Архив тегов | Bodlerin şeirləri

ŞARL BODLER.   MADONNAYA

бодлер

À une Madone

Ex-voto dans le goût espagnol[i]

Madonna, istəyirəm sənə, mənim məleykəm,
Mən bir mehrab dərdimin dərinliyində tikəm.

Ən zülmət bucağında  ürəyimin yonaraq,
Dünya ehtirasından, kinayələrdən uzaq
Taxça yaradaram ki, mavi-qızıl bəzəklə

Burda sən ucalarsan, heyrətə düşmüş Heykəl.

Büllur qafiyələrlə mahiranə bəzənən,

Saf metaldan cilalı toxumayan bənzəyən,

Şeirlərimdən sənə nəhəng Tac yaradaram,

Ey öləri  Madonna, qısqanclıq azarımdan,

Sənə  barbar sayağı özüm bir  Don biçərəm

Yabanı,  ağır qaba, şübhə yeyər içimi,
Mirvarilərlə deyil, Göz yaşımla bəzənən,
Gözəlliyin istərəm  özgə gözdən gizlənə!

Dönər Ehtirasıma sənin Donun, titrəyər,

Dalğalanar Ehtiras, gah ucalar, gah enər.
Uclarda ləngərləyər, açıqlıqda dincələr,
Ağ və gül bədənini qızğın öpüşlə bələr.

Sənə Ehtiramımdan başmaq tikərəm gözəl,
Sətindən; o, ilahi ayaqlarından öpər,

Mülayim ağuşunda dustaq edər onları,

Sədaqətli qəib tək saxlar formalarını.

Bütün məharətimə, səriştəmə baxmadan,
Sənə mən Ayaqaltı  yonmasam gümüş aydan,
İçərimi gəmirən ilanı ataram mən,
Ayağın altına ki, tapdalayıb güləsən.

Kini, tüpürcəyiylə şişən bu əcayibi,

Müzəffər kraliça, bilən haqq ödəməyi.

Görərsən Fikirlərim  sıralanıb şam kimi,
Mehrabı qabağında Qızlar Məleykəsinin.

Mavi tavanda əksi onların ulduzlanar,
Hər an sənə zillənən baxışlarında od var;

Heyranın və aşiqin məndə olan hər nə var,
Buxur, Benzoy, Oliban, Mirra tək ətir saçar.

Bəyaz və qarlı zirvə, sənə doğru durmadan,

Gəlir qasırğalarla dolu Ruhum Dumanda.

Sənin Məryəm rolunu, nəhayət, bitirməyə,

Barbarlığı, eşqi bir araya gətirməyə,

Qara nəşə! Ən əsas, yddi ağır Günahdan,
Vicdan ağrılı cəllad, mən,  tiyəsi od saçan,
Yeddi bıçaq yonaraq soyuq jonqlyor kimi,

Hədəfə götürərəm mən ən dərin eşqini.

Hamısını sancaram çırpınan ürəyinə
Ağlayan, qanı axıb dağılan ürəyinə!

 

Fransızcadan tərcümə

10-11.07. 2018

Samara

[i]  İspan ruhunda əhdə görə hədiyyə

ŞARL BODLER. MOESTRA ET ERRABUNDA[i]

бодлер

Moesta et errabunda

 

Söylə, bəzən ürəyin, uçub gedirmi, Aqat,

Natəmiz bu şəhərin qara okeanlndan

Başqa bir okeana, onu bəzər əzəmət,

O, mavi, təmiz, dərin, bəkarət də var onda,

Söylə, bəzən ürəyin uçub gedirmi, Aqat?

 

Yorğunuq, canımızı rahatla nəhəng dəniz,

Hansı şeytandan dəniz səs istedadını aldı? —
Yellərin orqanısa müşayiət edəni,
Sənin əsil işinsə beşik yırğalamaqdır,
Yorğunuq, canımızı rahatla nəhəng dəniz.

Gəl apar məni, vaqon, apar məni, freqat!

Çirk gölü yaranıbdır burda göz yaşımızdan!

 — Doğrudurmu ki, deyir qəlbi kədərli Aqat:
Uzaqlara qeybətdən, cinayətdən və yasdan,
Gəl apar məni, vaqon, apar məni, freqat?

