Архив тегов | gədəbiyyat

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ. “SƏNİN GÖZƏL GÖZLƏRİNƏ “BEŞ» VERİRƏM…”

Müsəlmanlıqda, xristianlıqdan fərqli olaraq, möminin boynuna etiraf mükəlləfiyyəti qoyulmur. Xristian bütün ömrü boyu mənsub olduğu kilsəyə, təhkim olunduğu ruhaniyə öz qüsur və günahları haqqında hesabat verir. Xristian üçün kamillik yalnız İsaya aiddir, hər bir sıravi xristian qüsurlu və günahkardır və daimi günahkarlıq hissi xristiandan buna görə də həqirlik tələb edir. Müsəlman tövbəsi, əlbətttə, xristian etirafından fərqlidir. Müsəlman hansı gündənsə hansısa pis vərdişini dayandırmağı tövbə sayır, günahkarlıq hissi – aiə üzvləri qarşısında, icma üzvləri qarşısında – ona yaddır.

Bu, əlbəttə, ədəbiyyatın da təbiətini əsaslı surətdə müəyyənləşdirir.

Rus ədəbiyyatının ən yaxşı nümunələrində müəllif əsərinin bütün qəhrəmanlarında var. Nümunəvi pravoslav yazıçı sayılan Dostoyevckinin qəhrəmanı, rahib əbası geyən Alyoşa Karamazov birdən deyir ki, “mən bəlkə heç Allaha inanmıram…”

Bu, mömin Dostoyevskinin öz şübhələridir.

Müsəlman yazıçı özünü inadla, səylə öz qəhrəmanından ayırır. “Baxın, mənim qəhrəmanım alçaqdır, qorxaqdır, rəzildir, ancaq onunla mənim aramda ümumi heç nə yoxdur…”

Mən bir vaxt Anarın “Macal” povestindən diplom işi yazmışam. Anar oxucunun onu öz sürüşkən qəhrəmanı ilə eyniləşdirməməsi üçün dəridən-qabıqdan çıxır. Ancaq Anara etirafçılıq, günah hissi xas olsaydı, bugünkü deqradasiyaya gəlib çıxmazdı. Günah hissi, bundan doğan daimi narahatlıq şəxsiyyəti deqradasiyadan qoruyan güclü conservantdır…

Bəxtiyar Vahabzadəni sevənlərə elə gəlir ki, bu şair bütün şüurlu həyatı ərzində özünü açıb-dağıtmaqla, oxucu qarşısında günahlarını etiraf etməklə məşğul olub.

Belə deyil! Bəxtiyar Vahabzadə daim oxucunun gözünə kül üfürüb.

“Səhvlərim. Səhvlərim” şeirinə baxaq.

Oxucu bu şeirdən etiraf gözləyir, şairdən onun konkret səhvlərini və günahlarını eşitmək istəyir və eşidir də. Ancaq oxucu hipnoz altındadır. Heç bir səhv, günah etirafı yoxdur. Şeir etirafa hazırlıq kimi başlayır, şair diz çökmüş kimidir, indicə başlayacaq, açacaq sandığı…

“Salıb məni əzablara

Mənə gendən baxırsınız bir yad kimi”.

Biz nə eşidirik? Şair əzab çəkir. Biz onun halına yanırıq. O bizim gözümüzdə daha da ucalır.

Sonra məlum olur ki, şair səhv-zad eləməyib. Səhv adlandırdığı şeylər əslində onun ləyaqətidir. Çünki dilini saxlaya bilməyib, ürəyində olanı gшzlətməyib, danışıb…

Yox, şair, nahaq əzab çəkirsənmiş! Bu məgər səhvdir? Bu, igidlikdir! Şücaətdir!

Məni istəyən buna xələt… yox, qonorar versin!

Sonrası maraqlıdır. Sonra müəllif əsil müsəlman, azərbaycanlı təbiətini göstərir.

“Adam var ki…”

Aha! Barmağıyla göstərdi! Siz ora baxın, ora, orda “adam var ki…”

«Adam var ki, ömrü boyu

 Dodaqları təbəssümlü

 Təbəssümü,

Bir pay kimi paylar sənə, paylar ona, paylar mənə…

Dili ilə ürəyinin arasında

Yüz-yüz illik yollar durur.

Dodağında güllər açıb

Ürəyində kollar durur….”

Kollar durur! Yollar durur! Bu primitiv, beliyara qafiyələri xalqımızın sitayiş elədiyi şair işlədir.

Ürəkdə kollar? Bəlkə qızılgül kolları?

Qoyaq kənara, mövzumuz başqadır.

“Adam var ki…” Və o adamı, türkün məsəli, Bəxtiyar Vahabzadə hamıya məlum olan dar bir yerə salıb çıxarır…

Bəs özü?

“Bir dəryaca kədərimdir

Bir damlaca səhvim mənim…”

Eşitdiniz? Bəxtiyar Vahabzadənin səhvi bəlkə də olub. Ancaq bircə damla!

Əzabı isə bir dərya!

Buna görə Bəxtiyar Bəxtiyardır!

Necə qan ağlamasın daş bu gün…

Sonra açıq tərifə geçir:

“Yıxılıram, əyilmirəm!”

“Mən könlümün öz səsiyəm!”

Bəh-bəh!

Sonuncu misra lap fıştırıqdır:

“Mən səhvimdə səhvsizəm!»

Gördünüz? Sovet şairi  olsa da, tamamilə müsəlman əxlaqlı insandır. Bir qram xristianlıq qarışığı yoxdur. Nə bilim Tolstoy, ət yemirəm, əsərlərimin müəlliflik hüququndan imtina edirəm, siyasi dustaqların müdafiəsinə qalxıram, irticanı pisləyirəm, baş götürüb evdən gedirəm…

“Mən səhvimdə səhvsizəm!”

Allah Üzeyir bəyə rəmət eləsin. «Mənim eybim eybsizlikdir…»

Bəli!

Bəxtiyar Vahabzadə demir ki, Səməd Vurğunun cəfəng yaradıcılığından iki cəfəng dissertasiya yazıb, univesitet professoru olub, Leninə poema yazıb SSRİ dövlət mükafatı alıb yeyib, milli teatra cəfəng pyeslər sırıyıb, filologiya fakultəsindən əlli il ərzində beş min savadsız məzun buraxıb ki, gedin azərbaycanlı balalarını yaman günə qoyun…

Bu yazını bir tələbəlik xatirəsiylə bitirirəm.

1980-ci ilin yanvarı. İxtisas kursundan imtahan veririk. Bəxtiyar Vahabzadə bilet-zad çəkdirmir. Heç bilet də gətirməyib. Qaldırır ayağa, baxır qiyabiçinin ora-burasına, qiymət yazır.

Sevinc! (gözəl bir gəlin idi, familyası yadımda deyil)

— Sevnic sənsən? Sənin nə gözəl gözlərin var! Sənin elə gözəl gözlərinə “beş” yazıram…

05.01. 2019

Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: “MƏMMƏDRƏHİM, RAYKOM KATİBİ SƏNİ MİNƏ BİLƏR?…”

1979-cu ilin yayında ya da elə bu ilin dekabrınn son günlərində və 1980-ci ilin yanvarında mənim sonuncu universitet sessiyalarım olub, bu zaman Bəxtiyar Vahabzadə bizdə Cəfər Cabbarlının yaradıcılığından ixtisas kursu aparırdı. Qiyabiçiliyi yalnız şərti olaraq tələbəlik saymaq olar, hər fəndən beş-altı dərs olur, müəllimi güclə yadında saxlayırsan, müəllim isə heç kimi tanımır. Ancaq bəzi şeylər, o cümlədən Bəxtiyar Vahabzadə ilə bağlı bir neçə epizod yadımda qalıb.

5-ci kursda bizə bizdən yuxarıda kursda qalan bir neçə qiyabiçi qoşulmuşdu. Onlardan birinin adı Məmmədrahim idi. Yaşı otuzdan çox olardı. Kolxoz suçusuna oxşayan iri qulaqlı, arıq bu kişinin filologiyaya hətta lap uzaq münasibəti olduğuna inanmaq mümkün deyildi. Onunla tanışlığım yoxdu, səsini də eşitməmişdim. Bəlkə adını da ilk dəfə onu Bəxtiyar Vahabzadə ayağa qaldıranda öyrənmişdim.

Bir dəfə Bəxtiyar Vahabzadə Azərbaycan xalqının necə müti olduğundan, partiya-sovet məmurlarının zülmünə necə dilsiz-ağızsız dözdüyündən danışırdı. Birdən orta sırada oturmuş bir qiyabiçini qaldırdı:

— Adın nədir?

