Архив тегов | Alyona Əliyeva

SAVİNG PRİVATE MEHMAN – SIRAVİ MEHMANI XİLAS EDƏK…

Çox istedadlı bir cavan, Mehman Hüseynov, göz görə-görə məhv olur.

Deyək ki, boğulur…
Ostap Bender deyirdi ki, “Boğulanların xilası – boğulanların özlərinin əlindədir”.  (Спасение утопающих – дело рук самих утопающих).

Yox, biz, Gültəkin Hacıbəyli kimi “türk sevdalı” olsaq da, türk təbəəsi Ostab İbrahimoviçə böyük hörmət bəsləsək də, onun bu tövsiyəsini qəbul edə bilmərik. Xüsusən boğulan millətin gələcəyi ola biləcək ən parlaq cavanların biridirsə.

Əlbəttə, Mehman sözün əsı mənasında boğulmur, yəni, osmanlı aşiqi Əvəz Zeynallı demişkən, “gerçəkdən” (vurğu birinci hecanın üstündə) boğulmur. Məcazi mənada boğulur.

Əvvəlcə onu deyək ki, Mehman Hüseynov ömrünün son yarım ilini həsr etdiyi mübarizədə uduzur. Yəni Mehman Hüseynov Alyona Əliyevaya uduzur. Özü də böyük hesabla. “Qarabağ”ın Nyu Kasla uduzduğu kimi. Ümumi hesab 9:2-dir.

Məgər bu, məhv olmaq deyil?

Ezop təmsilində deyildiyi ki, dağ siçan dünyaya gətirdi. Yəni siçan doğdu.

Hamıya məlum oldu ki, Mehmanın hap-gopunun arxasında heç nə dayanmırmış. Öz ifadəsi ilə desək, Mehmanın bu altı ay müddətində ortaya qoyduğu yeganə şey onun özünün yeni surəti oldu. Tamaşaçılar Mehmanın simasında Qabil və Məhəmməd Mirzəli akademiyasının məzununu gördülər. Təzə diplom almış məzun əvvəlcə epataj hesabına “hayp” (hype) yaratdı, ancaq, bu, uzun sürmədi. Məlum oldu ki, məzunun hərbə-zorbaları, müəmmalı vədləri blefdən başqa bir şey deyilmiş. O ki qaldı söyüşə, Mehman nə qədər özünü öldürsə də, professor Qabilin və dosent Məhəmməd Mirzəlinin səviyyəsinə qalxa bilməz. Qabildən sonra Mehmanın söyüşünə qulaq asmaq Alim Qasımovdan sonra Daşqın Kürçaylını dinləmək kimidir. (Güman edirəm ki, burda heç kimin xətrinə dəymirəm).

Azərbaycan xalqını Mehman Hüseynov nəinki şoka sala bilmədi, Azərbaycan xalqı qımıldanmadı da. Azərbaycan xalqını qazın, işığın, çörəyin qiyməti şoka salar, prezidentin gəlininin kim olmağı yox və qətiyyətlə yox. Nə onun keçmişi, nə onun bahalı paıtarları, bahalı çantaları Azərbaycan xalqını narahat edər. Millətin öz qızlarında, xüsusən bakılılarda elə keçmişlər ortaya çıxar ki, avropalı qızlar onların yanında məsum rahibə kimi görünərlər. O ki qaldı bahalı çantalara, Mehman Hüseynovun videolarının bəkə də yalnız reklam effekti olub. Yəqin çox qadın Azərbaycanda Alyonanın çantalarından,  ya da ona oxşadılanlardan almağa çalışır…

Mehman Hüseynovu günbəgün deqradasiyaya uğradığı bu müddət ərzində Alyona Əliyeva vaxtını səmərəli keçirib. Mehman Hüseynovun öz kanalında göstərdiyi videoda cangüdənin müşayiəti ilə bazarlıq edən Alyona xanım təmiz, yəni ləhcəsiz azrbaycanca deyir: “Hədiyyə vermək istəyirəm…”

Mehman, sənin qapına daha bir top.

