Архив тегов | balacalar

BƏZİLƏRİ DİZ ÜSTDƏ…

Bəziləri diz üstdə,

Bəziləri çömbəlir.

Soyuqlarda, istidə,

Balacalar dincəlmir.

 

Yaxın, başbaşadırlar,

Çalışırlar alovla.

Dolub-boşalmaqdadır,

Hər an xırda çalovlar.

 

Qum dağılır, tökülür,

Başa gəlmir tikilən.

“İşçilər”sə çəkilmir,

Həvəsləri tükənmir.

 

Bir tarix məsələsi,

Elə bil həll edilir:

Niyə Babil qülləsi

Başacan tikilmədi?

 

Çalovlardan qum axır,

Ovuclardan qum sızır.

Sanki qum saatıdır,

Bu uşaqlar özləri.

 

Zaman keçir qum kimi,

Qum kimi axır Zaman.

Sızar, gedər tikdiyin,

Barmaqlar arasından…

21-22 aprel 2007, Samara