Архивы

    POL VERLEN. UŞAQ QADIN

verlain-19

Child wife

Mənim sadəliyimdən heç nə anlamadınız
Zavallı bala, heç nə!

Qaçdınız düşünmədən, küsüyə aldandınız,
Məhəl qoymadan mənə.

 

 

Sizin gözlərinizin mavi aynası gərək,
Mehribanlıq əks edə.

Sizəsə, yaslı bacım, baxanlar ancaq görər,

Gözünüz dolu öddür.

 

 

Miskin qəhrəmanlara bənzədiniz, yelləyib

Xırda əllərinizi,
Qışqırıq qopardınız, dəliydiniz elə bil,

Hanı nəğməniz sizin?

 

 

Gurlayan və döyünən nə var sizi qorxudar,
Həm qasırğa, həm ürək.

Qəmli-qəmli mələyib anasını axtaran,

Quzusunuz siz ürkək.

 

 

Heyf ki, bilmədiniz işıq, şərəf gətirən,
Güclü məhəbbət nədir.

Bədbəxt çağı sevincli, ciddi  — bəxtəvər ikən,

Və gənc ölənə qədər.

 

Fransızcadan tərcümə

QEYD: Şeirin adı orijinalda ingiliscədir

20.11. 2018

Samara

  POL VERLEN. XİLASKARA SONETLƏR. VIII-IX

verlain-19

Ah! Seigneur, qu’ai-je? Hélas? me voici tout en larmes…

İlahi, nə haldayam! Əfsus, yaş içindəyəm

Fövqəladə sevincdən: məni nəşələndirir,

Sizin səsiniz, mənə qüssə gətirir həm də,

Nəşədə və qüssədə cazibə eyni hərçənd.

 

Gülürəm, ağlayıram, sanki cəngi çağırır,

Döyüş meydanlarına, ordasa görürəm mən,
Qara, ağ mələkləri, qalxanlara çəkilən.

Şeypur səsiylə qəlbim qürurlu, həm qayğılı.

 

 

Həm ekstaz, dəhşət həm seçilmiş olduğumdan,
Dəyərim yox, böyükdür mərhəmətiniz ancaq.

Ah! Nə çılğınlıq fəqət,nə səy! İçim doludur,

 

Həqiranə duayla, hərçənd sonsuz həyəcan,
Dumanlandırır mənə açdığınız ümidi

Ucalıram, əsərək.

 

1X

Miskin qəlb, iş belədir!

 

Fransızcadan tərcümə

16-17. 11. 2018

Samara

POL VERLEN. YAZIQ GƏNC ÇOBANA

verlain-19

A poor young shepherd

 

Qorxuram mən öpüşdən
Arıdan qorxan kimi.

İtirdim dincliyimi,

Gecə əzabıyla mən.
Qorxuram mən öpüşdən.

 

Fəqət sevirəm Kəti,

İşvəli gözləriylə.

O necə də incədir,
Ağuş cizgiləriylə,

Necə sevirəm Kəti!

 

Valentin günü gəlir!

Deməliyəm mən, ancaq,

Sabah deyə bilmərəm…

Nə qorxulu gəlir, ah,
Valentin günü mənə!

 

 

Bəxtəvərlik əbədi,
O mənə vəd eləyib,
Ancaq nə qəribərir,
Məşuquna çevrilib,
Yanmaq həndəvərində.

 

 

Qorxuram mən öpüşdən
Arıdan qorxan kimi.

İtirdim dincliyimi,

Gecə əzabıyla mən.
Qorxuram mən öpüşdən.

 

Fransızcadan tərcümə

18.11. 2018

Samara

POL VERLEN. XİLASKARA SONETLƏR. VII, 2

verlain-19

Puis, va! Garde une foi modeste en ce mystère

 

Onda get! Qoru sadə inamı sən məhəbbət

Sirrinə, onunla mən ağlınam, bədəninəm,

Qayıdarsan evimə tez-tez ancaq yenidən,

Sönər Şərabla təşnən, ondadır həm də qüdrət.

