Архив тегов | 5-ci sinif Ədəbiyyat dərsliyi

GƏDƏBİYYAT. TOFİQ BAYRAMIN «ƏN GÖZƏL» ŞEİRİ AZƏRBAYCANIN AYIBINA ALQIŞDIR

5-ci sinfin Ədəbiyyat dərsliyində Tofiq Bayrama məxsus “Ən gözəl” şeiri bugünkü Azərbaycan həyatının, hakimiyyəti həmişəlik zəbt etmiş rejimin formalaşdırdığı zehhniyyətin tərsavandlığını, kəlləmayaqlığının rəmzidir. Bu mətn azərbaycanlı mənəviyyatının hansı fəlakətə uğradığını açıq göstərir.

Şeir Tofiq Bayrama xas olan vay-şivənlə başlayır: şair könlünə əmr verir, elə bil ki, yarım vedrə araq içib gəlmiş kişi arvadı ilə danışır.

“Ey könül, ümmanlar coşsun səsində”.

Niyə? Ümmanlar könlün səsində niyə coşmalıdır?

“Şeirin qanad açan günüdür bu gün”.

Yenə aydın deyil. Şeir niyə qanad açır? Gün hansı gündür?

Şair yenə əmr verir:
“Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!”

Yer kürəsindəki bütün ölkələrə! Burkino Fasoya da, Trinidad və Tabaqoya da.

 Ancaq şair hələ açıb demir ki, niyə bütün yer kürəsi Azərbaycana çəpik çalmalıdır.

“Dostları şad görüm, yadları dalğın”.

“Yadları dalğın…” Dalğın eşqə düşmüş oğlan ya qız olar, rəssam olar, bəstəkar olar… Düşmənə “dalğınlıq” qarğış eləyərlər?  Dalını oxusanız, görəcəksiniz ki, Tofiq Bayrama “dalğın” sözü qafiyə kimi lazımdır, çünki sonra “xalqın” gələcək…

“Şöhrətli vətənin, qeyrətli xalqın
Tarixə nur saçan günüdür bu gün”.

Deməli, bu gün nə gündürsə, Azərbaycanın şöhrətli, qeyrətli xalqı tarixə nur saçacaq…

Bəlkə peyk qyayırıb-düzəldib, Marsa bir naxçıvanlı uçurdacaq?

Yox!

Səbrimiz kəsildi!

Bu şeir sovet vaxtı yazılıb. Sovet vaxtı Azərbaycanın ən böyük bayramı 28 aprel idi – Sovet hakimiyyətinin qurulduğu gün.

“İyirmi səkkiz aprel, bir may günü,
Aşıq Əhməd şeirin düzməyə gəlsin”…

Bunu sazçı qızlar ansamblı oxuyardı…
“Payızdan xoş ətri gəldi baharın,
Elimin sevinci aşıb-daşıbdır…”

Aha! 28 aprel deyil, 28 aprel – yazdır, bu isə payızdan danışır. Payızda nə Azərbaycan günü?
“Sifəti nurlanıb ağsaqqalların,
Ağbirçək analar cavanlaşıbdır…”

Ağsaqqalların sifəti nurlanıb…” Bəs ağsaqqallar həmişə nurani olmurlar?

 “Dünyanı mat qoyub bu arzu, həvəs…”

Hansı arzu, hansı həvəs?

“Bütün ürəklərin həmrəy, həmnəfəs
Sevinclə döyünən günüdür bu gün”.

A kişi, bizi niyə üzürsən? De görək axı bu nə bayramdır payızın günü!

“Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alqışlardan Azərbaycana…”

Tərif deməkdə azərbaycanlıların tayı yoxdur, bu, problem deyil.

“Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana!”

Aha! Bayraqlar! Qırmzı bayraqlar! Keçici qırmızı bayraqlar. Azərbaycana bayraq veriblər!

SSRİ-də 15 respublika arasında sosializm yarışı keçirilirdi. Hər ilin payızında sənayedə, kənd təsərrüfatında guya yüksək nailiyyətlər qazanmış respublikalra Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının və Ümumittifaq Kommunist Gənclər Təşkilatı (komsomol) Mərkəzi Komitəsinin keçici qırmızı bayrağı verilirdi. 15 respblikadan təxminən doqquzu-onu bu bayrağı alırdı. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Kommunist Partiyası MK-nin 1-ci katibi olandan sonra Azərbaycan hər il bayraqla təltif edilirdi. Əliyev Moskvaya gedənəcən Azərbaycan 10 ya 11 bayraq almışdı.  Hardasa noyabrda Moskvadan bir nazir ya MK katibi gəlib Lenin sarayında bayrağı Əliyevə verirdi. Əliyev bayrağı alıb rus qonağı basırdı bağrına və başlayırdılar marçamarç öpüşməyə.

