Архив тегов | gədəbiyyat

KOMİK «AYGÜN» POEMASI. “QONAQ DA KÖÇƏRİ BİR QUŞA BƏNZƏR, TƏKCƏ EV SAHİBİ UÇAN DEYİLDİR…”

bağırov_vurğun

Arabir də ürəyinə toxtaq verərək,

Ayaq üstə can çəksə də, yenə yeridi…”

Əmirxan “can çəkirsə”, necə işləyir? Nə yaxşı iş imiş ki, can çəkən adam da öhdəsindən gəirmiş?

Səməd Vuurğun burda yenə filosof əbasına bürünür, deyir ki, bu düyada hər insan öz yerini tutur:

“Mühəndis də, müəllim də, təbib də hər an

Oz işilə, peşəsilə məqsədə çatdı”.

“Hər an məqsədə çatmaq” – bu necə olur?

Hər müəllim (həkim) olan məqsədə çatır?

Sonra:

“Çoxlarına həyan oldu məkan və zaman”.

Səməd Vurğun yəqin zaman və məkan haqqında təlimin olduğunu eşidib, ancaq onun nə olduğunu bilmir. Zaman və məkan insana necə həyan olur?

“Hər ağac da bir müəyyən yerdə boy atdı…”

Bu, aqronom yoldaş Əmirxanın diplom işindəndir?

Aha! Səməd Vurğun deyir ki, təkcə Əmirxan öz yerini itirib!

İdrakı (idrakı qalıbmış) onu danlayır, deyir tayların ildə neçə orden alırlar…

İldə bir neçə orden? Ağ olmadı? Səməd Vurğun özü yəqin alırmış…

İdarakı yoldaş Əmirxana deyir ki, “yerdən bərk yapış”. Səməd Vurğun deyir mən də idrakla razıyam, nə varsa, torpaqdadır…

Kefdir!

Yenə Puşkin Larinanın yanına qayıdır. Daha doğrusu, Səməd Vurğun Aygünün. Məlumdur ki, Tatyana Larina ərə getmişdi. Aygün isə ismətli azərbaycanlı qadındır. Başqasını sevə bilməyib.

“Gəlin sənət ilə yaşadı yalnız!”

Afərin!

Aygün başqa kişi sevməsə də, sevgisi çoxdur. O sevir: varlığı (?), təbiəti, axar suları, zəfəri, bəxtiyarlığı, yüksək əməlləri, saf arzuları.

Əsil Azərbaycan sovet qadınıdır.

Aygünün evində şadyanalıq.

“Başdan-ayağadək geyib qırmızı,

 Məclisə gün kimi şölələr yayır”.

Cürbəcür yeməklər, zəfəranlı plov. “Süfrədə rəngbərəng şərablar da var”.

“Yanır sağ döşündə qızıl bir nişan,

 Üstündə əksi var bizim rəhbərin…”
Aha! Rəhbərin! Stalinin!

“Əl çalıb oynayır dostlar, tanışlar,

Külək də tərpədir pəncərələri…”

Zəlzələdir? Bəlkə pərdələri tərpədir?

Beşinci badədəm sonra qarabağlı müğənni Elyar qızışıb oxuyur…

Aha!

“Deyesən yamanca vurulub Elyar!”

Birdən qapının zəngi üç dəfə vurulur.

Aha!

“Yonulmuş daş kimi arıq bir bədən,

Dayandı Aygünün qabağında lal”.

Yonulmuş daş hökmən arıq olur? Baxır nə boyda daşı yonursan, nə üçün yonursan…

“Aygünə bir dəstə gül verib, dərhal,

Gözləri yaşarmış çıxdı qapıdan…”

Yoldaş Əmirxan gözünü yaş elə tutub ki, qızını da görmür… Arvad Stalin mükafatı alıb…

Qonaqlar dağılışırlar. “Bir-bir, iki-bir”.

Sonra Səməd Vurğun maraqlı bir şey deyir. İndiyəcən heç kimin ağlına gəlməyib:
“Qonaq da köçəri bir quşa bənzər,
Yalnız ev sahibi uçan deyildir…”
Qəşəng deyilib. Bunu yekə hərflərlə yolların qırağına dirəklərə vurmaq lazımdır. İndiyəcən ev sahibinin uçan olduğunu güman edən cahillər var…

Aygün fikrindən səhərəcən yatmır. Bir romans yazır.

Elyar da yatmır. (O qədər içındən sonra gərək ölü yuxusuna gedəydi).

“Mənimdir o meyxoş, o dolğun çiçək”.

“Meyxoş” nədir?

“Dolğun çiçək” – yəni ətli-canlı?

Səməd Vurğun da Elyarı fitvalayır:

“Madam ki, eşqini sevirsən ancaq,

Sözündə bərk dayan, dönmə geriyə”.

Eşqi necə sevmək olar? Eşq elə sevgi deyil?
Yox, Səməd Vurğun dovşana “qaç”, tazıya “tut” deyir. Sevgi üçbucağı qurur.

“Hardasan, Əmirxan, hardasan indi?

Yoxsa ağır yatıb yuxu görürsən?

Bir oyan qəflətdən, meydan sənindir,

Oyan ki, Aygünü əldən verirsən”.

Yoldaş Əmirxan da gecəni yatmayıb. Öz-özünü danlayır:

“Ölüm də yoxdur ki, canımı ala,

Mənim də adıma kişi deyirlər…”

“Taleyim nə yaman günə qalmışdır,
Məni bu günümdə hrç kim bəyənməz”.

“Başıma uçsa da qayalı bir dağ,
Bir də üz qoymaram Aygün tərəfə…”.

Səməd Vurğunda dağ çoxdur, hamısı da qayalı. Ay zalım oğlu, başına qayalı dağ uçsa səndən nə qalar ki, harasa gedəsən…

Yəni bu yöndəmsizlik yoldaş Əmirxanın günahı deyil, Səməd Vurğun onun adından belə heyvərə, küt baltadan çıxmış şeirlərlə onu biabır edir…

Sonra Səməd Vurğun uzun-uzadı Aygünün daha bir yuxusuz gecəsini təsvir edir və oxucusuna bildirir ki, gəlinin “xoş ətirli gül dodaqları öpüşə həsrət qalıb”. “Gözünün yuxusu çəkilir dəm-dəm desə də”, iki misra sonra məlumat verir ki, “Səhərin eşqilə Aygün oyandı… Geydi saxladığı toy paltaını…”

Allah xeyir eləsin…

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

KOMİK «AYGÜN» POEMASI: O GƏRNƏŞİB ÖZ YERİNDƏN DURDUĞU ZAMAN, GÜCƏ DÜŞDÜ YEYİB-İÇMİŞ AĞIR BƏDƏNİ…»

bağırov_vurğun

Bəli, məlum olur ki, yoldaş Əmirxan yaman gündəymiş, cazı, çürüməkdə olan Amerika imperializminin sovet insanlarının mənəviyyatını pozmağa yönəlmiş bu janrı sevirmiş!

“O, fışqırıq çala-çala çıxdı qapıdan…”

Aha! Fışqırıq! Qanacağına bax!

Sonra Səməd Vurğun məruzə edir ki (yəqin NKVD-yə çatdırır), “yüngül başlı, boş ürəkli” insanlar var ki, “fokstrotu sevirlər”…

Aha, burda cazdan başqa fokstrot məsələsi də var. Pozğunlar!

Məlum olur ki, Əmirxanın fıştırığını Aygün vecinə almayıb.

“Əmirxanın getməyini duymadı gəlin…”

“Çal, gözəlim!”

