Архивы

AZƏRBAYCAN FUTBOLU: İMİŞLİ, ZİRƏ…

Ah, yenə səsləndi fiti hakimin,

Ah, yenə futbol savaşı başladı!

Üstələyər indi görək kim kimi.

Azəribaycanda oyun başqadı!

 

Çıxdı İmişliylə Zirə meydana,

Toz havaya qalxdı duman tək qatı.

Burda otu bəlkə gecə heyvana,

Kimsə yedirdib, salaraq xəlvətə

 

Xeyli azarkeş oyunu seyr edir,
Sayları bəlkə olar on beş nəfər.

Məncə, kişi xeylağıdır hər biri,

Yox, bacılardan, deyəsən, bir əsər.

 

Hər necə diqqətlə baxam, qanmıram,
Hansı İmişli və Zirə hansı bəs?

Bir-birinin eynidir onlar tamam,

Adları gəlmir dilə — yanlış və tərs.

 

Anlamadım, top nə qədər girsə də,

Hansı qapı kimdə və kimlər vurur.

Xaricidir hər biri, həm inturist,

Bizdən idi hakimi – duydum qürur…

 

Başladı birdən, çox heyf, gur yağış,
Oldu seçilməz daha ağdan qara.

Burdasa İnternet, oyun bitməmiş,
Söndü — Udan kimdi: İmişli? Zirə?…

 

25.03. 2026, Samara

«İSGƏNDƏR, TEYMURLƏNG, NAPOLEON OLMAQ…»

Iskəndər, Teymurləng, Napoleon olmaq

Eşqinə uşaqkən düşənlər azmı?

Yoxdur, anlayırsan, gec ya tez ancaq,

Səndə dahilərin miqyası, əzmi.

 

Bilirsən elmlə, ya da sənətlə,

Dünyanın fəthinə səndə yox hünər.

Adını tanımaz öz ölkən belə,

Özünsə sıravi, adi bir nəfər.

 

Səni bu həqiqət sarsıda bilər,
Həyata ikrah da bəlkə yaradar.

Uğursuz sayaraq özünü əgər,

Ruh azarı tapsan, bir əlacı var:

 

Zəngini basmadan, döymədən ya da,
Aça biləcəyin varsa bir qapı,

Dəyiş paltarını, baxma saata,

Və get, yaddaşında ünvanı tapıb.

 

Mənzilə girəndə gəlib güllə tək,

Önündə çömbəlsə qoca it əgər,
Uşaqlar dəhlizə qaçıb sevincək,

İçəri, əlindən tutub, çəksələr,

 

Səni uşaqların alıb əlindən,

Böyüklər, nəhayət, qucaqlasalar,

Dünya fəth elədin elə bil ki, sən –

Sevgidən dəyərli dünyada nə var?…

 

18. 03. 2026, Samara

YƏQİN «POÇT QUTUSU» YADINIZDADIR…

Ağalar, xanımlar! Soruşmaq əgər

Olarsa: Hardadır yalın əliylə,
Şuşanı düşməndən alan igidlər?

Görünmürlər, çıxmır səsləri belə…

 

Gözə görünən çox, səs çıxaran da,
Ancaq qəhrəmana bənzəmir onlar.

Hər biri narazı güzəranından,

Tələbsə xahiş və yalvarış sayaq.

 

Qartal tək ucalıb qarlı dağlara,

Yalın əllə yenən yağını budur?

Məmur qapısında igid ağlayar? –

Yox, beləcə istər haqqını muzdur…

 

Yəqin «Poçt qutusu» yadınızdadır:
Novruzəli ağa malına görə,

Canından keçməyə belə hazırdı —

Məgər alqış düşmür belə hünərə?

 

Düşür…Novruzəli nökərdi ancaq,

Xanın malı ona canından əziz.

Ağasından əmr, komanda alcaq,

Ölümə yollanar sorğu-sualsız.

 

Sədaqəti gözəl Novruzəlinin! —

O, rəğbət doğurur, həm empatiya.

Ancaq o, qəhrəman deyildir yəqin,

Əsgər yox, o, nökər gəlib dünyaya…

 

Əsgər axtarıram, görmürəm əsgər,
Hanı yalın əllə Şuşa alanlar?

Məmur qapısına getsə kim əgər,
Onun hünərinə məndə şübhə var.

 

Məmur qapısını kəsir səhərdən,
Tələbi xahiş və yalvarış sayaq.