Be`same Mucho…

Azərbaycan qırmızı bayrağı hansı nailiyyətlərinə görə alırdı?

Azərbaycana real nailiyyət lazım deyildi, real nailiyyəti şişirtmə rəqəmlər, yalançı rekordlar əvəz edirdi. Məsələn, pambıq istehsalı ildən ilə elə artırdı ki, ilin birində guya 1 milyon 300 min ton pambıq yığıldı, hərçənd bunun yarısı da yığılmamışdı. Eləcə də bütün başqa sahələr. Azərbaycan rəsmi olaraq hər il yarışda qalib çıxdıqca, respublikada güzəran pisləşirdi. Guya 1 milyn 300 min ton yığmış respublikada Əliyev apteklərə tibbi pambıq satmağı qadağan eləmişdi, pambığı ancaq ölü basdıranlara satırdılar. Mahlıc adıyla Rusiya şəhərlərinə boş vaqonların getdiyi, fırıldaqçı sxemlərlə milyonların mənimsənildiyi sonralar bilindi… Ət, yağ mağazalardan yoxa çıxmışdı, ərzaq tədarükü üçün adamlar Yerevana, Tiflisə gedirdilər. O “firavanlıq” illərində mağazalarda çay yox, çay zibili satılırdı, çünki plan üçün bütün zir-zibili fabriklərdə qablaşdırıb əhaliyə sırıyırdılar. Qadına, kişiyə abırlı paltarı ancaq əldən, alverçilərdən almaq olurdu. Bakıda Kubinka belə alverin mərkəzi idi. O illərdə ali məktəblərdə, texnikumlarda rüşvət ildən-ilə artırdı.

Gülməli bilirsiniz nədir? Əhalinin firavan yaşadğı, RAF avtomobillərinin, rəngli televizorların istehsal ounduğu, vaicib beynəlxalq dəniz limanlarının yerləşdiyi, əhalinin abırlı yaşaya bildyi Baltik respublikalarına bayraq verilmirdi. Hər şeyin qanuni olduğu Litva ya Estoniya qanuni heç nə oçmayan, Moskvanı, Kremli bahalı hədiyyələrlə basdıran Əliyev Azərbaycanı ilə necə yarışa bilərdi? Şulerlə, kartbasanla necə oynamaq olar?

Bayraq mərasimində Azrbaycanın bədnam incəsənət ustaları özlərini yırtır, sonra hamısı birlikdə Qara Qarayevin Səməd Vurğunun sözlərinə yazdğı “Partiyamızdır” kantatasını oxuyurduylar.

“Bəşəirn vicdanı, eşqi ürəyi,

Hər zövqü səfası partiyamızdır. Partiyamıdır Hey! Partiyamızır hey! Paaaaartiyamızdır…”

İndi bildiniz Tofiq Bayram nəyi Azərbaycanın ən gözəl günü adlandırır? Yalançı rekordlarla rüşvətlə, qiymətli hədiyyələrlə Moskvadan qırmızı bayrağın alnmağını!

“Bayramın mübarək, ey ana Vətən!”

Bu adamın sağlığına deyirəm: a kişi, utanıb yerə girmirdin? Sən nə həyat yaşamısan? Sən Bakının küçələrində dilənsəydin, yediyin çörək belə rüsvayçı şeirlərlə qazandığından min dəfə halal olardı.

“Şöhrətin ən uca zirvəsindəsən…”

Nə zirvə, a kişi? Dibdəydik, dibdə. Bizə gülürdülər. İndi də gülürlər…

Yaxşı, deyək ki, bu şeir sovet vaxtında dərsliyə salınıb. Bəs indiyə qədər niyə qalır? Təhsil nazirinin bir qram vicdanı var?

Müəllim bu şeiri necə izah edir? Sov. İKP MK-nın nə olduğunu necə başa salır?

Müəllim deyirmi ki, o vaxt 5-ci sinif şagirdləri az qala dərs olinin yarısını pambıqda, tütündə, baramada keçiridridlər? Milli öndər elan edilmiş şəxs Azərbaycan uşaqlarını amansızcasna istismar edir, sadə dildə desək, minib çapırdı…

Yeri gəlmişkən. Niyə Sov.İKP? Rus dilində abbreviatura dörd hərfdir, yəni baş hərflərdir: KPSS. Başqa dillərdə də Sovet İttifaqı Kommunist Partiyasının abbreviaturası dörd hərflədir. Niyə azərbaycanlılar S hərfi əvəzinə “Sov” yazırdılar?

Bilən var?