Bunu Səməd Vurğun deyir… Özgənin arvadına…

Sonra şair gözlənilməz kəşf edir:

“Qış gecəsi uzun olur…”

Bütün şəhər yatıb.

“Dörd tərəfdən qıfıllanmış bir otaq kimi…”

Hansı otaq dörd tərəfdən qıfıllanır?

Hamı yatıb, Aygün oyaq. Səməd Vurğunun gözəli durub pəncərənin arxasında

“Bir ürəkdə qıfıllanıb qalsa arzular

Şamlar kimi şölə çəkib yanar apaçıq”.

Yenə “apaçıq”…

Əgər qıfıllanıb qalıblarsa, necə “apaçıq” yanarlar?

Aygün pəncərəni açır.

“Quldur kimi qılınc çəkib soxulur külək…”

Küləyin soxulmağı başa düşüləndir, ancaq qılınc çəkməyi ağ oldu…

Yenə pəncərəni bağlayır…

Yoldaş Əmirxan isə məclisdədir. Səməd Vurğun Vəkilov deyir ki, o pozğun məclisi təsvir etməyi öz əsərinə layiq bilmir!

Əsər!

Maraqlıdır, görəsən nə pozğunluq imiş? Heç olmasa, gərək ucundan-qulağından yazaydı. İndi hər oxucu öz pozğunluğu ölçüsündə təsəvvürünə bir şey gətirəcək…

Yoldaş Əmirxan evə səhər açılanda qayıdır. Doyunca pozğunluq edəndən sonra. Qıçları bir-birinə dolaşır. Gözlərinə qan sızıb.

“O məclislər aşiqinin, keflər oğlunun,
Nə vaxtında yeməyi var, nə də yuxusu”.

Keflər oğlu! Akademik şairimizin hər ifadəsi incidir!

Yoldaş Əmirxan ağzı üstə çarpayıya döşənərək axşamacan “xorna çəkir”.

Tfu!

Aygün isə körpəsini bağrına basıb nəfəsnə qulaq asır…

Sonra Aygünün daxili monoloqu gəlir. (daxili monoloqda Səməd Vurğunun tayı yoxdur, Şekspir işi deyil).

“Etibarsız, mən yanıram səhərə qədər,
Osa içib nəşələnir evindən uzaq…”

Daxili monoloqunu bitirən kimi Aygün “filkirlər dünyasında” yuxuya gedir. Yoldaş Əmirxanın xornasına məhəl qoymur…

Ancaq bir  saat keməmiş birdən qalxır, “yorğanı üstdən ataraq”.

(Belə çıxır ki, yorğanı altdan da atmaq olar…)

Deyir ki (öz-özünə), duran kimi (yəni yoldaş Əmirxan) bütün sözlərimi üzünə deyib getməliyəm.

Ancaq daxili monoloqun içində bir daxili monoloq da varmış (Şekspir belə şeyləri bilməzdi). “Ürəyindən dilə gəlir xeyirxah bir səs”. Bu xeyirxah səs deyir ki, tələsmə, yüz ölç, bir biç, öz evini dağıtma, o da (yəni yoldaş Əmirxan)  bir insandır, “bəlkə yenə doğruluğun yoluna düşdü”.

Bu sözləri eşidəndən sonra Aygünün rəngi “ilk baharın laləsi” kimi açılır…

Yoldaş Əmirxan isə xorna çəkməkdə…

Axşam olanda yoldaş Əmirxan yuxudan doyur və gərnəşib durur. Gərnəşəndə ağır bədəni gücə düşür…

O, gərnəşib öz yerindən qalxdığı zaman

Zora düşdü yeyib içmiş, ağır bir bədən.

Duran kimi dava düşür. Aygünün qaşqabağı yoldaş Əmirxanın xoşuna gəlmir (yuxarıda Səməd Vurğun demişdi ki, gəlinin rəngi lalə kimi açılıb).

Beş kişinin qazancını qazanıram mən!”

Hardan? Bank yarır? Anaşa satır?

Yoldaş Əmirxan deyir ki, bundan sonra kefindən qalmayacaq, yəni pozğun həyatına davam edəcək. “Əl çək yaxamdan!”

Gəlin tablamır. “Açılır birdən”.

Aygün tələb edir ki, yoldaş Əmirxan ona “aşna” deməsin və “vərdişindən əl götürsün”.

“Eşqimizin sarayını yıxma, uçurma…”

Aha!

“Sözün düzü, Əmirxanın ürəyinə də

Məhəbbətin, nəzakətin şöləsi düşür”.

Vəssalam! Amerikalılar illərlə psixonalitiklərə ətək-ətək pul verirlər, məhkəmələr, vəkillər… Burda beş kəlmə sözlə iş düzəldi.

“Taqsırını öz boynuna alır Əmirxan”.

Əslində “Öz taqsırını boynuna alır” olmalıdır. Bunun eybi yox, yaddan çıxarmayaq ki, Səməd Vurğunun babası iyirmialtılar olub, yəni şaumysanlar, Azərbaycan dilini zif bilir…

Qucaqlayır o, gəlinin boynunu birdən…”

Burası erotikadır, 18+. Ötürək getsin…

Deyəsən, işlər düzəlib.

“Gəlinciyin sinəsində sevindı ürək,

Öz ərini, uşağını bərk sevə-sevə”.

Uşaq da böyüyür.

“Uzandıqca uşaqcığın (?) sarı telləri,

Öz ətrini yaydı evə gül qönçəsi tək”.

Görəsən bu ətir konkret hardan yayılır? Sarı tellərdən?

Lənət şeytana!

“Aygün Əmirxanla bir axşam yenə,
Oxumaq üstündə bərk sözə gəldi”.

Əmirxan Aygünü yola gətirməyə çalışır:

“Olmaz ki, meylini evə salasan,

Öz ilhamını da bizdən alasan?”

Yoldaş Əmirxan qorxur ki, Aygün Mozart kimi, Bethoven kimi bir bəstəkar olandan sonra onu bəyənməz…

“Getsən, birdəfəlik gedəsən gərək…”

Aygün getmir, ancaq xəstələnir…

Maraqlıdır ki, yoldaş Əmirxanın yetim olduğunu bilirik, ancaq komik poemadan belə çıxır ki, Aygün nəinki yetimdir, o hətta ayrı planetdən gəlib, onu bir ana doğmayıb, yer üzündə heç kimi yoxdur…

Bir ay “o gözəl nigar” iztirab içində yandı şam kimi…

Döşləri quruyub kəsildi süddən…”

Aygün üç ildən çoxdur ki, gəlindir. Uşağın gərək iki yaşı ola. Süddən ayırmaq vaxtı deyil?
(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

S. VURĞUNUN «AYGÜN» KOMİK POEMASI:“TRAMBONLA VALTORNANIN GÜCLÜ NƏFƏSİ, ORDU KİMİ HÜCUM ÇƏKİR MÜBARİZƏYƏ”

bağırov_vurğun

Aha! Yoldaş Əmirxan töhmət alıb! Sovxoz direktorundan, toplardan atəş açandan.

Yoldaş Əmirxanın “gövdəsinə bumbuz olmuş tər gəlir”.

Tər bədənə gələr ya gövdəyə?

Burda Səməd Vurğun yenə filosofluq iddiasında düşür  və deyir ki, insan tənqidə qulaq asmayanda:
“Sinəmizdə yetim kimi ürək tək qalır…”

Ürək haçan cüt olur ki? Tənqidə qulaq asanda?