 

 

Dadarsan Çörəyimdən, həyat —  xəyanət onsuz,

Atama dua edər, Anamdan da dilərsən,
Deyərsən ki, razısan torpaq qürbətində sən,
Olasan öz yununu dinməz verən bir quzu.

 

 

Kətan köynək geyinmiş məsum bir uşaq kimi,
Unudasan özünə sevgini və kimliyi.

Və, nəhayət, bir azca mənə bənzəyəsən sən.

 

 

İuda və Pyotr,  İrod, Pilat günləri,
Mən də beləcə idim, elə sənin kimi mən,

İnciməyə, ölməyə əlində canilərin.

fransızcadan tərcümə

13-17.11. 18

Samara

POL VERLEN. XİLASKARA SONETLƏR. VII, 1

verlain-19

1

Certes, si tu le veux mériter, mon fils, oui…

Bəli, oğlum, şübhəsiz, layiq olmaq istəsən,

İçində yuva salan şübhə var ki, nə qədər,

Zanbaqda arı necə  gizlənməyə tələsər

Açıq qolları üstə uçub gəlsin Kilsəmin.

+

Qulağıma yaxın gəl, axıt qorxu bilmədən,
Və cürətlə, içini varsa  incidən hər nə,

Bir sözü ötürmədən, təkəbbürsüz de mənə,

Göstər peşmanlığını həm də elədiyindən.

+

Sonra otur süfrəmə, sadəcə, çəkinmədən,

Ən ləziz yeməkləri daddıraram sənə mən.

Mələk özü olacaq  şahidi bu şərəfin.

+
Dəyişməz bir üzümün şərabını içərsən,

Dadı, gücü, qüdrəti, xeyirxahlığı onun,

Cücərdəcək qanında ölməzlik toxumunu

fransızcadan tərcümə

13-16.11. 2018

Samara

POL VERLEN XİLASKARA SONETLƏR.VI

Seigneur, j’ai peur … Mon âme en moi tressaille toute…

Cənab, qorxuram.. Tamam canımda ruhum əsir.

Anlayıram borcluyam sizi sevməyə, amma,
Neyləyim axı, Tanrım, özümlə bacarmıram,
Qorxudur məni xeyrin, ləyaqətin dəyəri.

 

 

Bəli, necə? Sarsılır göyün qübbəsi, budur,
Son mənzil axtarırdı mənim ürəyim orda.

Elə bil ki, üstümə uçub gəlir səma da,

Deyirəm: “Məni sizə aparan hansı yoldur?”

 

 

Uzadın əlinizi mənə, qaldırım yenə,

Bu azarlı ruhumu, üzülmüş bu bədəni.

Səmavi ağuş ancaq şərəfini görmədən,

 

 

Mümkündürmü bu? Bir gün Sizin sinəniz dönə,

Bizim öz sinəmizə, yer tapıla mənə də,

Həvarinin baş qoyub yuxuladığı yerdə?

fransızcadan tərcümə

13.11. 2018

Samara

POL VERLEN.  XİLASKARA SONETLƏR. V

verlain-19

Il faut m’aimer…  Je suis ces Fous que tu nommais…

 

Sev məni… Adım elə sən deyən Dəlilərdir,
Mən yeni bir Adəməm, yox daha köhnə insan,

Sənin Roman, Parisin, Sodomun və Spartan,

Miskin süfrə önündə oturan bir fəqirdir.

 

 

Mənim sevgim bir oddur, külə döndərər, yaxıb,
Ehtirasla qovrulan bədəni və sovurar

Ətir tək. Mənim eşqim güclü daşqına oxşar,
Yuyar özüm əkdiyim bütün bəd toxumları.

 

 

Harda ki, mən ölmüşəm, haçansa ucalar Xaç,

Bir gün mərhəmətimin sehrli gücüylə sən,

Müti, həqir və miskin, hüzuruma gələrsən.

