işlətmə qaydalarıyla.

 +

Başa salır hara taxasan nəyi,

Tərsi ayırasan avanddan necə,

Necə salmayasan maşını gücə,

Necə saxayasan aldığın şeyi.

 +

Dərman satışına indi biz baxaq:
Ətraflı təlimat hər birində var.

Düzdür, oxuyanda başı ağrıdar,

Vacibdir diqqətlə oxumaq ancaq.

 +

Söz-söz oxuyaraq çalışır insan,

Bir nöqtə, bir vergül gözdən itməsin,

Qarınçın olanı başçın içməsin.

Az deyil lap əzbər yadda saxlayan.

 +

Dini təlimləri götürək indi.

Əlbəttə, tanışsa bizə hansılar.

Nəyi necə etmək qaydaları var,
Əslində onların hər birində də.

 +

Nəyi hara taxaq, haçan nə yeyək,

Nə səbəblə içmək olar ya olmaz,

Kimlə dostluğumuz günah sayılmaz,

Kimlərlə oturub-durmayaq gərək…

 +

Biz özümüz əşya, həyat da şeydir,

Nəyi, necə etmək kitabı da var.

Amma nədənsə xoş ömür-gün yaşar,

Kim nəyi, necəni tərsavand edir…

 

13. 08. 2025, Samara

TƏKLİK

Anadangəlmədir, yazıdır bizə,

Onsuz doğulan yox, o, hər kəsdə var.

Adına xəstəlik demək də olar,
Yoxdur bu azara müalicəsə.

 +

Ölüm qorxusu tək ağırdır hərdən,

Qurtuluş axtarır bir təhər hərə,

Kənddən üz tuturuq böyük şəhərə,

Həmin ağrı qalxır həminki yerdən.

 +

Cüt olaq, çox olaq – təkik hər zaman,
Varlığa xassədir təklik əbədi.

Hər kəs yeganədir, taleyi -fərdi,
Bunun bahasını ödəyir  insan…

 +

Təklikdən qaçırıq biz ömür boyu,

Ölümdən qaçan tək. Təzələyirik
Dostu, sevgilini — yenə də təkik,

Məyusuq – tapılmır dirilk suyu….

 +

“Fəlsəfənin ilham pərisi” deyir,

Ölümə bir alman. (Özü də təkdi).

Etiraz etməzdi bizə bəlkə də,

Əlavə etsəydik əgər təkliyi…

 

11.08. 2025, Samara

«BÖYÜK OLMAQ İSTƏYİR UŞAQ AĞLI KƏSƏNDƏN…»

Böyük olmaq istəyir uşaq ağlı kəsəndən,

Böyüklərin həyatı xoşuna gəlməsə də.

 +

Gedən gündən məktəbə uşaq yenə tələsir,

Tələsir bitə məktəb, necə sevsə də dərsi.

 +

Pis keçə, yaxşı keçə tələbəlik illəri,

Tələbə təhsil boyu baxır ancaq irəli.

 +

Diplom həsrətindədir, arzusu müsəqillik,

Yoldaşlardan ayrılar hərçənd gör neçə illik…

 +

Sonra ailə və iş. Ya da iş və ailə,
Nə qədər gözləntisə irəlidədir hələ.

 +

Zamanı tələsdirir, zamanı qovur insan,

İstəklərdir bəlkə də Kürəni fırlandıran…

 +

Subay artıq atadır, babadır ata çoxdan,
Ana isə nənədir, bəxtəvəri yox ondan.
+

Sonrasa istəklərin gəlir tükənən çağı,

Qoymağa güc, həvəs yox daha dağ üstə dağı.

 +

Bir vaxt illəri qovan milyon gözləntilərdən,
Halına uyğun gələn deyil indi biri də…

 +

Elə bil yol üstdəsən, ötürənlərin hazır,

Ləngiyib yubananda yola salanın bezir.

 +

Sevgiləri çəkilib ürəkdən cavanlığın,

Həmindir ancaq həyat eşqinin çılğınlığı.