Sonrası daha mürəkkəbdir, elə bil almanca yazılıb:

“Xəyalımız səssiz keçir səhralar kimi”.

Bu misranı başa düşən insanın əlini sıxıb dərin minnətdarlığımı bildirməyə hazıram!

Səməd Vurğun iddia edir ki, “suçumuzu boynumuza alanda”:

“Çox sevinir Vətən adlı müqəddəs ana…”

Çox təəssüf ki, xeyli vaxtdır Vətənim yoxdur, suçum  isə nə qədər desən, gündə birini boynuma alardım, müqəddəs Vətən sevinərdi…

Səməd Vurğun məruzə edir ki, “Yoldaş Əmirxan Fərhad kimi külüng çalmadı”.

Fərhad əsllində, düzünü desək, lotunun biridir, dağı qazıb saraya süd arxı çəkir. Əməkçi xalqa onun süd arxı lazımdır? Yox! Gedib bir kənddə su arxı qazsaydı, min dəfə yaxşıydı. Bu da sizin Fərhadınız…

Stalin, Bağırov öz sevgilisi üçün süd arxı qazana neylərdi? Bəli! Güllələrdi!

Ancaq Stalinin, Bağırovun süd arxları da olub, şampan arxları da. Səməd Vurğun da o arxlardan çox içib…

Yoldaş Əmirxanın nöqsanları çoxdur, yəni başdan-ayağa nöqsan içindədir.

“Özü lovğa, biliyi az, hövsələsi dar…”

Yoldaş Əmirxan Aygünə buyurur ki, yığış, qayıdaq Bakıya, “bu sənətdən bir kar aşmaz”.

“Yenə Bakı tez çıxardar bizi ağ günə”.

Bu, Aygünün ürəyindən olur. Yoldaş Əmirxan:

“Aqronomluq sənətinə getmədi daha…”

Səməd Vurğun bilikdə Əmirxandan fərqlənir? Bu cümləni savadlı adam yazıb? “Aqronomluq sənəti…”

Hələ ağ yalan olmağı bir yana: Stalin vaxtı, Bağırov vaxtı kəndə təyinatla gedəni kim buraxardı, əgər böyük adamı olmasaydı?

Bakıda yoldaş Əmirxanın harda işlədiyi bilinmir.

“Neçə yerdə neçə “növbə” xidmət elədi…”

Bir şey başa düşmək olmur. Qazancı hardandır?

“Məqsədə yox, qazanclara getdi apaçıq…”

Apaçıq…

Guya Səməd Vurğun bu cızma-qaraları qazanc üçün yazmayıb, məqsəd üçün yazıb. İyirmialtılara qazanc üçün yox, məqsəd üçün “babam” deyib…

“Sözün düzü Əmirxanı mən çox izlədim…”

Düşüb Əmirxanın dalına…

Bilirsiniz necə izləyir?

“Mən get-gedə görünürəm o gələ-gələ…”
Çon incədir, hə? Başa düşmək çətindir…

Bir səhər “Aygün radionu qurdu”.

Aha! Yoldaşları konsert verirlər!

“Şəfiqənin şam barmaqlı nazik əlləri,
Şəkil kimi gözlərinin önündə durdu…”

Burda barmaq şama bənzədilib (yəqin Şəfiqə Axundovanın barmağıdır). Ancaq şam hökmən incə olmur. Qıç yoğunluğunda şamlar olur…

Hələ bu nədir ki.

“Trambonla valtornanın güclü nəfəsi,
Ordu kimi hücum çəkir mübarizəyə…”

Mübarizəyə necə hücum çəkərlər? Vallah, bu Səməd Vurğun Azərbaycan xalqına vedrə bağlayıb…

Yoldaş Əmirxan da bu konsertə qulaq asırmış. Aygün dönüb yoldaş Əmirxana deyir:
“Eşidirsən? Tay-tuşlarım verib səs-səsə,
Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə”.

“Nəfəs-nəfəsə” oxumaq necə olur?

Sözün qısası, Aygün yoldaş Əmirxana məruzə edir ki, təhsilini davam etdirib bəstəkar olmaq istəyir.

“Bəstəkarlıq işinədir həvəsim ancaq…”

Bəstəkarlıq işi… Bəlkə Salahlıda kəndlilər belə danışırlar, ancaq musiqi təhsili olan adam belə deməz… “Bəstəkar” sözündəki “kar” elə “iş” deməkdir…

Aha! Yoldaş Əmirxan gülür!

Yoldaş Əmirxan deyir ki, arvaddan bəstəkar olmaz və arvad səhnəyə çıxıb Rast oxusa, ərinin əti tökülər…

Qəribədir, axı  Aygün bəsətəkar olmaq istəyir, “rast” oxumaq firki yoxdur…

“Yox, yox, mən o kişilərdən deyiləm!”

“Aygün dönüb körpəsinin üzünə baxdı…”
Aha! Bunların uşağı varmış! Səməd Vurğun indiyəcən bu barədə oxucuya məruzə eləməyib…

Aygün “qınına çəkilmir”, məktəbə gedib yoldaşlarıyla görüşür (yəqin yoldaşları keçən bu iki-üç ildə elə həmin kursda qalıb onu gözləyirlər). Aygünə deyirlər ki, qayıt məktəbinə, sənin istedadın var…

Aygün yenə pianinonun arxasına keçir, şirmayı dillərə bir divan tutur ki, bütün “qonum-qonşu” (bəlkə “qohum-qonşu”?) çıxır eyvana.

“Neçə ürək salam verdi o şeriyyətə”.

İlahi, bu nə dildir? Ürək şeriyyətə salam verir… Buninla tərbiyə alan uşaqların nə danışığı, nə yazısı olar?

Aygün “iki saat, bəlkə də çox” pianinodan qalxmır.

Yoldaş Əmirxan da “bir az qulaq asır”. Təəssüf ki, sənəti duymur…

Yoldaş Əmirxan caz sevirmiş!

Aha! O vaxtlar sovet cəmiyyətində caza qarşı mübarizə gedib. Səməd Vurğun da gərək öndə ola. “Pravda” qəzetində ya da başqa bir qəzetdə belə bir beyt də olub:

«Сегодня он играет джаз,
Завтра родину продаст».

Yəni ki, bir insan bu gün caz çalırsa, sabah vətənini satar…

(Bu, əlbəttə, düz deyil. Məsələn, Qarabağı satan azərbaycanlıların içində bir nəfər də caz həvəskarı olmayıb, hamısı muğamatı, aşıq musiqisini sevib…)

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

S. VURĞUNUN «AYGÜN» KOMİK POEMASI. «ORDUMUZ HƏR YANDAN ATƏŞ AÇIRDI, ALMAN SALDATLARI GERİ QAÇIRDI…»

bağırov_vurğun

“Düşündü, düşündü bizim qəhrəman,
Qurduğu şəhərə baxdı vüqarla…”

Sovxoz direktoru şəhər qura bilər?

“Elə bil nur yağdı baxışlarınmdan…”

Tanıdığım sovxoz direktorlarını xatırlayıram: üzlərindən oğraşlıq yağırdı, gözlərinə də baxan kimi bilirdin ki, oğrudur…

“Dünən qamış bitən qara torpaqda,

Bu gün şəfəq kimi sayrışdı çiçək…”

Qara torpaq? Saatlıda? Qara torpaqda qamış?

Dalına baxın:
“Hopduqca səhranın gövdəsinə su,
Tərlədi qaxsımış bir bədən kimi…”

Fikir verin, yuxarıda “qara torpaq”, aşağıda “səhra”.