Hədələyir, deyir çatıb son həddə,
Nədənsə özünü öldürür ancaq…

 

Yalın əllə Şuşa alanlar hanı?

Bəs indi kimsiniz, hardasınız siz?

Millətin şərəfi itir, tapdanır –

Piket keçirməyə yox hünəriniz…

 

 14. 03. 2026, Samara

QUYRUQ İTİ BULAYIR…

Qocalıb əldən düşüb,
Gözlərindən su damır.

Gözü yuxudan şişib,

Hərdən-birdən ayılır,
O, quyruq da bulamır,
Quyruq onu bulayır.

 

Çoxdan oturub-durur,
Natanyahu deyənlə,
Haranı desə, vurur,

Ordan o yanı hələ,

Demir bizə nə xeyir –

Quyruq iti bulayır!

 

Natanyahu çalana
Qol qaldırıb oynayar,

Daha düşmür yadına,
Onun Qrenlandiya,
Ayaq üstə bayılır –

Quyruq iti bulayır.

 

Hara uzatsa barmaq,
Natanyahu Benyamin,

Donald bombalayacaq,
Dərhal oranı yəqin,

Vurur, qanla sulayır, —

Quyruq iti bulayır.

 

Benyamin deyir: Donald,

Verməsinlər qoy Nobel.
Alacaqsan mükafat

İsraildən – Şnobel!

Bambılını tovlayır, —

Quyruq iti bulayır…

 

06. 03. 2026, Samara

«TAĞIYEV DƏ, ƏSLİNƏ QALSA, İMPERİALDI…»

Bizdən olsa da, bizə bənzəməyən bu insan,

Nə ilə fərqlənirdi bu günün adamından?

Kiçildir, cırlaşdırır bizi elə bil zaman,

Və əksinə, böyüyür Tağıyev Zeynalabdin.

 

Böyük imperiyanın o kişi sakiniydi,

Elə imperiyaya uyğun miqyası vardı.

Nə ölkə bağlı idi, təbəələri nə də,

Tağıyev də, əslinə qalsa, imperialdı…

 

 

Tağıyev keçməmişdi Prokrust yatağından,
Boyuna, sanbalına yoxdu məhdudiyyəti.

İmperiya sayaqdı imperiyalı insan,

Genişlənmək, böyümək, ucalmaqdı niyyəti.

 

Tək o yox. Üzeyir də, elə Mirzə Cəlil də —

Böyük imperiyanın övladı idi onlar.

Prokrust kimdir, nədir – bilmədən böyüdülər,

Miqyasda və dəyərdə hər biri imperial.

 

Prokrust əsiridir millətim bir əsrdir,
Kəsilir, düzəldilir eyni ölçüdə hamı.

Prokrust yatağına ölkə çevrilib indi,

Yaddaşlarda yaşayır imperiya adamı.

04.03. 2026, Samara

«ARZULA, SOYDAŞIM, ARZUNU BƏSLƏ…»

Doğrusa Darvinin nəzəriyyəsi,

Təkamülsə bizi yaradan əgər,
Azərbaycanlılar, əgər beləsə,
Yaxın zamanlarda uça bilərlər.

 

Yaxın deyəndə ki, bir neçə əsr,
Keçəcək, nə qədər tələssək də biz..

Sərhəd bağlı qala gərək o qədər,
Qanad arzusuna düşə ellimiz.

 

Danışmaq arzusu yaradıb dili,
Yemək arzusuyla yaranıb ağız.

Burun yaranıb ki, iyləyək gülü,

Yaranıb oğlanın arzusuyla qız…

 

Türmədən, qəfəsdən, yuvadan çıxıb
Getmək arzusundan möhtəşəm nə var?

Hər şey də arzudan başlanır axı,

Kimin arzusu var – o, qanadlanar.

 

Arzula, soydaşım, arzunu bəslə,

Bir də görəcəksən qanadların var.

Yoxsa tay olarsan sürünənlərə,
Var bunu da sənə arzulayanlar…

 27. 02. 2026, Samara

DOQQUZ QIZ

Qazamat isti də, soyuq da olar,
Səbəbi bir deyil yuxusuzluğun,

Türmədə gündüz də, gecə də uzun,
Nədəsə fərqləri deməzsən ki, var.

 

Kiliddə açarın səsi eynidir,
Qapı açılanda çıxan səs eyni.

Sorğuda-sualda yox heç nə yeni,
Və eyni qaydada gün gəlib-gedir.