— Məmmədrahim…

— Məmmədrəhim, raykom katibi səni minə bilər?..

Məmmədrahim gözünü döyə-döyə Bəxtiyar Vahabzadəyə baxır, dinmirdi. Ancaq yerdən onlarla qiyabiçi səs-səsə verdi: “Əlbəttə minər, necə miməz…”

İndi görürəm ki, Bəxtiyar Vahabzadə 1979-cu ildə “Səbr edirik” adlı bir şeir yazıb və özünün dediyi kimi, o vaxtlar “sandıqda” saxlayıb. Kim bilir, bəlkə bu şeiri elə Məmmədrahimin yazıq üzünə baxandan sonra yazıb…

Şeir uzundur. Cəfəngiyat çoxdur. Bir az Xəlil Rzanın “37” şeirnə oxşayır, həmin səkkizliklər, həmin pafos və s. Bəxtiyar Vahabzadə bir az keçmişdən başlayır, 30-cu illərə toxunur:

“Xalq yolunda candan keçən ərənləri

«Xalq düşməni» damğasıyla

Ləkələyib məhv etdilər”.

Deməliyəm ki, bu şeirdə sözçülük, qafiyəçilik çoxdur, bunlar şeirin xeyrinə deyil:

“Hamar gördük çuxuru biz.

Saray bildik axuru biz.

Görəmmədik qat bağlayan paxırı biz…”

“Çuxur”, “axur”, “Paxır” – burda fikir qafiyənin əsiridir, belə qafiyələr pis zövqün göstəricisidir, təəssüf ki, Vahabzadənin şeirlərində bu bəd zövq (дурновкусие) həmişə var…

Sonra bizə yaxın illər gəlir: 60-70-ci illər:

“Həyatda yox,

qəzetlərdə göstərdilər

bizə yalnız xeyri-şəri.

Şirin-şəkər yalanları yeyə-yeyə

Biz inandıq gələcəyə.

 O gəlmədi,

 Düz əyildi,

Əyriliklər düzəlmədi…”

Şeirdə aktual səslənən misralar çoxdur:

“Hər cəfaya dözə-dözə

Biz alçaldıq addımbaşı.

Qul etdilər vətənində vətəndaşı,

Ayaq altda palaz oldu ləyaqəti….”

Hə? Necədir?

“Qara günü ağ söz ilə pərdələdik.

Zənn etməyin, bədbəxtliyi özümüzə dərd elədik.

«Biz xoşbəxtik, bəxtəvərik» — sözlərini

Şüar kimi dilimizdə vird elədik…”

Bu hansı illərə aiddir?

“Qırıb qalın meşələri
Pambıq əkdik…”
Tanıyıram! Doğma 70-ci illər! Gəncliyim! Bir milyon 300 min ton (guya) pambıq!

“Yüz hektarın məhsulunu on hektara,

On nəfərin məhsulunu bir nəfərə yaza-yaza,

Həm insanı, həm torpağı

Necə verdik biz güdaza…”

Yerin Salyandır! Elə bil Salyanı yazıb!

Bəlkə Bərdəni? Ağcabədini? Kürdəmiri? Hər yerdə bir cür deyildimi?

“Orden, medal yarışında

Dumanladıb beyinləri

DDT-ylə zəhərlədik

Yüz-yüzləri, min-minləri…”

Yetmişinci illər! DDT Azərbaycanda adamları da zəhərlədi, Kürü, Arazı da, bu çaylardakı balıqları da…

“Bircə çəngə ağ pambığa

Qurban verdik gənc qızlan, gəlinləri.

 Bu dünyaya göz açmamış körpələri

 Bətndəcə zəhərlədik”

Düz sözə nə deyəsən? DDT Macarıstanda 1968-ci ildə, Norveç və İsveçdə 1970-ci ildə, Qərbi Almaniyada və ABŞ-da 1972-ci ildə qadağan olunub. Bizdə isə SSRİ dağılanacan tətbiq ounurdu… Bəxtiyar Vahabzadə elə o vaxt bunun ziyanını bilirmiş…

Sonra yenə xeyli cəfəngiyat gəlir Şer belə bitir:

“Səbrimizin laylasında xumarlandı qeyrətimiz.

Bu dözümə,

Bu zülümə

Heyrətdədir heyrətimiz…”

Qeyrətimiz, heyrətimiz…

«Heyrətdədir heyrətimiz» -(!)

Yox, boynuma alım ki, mən Bəxtiyar Vahabzadən sevmirəm. Sevmirəm, vəssalam!

A kişi, sən bilirsən ki, körpələri zəhərləyirlər, şeir yazıb sandığa niyə qoyursan, bu şeiri göndər xəlvətcə Amerikanın səsi radiosuna, Azadlığa, Birləşmiş Millətlər Təşkilatına, Mərkəzi Kəşfiyyat İdarəsinə… Soljenitsın kimi… Qoy səni tutsunlar! Öldürməyəcəkdilər ki. Bir az yatardın. Ancaq bütün dünyada adın çıxardı. Bəlkə DDT-ni də əvvəlki kimi hara gəldi tökməzdilər. Bəlkə beş-on gəlini, beş-on körpəni xilas edərdin. Yox, sən bunu yazıb qoyursan sandığa, ancaq Leninə yazdığın poemanı qapıb aparırsan Əliyevin üstünə, Əliyev sənə Dövlət mükafatı verdirir, orden verdirir…

Bəxtiyar Vahabzadə, təəssüf ki, bütün ömrünü belə yaşayıb…

Ona görə bizim oriyentirəlrimiz yoxdur. Ona görə belə nala-mıxa vurmuş adamları imam sayırıq, çünki özümüz də əqidə ilə yaşamağı zülm sayırıq, özümüz də nala-mıxa vura-vura yaşayırıq…

Ona görə hardayıqsa, ordayıq…

Yəni, ruslar demişkən, ayıb olmasın, v polnom …derme…

P.S. Deməliyəm ki, Bəxtiyar Vahabzadənin təsvir etdiyi «zülmlü» illərdə Azərbaycana Heydər Əliyev rəhbərlik edirdi. Və elə həmin illərdə cənab Vahabzadə Heydər Əliyevdən bütün mümkün mükafatları almışdı.Və yeyəndə də boğazında qalmamışdı…

03.01. 2019

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. «PAHO… BUNUN ƏLLƏRİ YOXDUR…»

RASUL_RZA

Parisdəki küçə iğtişaşlarına televizorda baxanda elə bilirəm ki, orda xalq şairimiz Rəsul Rzanın yeri görünür. Böyük sənətkar həftə səkkiz, mən doqquz Parisdəymiş, bir dəfə Göyçaya gedəndə iki dəfə Parisə gedirmiş. Bir az yubanın kimi parislilər bir-birindən soruşurlarmış: “Bu müsyö Rəsul Rza niyə görünmür? Bəlkə bizdən inciyib, bəlkə biz ona pis baxmışıq, bəlkə bizdən küsüb və indi Londona gedir?”

Əlbəttə, Rəsul Rza Londona da gedirmiş, ancaq Parisdən inciməyib. Düzdür,  “Lenin”poeması üzərində işləyəndə daha çox Londona gedirmiş, çünki Vladimir İliç uzun müddət Londonda yaşayıb.

Təbiidir ki, Rəsul Rza Parisə xeyli şeir həsr edib. Və bundan da artıq təbiidir ki, Rəsul Rza Luvrun yanından keçə bilməzdi. Düzdür, əvvəllər elə yanından keçib gedib. Günlərin bir günü öz-özünə deyib ki, balam, girim bu Luvra baxım, görüm by Luvr nə Luvrdur. Başıma nə gələ-gələ.

Bilet alıb girir. Ora baxır, bura baxır, birdən gözünə qız heykəli sataşır. Bəlkə heykəl paltarlı olsaydı, Rəsul Rza onu heç görməzdi də. Ancaq bu qız, yəni heykəl qız anadangəlmə lüt idi. Tamamilə! Və indi azərbaycanlı ola, lüt qızın yanından baxmayıb keçə — mümkün deyil. O azərbaycanlının ən azı nənələrindən biri azərbaycanlı deyil! Rəsul Rza xalis azərbaycanlı olduğundan lüt qızı dərhal görür və əlini atır şalvarına… Yəni şalvarının cibinə, ordan qələm-kağız çıxarıb ayaqüstü şeir yazır.

“Luvrda bir qız var

Gözəllər gözəli!

Amma hayıf ki, daşdır.