Bunun cavabını tapan adam onu da biləcək ki, bu partiya əvvəldən Azərbaycana, hətta onun dilinə uyğun gəlməyib… Kommunizm əvəzinə feodalizmin ən eybəcər formasını yaratmışıq.

Ən eybəcər və dəyişəcəyinə ümidimizi itirdiyimiz feodalizm…

X.X.

14. 05. 2024, Samara

GƏDƏBİYYAT. MƏMMƏD ARAZ NİYƏ GÖYGÖLƏ DAŞ ATIRDI? İÇKİLİ İMİŞ?

MƏMMƏD ARAZ GÖYGÖL

Azərbayan şagirdlərinə Məmməd Arazın «Göygöl» şeiri də keçilir. Baxaq.

«Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl».

Çiskində gəlib, ancaq gölü dumanda görür. Bu necə olur?

«Tənha qayalara, lal meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.»

“Qayalar” – yəni çox qaya. “Lar”-dırsa, tənhalıq hardandır?

“Lal meşələr” – şair meşədəki şaqqaşuqu eşitməyib? Niyə cəm halda? Göygölün ətrafında neçə meşə var?

Göl zülmət gecəyə necə hayan olur? Bu, metaforadır? Bəs açılışı nədir? Necə olur ki, xırda bir göl göyün, yəni sonsuzluğun müdafiəçisi olur, onun  keşiyini çəkir?

 «Bir səhər gördüm ki, durulub yatır»

Şair “bu yerə» uzun müddətə gəlibmiş – misradan bilinir.

“Durulub yatır?” Ondan əvvəl Göygölün suyu Kür suyu kimi, salyanlılar demişkən, lıqqa imiş?

«Kəpəzin dibində burulub yatır.”

Bilirdim ki, burulub”dan sonra “durulub” gələcək. Məmməd Araz Azərbaycanın birinci qafiyəbazı olub.

“Qovulan ceyrantək yorulub yatır”.

Göygöl indi də ceyrana döndü… Niyə yorulub? Kim qovurmuş? Göygöl dağ çayıdır ya xırda göl?

“Daş atdım, diksinib oyandı Göygöl.”

İndi şagird müəllimdən soruşa bilər: Şair müqəddəs Göygölə niyə daş atır? Arağı çox içibmiş?

Müəllim də Flora Kərimova kimi deyər: “Əcəb eləyir atır, əlinin içindən gəlib…Arağı dədən içir…»

 Gəlin bu sualı Az Tv ilə səsləndirib Azərbaycan xalqından soruşaq: niyə naxçıvanlı Məməd Araz gedib Gəncənin inci gölünə daş atır?

Yazıq Göygöl: Şair atan daşla vurulub yatır… (bu misra Mirzə Təbildəndir)

“Döşünü qayıqlar düymətək bəzər”.

Qayığın düyməyə bənzəri var? Yoxdur!

“Dedim, bu görkəmlə Xəzərə bənzər”.

Hansı görkəmlə? İki-üç gəzinti qayığı ilə? Yalançının…
“Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl”.

Şair “baxdı” deyirsə, baxılan yer görünməlidir. Göygöl hara baxdı? Qayıqdakı harınlara?

 “Yel əsdi, yarpaqlar suya töküldü…”

“Yağış da yağmışdı, yerlərdə palçıq…” Bəlkə heç yel əsməyib, Məmməd Araz özü ağacları silkələyib yarpaqları töküb suya? Gölə daş atan ağacı da silkələyər. Yəqin bir vedrə içibmiş…

“Buludla ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göygöl…”

Siz bu son beytdə, eləcə də bütün şeirdə məhz Göygölə məxsus nəyisə görürsünüz? Bu cəfəngiyatı, DTX günahımdan keçsin, hətta Sevan haqqında da demək olar.

Yeri gəlmişkən, bəlkə Məmməd Arazın müqəddəs Göygölə içkili halda daş atıb ağacları silkələməsi barədə DTX-ya ərizə yazaq?

Qoy soğanbaş kürəkəni Aqil Abbas cavab versin…

X.X.

13. 05. 2024, Samara

GÜLMƏLİ ŞEİRLƏR: ƏLİAĞA KÜRÇAYLI. «BAKI»

Без названия

“Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söyl
ə, necə şəhərdir?”

