KƏND DƏFNLƏRİ

23..jpg

Kəndin bayramından, toyundan artıq,
Kəndin dəfnləri əzəmətlidir,

Uzaq-yaxın hamı yığılıb gəlir,

Hamı əlindəki işini atır.

 

Bir göz qırpmında qoça, cöngəyə,
Bir yekəpər  bıçaq elə çəkilir,
Yazıq nə tərpənir, nə dinə bilir,

Ancaq qızıl qanı fışqırır göyə.

 

Əlüstü odlanır dədə samovar,
Ocaq yandırılır neçə yan-yana,
Qayırıb asırlar teşti, qazanı,
Bunda ət pörtülür, onda plov var.

 

Gedir iş dalınca qəbirqazanlar,
Belləri çiynində, yerişləri şən,
Yuyucu tapılır yer deşiyindən,
Çox çəkmir, molla da gəlir hüzura.

 

Qalanlar əl-ələ çadır qururlar,
Sözlə, məsləhətlə görürlər işi,
Baxılır, yoxlanır işin gedişi,

Rəhbərlik edən var, ağsaqqal da var.

 

Elə yuyurlar ki, öləni, bəlkə,

Bəlkə sağlığında tamarzı qalıb.

Sonra səliqəylə büküb-bağlayır,

Götürüb gedirlər dəfn eləməyə.

 

Piyada, tabut da çiyinlərində,
Gedirlər, yox ancaq “yoruldum” deyən,
İndi hamı qıvraq,  hamı da yeyin,
Heç kim havadan da çəkinən deyil.

 

Allah deyə-deyə gəlib çatirlar,
Məzara qoyurlar burda öləni,
Bir az dinləyərək molla deyəni,

Təzə qəbrin üstə torpaq atırlar.

 

Düşür qabağına molla kütlənin,
Yenə kənd yoluna camaat çıxır.

Yox daha küsülü, qanlı-bıçaqlı,
Dostu-qardaşıdır hamı hərənin.

 

İndi toyuq-cücə, çəpər davası,
Hamının elə bil çıxıb yadından,

Yolu kəsilənlə yol kəsən indi,

Qol-boyun gedirlər evlər arası.

 

Qonşu savaşları soyumayan kənd,
Bir saat içində təşkilatlanır.
Üç günlük, beş günlük icma yaranır,
Ölüm bahasına olsa da hərçənd.

 

Bəlkə parçalanıb beş-altı ürək,

Qalan ürəklərdə yaxşı havadır.

Kəndiçi davası ağır davadır,

Yəqin yatmağının qurbanı gərək…

 

23.07. 2018

Samara

Реклама

ŞARL BODLER. MOESTRA ET ERRABUNDA[i]

бодлер

Moesta et errabunda

 

Söylə, bəzən ürəyin, uçub gedirmi, Aqat,

Natəmiz bu şəhərin qara okeanlndan

Başqa bir okeana, onu bəzər əzəmət,

O, mavi, təmiz, dərin, bəkarət də var onda,

Söylə, bəzən ürəyin uçub gedirmi, Aqat?

 

Yorğunuq, canımızı rahatla nəhəng dəniz,

Hansı şeytandan dəniz səs istedadını aldı? —
Yellərin orqanısa müşayiət edəni,
Sənin əsil işinsə beşik yırğalamaqdır,
Yorğunuq, canımızı rahatla nəhəng dəniz.

Gəl apar məni, vaqon, apar məni, freqat!

Çirk gölü yaranıbdır burda göz yaşımızdan!

 — Doğrudurmu ki, deyir qəlbi kədərli Aqat:
Uzaqlara qeybətdən, cinayətdən və yasdan,
Gəl apar məni, vaqon, apar məni, freqat?

 

Necə də uzaqsınız, nəfis ətirli cənnət,
Orda mavilik altda yalnız eşq və sevinc var,

Orda sevən hər kəsi qarşılayar məhəbbət,
Orda ürəklər təmiz nəşələrə qərq olar,
Necə də uzaqsınız, nəfis ətirli cənnət!

 

Bakirə cənnət, dolu xəlvəti nəşələrlə,

O, Hinddən, Çindən indi daha uzaqmı görən?

Qaytararmı geriyə onu sızıltı, nalə,

Gümüşü bir səslə o, canlanarm yenidən,
Bakirə cənnət, dolu xəlvəti nəşələrlə?

 

 Fransızcadan tərcümə

09-10.07. 2018

Samara

[i] Şeirin adı latıncadır, təxminən “qəmli və sərsəri fikirlər” kimi tərcümə olunur