
“YOXDU”
Bu şeir aşıq gəraylısı formasındadır. Məmməd Arza sazı basıb sinəsinə, görək nə deyib.
“Bu ocaqda söz alışqan,
Alışan var, yanan yoxdu.”
Hansı ocaqda? İkinci misraya fikir verin: deməli, Həsən keçəl keçəl Həsən deyil? Alışanla yananın fərqi nədir?
Şeir başdan-başa narazılıq, giley, təhqir, alçaltma və aşağılamadır.
“Söz qanmaz ki, şeşələnir,
Söz küllükdə eşələnir.”
Söz qanmayanın şeşələnməyi necə olur? Əgər Füzulini kimsə qanmırsa, Füsulinin sözü küllüükdə eşələnməlidir? Məmməd Arazın öz şeirlərinin yeri, hə, küllükdür. Ancaq Füzuli var, Molla Pənah var…
“Min dərdim var — rişələnir,
Bircəsini qanan yoxdu.”
Naxçıvandan Bakıya ayaq qoyandan Məmməd İbarahimin (Arazın) nazı çəkilib, bir kitabxanalıq kitabı dövlətin, yəni xalqın puluyla nəşr edilib, özü ətək-ətək qonorar alıb, kurortlar gəzib. Deyir “dərdimi qanan yoxdu…”
Birdən cəfəngiyyat yazdığını çaşıb etiraf edir:
“Daşdan-kəsəkdən yazıram,
Çəndən-çiçəkdən yazıram,
İtdən-pişikdən yazıram,
Heç fərqinə varan yoxdu.”
Fərqinə varsaydılar, deyərdilər cənab, sən bizi dolamısan? Get ictimai-faydalı əməklə məşğul ol…
“Sözümü yordum bu yolda,
İzimi yordum bu yolda,
Dözümü yordum bu yolda;
Dözümə də güman yoxdu.”
Bu bəndi kilometrlərlə uzatmaq olar: üzümü, gözümü, ağzımı, bezimi, dizimi…
Görəsən, Məmməd Araz öz yazdığını oxuyub xəcalət çəkirmiş?
“Şeir”1991-ci ilin yazında yazılıb. Məmməd Araz bambılılıq edəndə xalq yeməyə çörək tapmırdı…
DALIMCA GƏLMƏ
Bu, yaxşı şeir olmalıdır. Kimsə şairin dalınca düşüb onu təqib edir. İngiliscə belə adamlara stalker deyirlər. Görək kimdir.
“Ta mənim dalımca gəlmə, əzizim”
Deyəsən, dalıycan gələn arvaddır. Sonra:
Bir şöhrət çəhlimi tap, qoşul ona.
Bunu başa düşmədim. “Şöhrət çəhlimi” kimdir ya nədir?
«Çətin cığınmız yollaşa bizim,»
“Yollaşa” – yəni yola çevrilə? Məmməd Arazın neologizm sexi dayanmadan işləyir…
“İz tapaq bir məslək qonşuluğuna.”
Deyəsən dalda gələn kişidir. Məslək söhbəti var.
“Sabahın sədası bu gündən gəlir,
Taledir quruda tapdığın qayıq.”
Qayıq suda tapılsaydı, tale olmazdı? Qiyamət qopardı? Ya fırtına? Quruda tapılan qayıq niyə taledir?
“Əvvəlin sonu yox, sonun əvvəli.”
Bu cəfəng misranı olduğu kimi R. Behrudi salıb öz cızmaqarasına. Baxa bilərsiniz. Məmməd Arazın tökdüyünü R. Behrudi yalayırmış…
“Sən mənim dalımca daş at da, qayıt.”
Oho! Bu nə ağır jest oldu!
Məni maraq öldürür: gələn kişidir ya arvad? Heyf ki, dilimizin qrammatikasında cins kateqoriyası yoxdur…
“Yedəkdə nərin də nərliyi itir;”
Nər – yəni dəvə. Dəvə kimin yedəyində gedir? Niyə dəvəliyi itir?
“Neçə çubuq yeyir bir tikan üçün.”
Məmməd Araz hamını özüylə ölçür. Yadınızdadır pişiklə necə kobud danışırdı? Elə hesab edir ki, dəvə ağzını tikana atanda sahibi onu kötəkləməlidir. Niyə? Dəli olub?
“Əsrin günahları gözümdə bitir,»
Gözdə günah necə bitir?
Yadınızdadırsa, şairin dalınca kimsə gəlir. Bunu dalda gələnə deyir? Bayaq deyirdi məni daşa bas, indi əsrin günahlarından danışır.
Vacib detal: Məmməd Arazın özünün günahı yoxdur, yeganə günahı günahsızlıqdır. Günah — əsrindir.
“Noxtası quşquna bağlı yol gedən…
Sonrası? — Beləcə adət, öyrəniş!”
Başa düşdünüz? Mən – yox!