 +

Qocanın dilində yox, bu eşq gözlərindədir,

Vurulmuş uşaq kimi sevgisini gizlədir…

 

06-07.08. 2025, Samara

 

QARĞIDALI ƏTRİ

Qocalıqda dəyişən və dəyişməyən nədir?

Ağarsa da – saç qalır, çoxu dişlərinin də.

Nəbz, təzyiq norrmada ya normaya yaxındır,

Yatağa yıxa bilən bir azar da yoxundur.

Yeməyə iştahın var, dad bilir ağzın hələ,
Cavanlıqdan fərqlidir halın bununla belə.

Bax, yenə bulvardayam, sürətim də həminki.

Cavansa da, arxada qalır məndən öndəki.

Baxmıram qabaqkı tək həndəvərimə ancaq,

Ayın çayda əksinə məndə daha yox maraq.

Baxmıram adamlara – qadın olsun ya kişi,

Mənsiz keçir kütlənin çayqırağı yürüşü.

Cavanlıqda duyduğum qadın ətri yox daha,

Dezodorant qoxusu qatılaşır havada…

Nə geyim gözümdədir, nə çılpaq “ərazilər”,

Əlbəttə, nə də məndə bir insanın gözü var…

Gedirəm tələsən tək, qulluğa gedən sayaq,

Məsafəni bitirib, tez də geri qayıtmaq!

Birdən yavaşıyıram… Belə olur hər dəfə.
Qarğıdalı qaynadıb satırlar həndəvərdə.

Buğ vurur qapaq altdan… mən bu xəstəyə məlhəm,
Qarğıdalı ətrini ciyərimə çəkirəm.

Həyətdə, ocaq üstdə anam da qaynadardı,

Yayda nəyi olmasa, qarğıdalısı vardı.

Pay gəlirdi qonşudan özünkü olmayanda,

Hanı o günlər indi, hanı o yaylar indi…

Qarğıdalının ətri anamı salır yada,
Ana yoxsa – yetimik həyatın hər anında…

 

01. 07. 2025, Samara

«NƏYİN KASBIDIR KASIB GÖRƏSƏN?..»

Nəyin kasıbıdır kasıb görəsən?-

Xeyli nəzəriyyə var bu barədə.

Oxu Marksı ya Oskar Lyisi,

Sonra kasıblara bax həndəvərdə.

 +

İctimai deyil, görərsən, səbəb,

Siyasi də deyil, düşünsən dərin.

Və alın yazısı kimi mürəkkəb,
Mücərrəd söhbətə uymayaq, gəlin.

 +

Kasıb – təkəbbürdən kasıbdır ancaq,

Düz gedir, yerişi həmişə şaxdır.

Nəinki təzimlə əyilmir qoçaq,

Heç öz ayağının altına baxmır!

 +

Tacın düşməyəcək, a kişi, əyil!

Təzim elə sağa, sola və önə.

Bəlkə sağa, sola tökülüb qızıl,

Əyil, nəzər yetir həndəvərinə.

 +

Əyil yeriyəndə, əyil duranda,

Başıucalıqda xeyir yox, insan!

Əyili yaşasan, günün birində,

Ayağın altında qızıl taparsan…

 

31.07. 2025, Samara

 

İŞQAL

Oğul, ərazimiz otuz iləcən,

İşğal altda qaldı, bilirsən yəqin.

Qaçqın, köçkün oldu nə qədər insan,

Getdi yad ellərə, düşdü didərgin.

 +

Otuz yaz ötüşdü bu işğal altda,
Qışların sayısa çox ola bəlkə.

Ölkədə bir yeni nəsil boy atdı,
Ölkədən nə deyim… həmindi ölkə…

 +

Sonra ölkə qalxdı ayağa birdən,
Ölkə deyəndə ki, xalq idi qalxan.

Kimə xalq deyirəm, özün bilirsən,

Xalq deyil savaşa daldadan baxan.

 +

Kimdi qabaqdakı? Kasıb-kusubdu,

Kənd uşaqlarıydı qan axıdanlar.

Xalqındı, əlbəttə, döyüşən ordu,

Hərçənd bu barədə ayrı fikir var…

 +

Nə baş ağrıdıram – qovuldu düşmən.

Torpaqlar işğaldan azaddır indi.

