Архив тегов | Azərbaycan

«AZADLIQ» RADİOSUNUN SAYTINDAKI MÜZAKİRƏYƏ ŞƏRH

“Azadlıq” radiosunun saytındakı müzakirəyə şərh İndi əlimin altında bir kitab var: “Наши соседи. Справочная книжка. Пограничный переводчик. Том третий». V. Starçevskinin tərtib etdiyi lüğət 1890-cı ildə Peterburqda nəşr olunub. Cild Azərbaycan dilinə həsr olunmuş oçerklə açılır və belə də adlanır: “Азербайджанский язык». Bu məlumat dilimizin indiki adının Stalin tərəfindən verildiyini iddia edənlər üçündür.1890 – Üçüncü Aleksadrın çarlıq dövrüdür. O ki qaldı qaniçən Stalinə, o, doğrudan da bizə bəzi şeylər verib. Məsələn, az-çox müəyyən sərhədləri olan dövlət (öz maymaqlığımızdan saxlaya bilməmişik). Nizami Gəncəvini də Stalin verib – 192—ci illərin axırınacan rus şərqşünaslığında Nizami fars şairi olub, Bartold da, Bertels də onu fars şairi sayıblar. Sonra Kremldən göstərişlə har iki akademik fikrini dəyişib. İndi təsəvvür edək ki, xalqın adı türk, dilin adı türkdür. Deməli, Nizami türk şairidir? Buna ağlayasan ya güləsən? Əgər dilin adını Azərbaycan dili kimi Heydər Əliyev saxlayıbsa, ona qoyulan minlərlə heykəldən ən azı birinə layiqdir. Azərbaycanlılara “türk” deyənlər, “iki millət – bir dövlərt” şüarını çığıra-çığıra boğazını yırtanlar Azərbaycanın milli təhlükəsizliyinə ciddi ziyan vurublar, talışlar, ləzgiləri, tatları və çoxlu başqa milli azlıqları bizdən narazı və incik salıblar. “Dövlət adı dil adı olmaz” deyənlər ya cahildirlər, ya qəsdən ara qarışdırırlar. İtaliya dili, fransız dili, Ukrayna didli, İndoneziya dili – məgər bu hallarda dövlət adıyla dil adı üst-üstə düşmümrmü? Ən azı dörd Azərbaycan nəsli özünü azərbaycanlı kimi, dilini Azərbaycan dili kimi tanıyıb. Bizi Rusiyada azərbaycanlı kimi tanıyırlar, mədəniyyətimizi də məhz bu adla tanımağa başlayıblar. İndi təzədən adımız dəyişək ki, bizə “şikodam” milləti kimi baxsınlar? Mən cəbhə dövründə, ondan sonrakı iki-üç il ərzində Azərbaycana gəlib radio ya televiziyaya qulaq asanda özümü yad ölkədə hiss edirdim. Ağızlarını əyib özlərini türkə oxşadan aparıcılar məndə ikrah doğururdu… 90-cı illərin əvvəllərində türklər Azərbaycanda gözlərinə yaxşı nə dəydisə, apardılar – qədim xalçaları, qab-qacağı qarnı ac adamlardan dəyər-dəyməzinə alırdılar. Dilimizi də, adımızı da, milli mədəniyyətimizi də satmaq istəyənlər çoxdu. Sata bilsəydilər, satardılar… Mən bu müzakirədə iştirak edən bir neçə professoru uzaqdan tanıyıram – keçən əsrin yetmişinci illərində onları universitetdə gənc dosent kimi görmüşəm. İmtahanlara siyahıyla gələrdilər. Tapşırma, pul siyahısıyla… İndi onları dilin adı narahat edir… Bəs ermənilərin dəstə-dəstə köçdüyü Zəngilan, Qubadlı narahat eləmir? Bəs Şuşa onları narahat eləmir? Erməni az qalıb gələ dillərini boğazlarından çıxara, bunlar dilə təzə ad fikirləşirlər… Sabah orduya ümui səfərbərlik elan edib bu adamların hamısını çağıralar… Görəsən neçəsi gələr? Kamil Vəli özünü elə göstərər ki, ona deyiləni başa düşmür… “Ərəbcə de, ərəbcə de…”

DEBATLARA HAZIRLIQ

          İLHAM ƏLİYEV VƏ RAMİL USUBOV

— Ramil, bu xarici səfirlər mənim mozqimi xarab elədilər, bəlkə bu dəfə   seçkiqabağı çıxım debata?