“Qaxsımış bədən” necə olur? “Qaxsımaq”, “qaxa dönmək” qurumaq deyilmi?

“Səhranın gövdəsi” – səhra ağacdır?

Bütün bu cəfəngiyatı akademik şair yazır! Vikipediyada elə bu şair kimi əqidəsizin biri yazıb ki, “Səməd Vurğun SSRİ xalqlarının sevimli şairi olub…» Yəni ukraynalıların, estonların, gürcünlərin, ermənilərin…
Yalançının lap…

Sonra Səməd Vurğun Vəkilov yazır ki,  “gürzələr, şahmarlar paslı qılınc kimi çəkildi qına…”

İlanlar bəlkə yuvalarına çəkilib?

Paslı qılıncın nəyi ilana oxşayır?

“Yaşıl məxmər kimi döşəndi yonca,
Vətən qızlarının ayaq altına”.

Yandım! Tüstüm başımdan çıxır! Ah, vətən qızları! Siz çılpaq torpaqda yeriyirdiniz “ayaq altınız” ağrıyırdı, indi Səməd Vurğunun atası Leninin əməlləriylə ayaq altınıza yonca döşınib…

Təsəvvür edin, 60-70 il qabaq Saatlı, Sabirabad qızları yonca üstündə yeriyiblər…

Kim deyirsə Azərbaycanda ədəbiyyat olub, kim deyirsə Səməd Vurğun şair olub, gəlsin bu vətən qızlarını göstərim ona…

Aha! Məlum olur ki, bu sovxoz direktoru müharibə iştirakçısı olub.  Səməd Vurğun özü onu döyüşdə görüb.

“Ordumuz hər yandan atəş açırdı,
Alman saldatları geri qaçırdı…”

Çox konkretdir, eləmi? Gözüylə görüb. Hər yandan atəş, almanlar qaçırlar… Oxuyan kimi bilinir ki, Səməd Vurğun alman saldatlarını qovurmuş…

“Göy darısqal idi, üfüqlər qara,
Kainat cırırdı dar paltarını…”
Gözünüzün qabağına gətirdiniz? Buna nə var ki. Darısqal göydür də. Sonra təsəvvür edin ki, kainat dar paltarını cırır…

Səməd Vurğun indiyə qalsaydı, pornoqrafiya yazardı…

Dartma yaxam cırıldı…

“Bu məşhur topçu da öz toplarını,
Atıb yol açırdı piyadalar…”

Bir topçuda neçə top olar? Yəqin beş, altı… Yox, bu Səməd Vurğun toplara güllə qoyurmuş….

“Öz toplarını…”
Tfu!

“Onun səngəriydi xırdaca bir dağ…”

Dağ necə səngər olur? Yəni almanlar dağın o tayındaymış? Bəs bu gələcək sovxoz direktoru “topları” hara nişan aıb atır?

Səməd Vurğun yazır ki, o müharibədən qəhrəmanın üzündə bir çapıq qalıb. Kim çapıb, necə çapıb, bilinmir. İndi sadə bir insandır, “artıq pul sevmir”.

Əgər Sovet vaxtı Azərbaycanda «artıq pul sevməyən» direktor olubsa, mən onda azərbaycanlı deyiləm…

Sonra Səməd Vurğun yazır ki, hərdən sovxoz direktorunun “dolanışığı aşağı düşür”, “pendir-çörək yeyir…”

Sən-mən belə şey yazsaydıq və redaksiyaya aparsaydıq, bizi dəlixanaya saldırardılar…

“Pul oldu-olmadı daima şaddır”.

Aclıq olsun, kef olsun!

“Yaşayır hər zaman bu qanacaqla!”

Ancaq belə misraları yazan insanda sənətkar qanacağı olmayıb, gərək sözün düzünü deyəsən…

Sonra Səməd Vurğun daha iki cəfəng bənd əlavə edib kasıblığı tərifləyir.

Kimin ki, əməli safdır ürəkdə, O aclığa dözər iftixarla…”

Bunu millətinin ac vaxtında qoruqlarda ceyran, kəklik vuran adam yazıb…

Qayıdaq vətən qızlarına…

Səməd Vurğun yazır ki, o il qış çox bərk gəldi. Yağışlar yağdı, göllər yarandı, “gəldi qoşun-qoşun köçəri quşlar…”

“Palçıq dizə çıxdı…”
Harda? Sovqoz direktorunun yaratdığı təmiz küçəli şəhərdə? Saatlıda palçıq? Allah eləməsin!

İndi özünüzü tox tutun, çünki burda gülməkdən partlamaq olar:

“Soyuqdan bozardı qızların üzü…”

Tənbəllər yığılıb nağıl deyərək,

Söhbətlə keçirdi gecə-gündüzü…”

Burda NKVD gərək işə qarışa. Qızların üzü bozarıb, tənbəllər də gecə-gündüz nağıl deyirlər…

Digər tərəfdən, əgər palçıq dizə çıxıbsa, bu insanlar neyləsinlər?

“Yağışın dalınca bərk qar gəlir”. Ocaqlar soyuyur, odun çatmır. Çünki:

“Neçə min ildir ki, bu səhralarda,
Nə qalın meşələr, nə zolaqlar var…”

Səməd Vurğun hələ də müəyyənləşdirməyib – Muğan çöldür ya səhra.

Min ildən qabaq varmış?

“Yalnız Araz üstə bir az meşə var…”

Dalını, yazanı da olmasa, ən azı bunu çap edəni söymədən oxumaq mümkün deyil. Belə səviyyəsiz cızmaqara heç məktəb şagirdinə də yaraşmaz…

“O il öz ömrünü çox uzatdı qış,

Dişini ağardıb güldü insana…”

Bu, poeziya üçün rüsvayçılıqdır…

“Araz boyundakı şor qışlaqlarda,
Doyunca nə qoyun, nə mal sağıldı…”

“Şor qışlaq” nədir?

“Doyunca” yemək olar. Doyunca sağmaq? Sağmaqdan doymaq?

“Qum təpəsi kimi yeridikcə qar,
Buludlar kişnədi…”

Mən qara Səməd Vurğundan yaxşı bələdən, ancaq qarın qum təpəsi kimi yeridiyini görməmişəm…Bəlkə Saatlıda, Sabirabadda yeriyib… Salyanda yerimirdi…

Sovxoz direktoru – toplar atan – işçilərə mühazirə oxuyur, deyir ki, əkdiyimiz ağaclar soyuğun qabağını elə kəsəcək ki, daha qış olmayacaq, həmişə yaz olacaq…

Yəni çöl də bayır kimi…

“Qış gəlib gedəcək bir bahar kimi…”

Ay heyvan (sovxoz direktoruna deyirəm), qış bahar kimi keçsə, torpaq nə bar verər?

Bu komik poemanı nəşr edən heyvanlarda cürət olmayıb ki, bunu Səməd Vurğuna deyələr…

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: QACAR QAPINI ALIB, VAQİFİN OĞLU QIRQOVUL OVUNDA…

samed-stalin

Məlum olur ki, Vidadi də burdadır. Toya gələndən köçünü salıb oturub. Bir sürü havayıyeyən yığılıb, gəlin bənövşə yığır, oğul ovda, yazıq xanı istismarçı sayırlar…

Əil bəy oxuya-oxuya (!) ovdan qayIdır, bir neçə qırqovul vurub. Səməd Vurğunun “müsbət” qəhrəmanlarının içində bir ağıllı-başlı adam yoxdur…

Əli bəy Gülnara tapşırır ki, qayınanası üçün qırqovul-plov bişirsin…

Əminə də Əli bəyə corab toxuyub gətirib.

