Au Lecteur
Səfehlik, yanılmalr, föhş, tamah, simiclik,
Ruhumuza hakim həm, həm də hər əzamıza.
Yedirdirik sevimli vicdan əzabımızı,
Dilənçi bitlərini yedizdirir necə ki.
Günahlarda inadlı, tövbələrdəsə qorxaq,
Hər etirafı baha çalışırıq sırıyaq.
Və biz həvəslə çirkin yollara qayıdırıq,
Deyirik göz yaşımız hər ləkəni yuyacaq.
Yıxıb şər balıncına bu İblis Trimeqist də
Əfsunlu ruhumuzu nəvazişlə yırğalar.
Bu kimyagər əliylə buxarlanıb dağılar,
Bizim iradəmizin zəngin xəlitəsi də.
Bizi oynadan ipin ucu əlindədir Şeytanın!
Həmişə həvəsliyik çirkin şeyə, əmələ;
Bir addıım da yaxınıq biz hər gün Cəhənnəmə,
Adlaryırıq qorxusuz üfunətli toranı.
Kasıb eyşbaz necə əzik məmələrini,
Qoca fahişələrin gəmirər və sıxçalar,
Əlüstü bir ləzzətə bizdə də ehtiras var,
Sıxar o da yaxşıca bizi portağal kimi.
Sıxlaşır və qaynaşır, milyon qurddur elə bil,
Şeytanların tayfası beynimizdə durmadan
Girir ciyərimizə biz hər nəfəs alanda
Ölüm, görünməz axın, qopur iniltiləri.
Əgər zorlama, zəhər, yanğın ya da ki xəncər,
Gözəl naxışlarını hələ toxumayıbsa,
Miskin həyatımızın bayağı kanvasına,
Demək ruhumuzda əzm kifayət deyil hələ.
Ancaq çaqqal, bəbir, tülkülər arasında
Meymun və əqrəblərin, quzğun və ilanların,
Nərildəyən, çığıran, vay-şivən salanların,
İnsan günahlarının şərəfsiz sırasında,
Daha rəzil, eybəcər, daha çirkin biri var
O nə əl-qol atandır, nə qışqırıb-bağıran.
Yer üzünü həvəslə döndərər xarabaya,
Ya da bir əsnəməklə bütün dünyanı udar.
Bu, Qüssədir! Tökülür ixtiyarsız göz yaşı,
Eşafot arzusunda, hoqqa tüstülədərək,
Oxucum, bu monstru tanıyasan sən gərək,
Ah, riyakar oxucum, — oxşayanım, – qardaşım!
Fransızcadan tərcümə
29-30.06. 2018
Samara