—  Cənab prezident yəni bu qurda-quşa ağız verəcəksiniz? Əgər məsləhətdirsə… Onda gərək açaq namizədləri türmədən buraxaq. İkisi yatır…

—  Yox, Ramil, niyə açıb-buraxırıq? Niyə onları narahat eləyib öyrəşdikləri yerdən ayıraq? Seçkiyəcən qalan namizədləri də basarıq türməyə, özüm gedib onlarla görüşərım. Ramil, mən xalqla görüşmək üçün türməyə də getməyə hazıram. Özün bilirsən ki, doğum günümü qaçqınlarla keçirirəm…

AZƏRBAYCANDA QUDURĞANLIQLA MÜBARİZƏ

13 fevral 2013-cü ildə Azərbaycanda bir nazir oğlu tərəfindən qudurğanlıq hadisəsi baş vermişdir. Qudurğan prezident sarayına gətirilmiş, burda ona möhtərəm prezident İlham Əliyev bir təpik, bir şillə vurmuşdur.

 

«BUTA» NAĞILI

Azərbaycanın “Buta” filmini amerika münsifləri qısa siyahıya da salmayıblar. Deyiblər ki, bu film siyahıya düşsə, hökmən bütün “Oskar”ları alacaq, amerikalılar bu filmi görsələr, tələb edəcəklər ki, ABŞ-ın bütün kino-teatrlarında gecə-gündüz ancaq Azərbaycanın “Buta”filmi göstərilsin. Belə olsa, Amerika kinematoqrafı müflis olacaq. Ona görə də bizi bağışlayın…

TÜRMƏ PROBLEMİ GÜRCÜLƏRİN KÖMƏYİLƏ HƏLL OLUNACAQ

Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan türmələrində bütün siyasi dustaqlara yer çatmamasıyla bağlı problemin həllində qonşu ölkəyə gömək etməyə hazır olduğunu bildirmişdir. İvanişvili deyib ki, “biz öz dustaqlarımızı açıb buraxmışıq, türmələrimiz boşdur, Azərbaycandan yüzlərlə siyasi dustağı öz türmələrimizdə saxlamağa hazırıq”.

AZƏRBAYCANDA «BEŞ QƏPİK -2» AKSİYASI

Azərbaycanda “Beş qəpik – 2” aksiyası start götürüb. Aksiyada məqsəd kifayət qədər vəsait yığıb beş İsmayıllı icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun halal zəhmətlə aldığı və kütlə tərəfindən yandırılmış beş bahalı avtomobilinin, üç skuterinin və başqa əmlakının əvəzini ödəməkdir.

SOYDAŞLAR! GƏLƏCƏYİMİZ KÜRD DİLİNDƏDİR!

Biz, Rusiyada yaşayan azərbaycanlılar, burda böyüyən uşaqların Azərbaycan dilini bilmək problemiylə çox qayğılanırıq. Mən özüm bir neçə il bazar günü məkyəbində sərs demişəm. İndi İnternetdə Bakıda keçirilmiş aksiya zamanı polis komandirinin kürd dilində əmrlər verdiyini görəndən və eşidəndən sonra bu dil məsələsinə münasibət dəyişir. Biz mühacir azərbaycanlılara bazar günü məktəbləri lazımdır, ancaq Azərbaycan dilində yox, kürd dilində. Çünki uşaqlarımıza Azərbaycan dili yox, kürd dili vacibdir. Beş-omn ildən sonra burda böyüyən gənclər Azərbaycana qayıtmaq istəsələr, o vaxtacan dövlət dilinə çevriləcək  kürd dili onlara hava və su kimi lazım olacaq…

 

BİZİM ADAM

Azərbaycanlalıların görüşdən sonra vidalaşmağının bəzən görüşün özündən çox çəkdiyi yaxşı məlumdur. Şirvan Kərimovla, Samara azərbaycanlılarının cəmiyyət sədriylə, demək olar ki, həmişə belə vidalaşırıq – dönə-dənə sağollaşırıq, mən maşının qapısını açıb düşmək istəyəndə hansımızınsa yadına vacib söz düşür və yenə qayıdıb otururam yerimdə. Şirvan Mürvət oğlunun çox sevdiyi “Dikkens” adlı yarızirzəmi rahat pab (biz orda kekslə çay içirik) çoxdan bağlanıb, şəhərin küçələrindən maşınlar çəkilib –səhər ertə yaranıb axşam saat səkkizə-doqquza qədər davam edən tıxac yada qorxunc yuxu kimi düşür…

