DANTE. CƏHƏNNƏM. 17-Cİ NƏĞMƏ

geryon_flight

(fraqment)

1 «İtiuc quyruqlu vəhşiyə bir bax,
Dağ aşır, silah və divar məhv edir,
Bütün dünyanı o yoluxduracaq”.

 +

4 Mənə bu sözləri Ustadım dedi,

Və ona əl edib çağırdı gəlsin,

Yanına mərmərdən tikili bəndin.

 +

7 Və yalanın çirkin bu təcəssümü,
Gəlib sərdi yerə başı, gövdəni
Çəkə bilmədisə quyruq hissəni.

 +

10 Üzdən ədil insan ona deyərdin,

Baxana xeyirxaj, nəcib görünər,

Ancaq ilan idi qalan yerində.

 +

13 Pəncələr qıllıdır, qoltuğa qədər,

Sinəsi və döşü hər iki yandan,
Təkərə bənzəyə naxışlar bəzər.

 +

16 Bacarmaz tatar da, türk də heç zaman,
Belə bir tikişi, naxışı nə də.
Toxumamış belə Araqna kətan.

 +

19 Sahildə qalan tək kolazlar hərdən,
Yarı sudadırlar, yarı quruda;

Ya acgöz almanın olduğu yerdə,

 +

22 Qunduz ki, oturur başlasın dava,

Monstr eləcə oturdu indi,
Qumluq ərazinin daş qırağında.

 +

25 Boşluqda quyruğu onun əsirdi,

Yuxarı millənib zəhərli çəngəl.

Əqrəb neştəridir elə bil,, iti.

 +

28 “Məcburuq indi biz, — söylədi Rəhbər,
Yoldan bir az çıxaq, bax orda hələ,

O vəhşi uzanıb daş üstdə gözlər”.

 +

31 Sağ tərəfə endik biz beləliklə,

Boşluq qırağına on addım atdıq,

İnciməyək qumla, alov diliylə.

 +

34 Elə ki, biz onun yanına çatdıq,
Gördüm ki, boşluğun yaxınlığında,
Adamlar oturub qum üstündə sıx…

italyancadan tərcümə

iyun, 2023, Samara

+++++++++++++++++++

«Ecco la fiera con la coda aguzza,
che passa i monti e rompe i muri e l’armi!
Ecco colei che tutto ’l mondo appuzza!». Читать далее

TÜKƏZBAN XALANIN XATİRƏSİNƏ

18.11. 19

“Ədə, nöş gəlməmişdin,

Millət var idi bizdə…

Yanmışın adı nədi…

Zeynab… tuman da dizdən…”

 +

Özü çox vaxt ertədən,

Qapımıza gələrdi,
Televizora hökmən,

Bizi dəvət elərdi.

 +

Futbol olsun, ya konsert —

Yarıkənd olardı cəm,

O əsl  mədəniyyət,

İdman naziriydi həm.

 +

Gülər üz idi özü,
Dəvətsiz gələnə də.

Oğlu Məmmədhüseyn,

Səmayə gəlini də.

 +

Nə qədər axşamları,

Keçirdim o evdə mən…
Cib yaylığından iri,
Deyildi bəlkə ekran,

 +

Böyük mədəniyyəti,
Sığışdırırdı ancaq,
Anladırdı ruh nədir,
Nədir saf, nədir uca…

 +

Atsa da həyat yolu

Uzağa —  unutmadım,

Üzü qırışla dolu,
Həzin səsli arvadı.

 

13.06. 2023, Samara

 

DANTE. CƏHƏNNƏM. 16-CI NƏĞMƏ

(FRAQMENT)

1 Gəldiyimiz yerdə başqa çevrəyə

Düşən suyun səsi eşitdik gəlir.

Oxşayır arılar qaldıran küyə.

 +

4 O zaman üç gölgə işgəncələrin,

Yağışı altında keçən dəstədən,
Qoparaq  yeridi birgə irəli.

 +

7 Çığırdılar bizə yetişən zaman:

 “Dayan! Paltarından bilinir ki, sən,

Gəlmisən əxlaqsız bizim məkandan”.