Nə həmsöhbət, nə həmsevgi, nə işdaşdır”.

Demək lazımdır ki, bu şeir bir məruzə kimi yazılıb. Elə bil ki, Rəsul Rza KQB-yə səfəri haqqında məruzə eləyir. Çünki hər bir sovet şairi xaricə səfəri haqqında KQB-yə məruzə eləməliydi.

Yuxarıdakı parçada iki maraqlı söz var. Biri “işdaş”dır, yəqin “həmkar”. “Həmsevgi” isə, mənim fikrimcə, “canan”dır. Yəni ki, heyf, bu daş qızdan canan olmaz…

“Baxırsan heyrətdə qoyur səni,

çılpaq qadın vücudunun kamil cizgiləri”.

İkinci misraya fikir verin: bu, misra deyil, elmi dissertasiya cümləsidir! Rəsul Rzaya bu cümləyə görə sənətşünaslıq doktoru adı vermək lazım idi!

Şair adını geri almaq şərti ilə!

Birdən Rəsul Rza diksinir6

“Paho…

Bunun əlləri yoxdur”.

A kişi qorxma, heykəldir də, canlı deyil ki…

Rəsul Rza bilmirmiş ki, Miloslu Afroditanın qolları yoxdur! SSRİ-dən səfərə çıxanda KQB yaxşı təlimat verməyib. Az qalmışdı şairimizin ürəyi gedə…

Rəsul Rzada didaktika çox güclü olub,  didaktikanın köməyi ilə bu nəticəyə gəlir ki, bu heykəlin haçansa əlləri olub. Nəinki əlləri, hətta telləri də olub (əlləri, telləri...)

Rəsul Rza heykəlin, türkün məsəli, dalına-qabağına baxır… Hamımız azərbaycanlıyıq, başa düşürük məsələ nə yerdədir…Və, zad demişkən, şey demişkən.. elə oyanıqlanır ki, hansı aşığınsa şeiri yadına düşür: ”Məmələr tər yerpənək…”

Burda uşaqların üzünü o yana tutun… Yəni ki, bu şeirdə xeyli erotka var… Dalı lap… O söz… Mən özüm xeyli sarsıntı keçirdim oxuyanda, halbuki bu yaşımda özümdə çoxdan bəri heç bir sarsıntı gözləmirdim…

Sonra Rəsul Rza xanımlıa əl-ələ verib ayrılmaq istəyir. Yadına düşür ki, xanımın əli yoxdur…

Burda çox kəskin süjet dönüşü var. Oxucunun başı gicəllənir. Rəsul Rza yenə didaktika yolu ilə bu nəticəyə gəlir ki, yaxşı ki, xanımın əlləri yoxdur.

“Heç olmazsa, Parisin küçələrində əl açıb dilənməzsən…”

Başa düşdünüz?

Şeir yazılan vaxt, yəni 1950—ci illərin sonunda əlləri olan bütün parisli qızlar küçələrdə dilənirmişlər!

Görün Paris nə gündəymiş! Fransızlar acından qırılırmış!

Bakıda isə o vaxtlar… Nə o vaxtlar, nə bu vaxtlar? Bakıda haçan dilənçi olub? Hansı azərbaycanlı arvad ya kişi indiyəcə küçələrdə əl açıb dilənib?

Azərbaycan kimi firavan ölkədə dilənənin gərək ağlı başında yox, ayrı yerində ola…

Belə adamları gözümün qabağına gətirdim, uğunub getdim…

Allah rəhmət eləsin səni, ay Rəsul Rza!

16.12. 2018

Samara

KOMİK “AYGÜN” POEMASI. HEÇ BİR ƏXLAQ NORMASI TANIMAMIŞ İNSANIN ƏXLAQ NƏZƏRİYƏSİ

bağırov_vurğun

Yoldaş Əmirxan da sağalıb durur. Bağı yoxlayıb görür ki:

“Ağaclar gümrahdır, meyvələr sulu”.

Bəs meyvələri özü şəxsən xəstələnməmişdən qabaq yığmamışdı?

“Nə yarpaq, nə də bir ot saralmışdır”.

Muğanda meyvələr sulana, yarpaq, ot saralmaya?

Səməd Vurğun oxucudan soruşur:

“Yaz ətri gəlirmi şeirlərimdən?”

Yox, gəlmir… Bilmək olmur hansı fəsildir… Pis iy gəlir…

Yoldaş Əmirxanı yenə qısqanclıq qurdu gəmirir. Fikirləşir ki, bəlkə Aygün Elyarla gəzir…

Aha! Bu da Elyar özü! Öz ayağı ilə gəlib Muğana yoldaş Əmirxanın yanına.

Əl-ələ görüşürlər.

Səməd Vurğun:

“Rəqiblər dost olur bizim dünyada”

Yəni bu, Puşkinə eyhamdır, onun duelçi qəhrəmanlarına.

Elyar yoldaş Əmirxana məruzə edir ki, onun “zövcəsi” qeyrətli qadındır, yalnız yoldaş Əmirxanı sevir və ondan ötrü darıxır. Və Aygünün ona yazdığı məktubu yoldaş Əmirxana verir.

Bu dəfə yoldaş Əmirxanla Elyar öpüşürlər…

(Uşaqların üzünü o yana çevirin…)

Yoldaş Əmirxan bağını Elyara göstərir.

Aha!

Sən demə Aygünlə Ülkər hərəsi bir ağacın dalında gizləniblərmiş!

Yoldaş Əmirxan:

“Dönüb qucaqladı Aygünü bərk-bərk”.

Komik poema belə bitir:

“Onlar sevindilər, sevinək biz də…”.

Təəssüf ki, bu fövqəladə uzun cəfəngiyatı oxuduqca doyunca gülmək mümkünsə də, sevinmək mümkün deyil. Çünki bu “poema” Azərbaycan sovet poeziyasının miskinliyini bütün miqyası ilə göstərir. Bu poema indi də  məcburi proqramlar çərçivəsində tədris olunan “əsərlərin” poetik mədəniyyət, sənətkarlıq tələbləri və standartları baxımından necə bərbad vəziyyətdə olduğunu göstərir. Belə “əsərlərlə” poetik tərbiyə almış yeniyetmələri sonradan yüksək poeziyaya yönəltmək bəlkə də qeyri-mümkün olur.

Bu poemada canlı bir surət belə yoxdur. Bakılı kimi təqdim olunan Əmirxanda ən xırda şəhərli cizgisi belə tapmaq mümkün deyil. Nə  həyat tərzində, nə danışığında, nə qadına münasibətində. Səməd Vurğun bakılı Əmirxan adıyla bir kənd adamını təsvir edib.

Aygün də canlı insan deyil, Səməd Vurğunun kommunist partiyasının yüksək gözstərişləri əsasında yaratdığı müasir qadın layihəsidir. Bu Aygün hardan çıxıb, valideynləri kimdir – məlum deyil. Elə bil inkubatorda yaranıb. Niyə yoldaş Əmirxana aşiq olduğu məlum deyil. (Sıx qaşlar, geniş sinə — bu, inandırıcı deyil…)

Səməd Vurğun Aygün layihəsiylə bir yöndəmsiz hibrid yaradır. O, sovet qadını haqqında partiya təlimini öz patriarxal mülahizələriylə birləşdirir. Sovet qadını kimi, Aygün təhsilini başa vurmaqdan da çəkinmir, kommunizmə simfoniya həsr edir, Stalin mükafatı alır. Digər tərəfdən o, “qeyrətli” qadındır, yəni gəzmir. Yəni Səməd Vurğunun nöqteyi-nəzərindən, əqidəsiz olmaq, qanlı kommunist rejiminə simfonuiya yazmaq, “sağ döşünün üstündə” Stalinin şəklini gəzdirmək Azərbaycan qadını üçün əxlaqsızlıq deyil, uzun illərlə öz kefində olan, mədəniyyətsiz və heyvərə ərdən ayrılıb bir başqası ilə sevişmək əxlaqsızlıqdır. Təəssüf ki, indi də Azərbaycanda əxlaq məhz bu cür dar mənada başa düşülür. Rüşvətxorluq, peşə etikasının, peşə və vəzifə məsuliyyətinin olmaması əxlaqsızlıq deyil. Bizdə əxlaq anlayışı yalnız “gəzməklə” “gəzməmək” arasındadır. Ona görə də bizdə rüşvətxor prokuror, rüşvətxor məmur, xəstənin qanını içən həkim, şagirdi soyan müəllim məclislərdə yuxarı başa çəkilir, patriarxal ailə-məişət ənənlərini pozanlar isə düşmən qovulurlar və hətta bu zəmində qətllər də törədilir…

Səməd Vurğun dözülməz dərəcədə uzun olan bu poema boyu guya Aygünün dalına düşüb onu izləyir və hər dəfə “gəzmədiyi” barədə oxucuya məruzə edib onu guya sevindirir. Oxucunu isə Aygününü ya başqa qadınların şəxsi həyatı maraqlandıra ya narahat edə bilər, ancaq oxucu onları mühakimə edə bilməz. Oxucu üçün Aygünün ya başqa bir qadının əxlaqı kişilərlə hansı münasibədtə olmağımda deyil. Aygünün əxlaqı (əxlaqsızlığı) onun yüz minlərlə, milyonlarla insanın həyatını cəhənnəmə çevirmiş rəhbərin şəklini “sağ döşünün” üstündə gəzdirməsidir. Milyonlarla insanın həyatını məhv etmiş kommunizm quruculuğuna simfoniya yazmasıdır.