Yeri gəlmişkən, bu pabda yaxşı musiqi oxudurlar, məsələn, Lui Armstronqun yazılarını. İki zalın birində Dikkensin otuz cildliyi qoyulub, hərçənd kiminsə burda oturub “Pikvik klubu”nu ya “Devid Kopperfildi” oxuyacağını təsəvvür etmək çətin olsa da, böyük inğilisin, Qorkinin diliylə desək, “insana sevgi elmini yaxşı mənimsəmiş” yazıçının ruhuyla heç olmasa bu şəkildə təmas xoşdur…

Növbəti dəfə sağollaşıb qapını açmaq istəyəndə ğördüyüm məni çaşdırır: Novo-Sadovaya çüçəsinin hər iki istiqamətində heybəti və nizamı ilə ilk baxışdan hərbi texnikanı xatırladan yük maşınları sıralanıb. Bir az ləng də olsa, Şirvan müəllimlə elə eyni vaxtda başa düşürük: bunlar qar daşıyan maşınlardır. Qarın şəhərdən çıxarılması əsasən gecədən xeyli keçmiş, xüsusən köhnə Samaranın dar küçələrinə sığmayan avtomobil axını bir neçə saatlığa tükənəndən sonra başlanır. Novo-Sadovaya şəhərin bəlkə də ən uzun küçəsidir, deyərsən ki, sonuncusunun harda dayandığı bilinməyən  maşınların sayı mindən çoxdur. Ancaq bu, aldadıcı təsəvvürdür, şəhərin bu qədər maşını yoxdur. Təxminən il yarım bundan əvvələcən ixtisaslaşdırılmış avtomobil müəssisəsində elə təxminən minə qədər maşın olub. İndi maışnlar da yoxdur, müəssisə də.

Yerlimizi nə bilmişdiniz?!

Keçmiş mer, on ilə yaxın şəhərin ağası olmuş və 2006-cı ildə növbəti seçkiləri uduzmuş Georgi Limanski, indiki rəsmilərin dediyinə görə, məğlubiyyətdən bir az əvvəl həmin o müəssisəni satıb və indi şəhəri az qala xirtdəyinəcən basmış qarı təmizləyib daşımağa cəmi yüzdən bir az artıq maşın var. Ancaq mərkəzi küçələr və onlar da qismən təmizlənir. Bütün günü qarda çobalayan maşınlar görürsən, bir az canfəşanlıq edəndən sonra onlar qumda batan kimi batırlar. Çoxmərtəbələrin bir neçə gün daşınmayan zibilləri dolu konteynerlərin yanında qalaqlanır və guya yaranışların alisi olan insanların yaşadığı binaların həcmli karikaturasına çevrilir.

Deyirlər Georgi Sergeyeviç indi Dikkensin vətənindədir. Hətta federal qəzetlərin də bəzisi yazır ki, Limanski axtarışdadır. Bəzisi də yazır ki, axtarışda-zadda deyil, öz kefindədir.

Bir dəfə Azərbaycanda bir nəfər zirək adam mənə dedi: ”Sizin nmeriniz axı yerlimizdir.” Dedim ki, hə, bilirəm, yerlimizdir. Zirək adamı cavabım, yəni bu cavabın sevinsiz-zadsız verilməyi  deyəsən pərt eləmişdi. Fikrindəkini gözlərindən oxuyurdum: Yerlin orda merdir, bəs sən niyə bu gündəsən? Heç olmasa qaş-qabağın açılsın. Zarafat deyil, Yardımlı balası o boyda şəhərin ağasıdır!

Georgi Limanski doğrudan da yerlimizdir – o, Yardımlının Diman kəndində sərhədçi ailəsində anadan olub. Ona heykəl qoymaq fikrinə düşənlər üçün əlavə edirəm – 1950-ci ildə, hərçənd Azərbaycanda bütün heykəllər bir adama qoyulur…

Və mən başa düşürəm ki, müqəddəs milli ənənələr var – yerlini, xüsusən yurddan kənarda, başkəsən, anaşa satan olsa da sevməlisən.

