ŞARL BODLER.   MADONNAYA

бодлер

À une Madone

Ex-voto dans le goût espagnol[i]

Madonna, istəyirəm sənə, mənim məleykəm,
Mən bir mehrab dərdimin dərinliyində tikəm.

Ən zülmət bucağında  ürəyimin yonaraq,
Dünya ehtirasından, kinayələrdən uzaq
Taxça yaradaram ki, mavi-qızıl bəzəklə

Burda sən ucalarsan, heyrətə düşmüş Heykəl.

Büllur qafiyələrlə mahiranə bəzənən,

Saf metaldan cilalı toxumayan bənzəyən,

Şeirlərimdən sənə nəhəng Tac yaradaram,

Ey öləri  Madonna, qısqanclıq azarımdan,

Sənə  barbar sayağı özüm bir  Don biçərəm

Yabanı,  ağır qaba, şübhə yeyər içimi,
Mirvarilərlə deyil, Göz yaşımla bəzənən,
Gözəlliyin istərəm  özgə gözdən gizlənə!

Dönər Ehtirasıma sənin Donun, titrəyər,

Dalğalanar Ehtiras, gah ucalar, gah enər.
Uclarda ləngərləyər, açıqlıqda dincələr,
Ağ və gül bədənini qızğın öpüşlə bələr.

Sənə Ehtiramımdan başmaq tikərəm gözəl,
Sətindən; o, ilahi ayaqlarından öpər,

Mülayim ağuşunda dustaq edər onları,

Sədaqətli qəib tək saxlar formalarını.

Bütün məharətimə, səriştəmə baxmadan,
Sənə mən Ayaqaltı  yonmasam gümüş aydan,
İçərimi gəmirən ilanı ataram mən,
Ayağın altına ki, tapdalayıb güləsən.

Kini, tüpürcəyiylə şişən bu əcayibi,

Müzəffər kraliça, bilən haqq ödəməyi.

Görərsən Fikirlərim  sıralanıb şam kimi,
Mehrabı qabağında Qızlar Məleykəsinin.

Mavi tavanda əksi onların ulduzlanar,
Hər an sənə zillənən baxışlarında od var;

Heyranın və aşiqin məndə olan hər nə var,
Buxur, Benzoy, Oliban, Mirra tək ətir saçar.

Bəyaz və qarlı zirvə, sənə doğru durmadan,

Gəlir qasırğalarla dolu Ruhum Dumanda.

Sənin Məryəm rolunu, nəhayət, bitirməyə,

Barbarlığı, eşqi bir araya gətirməyə,

Qara nəşə! Ən əsas, yddi ağır Günahdan,
Vicdan ağrılı cəllad, mən,  tiyəsi od saçan,
Yeddi bıçaq yonaraq soyuq jonqlyor kimi,

Hədəfə götürərəm mən ən dərin eşqini.

Hamısını sancaram çırpınan ürəyinə
Ağlayan, qanı axıb dağılan ürəyinə!

 

Fransızcadan tərcümə

10-11.07. 2018

Samara

[i]  İspan ruhunda əhdə görə hədiyyə

Реклама