 

 

Sev.  Sıyrıl çıx gecədən, baxımsız və yazıq kəs,
Bütün əbədilikdə fikrim və surətimdir,
Sənin sevə bildiyin və tək mənəm əbədi.

 

Fransızcadan tərcümə

11-13.11. 2018

Samara

   POL VERLEN. XİLASKARA SONETLƏR. IV

verlain-19

Seigneur, c’est trop! Vraiment je n’ose. Aimer qui? Vous?

Kimi sevmək? Sizimi? Yox, Cənab, bacarmaram.

Əsirəm, bacarmaram… Bu sevgi mənlik deyil,

Ləyaqətim də çatmaz. Siz təzə bir Qızılgül,
Sevgi küləkləriylə nəfəs alan, canlanan.

 

Müqəddəslər ürəyi! Siz oldunuz havadar,
İsrailə. Məsum və yarıyacan açılı,
Bir çiçəyin başında pərvaz eləyən arı,

Necə sevim mən Sizi? Sizin düşüncəniz var?

 

Ata, Oğul, Ruh? Mənsə təkəbbürlü və qorxaq,
Günahlıyam şərədir meylim həmişə ancaq.

CanImdakı duyğular, görmə, eşitmə, təmas,

 

Dad, qoxu, elə mənim bütün varlığım, əfsus! —

Vicdan ağrım, ümidim ekstazla göynəyər
Bir nəvaziş görən tək, mən Adəmə dönərəm.

 

Fransızcadan tərcümə

10-11. 11. 2018

Samara

POL VERLEN. XİLASKARA SONETLƏR. III

verlain-19

Il faut m’aimer ! Je suis l’universel Baiser…

 

Sev məni! İki dünya öpüşüyəm çünki mən,
Mənəm, bax, bu bəbəklər, mənəm bu danışdığın,
Dodaqlar, ah, azarlım, sənin içinə yanğın,

Salan qızma da mənəm! Gərək məni sevəsən!

 

 

Tərəddüdlər bilmədən mənim eşqim ucalır

Səninsə miskin eşqin ürkək, şübhə girinci.

Aparar səni, qartal quzu aparır necə,
Səmalardan su içən kəklikotlarınacan.

 

 

Aydın gecəm! Sənin də gözlərində ay yanar!

Ah, dumanda işıqdan, sudan yaranan yataq!

Bütün səmavi mehrab. bütün ilkin təmizlik,

 

 

Sev məni! Bu iki söz ali kəlmələrimdir,

Qadir Tanrınam sənin, ancaq istəyirəm ki,

Sən özün ürəyinlə məni sevə biləydin.

 

Fransızcadan tərcümə

09-10. 11. 2018

Samara

POL VERLEN. XİLASKARA SONETLƏR. II

verlain-19

J’ai répondu : « Seigneur, vous avez dit mon âme…

 

Dedim: “Tanrım, ruhuma dediklərin toxundu.

Mən sizi axtarıram, tapa bilmirəm amma,

Fəqət siz sevin! Görün enmişəm haralara.

Əbədidir sizdəki çünki sevginin odu.

 

 

Ruha məlhəm sizdədir, hamı sizə təşnədə,

Əfsus! Bir nəzər salın necə şübhələrdəyəm!

Ləyaqətim çatırmı düşə biləm səcdəyə,

Sürünməkdən qanverən dizim üstdə oturub?

 

Axtarıram mən sizi, büdrəsəm də nə qədər.
İstəyirəm kölgəniz örtə ayıblarımı.

Sizinsə kölgəgəniz yox, sizdən sevgi yayılır.

 

İlıq çeşməsiniz siz, lənətli könüllərə,
Acısınız siz ancaq, işığınız hamıya,
Öpüşlərlə kimin ki, gözləri qapanmayıb.

 

Fransızcadan tərcümə

08.11. 2018

Samara