 

Necə də uzaqsınız, nəfis ətirli cənnət,
Orda mavilik altda yalnız eşq və sevinc var,

Orda sevən hər kəsi qarşılayar məhəbbət,
Orda ürəklər təmiz nəşələrə qərq olar,
Necə də uzaqsınız, nəfis ətirli cənnət!

 

Bakirə cənnət, dolu xəlvəti nəşələrlə,

O, Hinddən, Çindən indi daha uzaqmı görən?

Qaytararmı geriyə onu sızıltı, nalə,

Gümüşü bir səslə o, canlanarm yenidən,
Bakirə cənnət, dolu xəlvəti nəşələrlə?

 

 Fransızcadan tərcümə

09-10.07. 2018

Samara

[i] Şeirin adı latıncadır, təxminən “qəmli və sərsəri fikirlər” kimi tərcümə olunur

  ŞARL BODLER.  BİR KREOL XANIMA

бодлер

    À une Dame créole

Günəşdən sığal görən xoş ətirli diyarda
Qırmızı ağacların orda zirvəsi qübbə,
Palmalardan xumarlıq gözlərinə yağardı,
Rast gəldim  kreola, gözəlliyi qəribə.

+

Solğun, hərarətli həm, qəlb sehirləyən əsmər,
Kübar ədalarını incə boynu göstərir.

İri və qaməti dik, ovçu kimi yeriyər,

Gözlərində əminlik, həlimdir təbəssümü.

+

Əgər getsəniz, Madam, cəlallı bir diyara,
Sahilinə Senanın, yaşıl Luarın ya da,

Bir bəzək olardınız siz qədim saraylara.

+

Şairlər sizi xəlvət guşələrdə görəndə,
Qəlblərində min sonet mövzusu göyərərdi,

Gözləirinzdən qara dönərdilər qullara.

Fransızcadan tərcümə

08-09.07. 2018

Samara

ŞARL BODLER. “MİRVARİYLƏ BƏZƏNMİŞ DALĞALANAN DONUNDA…”

бодлер

Avec ses vêtements ondoyants et nacrés

Mirvariylə bəzənmiş dalğalanan donunda,
Rəqs edir elə bil ki, yeriyərkən sadəcə,
Beləcə ovsunçunun əsasnıın sonunda,
Qıvrılırlar ilanlar, ritm, musiqi dincək.

 

Necə ki, yaslı qumlar, necə mavi səhralar
Həmişə biganədir insan iztirabına.

Dənizlərdə dalğalar necə ki, şahə qalxar,

Çiçəkləyir, heç nəyin fərqinə  o, varmadan.

 

Cilalanmış gözləri nəfis daşdan yarandı,

Bakir mələklə sfinks bir-birinə qarışan,
Bu qəribə və rəmzi təbiətdəsə olan

Hər şey qızıl, poladdır, işıq, brilliantdır,

Faydasız ulduz kimi həmişə vuracaq bərq,

Bu steril qadının soyuq əzəməti tək.

 

Fransızcadan tərcümə

06-07. 07. 2018

Samara

    ŞARL BODLER. DÖNƏBİLƏRİLİK

бодлер

          Réversibilité

Sevinclə dolu mələk, sənə tanışmı kədər,

Ayıb, vicdan əzabı, iztirab, hönkürtülər,

Səbəbsiz qorxular ki, qara gecələr gələr,
Bir tikə kağız kimi ürəyi sıxar, əzər?

Sevinclə dolu mələk, sənə tanışmı kədər?

 

Həlim ürəkli mələk, sənə tanışmı nifrət? —
Yumruqlar düyünlənib, acı göz yaşı axır

İblis məramlı Qisas əməllərə çağırır

Və onun əmriylədir bizdən hər bir hərəkət,

Həlim ürəkli mələk, sənə tanışmı nifrət?
Canı saf mələk, sənə tanışmı Qızdırmalar,

Sürgünlər tək hospisin divarları boyunca,
Gəzirlər, ayaqları güclə gəlir dalınca,

Dodaqları tərpəşir, günəş arzulayrlar,

Canı saf mələk, sənə tanışmı Qızdırmalar?

 

Gözəl mələk, qırışlar bilirsənmi nədir sən?

Qocalığın qorxusu və rəzil iztirab ki,

Nə vaxtdan eşq cövhəri içdiyin gözlərdəki,

Pərdəli dəhşətini sədaqətin görərsən,

Gözəl mələk, qırışlar bilirsənmi nədir səm?