“Oğul, deyirlər ki, qış bərk gələcək…”

Kim deyir? Hava bürosu? Başqa qışlar Qarabağa yavaş gəlirmiş?

Əli bəy:

“Gəl, ana! O evdə rahatlan bir az”.

Hansı evdə?

Vaqif oğlundan soruşur:

“Çöldə nə var-nə yox?”
Əli bəy cavab verrir:
“Gördüm Eldarı,
Topıayıb başına qəhrəmanları.
Dağlarla yurd salıb Koroğlu kimi”.

Ata çölü soruşur, oğul deyir dağlarda. Səməd Vurğun oxucuya vedrə bağlayıb… Bu çoban Eldar axı harda yurd salıb və nə yeyib-içir,  əgər kəndlilərin çuvalında “bir arpa belə» yoxsa?

Vaqif:
“Yazığı  saldılar çölün düzünə…”

Allahu əkbər! Yenə çöl?

Sonra Vaqifin dilindən iyirmi misralıq cəfəngiyat: dağ, dərə, gül, bülbül, elat, çoban tütəyi… Vaqif doğrudan da belə yazsaydı, Azərbaycan ədəbiyyatında o adda şair olmazdı… Qondarma şairi ancaq sovet vaxtı partiya-NKVD kabinetlərində qayırıb-düzəldirdilər. Səməd Vurğun kimi…

Vaqif “dərin” düşüncələrini belə qurtarır:

“Oğlum, düşündükcə, duyduqca dərin –

Qollarda səslənən bu zəncirlərin,
Günəşli, gündüzlü bir sabahı var…”

Zəncirin gələcəyi olar? Kimin qollarında zəncirlər səslənir? Vidadi, Vaqif sarayda, Vaqifin oğlu ovda, Vaqifin gəlini, qızları başına yığıb bəövşə dərir, qaçaqlar da çölləri, meşələri, dağları, dərələri doldurublar…

Vidadi də kefindən qalmır:

“Gəlin seyrə çıxaq dağları bir az…”

Sonra səhnəyə Xuraman çıxır:

“Gecə fikir, gündüz fikir,
Nə yurd salır, nə ev tikir…”

Bu, əlbəttə, Sabirin şeirindəki ziyalı arvadının şikayətinə oxşayır: “Sübh olunca gecələr darğa kimi…” Ancaq Sabir ziyalısı kasıb bir müəllim ola bilərdi.  Vaqif isə xanın vəziridir, sarayda yaşayır,  onun arvadının bu sözləri gülməli deyilmi? Və bunu Səməd Vurğun öz oxucularını və tamaşaçılarını heyvan sayıb yazmayıbmı?

“Hey düşünür ağır-ağır…”.

Xuraman hardan bilir ki, Vaqif ağır-ağır düşünür, ya iti-iti? Bəs düşünməsin?

Ümumiyyətlə, Xuramanla bağlı səhnələr nəinki bədii cəhətdən hər bir tənqiddən aşağıdır, onlar həmçinin Səməd Vurğunun bir insan kimi primitivliyindən və bayağılığından, yəni məmişiliyindən xəbər verir.

Aradüzəldən qarı deyir:

“Kimin vardır belə yarı,

Çənəndəcə xalın da var…?»

“Çənəndəcə…” Bunu yazan insan necə zövqsüz olmalı idi!

“Bal kimidir didaqların…”

Qarı hardan bilir Xuramanın dodaqları bal kimidir? Onunla öpüşüb? Rəngini desəyədi, yenə dərd yarı idi…

“Gözü düşüb xanın sana…”

Yəqin Səməd Vurğunun vaxtında arvadları Mircəfər və onun nökərləri üçün belə düzəldirlərmiş… Beriya haqqında belə xatirələr var… Ancaq Qarabağ xanı? Vəzirinin arvadını?

“Gecə xanın gir qoynuna,
Qollarını sal boynuna…”

Azərbaycan oxucusu və tamaşaçısı səksən ildir ki, bu rüsvayçı cəfəngiyata əl çalır…

(ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: BU PYESƏ BAXAN HƏR TAMAŞAÇIYA GƏRƏK BİR QAB KÜL VERİLƏ…

samed-stalin

“Min ildir baş əydik yalnız Qurana,

Baxdı gözlərimiz kor kimi ona…”
Bunu da guya Vaqif deyir. Bunun heç yarısını da deməyən yazıq Rafiq Tağlnı əvvəl hökumət dama saldı, sonra hökumətin havadarlıq elədiyi quldurlar bıçaqlayıb öldürdülər. Səməd Vurğunun Vaqifin adına yazdığı küfrü isə xalq artistləri səksən ildir səhnədən yayıb alqış qazanırlar, ad-san qazanırlar…

Bizim millətin ağlı yerindədir?

“Bizə yasaq oldu başqa kitablar…”
Bunu da Vaaqif deyir.

Vikipediyada Vaqifə həsr olunmuş məqalədə deyilir ki, guya Vaqif astronomiya və tətbiqi riyaziyyat eləmlərini dərindən(!?) bilirmiş. Əgər başqa kiitablar yasaq idisə, Vaqif özü tətbiqi riyaziyyatı hardan öyrənmişdi?

İbrahim xan da əvvəlki kimi çoban Eldarın əlində qalıb girinc. İlyas adlı bir lotu deyir ki, gedib girəcək Eldarın dəstəsinə (Eldar indi dəstəbaşıdır), onu yuxuya verib başına bir güllə çaxacaq…

Bir dəli yığıncağı var, bir də debil yığıncağı. Qarabağ xanlığının rəhbərliyi, Vaqifdən başqa, debildir…

Səməd Vurğun yaxşı bilməliydi ki, İbrahim xəlil xan ailəsi ilə birgə rus generalı tərəfindən qətlə yetirilib. Yəni şəhid olub. Ən azı bu fakt gərək onu xanın surətinə azacıq  da olsa hörmətlə yanaşmağa məcbur edəydi. Anncaq Səməd Vurğun kimi əqidəsiz insandan xalq tarixini yaradanlara, bu tarix üçün can qoyanlara hörmət gözləməyə dəyərmi. Səməd Vurğun üçün rusların, Stalinin qiyməti və Stalin mükafatı hər şeydən vacib idi…

Qayıdaq İlyasa. Killer İlyasa. Xan ona “on para kənd” vəd edir.

On para kənd nədir? Qarabağ nə boyda yer idi ki, xan hər lotiya, hər killerə on para kənd paylayaydı?

Bu yandan yenə şeyx özünü soxur səhnəyə, xana məsləhət görür ki, Vaqifə arxadan zərbə vurmaq üçün xan onun arvadını…

Yəni o söz…

Qacarın hücumu ərəfəsində İbrahim xanın yaşı 60-dan çox olub. Vaqifsə təxminən 80 yaşında…

Vallah, Səməd Vurğun çox utanmaz insan olub, sağlığına deyirəm…

Təlxək:

«Yekaqarın, yekəbaş,
Ara düzəldən oğraş…»

Məsələ burasındadır ki, bu hoqqaların heç biri tarixdə olmayıb, bu pozğunluğu Səməd Vurğun uydurub. İndi kim oğraş olur?

Gülnarın monoloqu aşağı sinif şagirdi səviyyəsində qafiyəbazlıq nümunnəsidir, oxuduqca tüpürmək istəyirsən.