Georgi Limanski tipik rus koorrupsioneri deyildi, onda Azərbaycan korrupsionerinə məxsus miqyaslar və fantaziyalar vardı. O, samaralıların ən böyük gəzinti və istirahət yeri və həm də təbiət qoruğu olan Zaqorodnı parkı da, Volqa sahilindəki mərkəzi abad çimərliyin bir hissəsini də satmışdı.

Limanskinin üçüncü dəfə seçilməyinə Kreml -təəccüblənməyin — böyük qüvvələr səfərbər eləmişdi. Putinin ən yaxşı telejurnalistləri Samaraya gəlib yerli kanallarda onu təmizə çıxarırdılar.

Seçkilərdə Samara camaatı əslində Kremlə, Putinə qalib qəldi.

Ancaq samaralıların bu qələbəsi Pirr qələbəsinə də çevrilə bilər. Kreml bəhanə axtarır ki, Rusiyada qalmış sonuncu azad seçkiləri – mer seçkilərini də ləğv eləsin.

2006-ci il oktyabr seçkiləri açıq leqal siyasi həyatdan uzaq olan azərbayçanlı icmasının az-çox mütəşəkkil iştirak etdiyi son seçkilər idi. Bəzilərinin, azının, əlbəttə, Limanskiylə işləri vardı, bəzilərini isə o azlar səfərbər eləmişdi.

Rusiyada yaşayan azərbaycanlıların demokratik prosedurlara qatıldığını və vətənə qayıdacağı təqdirdə ictimai həyata sağlam ruh gətirə biləcəyini düşünənlər, təəssüf ki, yanılırlar. Birincisi, bu prosedurlar Rusiyanın özündə Putinin daha yaxşı tətbiqə layiq olan səyləriylə yoxa çıxmaqdadır. İkincisi, bizə tayfaçılıq vərdişləri demokratik prosedurlardan daha doğma və anlaşıqlıdır. Şəhərdəki bu qış fəlakətinə görə soydaşlarımız, əlbəttə, Limanskini qınamırlar. Ümumiyyətlə heç kimi qınamırlar. Bu təbii fəlakətdən çəıxarılan yeganə nəticə budur ki, “qışınki cipdir.”

O ki qaldı indiki merə…

Sobakeviç deyirdi ki, şəhərdə bir nəfər abırlı adam varsa, o da prokurordur. Və əlavə edirdi ki, düzünə qalsa, o da donuzun biridir…

Yeri gəlmişkən, Samara şəhərinin prokuroru azərbaycanlıdır…

14.02.08 Samara

 

ÖLƏNƏ VƏTƏN YAXŞI

                                 

