Архив тегов | Bodlerin şeirləri

ŞARL BODLER.  YÜKSƏLMƏ

бодлер

Élévation

Qanadlanıb göllərin, çöllərin üstdən uçan,

Dağı, meşəni yaran, buludları dalayan,

Günəşi aşıb gedən, efirləri adlayan,
Ulduzlu aləmlərin zirvələrindən keçən

 

Ruhum, yeyin və qıvraq həmişə yürüyürsən.

Dalğalarla qol-boyun mahir üzgüçülər tək.

Fərəhlə baş vurursan sonsuz dərinliklərə,

Qızğın ehtirasının tapılmaz ifadəsi.

 

Torpaq üfunətindən uzaqlara, uç, ucal,

Ali hava qatında çıxar özünü safa,

Və o şəffaf odu ki, yayılıb fəzalara,

İlahi cövhər kimi sümür məst olanacan.

 

Həyatımıza hopan, günümüzü qaraldan,
Qüssələr və tükənməz küsülər güc gələrsə,

Bəxtəvər o adamdır nurlu, dinc düzənlərə,

Şığıyaraq üz qoyur əzmli qanadıyla.

 

Bəxtəvər o adamdır,  torağay kimi fikri,
Səhər tezdən göylərə üz tutur, qanadlanır.

 — Kim üstündə həyatın süzür, asan anlayır,
Təbiətdə lal nə var, dlini çiçəklərin.

Fransızcadan tərcümə

17.06. 2018

Samara

ŞARL BODLER.  YATAĞINA ALƏMİ HAZIRSAN ÇƏKƏSƏN SƏN

бодлер

Tu mettrais l’univers entier dans ta ruelle

Yatağına aləmi hazırsan çəkəsən sən,
Pozğun qadın! Ürəyin daşa dönüb qüssədən.

Bu əcayib oyunda dişlərinin məşqinə,
Çubuğa keçirilmiş ürək gərək hər günə.

Dükan pəncərəsi tək gözlərin işıqlanar,

Ya da bayramlardakı məşəllər kimi yanar.

Utanmadan alınma güc ilə yararlanan,
Onlardakı gözəllik qanununu qanmadan.
Sən kar və kor maşınsan, qəddarlıqda fəalsan,
Həm xilas alətisən, qanla həm dolanansan.
Niyə həyan yox sənin, hər baxanda güzgüyə,
Görmürsən solub gedir gözəlliklərin, niyə?

Guya yaxşı bildiyin şərin əzəmətindən,
Sarsılaraq heç zaman çəkilmirsən sən nədən?

Gizli nişanlarıyla bol təbiət haçansa,

Səni ey qadın, sən ey föhş kraliçası,

 — Seçdi bəlkə, a heyvan, dahi bəlkə yapmağa?

Ah, bu çirkin təmtəraq! ali rüsvayçılıq, ah!

 

Fransızcadan tərcümə

16-17.06. 2018

Samara

ŞARL BODLER.   QARAÇILAR YOLDA 

бодлер

           Bohémiens en voyage

Gözləri alovlanan peyğəmbəri bu tayfa,
Dünən yola düzəldi, sarıyaraq  dalına,
Körpələri; acıyıb ağlayandasa, sallaq,

Məmələrin əvəzsiz nemətiylə doyarlar.

Piyadadır silahı parıldayan kişilər,

Bütün arabalara yüklənib avadanlıq.

Boş çıxan ümidlərin ağrılarıyla ağır,

Baxışları onların göy üzündə dolaşar.

 

Və qumlu dəliyinin dibindən baxan sisəy,
Lap ucadan oxuyar, keçənləri görərək.

Onları sevən Sibel yaşıllanar daha da.

 

Səhralar çiçəklənər, qayalardan su damar,

Bu yolçular önündə, gələcək toranların

Tanış məmləkətinin qapıları açılar.

Fransızcadan tərcümə

 15-16.06. 2018

Samara

   ŞARL BODLER. GECƏ İMTAHANI

бодлер

       L’Examen de minuit

Gecə yarısından xəbər verən zəng,

Rişxəndlə elə bil bizdən istəyir,
Salaq yadımıza hansı bir xeyir,
Götürə bilmişik ötən bu gündən:

— Bu günün tarixi qədirlənibdir,
Cümədir, onüçü ayın üstəlik,

Heç də az deyildir bizdəki bilik,

Ancaq həyatımız küfrlə keçir.
Bütün Tanrıların ən danılmazı,

Tanrımız İsaya küfr demişik!