Səməd Vurğunun özünün də əxlaqlılığı ya əxlaqsızlığı onun qadınlarla (ya kişilərlə —  belə də ola bilərdi) hansı münasibətdə olmağında deyil. Onun əxlaqsızlığı bütün şüurlu həyatı boyu əqidəsiz yaşamağı, yalan yazmağı, müstəbidləri, o cümlədən onun xalqının qanını sel kimi axıtmış cəlladları vəsf etməyidir. Buna görə də onun bu günün yeniyetmələrinə mənəvi rəhbər təyin edilməyi cinayət tərkibli faciədir.

Noyabr-dekabr 2018

Samara

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI. “AĞACLAR TƏK MƏNƏ ALIŞIB YALNIZ, MƏNSİZ NƏ YEM YEYƏR, NƏ DƏ SU İÇƏR”.

bağırov_vurğun

 “Keçdilcə baharlar, keçdikcə qışlar” yoldaş Əmirxan bir neçə kəndi “ev-ev tanıdı”.

“Nə xeyirdən qaldı, nə də ki, şərdən”.

Dalı çox maraqlıdır:

“Gecələr demə ki, o yalqız qaldı,

Çalışdı çox zaman kitabxanada…”

Keçən əsrin 50-ci illərində Saatlı kəndlərində zəngin kitabxanalar varmış. Özü ə hamısı gecələr işləyirmiş…

Yoldaş Əmirxan Miçurinin əsərlərini oxuyur, bilmədiklərini kəndlilərdən soruşur.

“Gah əvvəl, gah sonra çıxdı yarışdan”.

Yəni sonuncu?

O, burda başa düşdü ki:

“Hər ürək bir bədən içində yaşar…”

Yəqin Bakıda anatomiya müəllimi zəif olub…

“Hər solan yarpağın, cılız şitilin,

Öyrəndi sirrini, tapdı sehrini…”

Yarpağın qaydası solmaqdır, burda nə sirr?

Hələ də Səməd Vurğun ağac tinginə, qələməsinə “şitil” deyir…

Bunlar xırda şeylərdir. Vacib odur ki, direktor Nemət, “öz toplarından atəş açan”, yoldaş Əmirxanın işini görüb şad olur.

Nemət yoldaş Əmirxanı öz evində saxlayır (indiki şagirdlər çox pozulublar, ürəklərinə ayrı şey gələcək).

Yoldaş Əmirxan “hərcayı düşüncələrdən” ayrılıb ürəyində “arzular bəslədi”.

Yoldaş Əmirxan quşlardan tez oyanıb saldığı bağa baş çəkir.

“Görüncə bir kiçik budağı xəstə

Kəsir cərrah kimi öz əllərilə”.

Bu lap yaxşıdır:

“Bəzən də bir ağac boysuz olanda,
Onun gövdsinə dərmanlar vurur…”

Gözıəl! Bu dərman ağaclardan çox adamlara lazımdır. Görəsən ondan Saatlıda qalıb?

Dalı var hələ:

“O ağac böyüyüb yaşa dolanda,
Sərin kölgəsində məclis də qurur…”

Yəqin toğlunu da həmin ağacdan asıb soyurlar…

Ancaq:

“O hələ zövq alır pul xərcləməkdən”.

Aha!

“Güc ilə çatdırır ayı baş-başa”.

Yəqin ki, başa çatdırır. Baş-başa çatdırmaq necə olar?

Səməd Vurğun yoldaş Əmirxanın bədxərcliyini bağışlayır.

Qoy olsun, dəyməyək daha xətrinə,
Qoy içsin, istəsə hərdən ürəyi…”

Üç il keçir. Sovxoz bağındakı ağaclar “üç cür, beş cür” meyvə yetirirlər.

“Bəzən bir ağacın üstündə gerçək,
Alma da, armud da, heyva da dəydi…”

Bu necə olur? Bir ağacda? Limçay? Lısenkovçuluq?

Sonra xalq şairi Muğanı tərifləyir:

“Qışda yaşıl olur orda ağaclar…”

Bu hansı Muğandır?  

Muğanda yetişən ilk nübarları,
Yemək də olmayır şirinliyindən…”

“Nübar” (farsca, təhrif olunmuş) elə ilk, yeni bar deyil?

“Bağın meyvələri olduqca dən-dən,

Əmirxan onları vaxtında dərdi”.

Aqronom məhsulu özü yığıb! Ancaq meyvələr necə “dən-dən” olur?

“Ülkərə bir fəsil pay da göndərdi…”

Sovxozun malından? “Fəsil pay” – bunu başa düşmədim…

Şairin təsvir etdiyi bağa xalq “Əmirxan bağı” adı verir. Şairin ürəyi dağa dönür…

(O vaxt bağlara respublika rəhbərlərinin adı verilmirmiş… maraqlıdır…)

“Sevindi dastanın hər bir varağı”…

Buna nə deyəsən?

Yoldaş Əmirxanın istedadı “nağıl kimi düşdü dillərə”.

Əmirxanən bağı böyüyür. Muğanın başqa bağlarına ordan “şitil” aparırlar…

Nə fikirləşirsiniz? Belə getsə, yoldaş Əmirxanı böyüdüb Bakıya apararlar.

Aha!

Nazirlikdən məktub:

“Məsul vəzifəyə gələrsinizmi?”

Yoldaş Əmirxan bir neçə gün düşüncələrə dalıb cavab yazır:

“Ayrıla bilmərəm mən öz bağımdan…

Ağaclar bir mənə alışıb yalnız,

Mənsiz nə yem yeyər, nə də su içər…”

Ağacın yem yediyini bilmirdim…

Yoldaş Əmirxan xəstələnib, qızına məktub yazıb. Aygün elə birinci qatarla yola düşür (o vaxt Muğanın harasına qatar gedirmiş?)

Aygünlə Ülkər gəlib çıxırlar “Lenin” sovxozuna. Asfalt yolları piyada gəzdikcə:
“Bura lap şəhərdir, şəhər dedilər…”

Əmirxan isə sovxozdakı müasir xəstəxananın palatasında ağ yataqdadır, ağır xəstədir.

“Elə bil doğrudan ölüm üstədir”.

Azərbaycanlılar adətən “can üstədir” deyirlər, “ölüm üstədir” demirlər…

Yoldaş Əmirxan qalxa bilmir, ancaq Aygünün “can, can” səsini eşidir.

Elə palatada ikən Aygünə teleqram gəlir ki, sən gərək təcili Moskvaya gedəsən. Yəqin Şostakoviçin işi keçmir…

Aygün yoldaş Əmirxanın üzündən öpür və Əmirxan bağından keçib gedir Moskvaya. Şostakoviçi məəttəl qoymaq olmaz.

Ülkər qalır. Bir səhər Əmirxan onu başının üstündə görüb

“Zəif qollarilə basdı bağrına…”

Üç il idi görməmişdi…

Moskva. İttifaqlar Evinin sütunlu salonu.

“Hamı bir nəfər tək sakit olmuşdur”.

Aha!

Elyar Aygünün yazdığı mahnını oxuyur.

“Salona səs saldı odlu alqışlar,
Böyük rus qəlbinin məhəbbətilə”.

Rusun da qəlbindən olmaz…

Elyar yenə oxuyur.

“Aygünün başısə buluda dəydi”.

Aha!

Aygünlə Elyar Moskvanı seyrə çıxıblar!

Ey bivəfa arvad!

“Yanır yanaqları yenə lalə tək…”

İllər bir ucdan gedir, bunun yanaqları yanmağında…

Aha! Aygün qızından teleqram alıb: “Atam sağalıb!”