Mötəbər Ukrayna mənbələri bildirirlər ki, Alyona Əliyeva ali təhsilli linqvistdir, Odessa beynəlxalq universitetini qırmızı diplomla bitirib, fransız və ingilis dillərimi mükəmməl bilir…

Yaxın vaxtlarda Alyona Əliyeva hardasa Azərbaycan dilində nitq söyləsə ya hətta məruzə eləsə, təəccüblənmərəm. Ağzında ukraynalı deyirsən. Nəinki padşah arvadı, hətta padşah da olar…

Nə keçmiş, a kişi? Böyük Pyotrun arvadı Birinci Yekaterinanın keçmişi kimi maraqlandırırdı?

Mehmanı, çox istedadlı bu cavanı məhv edən, Qabil akademiyasının məzununa çevirən intiqam hissidir. İntiqam hissi soyudulmursa, idarə edilmirsə, cilovlanmırsa, o, içində yaşadığı insanı məhv edir. Məlum romanda və filmdə təsadüfən deyilmir ki, “qisas – soyuq çəkilən xörəkdir”… Bizdə deyirlər ki, acıqlı başda ağıl olmaz…

İlham Əliyevin gəlinini mübarizə obyektinə çevirməklə Mehman illərlə və həm də uğurla həyata keçirdiyi proyekti öz əli ilə məhv etdi. İndi onun gördüyü işin – hərçənd onun indiki fəaliyyətinə iş demək ciddi şişirtmədir — nə siyasi mübarizəyə, nə siyasi jurnalistikaya dəxli var.

Mehman elə bil ki, şəxsi intiqam hissinə uyaraq cəbhəni tərk edib və tör-töküntülərdən, yəni maxnoçulara karikatura sayıla biləcək ünsürlərdən ibarət alaya sıravi kimi daxil olub.

Fəlakətdir!

Gəlin sıravi Mehmanı xilas edək!..

11. 03. 2026, Samara

QURBAN MƏMMƏDLİNİN YENƏ EVİ YIXILIB… EVİNİ YIXAN BU DƏFƏ ƏLİYEV YOX, EMİN HÜSEYNOVDUR…

Qurban Məmmədlinin Bakıda mülkünün vəhşicəsinə dağıdılmasını çoxumuz İnternetdə canlı izləmişik və Qurbanın reaksiyasını da görmüşük. Əlbəttə, demək olmaz ki, Qurbanın tükü də tərpənmədi. Yəqin ki, tükü tərpənib. Ancaq ədalət naminə deməliyik ki, mülkünün dağıdılmağını və yaxınlarının küçəyə atıldığını mərdliklə qarşıladı. Mənim kiçicik bir mənzilim yanıb, içində də heç kim olmayıb, aylarla özümə gələ bilmirdim…

İndi isə həmin bu Qurban Məmmədli gecə-gündüz niyə “vay, evim yıxıldı!” deyib fəryad edir? Yox, təzəliklə Azərbaycanda Qurban Məmmədliyə ya ailəsinə məxsus ayrı bir mülk dağıdılmayıb. Qurban Məmmədli “Vay, evim yıxıldı!”nı məcazi mənada deyir. Qurban Məmmədlinin başına elə iş gəlib ki, evinin dağıdılmağı bunun yanında Əliyevin onunla elədiyi dilxoşluq kimi görünür.

Nə olub? Nə baş verib? Qurban Məmmədlinin başına müsibəti kim gətirib? Müqəssirlər məlumdurmu?

Məlumdur. Qurban Məmmədlinin evini yıxan Emin Hüseynovdur.

Emin Hüseynov İlham Əliyevin on illərlə davam edən hakimiyyəti dövründə bütün Azərbaycan müxalifətinə və o cümlədən ölkənin müstəqil və ya müxalif jurnalistlərinin görə bilmədiyi bir iş görüb. Əslində buna iş demək olmaz, bu, şücaətdir. Emin əjdaha ilə ya da Təpəgözlə əlbəyaxa olub və mübarizəni uduzmayıb. Bu əlbəyaxa həm də indiyəcən İlham Əliyevin qaçdığı debatların əvəzi oldu. Emin Hüseynovun sualına verdiyi bir cümləlik cavabla İlham Əliyev bütün daxili siyasət proqramını və strategiyasını açdı və heç kimdə ölkəni hansı gələcək gözlədiyi barədə şübhə qoymadı. Bu azmış kimi, Emin Hüseynov İlham Əliyevin arvadına da sual verib ondan da bir kitablıq proqramı əvəz edə biləcək cavab aldı.