Ərazi bütövdür, ölkə suveren,

İtirdik neçə min ancaq igidi…

 +

Hər şeyə, hər kəsə ölkədə indi,

Dövlətin çox ciddi nəzarəti var.

Bağlanıb, qıfıllı qalır sərhədi,

Xarici unudur daha adamlar.

 +

O ki qaldı xalqa… həminkidir xalq…

Çalışır, başını salıb aşağı.

Dövlət işlərinə onda yox maraq,

Əsgər böyüsə də evdə uşağı.

 +

Oğul, siyasətə qarışmaq bizim

Ölkədə heç kimə məsləhət deyil.

Başçı yaxşı bilir xalqa nə lazım,

Sözün doğrusunu ancaq o deyir.

 +

Çəkir qayğısını suyun, çörəyin,

Yollar, körpülər də öhdəsindədir.

Onda açarı var hər bir ürəyin,

Biləcək – ifadə eləməsən də…

 +

Xalqınsa əslində işi çox asan,

Dilinə nəzarət eləsə əgər.

Ağzını sərhəd tək qıfıllayarsa,

Azad, həm suverən sayıla bilər.

 

30. 07. 2025, Samara

 

ƏN ALİSİ DEYİLMİ TANRI SƏNƏTKARLARIN?…

Metodist kilsəsinin qabağındakı ləkdə

Çiçəklər əkilib – var sadəsi, mürəkkəbi.

Özünəməxsus nəsə görürsən hər çiçəkdə,

Biri təəccüblüdür, titrədir biri qəlbi.

 +

Bax, bu çiçək sadədir, gül açan deyil yəqin,
Tünd yaşıl yarpaqların rəsmi amma incədir.

Öz şəkli çəkilibdir üstündə hər yarpağın

Rəssam bu işə yalnız qızıl suyu işlədib…

 +

Yaşıla nə yaraşır, bu qızıl sarısı, ah!

Yarpaq üstündə yarpaq – sadəlikdə möcüzə.

Nə məqsəd, nə fikirlə bunu yaradıb Allah?

Bu rəsmlə nə deyir ya nə göstərir bizə?

 +

Bunu haçan yaradıb? Bəs bir azca o yanda,
Qıvrım ləçəklərindən xoş ətir yayılanı?

Ayrı qayğısı yoxmuş bunları yaradanda?

Tökülməyibmi o an dünyada insan qanı?

 +

Qarnı toxmuş hər kəsin? Köməyə çağıran səs,
Bəs necə titrətmədi fırçasını Tanrının?

Heç səbəb sənətkarı, yox, yayındıra bilməz! –

Ən alisi deyilmi Tanrı sənətkarların?…

 +

Kəsilmir yer üzündə ac uşaqların səsi,

Ulduzları səmadan dronlar salıb qaçaq.

Bir an sönükmür ancaq yaratmağın həvəsi.

Dünya alt-üst olsa da, sənətkar yaradacaq.

Metodist kilsəsinin durmuşam qabağında,
Varmı, yoxmu – bilmirəm Tanrı ruhu kilsədə.

Öz şəkli həkk olunub bir çiçək yarpağında,

Tanrıdan təsəllidir o, bəlkə həm də dərsdir…

 

25. 07. 2025, Samara

ŞUBERT

Steynveylə bir ildə dünyaya gələn düha,

Nə Steynvey, nə ayrı piano ala bildi.

Ən ucuz alət belə pulu yoxdu almağa,
Not kağızı da ona borc ya pay verilirdi.

 +

Göylərdən yəqin gələn melodiyan Şubert,

Kağıza köçürürdü, ürəyində çalaraq.

Otuz bir il ömürlə yaratdı elə sərvət,
Həm fəxr, həm şərəfdir öxuyana, çalana.

+
Ona sərvət vermədi onu dahi yaradan,

Möhtac olurdu bəzən not kağızına hətta.

Nə bəşərdən incidi, nə də küsdü Tanrıdan —

Beləcə övladından nümunə görür ata…

 

22. 07. 2025, Samara

Qeyd:

Steynvey (Ştaynveq) – fortepiano ustası, Steinway & Sons firmasının banisi