Elyar deyir ki, bilirəm məni sevməyirsiniz.

“Nahaq mən öz eşqimdən vəcdə gəlirəm…”

Rəhmətlik oğlu, əlbəttə, nahaq. Vəcddən nə çıxar. Get özünə tay tap…

Aygün deyir ki, otuz yaşı var… Ancaq Səməd Vurğun o qədər il saymışdı ki, gərək ən azı qırx yaşı olaydı…

Elyar Aygünün əlindən öpür. Səməd Vurğun oxucunu xəbərdar edir ki, ürəyinə ayrı şey gəlməsin.

“Ancaq o mehriban busənin odu

Əlin dərisindən keçmədi qana”.

Lənət şərə! Şübhədən çıxdıq! Qeyrətli arvaddır…

 (ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK “AYGÜN” POEMASI. “ÇÜRÜMÜŞ ƏT KİMİ TÖKÜL, BƏDƏNİM!”

bağırov_vurğun

Aygün pianinonun arxasında “tək oturub fikrə gedir”.

“Doğrudur, insanlar mənə əl çalır,

Ancaq səadətim yarımçıq qalır…
Dağlar da eşq ilə qalxıb ucalır…”

Alimlər dağların mənşəyini başqa cür izah edirlər, ancaq Səməd Vurğun deyirsə ki, qatıq qaradır…Burda Səməd Vurğun Puşkin silindrini başına taxır. Elyardan Aygünə məktub:

“Bəlkə də yazdığım bu məktubla mən

Xəbər verməyirəm ürəyinizdən…

 Odur ki, əvvəlcə üzr istəyirəm,

Ki, sizə «sevgilim Aygün» deyirəm.

 Bəli, mən sevirəm… Haqqım var buna,

Məhəbbət şərəfdir insan oğluna”.

Xanəndə olsa da, məclisdə meyidinə vursa da, qanacağı var. Üzr istəyir… Əlavə edir ki, “haqqım var”.

Yəni “sevgi sevən mərd olar, sevməyən namərd olar…”

Burası yaxşıdır:

Fəqət sevməmişdim mən indiyəcək,
Hər qızda bir cürə ayıb görərək”.

Zalım oğlu, sən ki o qədər içirsən, gözünə nəinki ayıb, ayrı şeylər də görünər…

Məktub çox uzundur (Düzü, Səməd Vurğun çox uzunçu adam olub. Bunu başa düşmək olar, bir misranın puluna bir kilo mal əti almaq olardı…). Belə bitir:

“Sənət dünyasının göylərində biz,

 Gəlin qoşa süzək qartallar kimi».

Aygün məktubu çox bəyənir, bu qərara gəlir ki:

“İnci tək düzülmüş sözlər yanaşı”.

Deməliyik ki, burda Səməd Vurğun öz-özünü tərifləyir, çünki bu cəfəng məktubu o özü qondarıb…

“Bir anlıq gözündə rəqs etdi aləm…”

Ancaq Aygünün yadına yenə yoldaş Əmirxan düşür (sıx qaşlı, gen sinəli), Bir yandan da:

Ülkər yerə döydü ayaqlarını

Bordaqda saxlanmış bir quzu kimi».

Bunu yaxşı başa düşmədim, xüsusən “bordağ”ı, gərək akademik Nizami Cəfərovdan soruşam, yaxşı ki, Azərbaycanın akademikləri var…

Aygün hərdən Eyları düşünür,

“Ancaq başındakı bu arzuları,

Qovdu öz diilə, milçəklər kimi”.

Arzular milçək kimi… Səməd çox incə şair olub….

İndi də Tatyananın Oneginə, pardon, Aygünün Elyara məktubu.

“Sizin yazdığınız məktubu aldım,
Oxuyub bir müddət heyran da qaldım…”

Bir müddət…

Məndən inciməyin… Düzü belədir,

Sizə ağlayıram, baxıb gülmürəm.

Yalan danışmağın mənası nədir,

Mən hələ heç kəsi sevə bilmirəm…»

Elyarın evi yıxıldı. Yəni indi dərdindən içib yıxılacaq…

Şəhərdə şayiələr yayılır ki, Aygün Elyarla gəzir”!

Yoldaş Əmirxan namusla gedir durur Aygünlə üz-üzə, deyir ver mənə o Elyarı, cırıq-cırıq eləyim…

Aygünü Səməd Vurğun namuslu-qeyrətli Azərbaycalı qızı-gəlini kimi yaradıb, kommunizmə simfoniya həsr edid Stalin mükafatı almaq binamusluq deyil, avara ərdən ayrılandan on il sonra başqa kişi ilə görüşmək binamusluqdur…

“Eşqin, məhəbbətin nə olduğunu

Səndən ayrılalı mən unutmuşam”.

Yoldaş Əmirxan səssizcə qalxıb qapıdan çıxır.. Xəcalət çəkir… Öz-özünə qarğış edir:

“Çürümüş ət kimi tökül, bədənim!”

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI. “QONAQ DA KÖÇƏRİ BİR QUŞA BƏNZƏR, TƏKCƏ EV SAHİBİ UÇAN DEYİLDİR…”

bağırov_vurğun

Arabir də ürəyinə toxtaq verərək,

Ayaq üstə can çəksə də, yenə yeridi…”

Əmirxan “can çəkirsə”, necə işləyir? Nə yaxşı iş imiş ki, can çəkən adam da öhdəsindən gəirmiş?

Səməd Vuurğun burda yenə filosof əbasına bürünür, deyir ki, bu düyada hər insan öz yerini tutur:

“Mühəndis də, müəllim də, təbib də hər an

Oz işilə, peşəsilə məqsədə çatdı”.

“Hər an məqsədə çatmaq” – bu necə olur?

Hər müəllim (həkim) olan məqsədə çatır?

Sonra:

“Çoxlarına həyan oldu məkan və zaman”.

Səməd Vurğun yəqin zaman və məkan haqqında təlimin olduğunu eşidib, ancaq onun nə olduğunu bilmir. Zaman və məkan insana necə həyan olur?

“Hər ağac da bir müəyyən yerdə boy atdı…”

Bu, aqronom yoldaş Əmirxanın diplom işindəndir?

Aha! Səməd Vurğun deyir ki, təkcə Əmirxan öz yerini itirib!

İdrakı (idrakı qalıbmış) onu danlayır, deyir tayların ildə neçə orden alırlar…

İldə bir neçə orden? Ağ olmadı? Səməd Vurğun özü yəqin alırmış…

İdarakı yoldaş Əmirxana deyir ki, “yerdən bərk yapış”. Səməd Vurğun deyir mən də idrakla razıyam, nə varsa, torpaqdadır…

Kefdir!

Yenə Puşkin Larinanın yanına qayıdır. Daha doğrusu, Səməd Vurğun Aygünün. Məlumdur ki, Tatyana Larina ərə getmişdi. Aygün isə ismətli azərbaycanlı qadındır. Başqasını sevə bilməyib.

“Gəlin sənət ilə yaşadı yalnız!”

Afərin!

Aygün başqa kişi sevməsə də, sevgisi çoxdur. O sevir: varlığı (?), təbiəti, axar suları, zəfəri, bəxtiyarlığı, yüksək əməlləri, saf arzuları.

Əsil Azərbaycan sovet qadınıdır.

Aygünün evində şadyanalıq.

“Başdan-ayağadək geyib qırmızı,

 Məclisə gün kimi şölələr yayır”.

Cürbəcür yeməklər, zəfəranlı plov. “Süfrədə rəngbərəng şərablar da var”.

“Yanır sağ döşündə qızıl bir nişan,

 Üstündə əksi var bizim rəhbərin…”
Aha! Rəhbərin! Stalinin!

“Əl çalıb oynayır dostlar, tanışlar,

Külək də tərpədir pəncərələri…”

Zəlzələdir? Bəlkə pərdələri tərpədir?

Beşinci badədəm sonra qarabağlı müğənni Elyar qızışıb oxuyur…

Aha!

“Deyesən yamanca vurulub Elyar!”

Birdən qapının zəngi üç dəfə vurulur.

Aha!

“Yonulmuş daş kimi arıq bir bədən,

Dayandı Aygünün qabağında lal”.

Yonulmuş daş hökmən arıq olur? Baxır nə boyda daşı yonursan, nə üçün yonursan…

“Aygünə bir dəstə gül verib, dərhal,

Gözləri yaşarmış çıxdı qapıdan…”

Yoldaş Əmirxan gözünü yaş elə tutub ki, qızını da görmür… Arvad Stalin mükafatı alıb…

Qonaqlar dağılışırlar. “Bir-bir, iki-bir”.