Bu, müsibət deyilmi? Qurban Məmmədli haqlı olaraq bu fikirdə olub ki, əjdahanın qabağına əjdaha çıxa bilər, yəni İlham Əliyevin qabağına çıxmağa çəkisi, sanbalı çatan bir adam varsa, o da Qurbandır. Bəlkə də Qurban Məmmədli oxşar fürsəti illərlə gözləyib, haçansa onun gerçəyə çevriləcəyinə ümid edib. İndi oğlu yerində olan Emin Hüseynov, yəni əslində sütül bir uşaq onun ümidini qırdı, onun perspektivdən mərhum elədi…

Necə qan ağlamasın daş bu gün…

Qurban Məmmədli əgər, Allah eləməmiş, birdən…ağır xəstələnərsə, bu, paxıllıqdan olacaq. Bu kişinin ən böyük bəlası paxıllıqdır. Patoloji paxıllıq. Və bu paxıllıq onun bütün ləyaqətlərini heçə çevirir. Qurban  Məmmədovda rəqib kimi gördüyü adamla ədəb qaydaları çərçivəsində çəkişmək, mübarizə aparmaq arzusu yox, paxıllıq hissi yaranır və paxıllıq hissi onun başını elə dumanlandırır ki, açıq böhtandan, yalandan, qarayaxmadan, ən rəzil manipulyasiyalardan çəkinmir.

Onun paxıllığına niyə “patoloji” deyirəm? Baxın, Əli Kərimlinin tutulmağı da Qurbanda paxıllıq hissini daha da alovlandırıb. Bir tərəfdən, əlbəttə, sevinir. Digər tərəfdən, Əli Kərimlinin beynəlxalq miqyasda tanınmasa onu yandırıb-tökür.

Bir rus lətifəsi var. Sual: ikili duyğu, yəni sevinclə kədərin eyni zamanda yaşanması nə deməkdir? Cavab: təsəvvür edin ki, sizin Mersedesiniz uçuruma yuvarlanır… içində də qayınananız…

İndi Qurban Məmmədli neyləsin?

Gündən günə, metodik və sistematik şəkildə Qurban Məmmədli Emin Hüseynovu və qardaşı Mrehmanı xalq gözündən sala biləcək nə isə axtarır, müxtəlif vələdəzzinaları bu işə cəlb edir, ən iyrənc, ən rəzil şəxsiyyətlərin Emin və Mehman haqqında, həmçinin Əli Kərimli haqqında çirkin ifadələrini sitat gətirməkdən çəkinmir. (Tural Abbaslı adlı biri var, ağzını açan kimi bilinir ki, cüvəllağıdır Təzə banlamağa başlayan beçə səsi ilə dönə-dönə həbs olunduğundan danışır… Cəhənnəmə həbs olunmusan, göra həbs olunmusan. Beş-altı ay türmədə dincəlmisən, otuz ildir əlini ağdan-qaraya vurmadan partiya rəhbəri adı ilə lotuluq eləyirsən. Hanı sənin partiyan, qırışmal?.. İndi bu lotu Qurban Məmmədli üçün hal şahidi olub…)

Mənə nədənsə elə gəlir ki, You Tube efirində özünü nə qədər saxlasa da, Qurban Məmmədli evə gedəndən sonra oturub hönkür-hönkür ağlayır. Çünki bilir ki, heç nəyə nail olmayıb. Azerfreedom da başına yığılanlar azsavadlı kütlə və bir çoxu isə açıq-aşkar törtöküntüdür. Və bunun günahkarı özüdür. Çünki qoşulduğu hər bir işdə özünü o işdən vacib sayır. Hətta Tərtər işində də Qurbanın kiməsə ürəyi yandığına ciddi şübhəm var. Elə bil ki, bu Tərtər işi, bütün bu araşdırmalar ədalətin bərpası üçün yox, Qurban Məmmədlinin şəninədir. Hansı işə əl qatırsa, Qurban Məmmədli onu intriqa mənbəyinə çevirir və qapazvurdu ilə qurtarır…

 

(ardı var)

22. 02. 2026, Samara