Xəbər verirlər ki, bu gün səhər tezdən Salyandan yeddi ya səkkiz avtobus çıxıb, İsmayıllıya yola düşüb. Hər avtobusun içində olarmış qırx-əlli adam, bunların da içində həkimılər, müəllimlər, gözəllik salonlarında işləyənlər, xırda sahibkarlar. Bu avtobusları Salyan mollaları və polisləri böyük hörmətlə yola salıblar.
Bir neçə müxalifət qəzeti tələsik xəbər yayıb ki, guya salyanlılar İsmayıllıda aksiya keçirənlərə və tutulanlara həmrəylik bildirmək üçün ora gedirlər. Ancaq Salyan başçısı açıqlama verib deyib ki, salyanlılar İsmayıllıya Mirdamad ağa Seyidovun ziyarətinə gedirlər.
Məlum məsələdir ki, yer üzündə salyanlılar kimi dindar millət yoxdur, çoxunun alınlarına baxanda möhür yeri görünür. Harda ocaq varsa, salyanlılar ordadır. Müəllimlər dərs ilinin yarısını ocaqlarda keçirirlər. Hərçənd baxıçı, falabaxan, çöpçü yanına gedənlər də çoxdur. Deyilələrə görə bu yaxınlarda Salyanla Beyləqan arasında təyyarə reysi açılacaq, çünki avtobuslar zəncir ocağına gedənlərin öhdəsindən gələ bilmir.
Hə, salyanlılar günorta vaxtı gəlib çıxıblar İsmayıllıya. Yığışıblar icra binasının qabağına, düşüblər üzqoylu: “Ya Mirdamad ağa!” Mirdamad ağa da çıxıb salyanlılara deyib: “Allah ziyarətinizi qəbul eləsin!”
Salyanlılar icranın qabağına çoxlu nəzir qoyublar. Bir neçə gənc deyirmiş ki, biz elə tələbə olandan Mirdamaq ağaya nəzir veririrk, rektorumuz olub, cəddinin köməyilə diplom almışıq…
Deyilələrə görə, salyanlılar indi sağ-salamat qayıdıb gəliblər evlərinə. Sabah Salyandan yenə yeddi-səkkiz avtobus çıxacaq…
Mirzə ƏLİL