Sonra Səməd Vurğun maraqlı bir şey deyir. İndiyəcən heç kimin ağlına gəlməyib:
“Qonaq da köçəri bir quşa bənzər,
Yalnız ev sahibi uçan deyildir…”
Qəşəng deyilib. Bunu yekə hərflərlə yolların qırağına dirəklərə vurmaq lazımdır. İndiyəcən ev sahibinin uçan olduğunu güman edən cahillər var…

Aygün fikrindən səhərəcən yatmır. Bir romans yazır.

Elyar da yatmır. (O qədər içındən sonra gərək ölü yuxusuna gedəydi).

“Mənimdir o meyxoş, o dolğun çiçək”.

“Meyxoş” nədir?

“Dolğun çiçək” – yəni ətli-canlı?

Səməd Vurğun da Elyarı fitvalayır:

“Madam ki, eşqini sevirsən ancaq,

Sözündə bərk dayan, dönmə geriyə”.

Eşqi necə sevmək olar? Eşq elə sevgi deyil?
Yox, Səməd Vurğun dovşana “qaç”, tazıya “tut” deyir. Sevgi üçbucağı qurur.

“Hardasan, Əmirxan, hardasan indi?

Yoxsa ağır yatıb yuxu görürsən?

Bir oyan qəflətdən, meydan sənindir,

Oyan ki, Aygünü əldən verirsən”.

Yoldaş Əmirxan da gecəni yatmayıb. Öz-özünü danlayır:

“Ölüm də yoxdur ki, canımı ala,

Mənim də adıma kişi deyirlər…”

“Taleyim nə yaman günə qalmışdır,
Məni bu günümdə hrç kim bəyənməz”.

“Başıma uçsa da qayalı bir dağ,
Bir də üz qoymaram Aygün tərəfə…”.

Səməd Vurğunda dağ çoxdur, hamısı da qayalı. Ay zalım oğlu, başına qayalı dağ uçsa səndən nə qalar ki, harasa gedəsən…

Yəni bu yöndəmsizlik yoldaş Əmirxanın günahı deyil, Səməd Vurğun onun adından belə heyvərə, küt baltadan çıxmış şeirlərlə onu biabır edir…

Sonra Səməd Vurğun uzun-uzadı Aygünün daha bir yuxusuz gecəsini təsvir edir və oxucusuna bildirir ki, gəlinin “xoş ətirli gül dodaqları öpüşə həsrət qalıb”. “Gözünün yuxusu çəkilir dəm-dəm desə də”, iki misra sonra məlumat verir ki, “Səhərin eşqilə Aygün oyandı… Geydi saxladığı toy paltaını…”

Allah xeyir eləsin…

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI: O GƏRNƏŞİB ÖZ YERİNDƏN DURDUĞU ZAMAN, GÜCƏ DÜŞDÜ YEYİB-İÇMİŞ AĞIR BƏDƏNİ…»

bağırov_vurğun

Bəli, məlum olur ki, yoldaş Əmirxan yaman gündəymiş, cazı, çürüməkdə olan Amerika imperializminin sovet insanlarının mənəviyyatını pozmağa yönəlmiş bu janrı sevirmiş!

“O, fışqırıq çala-çala çıxdı qapıdan…”

Aha! Fışqırıq! Qanacağına bax!

Sonra Səməd Vurğun məruzə edir ki (yəqin NKVD-yə çatdırır), “yüngül başlı, boş ürəkli” insanlar var ki, “fokstrotu sevirlər”…

Aha, burda cazdan başqa fokstrot məsələsi də var. Pozğunlar!

Məlum olur ki, Əmirxanın fıştırığını Aygün vecinə almayıb.

“Əmirxanın getməyini duymadı gəlin…”

“Çal, gözəlim!”

Bunu Səməd Vurğun deyir… Özgənin arvadına…

Sonra şair gözlənilməz kəşf edir:

“Qış gecəsi uzun olur…”

Bütün şəhər yatıb.

“Dörd tərəfdən qıfıllanmış bir otaq kimi…”

Hansı otaq dörd tərəfdən qıfıllanır?

Hamı yatıb, Aygün oyaq. Səməd Vurğunun gözəli durub pəncərənin arxasında

“Bir ürəkdə qıfıllanıb qalsa arzular

Şamlar kimi şölə çəkib yanar apaçıq”.

Yenə “apaçıq”…

Əgər qıfıllanıb qalıblarsa, necə “apaçıq” yanarlar?

Aygün pəncərəni açır.

“Quldur kimi qılınc çəkib soxulur külək…”

Küləyin soxulmağı başa düşüləndir, ancaq qılınc çəkməyi ağ oldu…

Yenə pəncərəni bağlayır…

Yoldaş Əmirxan isə məclisdədir. Səməd Vurğun Vəkilov deyir ki, o pozğun məclisi təsvir etməyi öz əsərinə layiq bilmir!

Əsər!

Maraqlıdır, görəsən nə pozğunluq imiş? Heç olmasa, gərək ucundan-qulağından yazaydı. İndi hər oxucu öz pozğunluğu ölçüsündə təsəvvürünə bir şey gətirəcək…

Yoldaş Əmirxan evə səhər açılanda qayıdır. Doyunca pozğunluq edəndən sonra. Qıçları bir-birinə dolaşır. Gözlərinə qan sızıb.

“O məclislər aşiqinin, keflər oğlunun,
Nə vaxtında yeməyi var, nə də yuxusu”.

Keflər oğlu! Akademik şairimizin hər ifadəsi incidir!

Yoldaş Əmirxan ağzı üstə çarpayıya döşənərək axşamacan “xorna çəkir”.

Tfu!

Aygün isə körpəsini bağrına basıb nəfəsnə qulaq asır…

Sonra Aygünün daxili monoloqu gəlir. (daxili monoloqda Səməd Vurğunun tayı yoxdur, Şekspir işi deyil).

“Etibarsız, mən yanıram səhərə qədər,
Osa içib nəşələnir evindən uzaq…”

Daxili monoloqunu bitirən kimi Aygün “filkirlər dünyasında” yuxuya gedir. Yoldaş Əmirxanın xornasına məhəl qoymur…

Ancaq bir  saat keməmiş birdən qalxır, “yorğanı üstdən ataraq”.

(Belə çıxır ki, yorğanı altdan da atmaq olar…)

Deyir ki (öz-özünə), duran kimi (yəni yoldaş Əmirxan) bütün sözlərimi üzünə deyib getməliyəm.

Ancaq daxili monoloqun içində bir daxili monoloq da varmış (Şekspir belə şeyləri bilməzdi). “Ürəyindən dilə gəlir xeyirxah bir səs”. Bu xeyirxah səs deyir ki, tələsmə, yüz ölç, bir biç, öz evini dağıtma, o da (yəni yoldaş Əmirxan)  bir insandır, “bəlkə yenə doğruluğun yoluna düşdü”.

Bu sözləri eşidəndən sonra Aygünün rəngi “ilk baharın laləsi” kimi açılır…

Yoldaş Əmirxan isə xorna çəkməkdə…

Axşam olanda yoldaş Əmirxan yuxudan doyur və gərnəşib durur. Gərnəşəndə ağır bədəni gücə düşür…

O, gərnəşib öz yerindən qalxdığı zaman

Zora düşdü yeyib içmiş, ağır bir bədən.

Duran kimi dava düşür. Aygünün qaşqabağı yoldaş Əmirxanın xoşuna gəlmir (yuxarıda Səməd Vurğun demişdi ki, gəlinin rəngi lalə kimi açılıb).

Beş kişinin qazancını qazanıram mən!”

Hardan? Bank yarır? Anaşa satır?

Yoldaş Əmirxan deyir ki, bundan sonra kefindən qalmayacaq, yəni pozğun həyatına davam edəcək. “Əl çək yaxamdan!”

Gəlin tablamır. “Açılır birdən”.

Aygün tələb edir ki, yoldaş Əmirxan ona “aşna” deməsin və “vərdişindən əl götürsün”.

“Eşqimizin sarayını yıxma, uçurma…”

Aha!

“Sözün düzü, Əmirxanın ürəyinə də

Məhəbbətin, nəzakətin şöləsi düşür”.

Vəssalam! Amerikalılar illərlə psixonalitiklərə ətək-ətək pul verirlər, məhkəmələr, vəkillər… Burda beş kəlmə sözlə iş düzəldi.

“Taqsırını öz boynuna alır Əmirxan”.