Süfrəsi başında parazit kimi,
Hansısa müdhiş və zəngin Krezin,

İblisin nökəri olmağa layiq

Vəhşinin kefini çalışıb açaq,

Sevdiyimiz kim var, ələ salaraq,

Bizə yad olanı ucaltdıq göyə;

Lütfkar cəllad tək elə nahaqdan,
Nifrət bəsləmişik zəif olana

Bir öküz baxışlı, öküz alınlı,

Nəhəng Axmaqlığa baş əydik amma;

Öpdük şirin vəcdlə və ehtiramla,

Duyğusuz, cansız küt Materiyanı.

Və çürüntülərdə qızıb yaranan,
İşığa baş əydik salam-kalamla.

Başgicələnməni boğmağa indi,
Və həm yedirməyə qarabasmanı

Həzzini göstərib qüssənin yasın,
Şöhrətə yetişən kütlə gözündə,

Təkəbbürlü Rübab kahini sayaq,

Təşnəsiz içənik, iştahsız yeyən.

— Tez keçir çırağı, nəhayət, yayın,

Çəkil zülmütlərə, gözdən ol uzaq!

Fransızcadan tərcümə

14-15.06. 2018

Samara

ŞARL BODLER.  BULUDLU GÖY     

бодлер

      Ciel brouillé

Buxarla örtülübdür elə bil ki, baxışın,

Sənin sirli gözlərin (mavi, qonur, yaşılmı?)

Gah zalım, gah mehriban, gah xəyala qapılar.

Onlarda göylərdəki xumarlığın əksi var.

 

İsti və ağ dumanlı günləri yadına sal,
Məftun ürəklər necə duyğulanıb ağlayar.
Tanınmaz bir azarla incidilən sinirlər,
Oyanar və yuxuya gedən ruha gülərlər.

 

Dumanlar mövsümündə alovlanan günəşdən,
O gözəl üfüqlərə bənzəyirsən sən hərdən.

Elə ki parlayırsan, yağışdan nəm peyzajı,

 Buludlu göydən sızan şüalar alışdırır.

 

Sən ey xatalı qadın, ağlı azdıran iqlim!

Qarına da valehəm, şaxtanı da sevirəm,
Aman bilməz qışından ala bilərəmmi mən,

Elə həzz ki, itidir buzdan, həm də dəmirdən?

 

Fransızcadan tərcümə

14.06. 2018

Samara

ŞARL BODLER.  BİR YOLDAN ÖTƏNƏ

бодлер

  À une passante

Elə hayqırır küçə, qulaq batır az qala.

Bir ucaboy və arıq qadın keçdi yanımdan,
Yaslı, dərdi möhtəşəm, incə əllə durmadan,
Uzun ətəklərini çəkib sığallayaraq.

 
Kübar, yeyin, mərmərdən yonulub ayaqları,

Qasırğalar yetişən solğun səmaya bənzər

Gözlərindən içirdim mən özümdən bixəbər,

Məst eləyən şirinlik və həzz ki, zəhər dadır.

 

 

Şimşək işığı…sonra gecə! Bircə baxışıyla mən,

Bu ani gözəlliyin təzədən doğuluram,
Səni  əbədilikdə bəlkə yenə görərəm.

 

Uzaqlarda, burda yox! Gecdir! Həmişəlik ya!

Bilmirəm ki, hardasan, hardaym – nə biləsən,

Ah, səni mən sevərdim, ah, bilərdin bunu sən.

 

Fransızcadan tərcümə

12.06.2018

Samara

ŞARL BODLER.  SAQINDIRAN

бодлер

         L’Avertisseur

Kim əgər layiqsə insan adına,
Ürəyində sarı İlan yaşayar.

İnsan “İstəyirəm,” desə, hökmdar

Səsiylə bu İlan “Yox!” deyər ona.

 

Donuq gözlərinə gözlərin baxa,

İstər Satirlərin,  Niksilərin ya,

Diş deyir: “Öz borcun barədə düşün!”

 

Ağac ək, dünyaya ya övlad gətir,
Kağızda, mərmərdə əsərlər yetir,

Diş deyir: “Axşama varmı ümidin?”

 

Nəyə ümid etsə, can atsa nəyə,

İnsan həyatının bircə anı da,
Keçmir ki, Gürzədən, Zalım İlandan,
Acı xəbərdarlıq eşidilməyə.

Fransızcadan tərcümə

11-12.06. 2018

Samara

ŞARL BODLER. NİFRƏT ÇƏLLƏYİ         

 

бодлер

       Le Tonneau de la Haine

Bir çəlləkdir ki Nifrət, doludur Danaidlə,

Bura güclü, qırmızı əlləriylə İntiqam,
Toranda başılovlu vedrə-vedrə əndərir,

Ölənlər axıtdığı göz yaşları, tər və qan.

 

Gizli deşiklər açıb İblis bu girdabdasa,
Onlardan axıb gedir min illərin qan-təri.