 +

10 Ah, nə qədər köhnə, təzə yara mən,
Gördüm od yaradıb bədənlərində!

Yenə sarsılıram xatırlayarkən.

 +

13 Qışqırıq saxladı rəhbərimi də,

Dönüb mənə sarı dedi: “Hələ dur,

Onlara ehtiram göstərək həm də”.

 +

16 Ox kimi səpilib buranın odu

Əgər yaxmasaydı, deyərdim ki, mən,
Tələsən onlar yox, sən olmalıydın”.

 +

19 Biz dayandıq, köhnə şeiri yenidən,
Oxudular; biz sarı yüyürən zaman,

Üçü düşdü təkər şəklinə birdən.

 +

22 Necə mübarizə başlamamışdan,

Soyunub yağlanmış güləşçilər də,
Hərlənib gözləyir əlverişli an,

 +

25 Bunlar da hərlənib çevirirdilər,

Üzlərini mənə, boyunlar bu vaxt

Tərs dönür, ayaqlar tərs gedirdlər.

+

28  “Doğurursa miskin bu qumluq ikrah, —
Biri dedi, — biz, həm yalvarışımız,

Qaralıb üzlər də axı yanaraq,

 +

31 Nəzərə alaraq kim olmuşuq biz,

De kimsən, ki, sağ və sağlam olaraq,
Cəhənnəmdə belə açırsan sən iz…

italyancadan tərcümə

iyun 2023, Samara

AH, HEYVAN SEVGİSİ ŞİRİNDİR NƏDƏN…

1

Nə qədər it sevən, pişik sevən var!
Kimsə ilan sevir, tısbağa kimsə,

Az deyil meymuna mehr salanlar,

Quşlar da çox evdə verir səs-səsə.

 +

İndi adamlardan it-pişik artıq
Ulduzdur sosial şəbəkələrdə.

Milyon izləyici baxır, layk atır

Gətirir it-pişik gəlir bəlkə də.

 +

Heyvana məhəbbət adiləşsə də,
Heyrətə gətirir heyvana qulluq.

İt-pişk üstündə əsir yiyəsi,
Yutubda görəndə biz quruyuruq.

 +

Şəraitləri var kefin istəyən,
Ulduza yaraşan geyim, yatacaq.

Onlar yeyənləri bəlkə də sən-mən,
Bəxt ola, cənnətdə yeyərik ancaq.

 +

Başları ağrıdı – həkimi gəlir,

Professor özü dişlərə baxır.

Manikürü bitir, pedikürlənir,

Hər birini şəxsi dəlləyi qırxır.

 +

Çəkilir onların nazı anbaan,
Öpülür, quculur, sığallanırlar.

Belə nəvazişi görmür hər insan,
Bir sığal ömründə dadmayan da var.

 +

Gör necə şirindir bu ölmüşlər, ah

Özünəməxsus da gözəl hər biri.

Onların ömrünə, gününə baxcaq,
Adamın özündən zəhləsi gedir…

 +

Ah, heyvan segisi şirindir nədən,

Gözəldir ünsiyyət, dostluq, aşnalıq?!
Ucadır azı bir mərtəbə məndən,

Kim itə, işiyə mehrini salır.

 +

Üstündür, əlbəttə, məndən o insan,
Kim sevir bu dilsiz-ağızsızları.

Can eşitməsə də can deyir hər an,
Nə vaxt əsirgəyir, nə də ki, varı.

 +

Bircə şey dolaşıq hələlik qalır:

İt-pişik, tısbağa sevən elə ki,
Sütül ət eşqylə iştaha gəlir,

Quzu boğazına bıçağı çəkir…

 

05.06. 2023, Samara

 

SALYANLI ÇƏKMƏÇİ CƏFƏRAĞAYA HƏSR OLUNMUŞ ŞEİRİN TARİXİ

xeyrulla _xəyal

Bu şeirin düz əlli yaşı var, onun yazıldığı dəftəri itirilmiş sayırdım, onu haçansa Azərbaycandan gətirib hara qoyduğumu unutmuşdum. Bir il əvvəl başqa evə köçərkən dəftər üzə çıxdı.