«Ah, bizim dik qayalar,

Havaları sərindir,
Dərələri dərindir…»

Qayanın nə diki, nə yastısı? Qaya elə qayadır…

Qayanın havası olar? Özü də “havaları…”

“Qayaların dərələri” – bu nədir?

“Əsmə, dayan, ey külək,
Ova çıxmış Əli bəy…”

Qacarın qoşunu qapını kəsib, kəndlilərin çuvalında “bir arpa belə yox”, meşələr, dağlar qaçaqlarla dolu, Vaqin də təzə bəy oğlu ovda kef çəkir.

Bəh-bəh!

“Tüfəngini yel əysə,
Ayağına daş dəysə,
Ürəyimə ox batar…”

Hansı köpəkolu təsdiq edər ki, tüfəngi yel əyə bilər? Bu necə tüfəngdir ya bu necə yeldir?

Sonra Əminə gəlir:

— Ana!

— Qurbanam sana!

Əlbəttə, “sana”! Oyunun olsun, ay qafiyəbazlar şahı!

Sonrası lap fışdırıqdır.

Əminə.

«Əli bəy necədir, damağı çağdır?»

Gülnar:

«Nə var, lap yaxşıdır, şir kimi sağdır…»

Necə yəni “şir kimi sağdır”? Başqa heyvanlar ölüdürlər? Şir kimi güclüdür desəydi, yənə dərd yarıydı…

Dalı:

«İndi ova gedib, bu saat gələr…»

Gülnarın qolunda saat vardı? O vaxt saatla danışırdılar?

Sonra:

«Əli bəy quş kimi yemləyir məni…

Gözündə parlayır qaynaq bulaqlar,

Ürək duyduğunu xatirə saxlar…»

Sonuncu misradan bir şey başa düşdünüz? Təzə gəlin anasıyla ərindən belə danışır?

Ancaq sürpriz daldadır. Oxucu gözləyir ki, Gülnar deyəcək, ayıb olmasın, uşağa qalıb. Yox, məsələ ayrıdır.

«Ana! Şair olmaq istəyirəm mən…»

Ana da deyir. ehtiyatlı ol, “göz dəyər sana…!”

Bu komediyaya baxan hər tamaşaçıya gərək bir qab kül verilə, hər pərdədən sonra bir ovuc sovura başına…

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: QARABAĞ XANLIĞI YA QARABAĞ ÇOBANLIĞI?

samed-stalin.jpeg

Doğrudan da Vaqifin oğlunun toyu “Vaqif” komediyasında ən gülməli səhnələrdəndir. Saraya çiynində quzu ilə girən çoban Eldar (əslində, Vaqifin dostuydusa, çoban gərək toya qoyunla yox, arvadıyla gələydi…) xana salam vermir. Sonra Qarabağ xanını it adlandırır:

Ancaq olmasaydı kasıb kəndlilər,
Bunca qudurtmazdı sizi simü zər…

Fikir verirsiniz çobanın dilinə? “Qızıl-gümüş” demir, “simü zər” deyir… Məlum deyil ki, quzu bütün səhnə boyu onun çiynindədir, ya düşüb gəzir xan sarayını…

Məsələ burasındadır ki, o illərdə də, ondan sonra da, sovet dağılanacan, Azərbaycan məktəblərinin çoxunda dəhlizlərdə, xüsusi guşələrdə rusların tarixi şəxsiyyətlərinin, sərkərdələrinin şəkilləri asılardı. Məsələn, şücaətləri şübhəli olan Aleksandr Nevskinin, Dmitri Donskoyun. Səməd Vurğun çoban Eldarı önə çıxarıb İbrahim xanı poxa döndərir. Bütün mümkün qüsurlarına və hətta törətdikləri qəddarlıqlara baxmayaraq, xanlar dövlətçiliyimizin əsaslarını yaradıblar, “xanlıq” xan sözündəndir, dövlətləri çobanlar yaratsıydılar, xanlıq yox, “çobanlıq” adlanardı…

Və qəribədir ki, bilinmir çoban Eldar xandan nə istəyir, onun konkret iddiası nədir. Səməd Vurğunun öz iddiası məlumdur: xalq qəhrəmanını qaniçən monarxa qarşı qoyub monumental səhnə yaratmaq. Ancaq dağ siçan doğur. Qarşıdurma sünidir və inandırıcı deyil – çobanla xanın nə qarşıdurması?

«Bu xan bir ilanmış, saray – yuvası,

Zəhrimar qoxuyur onun havası».

Bunu Vaqif deyir və məlum deyil ki, xan ona nə pislik edib. Üstəlik and içir ki, “iş ki belə düşdü, meydanda varam!”

Kənd mirzəliyindən, müəllimlikdən vəzirliyə qaldırılmış adamın xandan nə gileyi olmalıdır? Və arxası, kökü olmayan bir şair Qarabağ xanıyla necə ayaq-ayağa verə bilər? Bütün bunlar, əlbəttə, Səməd Vurğunun primitiv və heç bir tarixi əsası olmayan fantaziyalarıdır, ancaq gülməli (bəlkə də ağlamalı) odur ki, səksən ildən bəri millət bu fantaziyaları ikimədəlilər kimi çeynəməkdə davam edir…

Və sonra Əli bəy xəbər gətirir ki, “ata, həbs etdilər yazıq Eldarı…”

Çoban Eldar Qarabağ xanının nəyinə lazımdır?

İndi təsəvvür edin ki, bir çoban, deyək ki, Şamaxı çobanı (təəssüf ki, daha Qarabağ çobanı yoxdur…) çiynində quzu gəlib girir prezident sarayına, özü də İlham Əliyevə salam vermir…

Mən özüm təsəvvür elədim, az qaldım gülməkdən öləm…

Sonra səhnəyə Xuraman gəlir. Gələn kimi 20-25 misralıq cəfəngiyatı deklamasiya edir. Əvvəl Vaqifdən qabaqkı ərini yadına salır. Sonra deyir ki, başını yeyib verdilər Vaqifə. Vaqifsə “qoltuqlarda gəzib dolanır, Çox vaxt da su kimi rəngi bulanır, elə dərd tökülür qaş-qabağından…”

Bir sözlə, at getsin. Hə? Yox, burda ayrı misra gəlir:

«Ancaq çox razıyam qanacağından…»

Qaş-qabağından daim dərd tökülən kişidə nə qanacaq?

Bu hadisələrin baş verdiyi vaxt Vaqifin yaşı səksənə yaxın olmalıydı. Səməd Vurğun onu gənc və gözəl dul Xuramana evləndirir ki, İbrahim xanın oğraşlığını göstərə bilsin. Çünki xan binamus olmalıdır və vəzirinin arvadına tamah salmalıdır.

Xandan yaxşı nə gözləyəsən?

Səməd Vurğun 1937-ci ildə hünər eləyib Bağırovun arvadbazlığından yazaydı. Bizim “vətənpərpərvər” və “qeyrətli” şairlərimiz dəridən-qabıqdan və hətta şalvarından çıxıb Mircəfərə təriflər yazırdılar…

SƏMƏD VURĞUNUN “KÜR ÇAYI” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

“Ayrı dağlar kimi qol-qanad atan”.

Çayın doğrudan da qolu olur, eybi yox, şair buna qanad da deyə bilər. Bəs dağlar necə qol-qanad atır? Hansı “ayrı dağlar”?

“Coşqun dalğaları buluda çatan?”

Əlbəttə, Kürdə iri dalğa olur, ancaq bu boyda yox….

“Qəmzələr göstərən, işvələr satan”.