 

Nə koroğlular var, nəbilər nə də,

Türmə divarına kim yaxın gələr?

Meydan boşalıbdır yəqin, yox xəbər,

Yeddi min yeddi yüz yetmiş yeddidən.

 


Başıaşağıdır kütlə və susqun,

Dəyənəklidəndir onun qorxusu.

Dəyənəklinin də  qaçıb yuxusu,

Bu doqquz qızdandır qorxusu onun.

 

Hər biri dik başlı, hər biri tərsdir,
Gedəcək yolunu axıra qədər.

Azad, həm də yeni fikirlidirlər,
Hər biri millətə nümunə, dərsdir.

 

Haçansa hər biri bu doqquz qızın,

Şahzadə gözləyib ağ atlı bəlkə

Yoluna ümidlə indi göz dikər,

Doqquz min doqquz yüz doxsan doqquzun.

 17. 02. 2026, Samara

«ON MİLYONU KEÇİB SAYI MİLLƏTİN…»

On milyonu keçib sayı millətin,
Vardır bu sahədə hələlik artım,

Yeni milyonlara atılan addım,

Bir az ləngisə də, büdrəməz yəqin.

 

Sayı əhalinin milli qürurdur,
Guya rəqəmlərlə şərəflənirik…
Güneyi sayan da çoxdur üstəlik
Sayır, saydığını ikiyə vurur…

 

Bəli, bizə xasdır cüvəllağılıq,
Qədimlik axtaran gör nə qədərdir…

Çoxundan biz çoxuq, çoxundan qədim,

Günsə itin günü, danışsaq açıq…

 

On milyon üstəgəl dörddə biri də…

Güneysiz, yalansız —  az deyil bu da.

Və bu qədər insan dəyənək altda,

Başını qaldırmır – bu, qəribədir…

 

14. 02. 2026, Samara

İSLAM

İşıq var —  mənbəyi zəka, ağıldır,
Var iti tiyədən yarananı da.

Gur işıq parlayıb zülməti yardı,
Bir zaman ilğımlı yarımadada.

 +

Neçə minlər idi qılınc tiyəsi,

Oynayır, şimşək tək çaxır hər biri.

Tiyə işığını tiyə yiyəsi,
Tutaraq durmadan gedir irəli…

 +

Zəka işığı da, şübhəsiz, yanıb,
Sübutlar az deyil – səhih, tarixi.

Bəs bu qaranlığın mənbəyi hanı? –

Niyə büdrəyirik kor kimi axı?

 +

Bir zaman Çernobl stansiyası,
Məgər deyilmiydi işıq mənbəyi?

Elə ki, baş verdi nüvə qəzası,
Külə çevirdi o, canlı hər şeyi…

 +

Biz haçan qəzaya uğradıq belə? —
Yada təhlükəyik, özümüzə həm.

Çalma əsarəti, vətəndaş – kölə,

Ölkə türmə kimi – qıfılı möhkəm.

 +

Kimlər cəhənnəmə çevirib belə

Möhtəşəm  İranı, əvəzindısə,
Ərəb cənnətini vəd edir hələ? —

İransa qan qusan vərəmli xəstə…

 

 

10. 02. 2026, Samara

FƏZAİL AĞAMALININ ÖLÜMÜNƏ

Bakı özündən gedib,
Neftçala, Salyan zəlil.

Bu dünyanı tərk edib,
Ağamalı Fəzail.

 +

Tükü biz-biz duran da,
Tükü ağaran da var,
Ağ kürü tökür indi,
Kürdəki ağbalıqlar.

 +

Yerazdı xalisindən,
Deyildi adi bir şəxs,

Yerini yerazınsa,
Başqası verə bilməz.

 +

Burun tutub küləyə,
Cəbhə, partiya seçdi.

Quruculuqda bəlkə,
Məmmədəmini keçdi.

+

Axıtdı qızıl qanı,

Şuşada, Xankəndidə.

Bağışladı Salyanı,
İlham da əvəzində.

 +

Keçdi cavanlıq, heyhat,

Yoruldu Ağamalı,

Qızına keçdi mandat,
Halaldır ata malı!


Yeri yuxarıdaydı,
Deputatdı çoxillik.

Millətim yaş axıdır,
Dünya dərdinə şərik.

 +

Necə çəkək bu dərdi,

Bu dərd dözməli deyil.

Fəzail yox, öləydi,
Kaş ki, Mustafa Fazil…

 

Mirzə TƏBİL

10. 02. 2026, Samara