1973-ci iyun ayında mən Salyanda dərzi Bahadıra kostyum tikdirirdim. O, Səməd Vurğun küçəsində, köhnə univermağa yaxın yerdə çəkməçi Cəfərağa ilə şərikli dükan işlədirdi. Kostyum tikilincə mən o dükana çox getmişəm, çünki dərzi Bahadır uzağı bir aya tikməli olduğu şeyi bəzən altı aya da başa çatdırmırdı. Mənim kostyumumun nə qədər yubandığı yadımda deyil, onu bilirəm ki, mənim yerimə Nizami Gəncəvi olsaydı bir şeir yox, aLtıncı dastanını yazar, yeddicisini də başlardı…

Dərzi Bahadırdan ayrı danışmaq lazımdır, Allah ona rəhmət eləsin. Keçək usta Cəfərağaya.

Şərikli dükan çox kiçik idi. Uzağı bir müştəri qapının ağzına pərçim olub otura bilərdi. Oturan kimi usta Cəfərağa kimliyini soruşar, harda oxuduğunu ya hansı peşə sahibi olduğunu bilən kimi yəqin qabaqcadan hazırladığı sualını verir və heç vaxt aldığı cavabdan razı qalmır, cavabını özü verir, gedib mözunu yaxşı-yaxşı öyrənməyi tapşırardı. Mənə Firdövsidən sual verdi. Mən də dərslikdən oxuduqlarımı kəkələyib danışanda sözümü kəsib bizini mənə uzadıb zəhmlə dedi: “Elə deyil!”. Mən çox imtahanlar vermişdim, çox qəddar müəllimlər görmüşdüm, ancaq heç birinin əlində ucu küçədən düşən gün işığında parlayan biz olmamışdı. Sarımı udub gözlədim ki, ustad öz sualının cavabınl özü versin. Çəkməçi Firdövsünün türmədə çobanla bir kamerada oturmağndan, vargəl edib şeir oxumağından, şeiri eşitdikcə çobanın zar-zar ağlamağından danışdı və danışdıqca kövrəldi də. “Başa düşürsən çoban nöş ağlayırdı? Çünki Firdövsü şeir oxuduqca saqqalı yellənirmiş və dustaq çobanın yadına sevimli təkəsini salırmış…”

Bunu eşidəndə mən də az qaldım ağlayam…

Mən o vaxt hərdənbir Sabirə bənzətmələr, satirik şeirlər yazırdım. Birdən həvəsə düşüb çəkməçi Cəfərağaya bu şeiri yazdım. Özünə verməyə ehtiyat edirdim. Bizi gözümün qabağında idi. Nəhayət, özümü toplayıb dəftər vərəqini ustaya verdim. Oxuyub qurtaranda gördüm ki, çox təsirlənib, bir az da çaşan kimidir. Gözləmirmiş…

Sonra Sabir dayıma da Qələbə bağında bu şeri göstərdim. Oxuyub güldü. “Bacıoğlu, sən bu salyanlılardan özünü gözlə, səni döyərlər”, — dedi…

Allah hamısına rəhmət eləsin…

02. 06. 2023 Samara

 

 

ÇƏKMƏÇİ CƏFƏRAĞAYA HƏSR OLUNUR

 

Çəkməçi sənətini eyləyərək bir peşə sən,

Mərhaba, salmısan öz adını çox dil-dişə sən.

 +

Baxma ki, çəkməçisən, elmə də çoxdur həvəsin,
Olmusan sahib əzəldən bu gözəl vərdişə sən.

 +

Kim şeirdən aça söhbət, bilirəm, könlün açar,
İstəməzsən bu zaman əl vurasan bir işə sən.

 +

Bu səbəbdən yubanıb çox sifarişlər gecikir,
Qorxuram, vallah, axırda düzü çaş-baş düşəsən.

 +

Suala, sorğuya az tut gələn ər müştərini,
Nə gərək hər dəfə bir qovğa açıb sözləşəsən.

 +

Xəyalın şeri əgər ruhunu oynatmadısa,

Usta, gəl onda dayım Sabir ilə döş-döşə sən.