Çay necə işvə satar? Şairlərimiz (“ayrı şairlər”…)  yüz illərlə başımıza yeridiblər ki, işvəni qadın satar, hərçənd bunun özü də qaranlıqdır – necə satır? Deyək ki, satır, bəs Kür ilə qadın arasında hansı oxşarlıq var?

 “Qorxunc qayaları yellər tək enən”.

Su qayalardan enirsə, bu, şəlalədir, Kür qayaların arasıyla gedir, qayadan enmir.

“Tiflisin arxası, Qazağın beli”.

Niyə Tiflisin arxası? Kür Tiflisin dalından gedir ya ortasından?

“Çox igidlər səndən ilham aldılar.

Top-tüfəng atdılar, nərə çaldılar”.

Kür çayından da yəqin ilham almaq olar. Ancaq ilham yaradıcı adamlara xasdır. Yaxşı, igidlər, deyək ki, doğrudan da ilham aldılar. Bəs niyə “nərə çalırlar”? (Nərəni çəkərlər...) Niyə top-tüfəng atırlar? Bəlkə onlar Kür qırağında oturub  tut arağı içiblər?  Mal kimi! Niyə aydınlıq yoxdur?

“Səsindən ordular, karvanlar qaçar”.

Burda şübhə yoxdur ki, Səməd Vurğun oxucuya vedrə bağlayıb. Kürün səsindən ordu qaçar?

“Könlüm tək dalğalı, dəlisən bir az”.

Bəlkə buna görə ordular qaçır?  Ancaq şübhəlidir. Bir dəliyə görə…

“Ay doğub sinənə kölgə salanda”.

Ay doğubsa, qaralmış sulara işıq salar, kölgə yox. Elə deyil?

Çobanın, naxırçın tütək çalanda,

 Gümrah olar yanın, yançağın sənin”.

Yaxşı, təsəvvürümüzə gətirdik ki, naxırçı tütək çalır, ancaq mən şəxsən tütək çalan naxırçı görməmişəm. Mallara yeddmərtəbəli söyüşlər deyən naxırçıları isə görmüşəm “Ay sənin yiyənin…… səni sağanın…”

Deyək ki, çalır. Ağzı söyüşdən yorulanda. Bununla Kürün yanı necə gümrahlaşır? Kürün yanı – yəni qırağı? Bəs “yançağı”?

Lənət şeytana!

Bu sualları vaxtında Səməd Vurğuna redaktorlar verməliydilər. Ancaq Səməd Vurğuna nə redaktor? Onun redaktoru olub Bağırov, Stalin…

Ona görə ədəbiyyatımız bu gündədir…

P.S. Şeir Sanılıya həsr olunub. Sanılı 1937-ci ildə güllələnib. Görəsən bu işdə Səməd Vurğunun əli olmayıb ki?

9.10. 2018

Samara

SƏMƏD VURĞUN: “İKİ DÜŞMƏNİM VAR DÜNAYDA, İNAN, BİRİNCİ FAŞİSTDİR, İKİNCİ SİÇAN…”

Səməd_Vurğun.jpg

Azərbaycan məktəbləri haqqında mənfi söhbətlər həmişə mənə toxunur, xüsusən ona görə ki, belə söhbətləri ölkəyə baha başa gələn və milli təhlükəsizliyə potensiyal ziyanı olan rus dilli paralel təhsil sisteminin tərəfdarları aparırlar. Azərbaycanda Azərbaycan məktəbləri yaxşı və hətta ən yaxşı olmalıdır!

Ancaq belədirmi?

Mən Azərbaycan məktəbindən qırx ilə yaxındır ki, ayrılmışam. Tədris proqramlarından xəbərim yoxdur. Həm də mən uzağı ədəbiyyat dərsləri barədə fikir deyə bilərəm. Bu barədə bildiyim odur ki, orta məktəb proqramlarında sovet vaxtıyla müqayisədə az şey dəyişib. Məsələn, Səməd Vurğun yenə birinci şairdir və onun şeirləri ən yüksək poeziya standartlarıdır.

Bu, fəlakətdir.

Fizikadan, kimyadan geri qalmış uşağı, əgər o, təbiətən küt deylsə, bir neçə aya intensiv məşğələrlə qaldırmaq olar. Oncaq bəd zövq, vulqar zövq aşılanmış, ruhuna antiestetika yeridilmiş uşağı onillərlə safa çıxarmaq olmur. Səməd Vurğunun, Süleyman Rüstəmin ya Məmməd Arazın misraları ətinə-qanına uşaqlıqdan yerimiş adama ciddi poeziyanı, böyük poeziyanı, həqiqi poeziyanı tanıtmaq çətin olur ya heç mümkün olmur. Bəlkə buna görə Azərbaycanda dil mədəniyyəti, poetik mətəniyyət belə acınacaqlı haldadır.

Mən Səməd Vurğunun “Ceyran” şeirindən ayrıca yazmışam. İndi “Sünbülüm” şeiri haqqında bir neçə kəlmə demək istəyirəm.

Bu şeirdən fraqment aşağı siniflərin dərsliklərinə salınardı. Mən müəllim işləyən vaxtlar da vardı, indi bilmirəm. Mənim yadımda ilk iki misra qalmışdı. Şeiri İnternetdə bütöv tapıb oxudum, dəhşətə gəldim. (Əslində S. Vurğunun hansı şeir və poemasını diqqətlə oxuyursan, dəhşətə gətirir).

“Ellər həsrətidir bu əmri verən…”

Hansı əmri? Şeir yazmaq əmrini? Niyə ellərin özü yox, “ellərin həsrəti”?

“Xırman üstündəki ana səsidir…”

Xırman üstündə kişilər olurdu ya arvadlar?

“Deyrirlər dünyada qocadır yaşın…”

Yəni Səməd Vurğuna hansı dili qurumuşsa deyib ki, “dünyada sünbülün yaşı qocadır…”

Hə?

Yaş qoca olmur, yaş çox ya az olur.. Həm də sünbül…

“Qüvvətdən quruldu torpağın, daşın…”

Sünbülün torpağı necə qurulur? Yaxşı, deyək ki, torpağı quruldu, daşı bəs necə?

“Deyirlər səndədir həyat, hərəkət…”

Bunu da deyiblər… Yəni deyiblər çörək bərəkətdir…

“Mən bunu qəlbimlə çoxdan anladım…”

Yəni yeyəndə, çörək qarnına gedəndə anlamayıb, qəlbində anlayıb… Yəni çörəyi burnuna yeyən adamlar var, onu Səməd Vurğun kimi qəlbinə yeyən incə adamlar…

“Qarşıdan al geyib gələndə bahar,

Bilirəm qəlbində nə işvələr var!”

Bəh-bəh! Sünbülün qəlbində işvələr… Zalım oğlu elə bil anaşadan yazır…

“Sən ilk bəzəyisən bizim Vətənin,

Əski kitablarda adın var sənin”.

İndiki Azərbaycan şairi yazardı ki, qədim türk kitablarında sünbülün adı var… Yaxşı ki, yazmayıb “Leninin kitablarında adın var sənin…”

Görəsən hansı “əski kitabları” nəzərdə tutub?

Birdən Vurğunun ilhamı elə coşur ki, aqressiyaya çevrilir və şair affekt vəziyyətində təbiətə qarşı hücuma keçir:

“Eşit sözlərimi cansız təbiət!”

Rəhmətliyin oğlu, cansız təbiət olar?

Səməd Vurğunu tutmaq olmur,

“Vicdansız, duyğusuz, qansiz təbiət!”