Əslində “Öz taqsırını boynuna alır” olmalıdır. Bunun eybi yox, yaddan çıxarmayaq ki, Səməd Vurğunun babası iyirmialtılar olub, yəni şaumysanlar, Azərbaycan dilini zif bilir…

Qucaqlayır o, gəlinin boynunu birdən…”

Burası erotikadır, 18+. Ötürək getsin…

Deyəsən, işlər düzəlib.

“Gəlinciyin sinəsində sevindı ürək,

Öz ərini, uşağını bərk sevə-sevə”.

Uşaq da böyüyür.

“Uzandıqca uşaqcığın (?) sarı telləri,

Öz ətrini yaydı evə gül qönçəsi tək”.

Görəsən bu ətir konkret hardan yayılır? Sarı tellərdən?

Lənət şeytana!

“Aygün Əmirxanla bir axşam yenə,
Oxumaq üstündə bərk sözə gəldi”.

Əmirxan Aygünü yola gətirməyə çalışır:

“Olmaz ki, meylini evə salasan,

Öz ilhamını da bizdən alasan?”

Yoldaş Əmirxan qorxur ki, Aygün Mozart kimi, Bethoven kimi bir bəstəkar olandan sonra onu bəyənməz…

“Getsən, birdəfəlik gedəsən gərək…”

Aygün getmir, ancaq xəstələnir…

Maraqlıdır ki, yoldaş Əmirxanın yetim olduğunu bilirik, ancaq komik poemadan belə çıxır ki, Aygün nəinki yetimdir, o hətta ayrı planetdən gəlib, onu bir ana doğmayıb, yer üzündə heç kimi yoxdur…

Bir ay “o gözəl nigar” iztirab içində yandı şam kimi…

Döşləri quruyub kəsildi süddən…”

Aygün üç ildən çoxdur ki, gəlindir. Uşağın gərək iki yaşı ola. Süddən ayırmaq vaxtı deyil?
(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

S. VURĞUNUN «AYGÜN» KOMİK POEMASI:“TRAMBONLA VALTORNANIN GÜCLÜ NƏFƏSİ, ORDU KİMİ HÜCUM ÇƏKİR MÜBARİZƏYƏ”

bağırov_vurğun

Aha! Yoldaş Əmirxan töhmət alıb! Sovxoz direktorundan, toplardan atəş açandan.

Yoldaş Əmirxanın “gövdəsinə bumbuz olmuş tər gəlir”.

Tər bədənə gələr ya gövdəyə?

Burda Səməd Vurğun yenə filosofluq iddiasında düşür  və deyir ki, insan tənqidə qulaq asmayanda:
“Sinəmizdə yetim kimi ürək tək qalır…”

Ürək haçan cüt olur ki? Tənqidə qulaq asanda?

Sonrası daha mürəkkəbdir, elə bil almanca yazılıb:

“Xəyalımız səssiz keçir səhralar kimi”.

Bu misranı başa düşən insanın əlini sıxıb dərin minnətdarlığımı bildirməyə hazıram!

Səməd Vurğun iddia edir ki, “suçumuzu boynumuza alanda”:

“Çox sevinir Vətən adlı müqəddəs ana…”

Çox təəssüf ki, xeyli vaxtdır Vətənim yoxdur, suçum  isə nə qədər desən, gündə birini boynuma alardım, müqəddəs Vətən sevinərdi…

Səməd Vurğun məruzə edir ki, “Yoldaş Əmirxan Fərhad kimi külüng çalmadı”.

Fərhad əsllində, düzünü desək, lotunun biridir, dağı qazıb saraya süd arxı çəkir. Əməkçi xalqa onun süd arxı lazımdır? Yox! Gedib bir kənddə su arxı qazsaydı, min dəfə yaxşıydı. Bu da sizin Fərhadınız…

Stalin, Bağırov öz sevgilisi üçün süd arxı qazana neylərdi? Bəli! Güllələrdi!

Ancaq Stalinin, Bağırovun süd arxları da olub, şampan arxları da. Səməd Vurğun da o arxlardan çox içib…

Yoldaş Əmirxanın nöqsanları çoxdur, yəni başdan-ayağa nöqsan içindədir.

“Özü lovğa, biliyi az, hövsələsi dar…”

Yoldaş Əmirxan Aygünə buyurur ki, yığış, qayıdaq Bakıya, “bu sənətdən bir kar aşmaz”.

“Yenə Bakı tez çıxardar bizi ağ günə”.

Bu, Aygünün ürəyindən olur. Yoldaş Əmirxan:

“Aqronomluq sənətinə getmədi daha…”

Səməd Vurğun bilikdə Əmirxandan fərqlənir? Bu cümləni savadlı adam yazıb? “Aqronomluq sənəti…”

Hələ ağ yalan olmağı bir yana: Stalin vaxtı, Bağırov vaxtı kəndə təyinatla gedəni kim buraxardı, əgər böyük adamı olmasaydı?

Bakıda yoldaş Əmirxanın harda işlədiyi bilinmir.

“Neçə yerdə neçə “növbə” xidmət elədi…”

Bir şey başa düşmək olmur. Qazancı hardandır?

“Məqsədə yox, qazanclara getdi apaçıq…”

Apaçıq…

Guya Səməd Vurğun bu cızma-qaraları qazanc üçün yazmayıb, məqsəd üçün yazıb. İyirmialtılara qazanc üçün yox, məqsəd üçün “babam” deyib…

“Sözün düzü Əmirxanı mən çox izlədim…”

Düşüb Əmirxanın dalına…

Bilirsiniz necə izləyir?

“Mən get-gedə görünürəm o gələ-gələ…”
Çon incədir, hə? Başa düşmək çətindir…

Bir səhər “Aygün radionu qurdu”.

Aha! Yoldaşları konsert verirlər!

“Şəfiqənin şam barmaqlı nazik əlləri,
Şəkil kimi gözlərinin önündə durdu…”

Burda barmaq şama bənzədilib (yəqin Şəfiqə Axundovanın barmağıdır). Ancaq şam hökmən incə olmur. Qıç yoğunluğunda şamlar olur…

Hələ bu nədir ki.

“Trambonla valtornanın güclü nəfəsi,
Ordu kimi hücum çəkir mübarizəyə…”

Mübarizəyə necə hücum çəkərlər? Vallah, bu Səməd Vurğun Azərbaycan xalqına vedrə bağlayıb…

Yoldaş Əmirxan da bu konsertə qulaq asırmış. Aygün dönüb yoldaş Əmirxana deyir:
“Eşidirsən? Tay-tuşlarım verib səs-səsə,
Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə”.

“Nəfəs-nəfəsə” oxumaq necə olur?

Sözün qısası, Aygün yoldaş Əmirxana məruzə edir ki, təhsilini davam etdirib bəstəkar olmaq istəyir.

“Bəstəkarlıq işinədir həvəsim ancaq…”

Bəstəkarlıq işi… Bəlkə Salahlıda kəndlilər belə danışırlar, ancaq musiqi təhsili olan adam belə deməz… “Bəstəkar” sözündəki “kar” elə “iş” deməkdir…

Aha! Yoldaş Əmirxan gülür!

Yoldaş Əmirxan deyir ki, arvaddan bəstəkar olmaz və arvad səhnəyə çıxıb Rast oxusa, ərinin əti tökülər…

Qəribədir, axı  Aygün bəsətəkar olmaq istəyir, “rast” oxumaq firki yoxdur…

“Yox, yox, mən o kişilərdən deyiləm!”

“Aygün dönüb körpəsinin üzünə baxdı…”
Aha! Bunların uşağı varmış! Səməd Vurğun indiyəcən bu barədə oxucuya məruzə eləməyib…

Aygün “qınına çəkilmir”, məktəbə gedib yoldaşlarıyla görüşür (yəqin yoldaşları keçən bu iki-üç ildə elə həmin kursda qalıb onu gözləyirlər). Aygünə deyirlər ki, qayıt məktəbinə, sənin istedadın var…

Aygün yenə pianinonun arxasına keçir, şirmayı dillərə bir divan tutur ki, bütün “qonum-qonşu” (bəlkə “qohum-qonşu”?) çıxır eyvana.

“Neçə ürək salam verdi o şeriyyətə”.

İlahi, bu nə dildir? Ürək şeriyyətə salam verir… Buninla tərbiyə alan uşaqların nə danışığı, nə yazısı olar?

Aygün “iki saat, bəlkə də çox” pianinodan qalxmır.

Yoldaş Əmirxan da “bir az qulaq asır”. Təəssüf ki, sənəti duymur…

Yoldaş Əmirxan caz sevirmiş!