 

14. 06. 1973, Salyan

SALYANLI ŞAİR ZABİL PƏRVİZİN BİR ŞEİRİNƏ NƏZİRƏ

20230601_184459

                                   Başqa bağçalardan gül ətri gəlsə,

                                  Sizin bağçanızdan naz

ətri gələr…

                                                                       Z. Pərviz

Hər il Kür üstünə payız gələndə,

Şoran ətri gələr, duz ətri gələr.

Salyan küçələri bənzəyər gölə,
Ördək ətri gələr, qaz ətri gələr.

+

Təpələr od tutar, düzlər alışar,

Dil-dodaq pörtülər, sözlər alışar.

Pambıq tarlasında qızlar alışar,
Kabab ətri gələr, köz ətri gələr.

 +

Bülbüllər bu yerdə gəlməz həvəsə,
Köhnə traktorlar verər səs-səsə,
Başqa şəhərlərdən gül ətri gəlsə,
Salyan şəhərindən toz ətri gələr.

29. 12. 1979, Bakı

DANTE. CƏHƏNNƏM. 15-Cİ NƏĞMƏ

canto 15

(FRAQMENT)

1 Çox qaba sahillə gedirik indi,

Buxar göyü tutur duman tək elə,
Alovdan qoruyur suyu və bəndi.

 +

4 Necə arasında Guizzant ilə

Bruccianın da tikilib dayaq,
Dəniz həmləsinə saxlaya bilə;

 +

7 Necə qala və mülk qorunsun deyə,

Tikir Brenta boyu paduyalılar,

Bürkü düşənəcən Karentanaya,

 +

10 Bu da tikilmişdi onlara oxşar,

Elə uca, geniş deyildi,  hərçənd,

Görünürdü onda usta əli var.

 +

13 Biz elə uzaqdıq indi meşədən,

Anlaya bilmirdim haradır bura,
Geri dönüb necə baxırdımsa mən.

 +

16 Rast gəldik dəstəylə gələn ruhlara,

Baxırdılar, çıxıb dayaq dalından,
Sanki ilkaxşamdır, qaralır hava,

 +

19 Və bizi süzürlər ay doğan zaman;

Baxanın dartılır qaşları, bənzər,

Qoca bir dərziyə, iynə saplayan.

 +

22 Belə bu ailə baxarkən bizə,

Məni tanıyaraq biri qəfildən,

Tutdu ətəyimdən: “Ah, nə möcüzə!”

 +

25 Mənə uzananda onun əli, mən,
Elə baxdım onun yanmış üzünə

Ki, qarsımışsa da çöhrəsi hərçənd,

italyancadan tərcümə

May 2023, Samara

Ora cen porta l’un de’ duri margini;
e ’l fummo del ruscel di sopra aduggia,
sì che dal foco salva l’acqua e li argini.

Читать далее

İNŞALLAH

U LENİ. KİNO

Vardır hər əmələ Tanrıda hünər,

Yetir iradəsi hər şeyə, hökmü,

Bircə “Ol” deməyi kifayət edər,

Olar istədiyi an ötən kimi.

 +

İstəsə göyləri yerə endirər,

İstəsə, qaldırar yeri, əksinə.

Qurudub duzlağa həm də döndərər,

Bütün dənizləri, gəlsə fikrinə.

 +

Dağları düzlədər ovuc içi tək,
Mum kimi qranit əriyib gedər.
Ayın əvəzinə yapar ayrı peyk,
Günəşi Başına Yerin hərlədər.

 +

Hamını bir boyda eləyə bilər,

Eyni gözəllik də verər hər kəsə,

Hər kişi Van Dammdır, hər qadın Loren,
Bilən olmaz nədir paxıllıq, həsəd.

 +

İstəsə, hər xəstə sağalıb durar,
Xəstəlik qalmazdı, əgər istəsə,
Kor görə bilərdi, eşidərdi kar,

Yox, istəmir Tanrı, istəmir nəsə…
+

Uşaq çığırtısı gəlirdi indi,
Üzülüb əbədi susdu deyəsən,

Bir uşaq xilası əlində nəydi? –

Tanrı, bilmirik nə fikirdəsən sən…

 +

“Dur!” desə, dayanar müharibələr,
Silah götürənin əli quruyar,

“Ol!” desə, su, torpaq elə bar verər,
Bütün bu dünyanın acları doyar.