Və proletar şairi və yazıçısı Maksim Qorkinin “Düşmən təslim olmasa, onu məhv edərlər” şüarını rəhbər tutub təbiəti hədələyir:

“Yenə quduz kimi çıxma yolundan,
Vulkanlar çəkilir insan oğlundan!

Dağlar qarşısında salama gəlir…”

Allahu əkbər!

Sonra yenə minora düşür.

“Bürkü gətirməsin sənə buludlar

Üstünə qonmasın quşlarla  qurdlar”.

Bulud bürkü gətirir ya yağış?

Bayaqdan deyirdi ki, dağlar insanı salama gəlir, indi təbiətə hərbə-zorba gələn bu insan “quşlarla qurdların” əlində aciz qalır?

“Tarixə bir daha gözünü gəzdir,

Bəşərin ilk dərdi çörək dərdidir”.

Tarixə göz gəzdirəndə görürsən ki, bəşər əvvəllər çörək yeməyib, ət yeyib, çörək sonra olub, ondan sonra da Azərbaycana şor gəlib…

Dalı lap həngamədir. Çörək olmasaydı:

“Qardaşlar qanını, dostlar qanını.

Düşmən qaldırardı öz bakalında”.

Öz bakalında…

Ancaq şeirin son beytini oxuyanda istəyirsən başını vurasan qapının tininə:

“İki düşmənim var dünyada, inan –

 Birinci faşistdir, ikinci siçan!”…

Bəla burasındadır ki, bu hətərən-pətərən şeiri psixiatriya xəstəxanasının müştərisi və ya aşağı sinif şagirdi yazmayıb. Şeir 1936-cı ildə yazılıb, yəni Səməd Vurğun bu şeiri yazanda otuz yaşı vardı, Lenin ordeniylə təltif olunmuşdu, deputat idi, canlı klassik sayılırdı…

İnidi də sayılır…

Bu isə bəla deyil, böyük bəladır…

06.10. 2018

Samara

«ANA VƏ POÇTALYON»: «ŞEDEVR» STATUSLU «MƏHLƏ» ŞEİRİ

Süleyman_Rüstəm.jpg

Bu şeiri nə şagird kimi öyrənmək, nə də müəllim kimi tədris eləməq mənə qismət olub, ancaq bilirəm ki, onilliklər ərzində bu şeirdən yüz minlərlə inşa yazılıb, buraxılış və qəbul imtahanları verilib. “Azərbaycan sovet (!) poeziyasının klassik əsərlərindən sayılır. Ona görə bu şeirə daha bir baxış faydasız olmaz.

Hələ başqalarının ağzından du şeiri eşidən vaxtlar ilk misra məndə sual doğururdu: Necə yəni “başqa dərdi yoxdu”? Müharibə, aclıq,qonşulara ölüm xəbəri gəlir (“xəbər gəlir öləndən”), yəni dərd bir deyil, mindir. Əlbəttə, ana üçün öz oğlundan böyük qayğı ola bilməz. Ancaq başqa dərdinin olmamamğı mümkün deyil…

Mənim bu yazım Süleyman Rüstəmə xas olan üslub pintiliyi və sağlıqlarında klassik statusu (dövlət və partiyanın qərarı ilə) qazanmış yazanların öz işlərində tamamilə məsuliyyətsiz olmalarındandır. Buna rusca “xaltura” da demək olar, azərbaycanca “basməmmədi” də…

Başqa bir sual: ananın əri hardadır? Yəni əsgərin atası. Oğlan ananın ilkidirsə, ata cavan olmalıdır. Ölüb? O da cəbhədədir? Bəs niyə arvadı onun da dərdini çəkmir?

Bu, şəhər şeiridir. Ana “məhlə”də yaşayır. Yəni köhnə Bakı həyəti, həyətdə də xeyli mənzil, xeyli adam. Bu adamların hamısının məktubunu bir poçtalyon gətirir. Ana da ona ultimatum elan edir: ““Məktub olmasa, bir də sən bu həyətə gəlmə!”

Poçtalyonu elə bil “dağ başında ildırım vurur” (niyə dağ başında? İldırım düzəndə vura bilmir? Dağ başında ildırım ayrı cür vurur?). Və həyətdən ayağını kəsir…

Belə şey mümkündürmü? Müharibədir, poçtalyon hərbi vəzifəli adam kimidir, həyətdə onlarla ailə yaşayır, bəs onların məktu necə olur? Poçtalyon aparıb tökür küllüyə? Sobada yandırır?

Poçtalyon yoxa çıxır… Müharibədəki adamlarından məktub almayan qonşular gərək NKVD-yə şikayət eləyəydilər, bir sözlə, poçtalyonu yerin deşiyindən çıxaraydılar. Ancaq heç kimi dinmir…

Belə şey mümkündürmü? Yox mümkün deyil!

Şeirdən belə çıxır ki, ana gecə-gündüz evdədir, elə işi-peşəsi qapını güdməkdir. Ancaq bu da mümkün deyil. Bakıda müharibə vaxtı cavan arvadı çətin ki, evdə asudə oturmağa qoyardılar. O, günün ən azı on iki saatını silah ya neftayırma zavodunda işləyəməliydi.

“Evlərini bilsəydim, bir baş çəkərdim ona…”

Əgər şəhər Bakıdırsa, poçtalynun başına nə gəldiyini öyrənməkdən asan heç nə yoxdur, get poçt şöbəsinə, soruş…

Bu şeir başdan ayağa qondarmadır, inandırıcı heç nə yoxdur. Əlbəttə, müharibə vaxtı yazılan şeirdir, arxa cəbhədəki insanların çəkdiyi qəlb iztirablarını göstərməyə yönəlib. Ancaq müəllifin idiasında olduğu dramatizm farsa çevrilir, çünki yaradılan kolliziya qondarmadır.

Məlum məsələdir ki, poçtalyon gec-tez gəlib çıxmalıydı. Ancaq gərək qonşular onun şalvarını çıxaraydılar: “Ay filan-filan olasan, hanı bizim məktublar…”

Yxşı, deyək ki, müharibə vaxtı tələsik yazıılb, belə şeirlərə ehtiyac olub. Ancaq niyə bunu indiyəcən yüksək poeziya kimi uşaqdan böyüyə qədər millətə sırıyırıq?

Məsələ burasındadır ki, şeirin bəlası təkcə süjet quruculuğunda deyil. Sənətkarlıq da çox aşağı səviyyədədir. On dörd hecalı ölçü seçildiyindən çoxlu artıq, parazit sözlər var.

“Qartal ov tutub gəlir” – ovu tutarlar?

“Bir gün küçə qapısı açıldı çox sürətlə(!)… Poçtalyon adamdır ya avtomobil?

“Aldılar bir qırpımda poçtalyonu dövrəyə” (bir qırpımda?)
“Poçtalyon qanad taxdı öz şirin sözlərinə….” Bu misranı yazan şairdir ya qəssab?

İş elə gətirib ki, mən bu şeiri məktəbdə oxuyanda keçməmişəm. İndi fikirləşirəm ki, orta məktəbdəki ədəbiyyat müəllimlərində bu şeir suallar doğurub ya doğurmayıb. Doğurmayıbsa… Yəqin ki, doğurmayıb. Azərbaycan məktəblərindəki ədəbiyyat müəllimlərinin əksəriyətinin səviyyəsi sirr deyil…

01.03.2018

Samara

HƏMÇİNİN:https://xeyrulla.com/2021/07/05/gulm%c9%99li-seirl%c9%99r-suleyman-rust%c9%99m-t%c9%99brizim/