 

Səadətlə, işıqla, sevinclə dolu mələk,
Ölüm yatağındakən Davud şəfa dilərdi,

Ovsunlu bədənindən yayılan xoş ətirdən.

Sənin dualarındır  mənəsə ancaq gərək,

Səadətlə, işıqla, sevinclə dolu mələk!

Fransızcadan tərcümə

07-08.07. 2018

Samara

ŞARL BODLER. DİVANƏ

бодлер

           Le Possédé

Kreplə örtülübdür günəş, onun tək elə,
Ey həyatımın Ayı! Kölgələndir özünü

Yat, istəsən tüstülət, lal ol, turşut üzünü,
Ya da özünü Qüssə girdabına qərq elə;

 

Səni elə sevirəm! İstəsən ancaq bu gün,
Toranlardan sıyrılan tutulmuş ulduz sayaq,
Dəliliklə yoluxmuş yurda basasan ayaq,
Çox gözəl! Nəfis qılınc, sıyrıl qınındfan görüm!

Çıraqların oduyla işıqlansın gözlərin,
Baxışlarında istək yandır həyasızların,

Həmişə sevimlisən, həlim ol, qəzəbli ya;

 

İstəsən al şəfəq ol, istəsən qara gecə,
Bircə əza da yox ki, titrəyib qışqırmaya:
“Ah, əziz Belzebutum! Sənə heyranam necə!”

Fransızcadan tərcümə

07.07. 2018

Samara

ŞARL BODLER.  SAÇ

бодлер

           La Chevelure

Ah, bu saç  dalğa-dalğa çiyinlərə dağılır,

Buruqlar! Qayğısızlıq ətrafa yayan qoxu!

Ekstaz! Yel havada yellədən tək yaylığı,
İstərəm ki, dağıla bu tellərə yığılan

Xatirələr bu axşam dolduralar alkovu!

Xumarlanan Asiya, odda yanan Afrika,
Bütün bu gözdən uzaq, itib-batan dünyalar,
Ah, xoş ətirli meşə, qoynunda sənin yaşar!

Başqa ruhlar yelkəni musiqidə açarlar,
Ah, gözəlim! ətrinə mənimkisə baş vurar.

 

O yerə gedərəm ki, şirə dolu ağaclar,
Və adamlar bayılır iqlim istiliyindən.

Qalın hörüklər məni dalğa kimi aparar!
Səndə baş gicəllədən, abnos dəniz, arzu var

Yelkənlər və avarlar, parlaq işıqlar həm də.

 

Hay-küylü bir limanda içirərəm ruhuma,
Səsləri və rəngləri, ətirli dalğaları,

Parıldayar gəmilər qızıllı və muarlı
Qollarını açarlar əbədi ilğımların

Sayrışdığı səmanın şanına qatılalar.

 

Xumarlıq tək başıma eşq vurar, atılaram
Qara dənizə, orda başqa bağlanan da var;
İncə ruhuma sığal çəkər yırğalanmalar

Bərəkətli tənbəllik, yenə sənə vararam,
Ürəyim qayğısızlıq beşiyində yuxular.

 

Qara-göyümtül saçın çadıra bənzəri var
Xatırladır o həm də sonsuz, girdə səmanı;
Pərqu kimi tellərin ucları buruqlanar

Keflənərəm, elə ki, sinəmə axıb dolar

Ətri kokos yağının, müşkün, bir də qətranın.

 

Çoxdan! Həmişə! Mənim əlim bu çəngələrə

Yaqutu, mirvarini, sapfiri səpələyər.

İstəyimə, nəhayət, cavab verəsən gərək!

Həsrətini çəkdiyim vadisən, ya mehtərə

Xatirə şərabıyla dolu ağzına qədər.