Bu şeir uzağı keçən əsrin 70-ci illərində yazılıb.  Sovet Azərbaycanında yaşayan insan üçün “uzaq el” SSRİ xaricində olan ölkədir. Maraqlıdır, Əliağa Kürçaylının “əziz dostu” hansı ölkədən olub? O adam Bakını görməyibsə, Əliağa Kürçaylı ilə harda dostlaşıblar, harda görüşüblər və bir-birlərinə əziz olublar? Biz bilirik ki, Əliağa Kürçaylı sovet yazıçılarının nümayəndə heyətinin tərkibində İngiltərədə olub, ancaq orda keç kimlə dostlaşmayıb, elə Londondaca Britaniya imperialuzmini ifşa edən şeirlər yazıb, Kiplinqin qəbrinin üstünə gedib deyib ki, “çıx, danışaq, müstəmləkəçi oğlu müstəmləkəçi…”

Yəni bu “uzaq eldən olan əziz dost” uydurmadır, şeirnə bünövrə qoymaq üçün fənddir. Bu, heç…

Əliağa Kürçaylı cavab verir:

“Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış
əsərdir…”

Gördünüz? “Əziz dost” oldu qardaş. İndi görün “doğma şəhəri” Salyanın Kürqaraqaşlı kəndi olan şair Bakını necə təsvir edir.

“Çiçək desən – könül açan çiçəyi”.

Bakı parklarında, əlbəttə, çiçəklər var, keçən əsrdə də az-maz olub, ancaq çiçək söhbəti daha çox Kəlbəcərə yaraşar, nəinki Bakıya…

“Külək desən – ev uçuran küləyi…”

Burda sovet şairi özü də bilmədən xarici dostuna sirr açıb, yəni deyib ki, Bakıda on minlərlə elə ev var ki, güclü xəzri əsəndə uçmasalar da, dərin sarsıntı keçirirlər. Yəni on minlərlə bakılı komalarda yaşayır…Yaxşı ki, KQB o vaxt buna fikir verməyib, yoxsa Kürçaylını tutardılar…

“Qasırğada ağ dalğalar ləçəyi…”

Ləçək yəqin qadın baş örtüyü mənasındadır. Qasırğada göyə millənən dalğaların baş örtüyünə bənzəri var? Məncə bu dalğaları biz-biz duran saça oxşatmaq daha yaxşı olardı…Ağzında qasırğa deyirsən…Qasırğada başda ləçək qalar?
Bu da heç… Sovet şairi Əliağa Kürçaylı sovet gerçəkliyini, onun mənfur kapitalizmdən üstünlüyünü tərənnüm etməlidir. Yoxsa xarici səfərlərə göndərməzlər.

“N
əğməsidir zavodların fit səsi…”

İndi bilmirəm, sover vaxtı zavodlar fit çalırdı, səhər fiti işin başlandığını, axşam fiti işin bitdiyini bildirirdi. Sovet vaxtı zavodda işləmiş adam kimi deyə bilərm ki, zavod fitinə nəğmə deyənin Allahı yoxdur. A kişi, adamları səkkiz saat yağın-hisin içində dəzgah başında durmağa çağııran fitdə nə nəğmə? Əsl yazıçı Maksim Qorki yazırdı ki, səhər zavod minlərlə insanı alır ağzna, çeynəyir-çeynəyir, axşam tüpürüb atır…

“Suya düşüb buruqların kölgəsi,

Ətirlidir bağlarının meyvəsi…”

Allahı olan desin: bu iki misra arasında nə əlaqə var? Buruq harda, bağ harda, meyvə harda… Allahı olan deyərdi ki, bulvarda neft iyindən gəzmək olmur, bəzi yerlərdə adamın qusmağı gəlirdi…

“Ağ şanısı elə bil ki, şəkərdir…”

Şanını qəndə bənzədən adamın qəlbi var? Təbiət möcüzəsi olan şanı harda, qənd harda…

“Dost görəndə tükənməyir hörməti…”

Bakının dostunu təsəvvür edin… O vaxtlar Bakının ən əziz dostu və qonağı Brejnev idi…

“Düşmən görsə, dərya olur nifrəti…”

Sovet Bakısının düşməni kim idi? Mənim kimi kənddən gələnlər, rusca danışa bilməyənlər?

“Əziz dostum, Bakı belə şəhərdir…”

Necə şəhərdir? Biz axı bu yazıda Bakını görmədik! Siz burda Bakının nəyini və harasını görürsünüz? Bu, toyda oxumaq üçün qondarılan aşıq qoşmasıdır, Əliağa Kürçaylı belə qoşmalardan Aşıq Pənah üçün az yazmayıb… Bu cəfəngiyyata şeir deyən, onu dərsliyə salan insan, məsələn, “müstəmləkəçi” Kiplinqin bir şeirini oxuyub? Ədəbiyyat müəllimi bu şeri haqqında şagirdlərə nə deyir? Deyir ki, zavod fiti Tofiq Quliyevin mahnıları kimi nəğmədir?

Yazıq uşaqlar….Yazıq azərbaycalı uşaqlar…

30.04. 2024, Samara