Архив тегов | ana haqqında şeir

QAPIYA DİKİLİB GÖZÜN…

                                                            anam Raziyyə üçün

Qapıya dikilib gözün,

Çoxdan açıb girən yox.

Danışılmır daha sözün,

Yuxusunda görən yox.

 

Şəkillərin əzizlənib,

Divarlardan asılmaz.

Yox heç yerdə gözləyənin,

Sənə məktub yazılmaz.

 

Telefonun ovucunda,

Sıxılmaqdan isinər.

Yox xəttinsə o ucunda,

Həsrət qalan səsinə.

 

Canının sulu çağları,

Başına yığılanlar.

Boynunu qucaqlayaraq,

Sinənə sığınanlar.

 

Dağildilar çəkildilər

Qoymadılar bir iz də.

İndi onlar şəkildilər,

Divarın o üzündə…

 

13.04 2014 Samara

ANA GƏRAYLISI

Yağışlara, küləklərə,

Qara tapşırılan anam.

El bürünə çiçəklərə,

Canını qış alan anam.

 

Divara söykənib gəzən,

Həyatdan doymayan, bezən.

Əsilli kişinin qızı –

Düşən, düşürülən anam.

 

Övladından yarımayan,

Sənin yerin Narayama…

Zəif, yazıq harayına,

Gəlir qonşuların, anam.

 

Zəhmətini itirdilər,

Yaddaşlardan götürdülər.

Qarğı, məni qürbətlərdə,

Tutsun qarğışların, anam.

 

17.02. 2014

Samara