Atalar deyiblər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən də elə həmişə bunun arzusunda olmuşam. Ancaq ölməmişdən qabaq insan adətən bir az xəstə olur. Mən də bu yaxınlarda, canınızdan iraq, yaman azarlamışdım. Dedim yəqin ölümüm çatıb. Bilet alıb mindim qatara ki, tez gedib vətəndə ölüm. Qatar yerindən tərpənənəndə ürəyimə qorxu düşdü ki, deyəsən elə vaqonda öləcəyəm. Gecə elə soyuq olurdu ki, elə bil sərnişinlərin hamısı cəhənnəmə getməliydi və onlar cəhənnəm istisinə hazırlanırdılar. Rusiya sərhədində dağıstanlılar elə sıxma-boğmaya saldılar ki, huşumu itirdim, bir də Azərbaycan sərhədçisinin qışqırığına ayıldım.Gözümü açıb üzlərini görən kimi yenə halım pisləşdi.  Bildim ki, əllərində ölsəm, meyidimi erməni kəşfiyyatçısı adıyla verəcəklər təhvil. Ölmədim. Gedib çıxdım Salyana. Bir neçə gün gəzib dolanandan sonra gördüm nəsə ölümüm gəlmir, ancaq elə xəstəyəm. Dedim gedim buranın xəstəxanasına. Eşitmişdim ki, bəzəyib-düzəldiblər, prezident özü oranı iki dəfə açıb. Bir dəfə açıb, mərasim, salyanlıların xoş üzü elə xoşuna gəlib ki, iki ildən sonra yenə gedib açıb. Hə, gedib çıxdım xəstəxanaya. Həkimlər oturan yekə bir otağa girib dedim ki, əslində Salyana ölməyə gəlmişdim. Dedilər a kişi, elə gəldiyin yolla bir az geri qayıt, çünki sən elə qəbiristanlığın yanından keçib bura gəlmisən. Dedim ki, a bala, ölümüm nədənsə gəlib çatmaq bilmir, istəyirəm bir az müalicə götürəm. Dedilər ay kişi, sənin yaşında burda heç kim müalicə götürmür. Sən yaşda adamlar heç yaşamırlar da.  Gələndən bir yan-yörənə baxmamısan? Dedim ki, vallah, elə mənimki də beş-on günlükdür, özümün də səbrim kəsilib. Hələlik mənə yüngül bir müalicə yazın. Dedilər yaxşı, indi ki gəlmisən, de görək nəyin var. Dedim ki, bağışlayın, polissiz gəlmişəm. Otaqdakı adamların hamısı birdən qışqırdılar ki, a kişi, sən ağsaqqal vaxtında bura polis gətirmək istəyirdin? Utanmırsan? Bəs bilmirsən Salyan xəstəxanasına polis gətirən əskər qabağında gedər? Dedim ki, mən o polisdən demirəm, mən deyən başqa polisdir, kağızdır, pul əvəzidir. Dedilər o pul əvəzini apar ver rusa, erməniyə, bizim gül kimi manatımız var, prezidentimiz ona necə sərəncam veribsə, farağat durub, bir qəpik aşağı düşmür.  Dedim heç olmasa mənim qızmamı ölçün, yaman istilənirəm. Dedilər a kişi, ölümqabağı elə belə olur, adam əvvəl istilənir, sonra soyuq tər gəlir. Bizim xəstəxanada termometr yoxdur.  Azərbaycanda qızma ölçmək dəbdən düşüb. Prezidentimiz göstəriş verib ki, hamının temperaturu 36,6 olsun. Çünki artıq ya əskik olanda adamlar zaylayırlar, ağılları çaşır, küçəyə çıxır, müxalifələtə qoşulurlar.  A kişi, istəyirsən ki, sənə doaqnoz qoyulsun, pulunu çıxar göstər.  Biz diaqnozu pula görə qoyuruq. Hər adamın puluna uyğun xəstəliyi də var, müalicəsi də. Kimin pulu yoxdursa, onun nə xəstəliyi var, nə müalicəsi.

Əvvəl fikirləşdim ki, cibimdəki yol pulunu verib özümə bir az müalicə etdirəm. Sonra fikrimdən daşındım. Ölsəm, yaxşı, birtəhər basdırarlar burda. Arzum yerinə yetər. Ancaq birdən ölmədim? Onda necə qayıdacağam? “Sağ olun” deyib otaqdan çıxmaq istəyəndə kəsdilər qabağımı ki, beş-altı manaq çıxar at stolun üstünə, başağrısı dərmanı alacağıq. Dedim mənə başağrısı lazım deyil, başım ağrımır. Dedilər başağrısını özümüz üçün alırıq, çünki sən çox danışıb başımızı ağrıtmısan. Tez ol, kişi, yoxsa polis çağırarıq. Özü də sən deyən kağız polisdən yox, əsl polis, bığıburma, boynuyoğun. Sənə bir dənə vursa, düz gedib elə qəbiristanlığa düşərsən.

Başağrısı pulunu verib ordan çıxdım. Maşına minib gəldim Bakıya, ordan da qatarla bura. Vətəndə ölmək, əlbəttə, yaxşıdır, ancaq çətindir. Yaxşısı budur ki, elə adamın hazır ölüsü ora gedə…

 

Mirzə ƏLİL

03.03.09 Samara

 

 

RAZISAN? HƏ, HƏ…

Bu Novruz bayaramını da belə yola verdim…

“Keçirdim” deməyə ürəyim gəlmir, çünki, sizdən nə gizlədim, bir az kasıblıq oldu. Qabaqlar hər Novruzda bir neçə samaralı soydaşım mənə bayram payı gətirirdi, bu dəfə bir çürük qoz da gətirən olmadı. Hansı qurumsaqsa mənim adıma çıxarıb ki, güya mən Azərbaycandakı referendumun əleyhinəyəm, mənim pay gətirənlərim də inanıb inciyblər məndən.  Çünki çox vətənpərvər adamdırlar, vətəndən ötrü başlarlından keçərlər, prezidentdən ötrüsə bütün başqa yerlərindən. Üstümə xəbər göndəriblər ki, Mirzə, biz səni belə xain bilməzdik. Azərbaycan refetendumunu erməni özü bəyənib, sən namərdlikdə ermənini də vurub keçmisən.

