Архив тегов | çiçək

Robert FROST. MÜŞAHİDƏ NÖQTƏSİ

T1520565_05

                (THE VANTAGE POİNT)

 

Əgər yorsa meşə, bəşər xiffəti,

Yenə yorsa məni, naxır örüşü

Yamaca qalxaram dan sökülməmiş.

Ardıc kolluğunu qırıb xəlvəti

Görürəm evlərin donuq surəti,

Uzaqdan      ağarır. Bir az aralı,

Qarşı təpəlikdə durur məzarlıq –

Ölənlə qalanın sərhədi itir.

 

Məni bir mənzərə günortayadək

Bezdirsə, dönərəm dirsəyim üstə,

Axar təpəlikdən üzümə isti.

Meh tək nəfəsimdən titrəyər çiçək,

Burnumda torpaqla əzik ot dadı,

Gözümsə qarışqa yuvasındadır…

İngiliscədən tərcümə

2000-ci illər

Samara

 

 

 

Robert FROST DÜZƏNDƏ

            (İN A VALE)

 

Cavandım, bir düzdə yaşardıq. Yaxın

Dumanlı bataqlıq dinirdi gecə.

Gələr, bilirdim ki, bir ağüz xanım,
Qaldırıb qamışa ilişən donun,

Mənim pəncərəmdən işıq düşüncə.

 

Vardı bataqlıqda neçə cür çiçək,

Çöhrəsi ayrıydı hər çiçəyinsə.

Bayırda zülməti sızıb keçərək,

Çiçəklər girərdi otağa tək-tək,

Burda hər birinin öz yeri, səsi.

 

Hər gecə dumanla gəlirdi onlar,

Söz-söhbət gətirib özləri ilə,

Keçən əhvalatlar, indi olanlar –

Tənha adamdasa elə təşnə var,

Dinləyir ulduzlar öləziyincə.

 

Sonra ağırlaşıb şehlə, tələsir,

Onlar qayıdırdı. O özgə yerdi.

Orda quş doğulur uçuş həvəsli,

Orda çiçək bitir ətir nəfəsli,

Orda quşla çiçək eyni və birdir.

 

Beləcə öyrəndim niyə çiçəyin,

Ətri var, quşunki niyə nəğmədir.

Sadəcə soruşun, hər şeyi deyim.

Orda yaşadığım, yox, nahaq deyil,

Səhərəcən nəğmə dinləməyim də.

YARPAQLARIN ÇİÇƏKLƏRLƏ MÜBAHİSƏSİ

Robert FROST

 

(LEAVES COMPARED WİTH FLOWERS)

 

Ağacda yarpaqlar bəlkə də sazdır,

Qabıq sağ-salamat, gövdə tarazdır.

Amma kökün özü deyilsə möhkəm,

Çiçəklər qıt olar, meyvələrsə kəm.

 

Fərqinə mən özüm varan deyiləm,

Meyvəsizdir ağac, ya da meyvəli.

Hamarsa yarpağı, bərksə qabığı,

Demək yox ağacın narahatlığı.

 

Nəhəng ağaclar var çiçəyi xırda,

Elə çiçəksiz də dolanardılar.

Yaşımın bu vaxtı qijam dil açdı,

Şibyə də bir yandan gəlib dolaşdı.

 

Üz vurub soruşdum mən çox adamdan,

Yarpaqlar gözəlmi, çiçəklər ya da.

Birində fərasət olmadı deyə,

Gecə yarpaq gözəl, gündüzsə çiçək.

 

Yarpaqlar və qabıq. Gövdə. Söykənib

Dinlə zülməti, gör gecə nə deyir.

Bir vaxt ləçəklərin aludəsiydim,

Yarpaqlar yaraşır qara qüssəmə.