ŞARL BODLER. QƏMLİ MADRİQAL

бодлер

  Madrigal triste

I

Nəyimə gərək ki, sən ağıllısan?

Gözəl ol! Qəmli ol! Bil ki, göz yaşı,

Hüsnü, məlahəti üzdə artıran,

Necə ki, yaraşır peyzaja leysan;.

Qasırğa gülləri cavanlaşdırır

 

Daha çox sevirəm səni, elə ki,

Sevinc tərk eləyir yaslı çöhrəni

Elə ki qəlbini sarır səksəkə,

Bu gününə qara bir örtük çəkir,

Qorxunc buludları olub-keçənin.

 

Mən səni sevirəm iri gözündən,
Yaş axıb gedəndə isti qan kimi.

Mənim əlllərimlə əzizlənəndə,

İşgəncə əksini tapır üzündə,

İniltin səslənir can verən kimi

 

Dolur ciyərimə dərin, şirin himn!

Çəkirəm içimə, ilahi nəşə!

Bütün hönkürtüsü sənin sinənin,
Və nurla doldurur qəlbini yəqin,
Gözlərindən axan inci göz yaşı.

II

Köhnə sevgilərin odu soyuyan,

Xatirələriylə dolu ürəyin,
Bilirəm, kürə tək yenə də yanar,

Azacıq da olsa, içində qalan,
Lənətli vüqarı orda kükrəyir.

 

Ancaq o qədər ki, hələ Cəhənnəm,

Əzizim, yox sənin yuxularında.

Və könlündən keçər ara verməyən,
Kaşmarda ya zəhər ya da ki, xəncər,

Məftunsan barıta, qurğuşuna da.

 

Qapını qorxuyla ancaq açarsan,
Hər yerdə fəlakət gözün axtarır,

Bədənin titrəyər yetişcək zaman,
Duymayacaqsan ki. ağuşundasan,

Yenilməz, qaçılmaz İkrahın artıq,

 

Sən mənə kənizsən, məleykəsən həm,

Sən məni qorxuyla sevirsən ancaq

Gecənin dəhşəti yetişdiyi dəm,

“Kralım, bil sənin Bərabərinəm!

Çətin ki, deyəsən sən ağlayaraq.

 

Franslızcadan tərcümə

15-16.07. 2018

Samara

BODLERİN FLOBERƏ MƏKTUBU

flaubert-baudelaire

Onların hər ikisi eyni ildə (Flober — 12 dekabr 1821, Bodler – 9 aprel 1821) doğulublar, iki ədəbiyyat nəhəngigin yollarının bir neçə dəfə kəsişdiyinə bu məktub sübutdur.

26 iyun 1840

Əzizim Flober!
Mən sizə gözəl məkbunuza görə çox təşəkkür edirəm!  Müşahidəniz məni sarsıtdı, və səmimiliklə düşüncələr xatirəmi araşdıraraq başa düşdüm ki, həmişə insanın qəfil fikirlərini və müəyyən hərəkətlərini ona kənar şər qüvvələrin müdaxiləsini güman etmədən başa düşməyin mümkünsüzlüyü fikrinə mübtəla olmuşam — Bu böyük etirafa görə bütün 19-cu yüzillik məni qızarda bilməz. — Nəzərə alın ki, mən öz fikrimi dəyişmək ya da öz-özümə zidd getmək həzzindən heç də imtina etmirəm.

Günlərin bir günü, əgər icazə versəniz, Honflerə gedərkən, mən Ruendə dayanaram, sizin mənə bənzədiyinizi və sürprzlərdən zəhləni getdiyini ehtimal edərək, mən sizə bir qədər qabaqcan xəbər verərəm.

Siz mənə deyirsiniz ki, mən çox işləyirəm. Bu, amansız istehzadırmı? Çox insan, məni saymadan, belə hesab edir ki, mən böyük bir iş görmürəm.

İşləmək, bu, dayanmadan işləməkdir, bu, duyğularsız, düşüncələrsiz  yaşamaqdır və bu, daim hərəkətdə olan saf iradədir. Bəlkə mən buna nail olaram.

Sədaqətli dostunuz

Ş. Bodler

Fransızcadan tərcümə

30.07. 18, Samara

Orijinal burda: https://www.deslettres.fr/lettre-de-charles-baudelaire-a-gustave-flaubert-travailler-cest-travailler-cesse-cest-navoir-plus-de-sens-plus-de-reverie/