Aha! O vaxtlar sovet cəmiyyətində caza qarşı mübarizə gedib. Səməd Vurğun da gərək öndə ola. “Pravda” qəzetində ya da başqa bir qəzetdə belə bir beyt də olub:

«Сегодня он играет джаз,
Завтра родину продаст».

Yəni ki, bir insan bu gün caz çalırsa, sabah vətənini satar…

(Bu, əlbəttə, düz deyil. Məsələn, Qarabağı satan azərbaycanlıların içində bir nəfər də caz həvəskarı olmayıb, hamısı muğamatı, aşıq musiqisini sevib…)

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

S. VURĞUNUN «AYGÜN» KOMİK POEMASI. «ORDUMUZ HƏR YANDAN ATƏŞ AÇIRDI, ALMAN SALDATLARI GERİ QAÇIRDI…»

bağırov_vurğun

“Düşündü, düşündü bizim qəhrəman,
Qurduğu şəhərə baxdı vüqarla…”

Sovxoz direktoru şəhər qura bilər?

“Elə bil nur yağdı baxışlarınmdan…”

Tanıdığım sovxoz direktorlarını xatırlayıram: üzlərindən oğraşlıq yağırdı, gözlərinə də baxan kimi bilirdin ki, oğrudur…

“Dünən qamış bitən qara torpaqda,

Bu gün şəfəq kimi sayrışdı çiçək…”

Qara torpaq? Saatlıda? Qara torpaqda qamış?

Dalına baxın:
“Hopduqca səhranın gövdəsinə su,
Tərlədi qaxsımış bir bədən kimi…”

Fikir verin, yuxarıda “qara torpaq”, aşağıda “səhra”.

“Qaxsımış bədən” necə olur? “Qaxsımaq”, “qaxa dönmək” qurumaq deyilmi?

“Səhranın gövdəsi” – səhra ağacdır?

Bütün bu cəfəngiyatı akademik şair yazır! Vikipediyada elə bu şair kimi əqidəsizin biri yazıb ki, “Səməd Vurğun SSRİ xalqlarının sevimli şairi olub…» Yəni ukraynalıların, estonların, gürcünlərin, ermənilərin…
Yalançının lap…

Sonra Səməd Vurğun Vəkilov yazır ki,  “gürzələr, şahmarlar paslı qılınc kimi çəkildi qına…”

İlanlar bəlkə yuvalarına çəkilib?

Paslı qılıncın nəyi ilana oxşayır?

“Yaşıl məxmər kimi döşəndi yonca,
Vətən qızlarının ayaq altına”.

Yandım! Tüstüm başımdan çıxır! Ah, vətən qızları! Siz çılpaq torpaqda yeriyirdiniz “ayaq altınız” ağrıyırdı, indi Səməd Vurğunun atası Leninin əməlləriylə ayaq altınıza yonca döşınib…

Təsəvvür edin, 60-70 il qabaq Saatlı, Sabirabad qızları yonca üstündə yeriyiblər…

Kim deyirsə Azərbaycanda ədəbiyyat olub, kim deyirsə Səməd Vurğun şair olub, gəlsin bu vətən qızlarını göstərim ona…

Aha! Məlum olur ki, bu sovxoz direktoru müharibə iştirakçısı olub.  Səməd Vurğun özü onu döyüşdə görüb.

“Ordumuz hər yandan atəş açırdı,
Alman saldatları geri qaçırdı…”

Çox konkretdir, eləmi? Gözüylə görüb. Hər yandan atəş, almanlar qaçırlar… Oxuyan kimi bilinir ki, Səməd Vurğun alman saldatlarını qovurmuş…

“Göy darısqal idi, üfüqlər qara,
Kainat cırırdı dar paltarını…”
Gözünüzün qabağına gətirdiniz? Buna nə var ki. Darısqal göydür də. Sonra təsəvvür edin ki, kainat dar paltarını cırır…

Səməd Vurğun indiyə qalsaydı, pornoqrafiya yazardı…

Dartma yaxam cırıldı…

“Bu məşhur topçu da öz toplarını,
Atıb yol açırdı piyadalar…”

Bir topçuda neçə top olar? Yəqin beş, altı… Yox, bu Səməd Vurğun toplara güllə qoyurmuş….

“Öz toplarını…”
Tfu!

“Onun səngəriydi xırdaca bir dağ…”

Dağ necə səngər olur? Yəni almanlar dağın o tayındaymış? Bəs bu gələcək sovxoz direktoru “topları” hara nişan aıb atır?

Səməd Vurğun yazır ki, o müharibədən qəhrəmanın üzündə bir çapıq qalıb. Kim çapıb, necə çapıb, bilinmir. İndi sadə bir insandır, “artıq pul sevmir”.

Əgər Sovet vaxtı Azərbaycanda «artıq pul sevməyən» direktor olubsa, mən onda azərbaycanlı deyiləm…

Sonra Səməd Vurğun yazır ki, hərdən sovxoz direktorunun “dolanışığı aşağı düşür”, “pendir-çörək yeyir…”

Sən-mən belə şey yazsaydıq və redaksiyaya aparsaydıq, bizi dəlixanaya saldırardılar…

“Pul oldu-olmadı daima şaddır”.

Aclıq olsun, kef olsun!

“Yaşayır hər zaman bu qanacaqla!”

Ancaq belə misraları yazan insanda sənətkar qanacağı olmayıb, gərək sözün düzünü deyəsən…

Sonra Səməd Vurğun daha iki cəfəng bənd əlavə edib kasıblığı tərifləyir.

Kimin ki, əməli safdır ürəkdə, O aclığa dözər iftixarla…”

Bunu millətinin ac vaxtında qoruqlarda ceyran, kəklik vuran adam yazıb…

Qayıdaq vətən qızlarına…

Səməd Vurğun yazır ki, o il qış çox bərk gəldi. Yağışlar yağdı, göllər yarandı, “gəldi qoşun-qoşun köçəri quşlar…”

“Palçıq dizə çıxdı…”
Harda? Sovqoz direktorunun yaratdığı təmiz küçəli şəhərdə? Saatlıda palçıq? Allah eləməsin!

İndi özünüzü tox tutun, çünki burda gülməkdən partlamaq olar:

“Soyuqdan bozardı qızların üzü…”

Tənbəllər yığılıb nağıl deyərək,

Söhbətlə keçirdi gecə-gündüzü…”

Burda NKVD gərək işə qarışa. Qızların üzü bozarıb, tənbəllər də gecə-gündüz nağıl deyirlər…

Digər tərəfdən, əgər palçıq dizə çıxıbsa, bu insanlar neyləsinlər?

“Yağışın dalınca bərk qar gəlir”. Ocaqlar soyuyur, odun çatmır. Çünki:

“Neçə min ildir ki, bu səhralarda,
Nə qalın meşələr, nə zolaqlar var…”

Səməd Vurğun hələ də müəyyənləşdirməyib – Muğan çöldür ya səhra.

Min ildən qabaq varmış?

“Yalnız Araz üstə bir az meşə var…”

Dalını, yazanı da olmasa, ən azı bunu çap edəni söymədən oxumaq mümkün deyil. Belə səviyyəsiz cızmaqara heç məktəb şagirdinə də yaraşmaz…

“O il öz ömrünü çox uzatdı qış,

Dişini ağardıb güldü insana…”

Bu, poeziya üçün rüsvayçılıqdır…

“Araz boyundakı şor qışlaqlarda,
Doyunca nə qoyun, nə mal sağıldı…”

“Şor qışlaq” nədir?

“Doyunca” yemək olar. Doyunca sağmaq? Sağmaqdan doymaq?

“Qum təpəsi kimi yeridikcə qar,
Buludlar kişnədi…”

Mən qara Səməd Vurğundan yaxşı bələdən, ancaq qarın qum təpəsi kimi yeridiyini görməmişəm…Bəlkə Saatlıda, Sabirabadda yeriyib… Salyanda yerimirdi…

Sovxoz direktoru – toplar atan – işçilərə mühazirə oxuyur, deyir ki, əkdiyimiz ağaclar soyuğun qabağını elə kəsəcək ki, daha qış olmayacaq, həmişə yaz olacaq…

Yəni çöl də bayır kimi…

“Qış gəlib gedəcək bir bahar kimi…”

Ay heyvan (sovxoz direktoruna deyirəm), qış bahar kimi keçsə, torpaq nə bar verər?

Bu komik poemanı nəşr edən heyvanlarda cürət olmayıb ki, bunu Səməd Vurğuna deyələr…

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/