Şeirin son bəndi. Şeir, nəhayət, başa çatır, şairin dalına düşən kim idisə, üçüncü bənddən yoxa çıxıb.
“Yoluna yol verməz duman da, çən də,
Özün öz yoluna özül olmasan;”
“Yoluna yol verməz…”
Suyuna su verməz… işığına işıq verməz…
Mətn 1991-ci ilin iyununda Qubada yazılıb. Xalq çörək tapmayanda xalqın şairi can bəsləyirmiş…Özü də hamıdan narazıdır…
«GÖY ALTINDA, YER ÜSTÜNDƏ»
“Bu dünya ibrətdi, bu dünya dərsdi,
İtirən uduzur, götürən udur.”
Bunu indiyəcən bilən var idi?- “götürən udur…”
İnsanın varlığı quruca səsdi…”
Belədə deyirlər ki, sən özündən danış. Üzeyir Hacıbəyov quru səs idi?
“Dağ aşar, çay adlar insan qədəmi”
Şair niyə “addım” demir, ərəbcə “qədəm” deyir? Kütləni sarsıtmaq üçün? Şeyx Əhməd Şeyx Nəsrullahın yanını basırdı: “Ərəbcə de, de, ərəbcə…”
Yəqin başa düşənlər oldu: “qədəm” “qələm” sözünə qafiyədir.
“Vaxt olur götürüb kağız-qələmi
Qaçmaq istəyirəm Yer kürəsindən...”
Evdən yox, şəhərdən yox. Yer kürəsindən! Nəsimi miqyası!
Marsa da getsə, kağız-qələmlə getmək istəyir. Vay marsdakıların halına…
“Allahı dananlar Allaha yaxın,
Allahı sevənə gor eşmək düşür.”
Bunu Məmməd Araz hardan bilib? Eksperiment, müşahidə? Ya qeybdən qulağına pıçıldayıblar? Allaha yaxınlıq keflə yaşamaqdrsa, Məməd Araz özü Allahı danan olub. Hələ kürəkəni Aqil Abbası demirəm. Yəqin lap yazılı şəkildə danır, notariusda möhür də vurdurur, yoxsa belə naz-nemət içində yaşamazdı… Razılaşın ki, Məmməd Araz gor eşməyib, yəni alın təri ilə çörək qazanıb yamaqlı şalvar geyməyib. Deməli, öz düsturuna görə, yüz faiz Allahı danıb…
“Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,
Əl tutan bir isə, əl kəsən min-min.
Əkindi, səpindi, biçindi, vərdi,
Torpaqdı mayası mənim şerimin.”
Bu bənddən bir şey başa düşürsünüz? Məmməd Araz əl-ələ görüşməyin əleyhinədir, çünki əl kəsənlər var, əlini verərsən, birdən görərsən biləyəcən kəsilib…Belə? Sonra şeirinin mayasından danışır, deyir torpaqdı, əkindi səpindi… Ancaq bunun əl tutmağa, əl kəsməyə nə dəxli?
“Əməl muzeyidir insan yaddaşı,
Ad ki həkk olundu — şöhrət daşı var.”
İkinci misradan bir şey başa düşdünüz? “Şöhrət daşı” nədir? Əgər indi az-çox tanınan müəlliflərin əksəriyyəti belə yazırsa, demək olarmı ki, Azərbaycan dəlixanadır?
“Tale bir xoş ömrü çox gördü mənə,
Tikan da əkilməz qəbrimin üstə;”
Şeir 1991-ci ildə yazılıb. Qarışıqlıq vaxtı. Məmməd Araz qorxurmuş ki, ölkə ayılıar, bakılılar da ayılarlar, ölsə, deyərlər ki, aparın basdırın harda doğulub, orda…
Məmməd Araz Vətən fikri yox, yaxşı güzəran və Fəxri Xiyaban fikri çəkirmiş…
Baxıb yuxarıdakı misraya:
“Tale bir xoş ömrü çox gördü mənə…”
1991-ci ilin martı. Yəqin şair korluq çəkib, qırqovul, kəklik əvəzinə nifrətamiz toyuq yeməyə məcbur olub…
“Bu gözdən o gözü görmürəm daha,
Gözümün içi də yaxşı görünmür.”
Heç şübhə ola bilməz: yemək qıt olub. Ancaq ikinci misra çox gülməlidir. Şair öz gözünün içini görmək istəyir? Niyə?
“Torpaqsız, bu yurdda min bölgü olur,
Böyüyən iddiam — bəlkə də sonum!”
Başa düşdünüz? Yox? Xalq şairini qınamayın. Həftələrlə hansı xalq şairi qırqovul-plov, kəklik çığırtması yeməsə, sarsaqlayar…
Yadınıza salım ki, 1991-ci ilin martıdır. Azərbaycan torpaqlarında qan su yerinə axır…
X.X.
05. 06. 2024, Samara
ardı var
əvvəli burda:
GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VIII