Əgər qurbanlarını cana gətirə bilsə,
Yenə də Nifrət sıxıb, qanlarını çəkərdi.

 

Nifrət əyyaşa bənzər meyxana küncündəki,
Təşnəsi şiddətlənər, çox içərsə nə qədər,
Kəsildikcə çoxalan Lerna hidrası kimi.

 

Bəxtəvər əyyaş bilir xumarlıqdan yenilər,
Yaslı tale yazılıb Nifrətinsə adına,
Yuxuya getməz heç vaxt girib masa altına.

Fransızcadan tərcümə

11.06. 2018

Samara

ŞARL BODLER.   KÜRƏN DİLƏNÇİ QIZA

бодлер

     À une Mendiante rousse
Özü ağbənizdir, saçları kürən,
Nimdaş paltarının deşiklərindən,
Onun kasıblığı həm gözə dəyir,
Həm gözəlliyi.

 
Miskin bir şairəm, mənə qalarsa,
Sənin kürən çillər bürüyüb basan,

Cavan və azarlı bədənini mən,
Çox bəyənirəm.

 

Taxta başmaqların ayaqlarına,
Yaraşır, sabolar qəşəngdir daha,
Qədim romanlarda məleykə geyən,
Məxmər səndəldən.

 
Bu, dizinə çatan əski yerinə,
Gözəl saray donu yaraşar sənə,

Xəfif xışıltılı düşə ətəklər,
Dabana qədər.

 

Sənin corabının deşiklərinə,
Hər bir heyvərənin gözü bərəlir.

Qızıldan bir xəncər gərək yanaydı,
Corabbağında.

 

Yaxşı vurulmayan düyünlərinsə,
Açılıb salalar bizi həvəsə.

Gözlərin tək gözəl məmələrin də,
İşıqlı həm də;

 

Gərək əllərinin  ola qurbanı,
Görmək istəsə kim soyunmağını.
Şeytan barmaqları qəzəblə vura,
Qova kənara.

 

Sənə mirvarilər ən gözəl sudan,
Və sonetlərini Belo ustadın,
Əsirin olanlar daim hədiyyə,
Vermək istəyər.

 

Nökər təbiətli qafiyəbazlar,
İlk kitablarını sənə yazarlar.

Baxarlar gizlənib pilləkən altda,
Ayaqlarına.

 
Neçə paj qapında uğur axtarar,

Nə qədər də senyor və neçə Ronsar.

Yataq otağını sənin güdərlər,
Kef ümidiylə.

 

Odlu busələrin hesabı itər,
Yatağı bəzəyən gülləri ötər.

Sənin xidmətində farağat durar,
Neçə Valua!

 

Fəqət dilənməyə yenə gedirsən,

Hansı bir Vefurun kandarındasa,

Köhnə-əski-üskü atılıb qalıb,

Sənə yararlı.

 

Gedə-gedə ancaq baxırsan oğrun,
Bəzəyə, qiyməti iyirmi doqquz su.

Ah, bağışla, onu alıb sənə mən,
Verə bilmərəm!

 

Elə beləcə get, bəzəksiz-filan,
Nə ətir, mirvari, nə də brilyant,

Arıq çılpaqlığın bəsindir elə,

Mənim gözəlim!

 

Fransızcadan tərcümə

09-10.06. 2018

Samara

ŞARL BODLER. SPLİN 4

бодлер

      Spleen

Qüssə əsirliyində sızıldayan ruhlara,

Ağır və yaxın səma qapaq kimi enəndə,

Aləmi çevrələyən üfüqdən elə qara
Gün doğur üstümüzə, qəmi çox gecədən də.

 

Elə ki torpaq dönür rütubətli zindana,

Ümid Yarasa kimi zərif qanadlarıyla,
Divarları döyərək  uçuq-sökük tavana,
Baş vurar şığıyaraq;
Tükənməz şırnaqları sallananda yağışın,

Barmaqlıqlar bərkidən türməni xatırladar.

Rəzil hörümçəklərin mini birdən daraşıb

Beynimizin dibinə, səssiz tor hörər orda.

 

Qəzəblə səslənərlər birdən qüllə zəngləri,

Tük ürpədən nərələr göylərə ucaldaraq.

 Necə ki, ruhlar olur vətənsiz və sərsəri,
Ağlayıb-sızıldayır inadla yalvararaq.

 

Uzun şayiələrsə təbilsiz və çalğısız

Ləngərli dolaşırlar ürəyimdə;  Ümidsə,
Yenilərək ağlayır, Qüssə qəddar, amansız,
Sərir qara bayrağı əyilmiş kəlləm üstə.

 

Fransızcadan tərcümə

09-10.06. 2018

Samara