Vallah, mənim adıma söz çıxaran qurumsaq əlimə üşsəydi, bilirsiniz mən ona neylərdim? Bilmirsiniz? Mən də bilmirəm.

Heyf, cavanlıq!

A kişi, mən həmişə Əliyevlərin əbədilik ölkə başçısı olmağını istəməmişəmmi? Bunu hər yerdə deməmişəmmi? Bunu bəlkə İlham Əliyev özü də bilir və eşitsə ki, Mirzə böhtan qurbanı olub, ordan mənə bir vaqon qoz-fındıq göndərər. Əslində referendumun nəticələri mənim üçün qoz-fındıq, paxlava və şəkərburadan min dəfə qiymətlidir. Camaat qırxdan çox sualın cavabına yüz faiz “hə” cavabı verib. Bəli, yüz faiz. Sonra İlham bəy zat-aliləri deyib ki, on faiz azaldın, desək ki, yüz faizdir, bizə hökmən göz dəyər. Ona görə on faiz azaldıblar. Ancaq doxsan faizə də bəzi qonşuların paxıllığı tutub. Deyilənlərə görə, mərkəzi seçki komissiyasının sədrinə ermənilərin gözü elə dəyib ki, yazığın ağzı əyilib və indi zəhmətlə qazandığını yeyə bilmir…

Dünyanın çox ölkələrinin rəhbərləri bizim xalqımıza “afərin” deyiblər. Bizim prezidentimiz də Birləşmiş Millətlər Təşkilatına məktub göndərib ki, hansı ölkənin konstitusiya dəyişdirmək fikri olsa, gəlsin referendumunu keçirsin Azərbaycanda. Bizim camaatımız siyasi cəhətdən elə kamilləşib, elə yetkinləşib ki, bütün konstitusiyaları istənilən dildə gözüyumulu oxuyar və gözüyumulu da səs verər. Guya Pangemun cənablarının bu təklifdən gözləri yumrulanıb alma boyda olub və Koreya dilində nəsə deyib. Bizim diplomatlar bunu da “hə” kimi başa düşüblər…

Burda bir soydaş var… Adını demirəm. Heç etibarım yoxdur ona, ürəyimə damıb ki, fikri-zikri məni güdaza verməkdir. O gün mənə deyir ki, Mirzə, bilirsən niyə bizim camaat yüz faiz “hə” deyir? Çünki bizim camaat çox qeyrətli camaatdır. Dedim ki, a kişi, mən özüm də yaxşı bilirəm ki, bizim camaatımız qeyrətli camaatdır. Sözünün canını de. Deyir ki, Mirzə, Azərbaycanda səsvermə bülletenlərinin qırağında xırda hərflərlə yazırlar ki, “hə” deməyən maygülüdür. İndi özün fikirləş, kim maygülü adını üstünə götürər? Bülleteni qollayıb çıxırlar…

Soydaşımın bu söhbəti məni açmadı, tez sağollaşıb ayrıldım. Belələriylə aşnalıq qatsan, qozdan mərhum olmaq nədir, başında bir vaqon qoz sındırarlar.

O ki qaldı Novruza, Bakıda elə kef olub ki, qonşularımızın ağızlarının suyu axıb. Hələ bir neçə min erməni müraciət eləyib bizim hökümətə ki, buraxın gələk top-tüfəngimiszlə sizin atəşfəşanlığınızda iştirak edək.  Bizim hökümət deyib ki, yox, biz sizi qoymuruq, çünki biz sizdən küsmüşük və hələ danışmaq istəmirik. Ermənilər də elə bikef olublar ki, başlayıblar Ağdamda hərbi təlimlər keçirməyə.

Seçki komissiyası sədrinin əyilmiş ağzına and ond olsun, bu ermənilər çox üzlü, çox həyasız adamdırlar. Onlara deyəsən ki, qırışmallar, təlim keçirməyə yer başınıza qəhətdir, gərək elə Ağdamda keçirəsiniz? Bəs demirsiniz ki, top səsləri çatar ağdamlıların qulağına və bu, ağdamlıların qeyrətinə dəyər?

 

                                                              Mirzə ƏLİL

26.0309 Samara