ŞARL BODLER.  SAÇ

бодлер

           La Chevelure

Ah, bu saç  dalğa-dalğa çiyinlərə dağılır,

Buruqlar! Qayğısızlıq ətrafa yayan qoxu!

Ekstaz! Yel havada yellədən tək yaylığı,
İstərəm ki, dağıla bu tellərə yığılan

Xatirələr bu axşam dolduralar alkovu!

Xumarlanan Asiya, odda yanan Afrika,
Bütün bu gözdən uzaq, itib-batan dünyalar,
Ah, xoş ətirli meşə, qoynunda sənin yaşar!

Başqa ruhlar yelkəni musiqidə açarlar,
Ah, gözəlim! ətrinə mənimkisə baş vurar.

 

O yerə gedərəm ki, şirə dolu ağaclar,
Və adamlar bayılır iqlim istiliyindən.

Qalın hörüklər məni dalğa kimi aparar!
Səndə baş gicəllədən, abnos dəniz, arzu var

Yelkənlər və avarlar, parlaq işıqlar həm də.

 

Hay-küylü bir limanda içirərəm ruhuma,
Səsləri və rəngləri, ətirli dalğaları,

Parıldayar gəmilər qızıllı və muarlı
Qollarını açarlar əbədi ilğımların

Sayrışdığı səmanın şanına qatılalar.

 

Xumarlıq tək başıma eşq vurar, atılaram
Qara dənizə, orda başqa bağlanan da var;
İncə ruhuma sığal çəkər yırğalanmalar

Bərəkətli tənbəllik, yenə sənə vararam,
Ürəyim qayğısızlıq beşiyində yuxular.

 

Qara-göyümtül saçın çadıra bənzəri var
Xatırladır o həm də sonsuz, girdə səmanı;
Pərqu kimi tellərin ucları buruqlanar

Keflənərəm, elə ki, sinəmə axıb dolar

Ətri kokos yağının, müşkün, bir də qətranın.

 

Çoxdan! Həmişə! Mənim əlim bu çəngələrə

Yaqutu, mirvarini, sapfiri səpələyər.

İstəyimə, nəhayət, cavab verəsən gərək!

Həsrətini çəkdiyim vadisən, ya mehtərə

Xatirə şərabıyla dolu ağzına qədər.

 

Fransızcadan tərcümə

05-06.07. 2018

Samara

Реклама