 +

Hələ su yerinə qan axır ancaq,
Qurdu ulamaqda müstəbidlərin.

Beşimiz yeyəndə onumuz acıq,
Susur yaradanı göyün və yerin.

 +

Bir cavan xərçənglə əlbəyaxada,
Bir sütül yollanır müharibəyə.

Nə qədər ümidlər qalıb Allaha,

O bəlkə “Ol”, deyə, ya da “Öl” deyə…

25. 05. 2023, Samara

“NƏSİL KƏSİLMİRMİ KƏSİLƏNDƏ DİL?..”

U LENİ. KİNO

Xəbəri uzlaşmır mübtədasıyla

Zamanı, cinsi də dəyişik salır.

Bacarmır nəinki sifətlə, sayla,
Burcudur, əl vermir ismin halları.

 +

Dilini ağzında güclə hərlədir,
Tərini əliylə silir üzündən.

Xam yeri şumlayır xışla elə bil,
Gedir məşəqqətlə, getsə də üzdən.

 +

Hakim qarşısında deyil bu kişi,

Nə də müstəntiqə verir ifadə.

Doğma balasıyla cənab danışır,
Danışır nədənsə urus dilində.

 +

Atası azəri, həm də anası,
Uşaq azəricə danışa bilmir.
Valideyn özü nəslini kəsir! —

Nəsil kəsilmirmi kəsiləndə dil?

 +

Deyən yox danışma ana dilində.

Yox qadağan qoyan, yox sıxışdıran,
Üstəlik səni öz evində güdən,

Zorla rus dilində yox danışdıran.

 +

Kölə təbiətli, nökər xassəli,
Yadın əyilirsən qabağında sən.

Ayıb, ar sayırsan dili və əsli,
Nəslin ayıbı da, arı da sənsən…

 +

Bitirir övladla cənab söhbəti,

Deyir üç-dörd dəfə “davay” və “ladna”.

Bir vaxt öz atası ona deyərdi:
“Allah amanında,  qadanı allam…”

20. 05. 2023, Samara

DANTE. CƏHƏNNƏM. 14-CÜ NƏĞMƏ

Inferno_Canto_14_verses_37-39

(FRAQMENT)

1 Yurd eşqi sövq etdi məni bu işə:

 Yığıb səpələnmiş yarpaqları mən,

Onları qaytardım  əfəllimişə.

 +

4 Sonra çatdıq uca, o, ikincidən,
Ayırır üçüncü dövrəni, divan

Burda qurulurdu dəhşət törədən.

 +

7 Təzə olanları edərək bəyan,
Deyirəm yetişdik elə düzə ki,
Vermir torpağı bir toxuma da can.

 +

10 Hüznlü meşədir onun dövrəsi,
Meşəsə xəndəklə əhatələnib.

Durduq, qırağına yaxın gələsi.

 +

13

Örtüyü qalın qum bütün düzənin,
Bir zaman Katonun ayağı altda, bir zaman

Yaranan şəkillər indi də həmin.

 +

16 Tanrı intiqamı! Nə qədər insan,
Səndən qorxmalıdır, burada indi,

Gözlə gördüyümü oxusa haçan.

 +

19 Çılpaq ruhlar orda sürü kimiydi,

Yazıq, miskin halda ağlayır onlar,

Hökmlər, deyəsən, müxtəlif idi.

 +

22 Yerdə  dalı üstə var uzananlar,

Bəzisi qısılıb oturub elə.

Dayanmadan var-gəl edənlər də var.

 +

25 Gəzənlər üstündü sayları ilə,

Uzananlar azdı, ancaq onların,
Daha güclü idi çəkdiyi nalə.

 +

28 Yağırdı üstünüə bu qumluqların

Ağır-ağır enən odlu lopalar.

Küləksiz necə ki, Alpa qar yağır…

italyancadan tərcümə

may 2023, Samara

Poi che la carità del natio loco
mi strinse, raunai le fronde sparte
e rende’le a colui, ch’era già fioco.

Читать далее