 

Fransızcadan tərcümə

05-06.07. 2018

Samara

ŞARL BODLER.  MASKA

             Le Masque

Renessans ruhlu alleqorik heykəl

Heykəltəraş Ernrst Kristofa

 

Budur Florensiya xəzinəsində inci,
Muskullu bədənlərin tökmə dalğalarında

Bol İncəlik və Güc var, səmavi iki bacı,

Mərmərdəki bu qaıdn möcüzədir doğrudan,

Həm nəfis, həm möhtəşəm, heyran edir baxanı,
Dəbdəbəli yataqlar onunla bəzənərdi,

Eynini də açardı padşahın ya papanın.
    — Bax bu ehtiras dolu incə təbəssümə də

 

Özünüsevərliyin onda nəşəsi gəzər,

Xumar, davamlı baxış, kinayəli, məkrli,
Dumanla dövrələnmiş yapışıqlı bu çöhrə,

Bütün cizgiləriyləri deyir müzəffər kimi:

“İşrət səsləyir məni, mənim şanım Məhəbbət!”

Bir dünya əzəməti vardır bu yaranışda,

Zərifliklə ehtiras oyandıran məlahət,

Gəlin, dövrə vuraq bu, gözəlliyin başında.

 

Ah, bu küfrü sənətin! bu fatal sürpriz, ah!

İlahi bədəniylə bəxtəvərlik vəd edən

Qadın monstr kimi bəzənib iki başla!

 — Fəqət yox! Bu, maskadır, bəzəkdir göz aldadan

Bu çöhrə işıqlanıb nəfis bir qrimasla

Bax, necə də əyilmiş, qırışmış hiddətlə o.

Onun səmimi üzü, ona məxsus olan baş,

Çevrilib və örtülüb yalançı sifətlə o.

 

Yazıq böyük gözəllik! Gözlərindən baş alan

Axın gələr qayğılı ürəyimə möhtəşəm.

Yalanınla sərxoşam, qəlbim içir durmadan
Duzlu dalğaları ki, gözlərindən tökür Qəm!

Niyə bəs o ağlayır? O, qənirsiz gözəldir,
Məğlub insan cinsini dizi üstə çökdürüb,
Bədənini gəmirən görın nə sirli şərdir?

 

 — O, səbəbsiz ağlayır, çünki o həyat görüb!

 

Çünki o, ömür sürür, Ondan ötrü ki, ancaq,
Onun qəlbi yaslıdır, əsir dizlərinədək,
Əfsus! Sabahkı gün də  yaşamalı olacaq!

Sabah və birisi gün, həmişə! — hamımız tək!

 

Fransızcadan tərcümə

04-05.07. 2018

Samara

ŞARL BODLER.   NƏHƏNG

бодлер

             La Géante

 

O çağlar ki, Təbiət möhtəşəm ilhamıyla,
Dünyaya gətirərdi hər gün əcayib uşaq,

Bir nəhəng qız yanında istərdim ki yaşayam,
Kraliça  dizindən düşməyən pişik sayaq.

 

Görəydim çiçəklənir qəlbi tək bədəni də,
Və sərbəst irilənir müdhiş oyunlarından.

Tüstülənən alov var biləydim ürəyində,
Gözlərində laylanan, üzən nəmli dumandan,

 

Zəngin formalarıyla gəzəydim tələsmədən;

Sürünəydin ölçüsüz dizləri üstündə mən.

Bəzən də yay günləri, elə ki günəş yaxır,

 

Üzülüb uzananda kənd boyunca o nəhəng,

Döşlərinin yataydım kölgəsində arxayın,

Sanki dağ yamacında rahat, sərin kənddəyəm.

 

Fransızcadan tərcümə

03-04. 2018

Samara

ŞARL BODLER.  SATILAN PƏRİ                   

бодлер

    La Muse vénale

 

Ürəyimin pərisi, sarayların aşiqi,

Boreyin yenə Yanvar buraxanda başını,
Qara qüssə gələrkən qarlı axşamı qışın,

Odun varmı qızına göyərmiş ayaqların?

 

Cana gətirərmisən mərmər çiyinlərini,
Pərdələrdən asılan gecə şölələriylə?

Necə boşdur sarayın, boşdur pul kisən elə,
Mavi qübbədən qızıl yağar bəlkə əlinə?

 

Hər axşam çörəyini qazanmaqçın sən gərək,
Mehrab uşağı kimi buxurdanı yellərək,
Te Deum oxuyasan, özün də inanmasan.

 

Ya ac oyunbaz kimi çıxasan min hoqqadan,
Görünməz göz yaşıyla gülüşün islansa da.

Bəlkə bir heyvərənin ürəyini açasan.

 

Fransızcadan tərcümə

03.07. 2018

Samara