«VAQİF» KOMEDİYASI: SƏMƏD VURĞUN PYES YOX, QARABAĞ XANLIĞINDAN STALİNƏ «DONOS» YAZIB…

samed-stalin

Beləliklə, Şah Qacarı dalından-qabağından vurub öldürürlər. Daldan “sıyırma xəncərlə”, qabaqdan misri qılıncla. Üstündə Koroğlunun barmaq izləri olan misri qılıncla.

Bu səksən ildə bir nəfər tamaşa zalından durub deməyib ki, ay qurumsaqlar, əgər bu misri qılınc kndlilərdə idisə, niyə onunla Qacarın qabağına çıxmırdılar…

Nə isə, misri qılınc Qarabağın yeganə və ən hörmətli qəhrəmanına, çoban Eldara verilir. Çoban Eldar şah Qacarı qabaqdan vurur…

(Axtalanmış adamda nə qabaq… Gülməkdən öldüm…)

İndi zalda oturan millət fikriləşməlidir ki, Qacar vurulub, İbharim xan qaçıb, indi xanlığın taleyi necə olacaq, onu kim idarə edəcək. Zalda oturan millət bunu fikirləşməlidir, əgər onda öz tarixinə, dövlətçiliyinin tarixinə hörmət varsa, Qarabağ xanlığını milli dövlətçiliyin bünövrələrindən biri sayırsa.

Səməd Vuğunun fikrinə görə, hakimiyyət keçir çoban Eldara və onun dostları Kürd Musaya, erməni Arşaka, Şalikoya…

Yeni rəhbərin ilk fərmanı:

“Dağıdın sarayı, bütün daş-qaşı,
Paylayın aclara və yoxsullara…”

Saray dağılandan sonra xanlıq nə günə qalacaq? Bu sual Səməd Vurğun üçün aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ xanlığı aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ-xanlığı yoxdur.

Siz bu “Vaqif” komediyasında Qarabağ xanlığını görürsünüz? Hanı onun əyanları, hanı onun qoşunu, hanı onun zabitləri, hanı kübar caanlar? “Vaqif” komediyasının beş pərdəsindən dördünün yeri Qarabağdır, ancaq biz burda qazaxlı Vaqifi, qazaxlı Vidadini, Vaqifin oğlunu görürük. Kürd Musa qarabağlıdır? Çoban Eldar yəqin özü də yəqin qarabağlı deyil, çoban köçəri babadır, bu gün yaylaqda, sabah qışlaqda…

Hanı qarabağlılar? Qarabağlılar olublar ya olmayıblar? Qarabağ xanlığı olub ya olmayıb?

Komediyada bir qarabağlı var, o da İbrahim xan. Qacardan fərqli olaraq, o, axtalanmayıb, bəs hanı onun arvad-uşağı? Hanı onun sonradan general olmuş oğlanları?

Səksən il ərzində bu komediya Qarabağ xanlığının tarixini məzhəkəyə çevirib, onu dağ çobanlarının oyununa döndərib.

Bu komediya Azərbaycan ədəbiyyatı tarixində ən rüsvayçı paskvillərdən biridir. 1937-1938-ci illərdə SSRİ-də kütlləvi “donos”çuluq olub, sovet adamları NKVD-yə müraciət yazıb bir-birlərini tutdurublar, tarixçilərin iddiasına görə, 4 milyon donos yazıb. Konkret olaraq Səməd Vurğunun hansı donosları və kimdən yazdığını mən bilmirəm, ancaq onun rəsmi yığıncaqlardakı xeyli çıxışları əsil donosdur və belə çıxışlardan sonra neçə insanın əlli-ayaqlı getdiyinə şübhə ola bilməz.

“Vaqif” komediyası da donosdur. Qarabağ xanlığından, Qarabağ xanından, Azərbaycan dölətçilik tarixindən birbaşa Stalinin üstünə yazılmış donos. Bu donosa Stalin öz adını daşıyan mükafatın ikinci dərəcəsini verib. Yəqin həmin il öz xalqının tarixini Səməd Vurğundan daha parlaq ləkələyə bilən yazıçı olub…

Bu, optimistlə pessimistin fərqinə aid lətifə kimidir.

Pessmist deyir ki, bundan pis ola bilməz. Optimist deyir ki, ola bilər, ola bilər…

Donos – xüsusi janr olub. Bu janr həqiqətə uyğunluq tələb etməyib. Ən başlıcası vaxtında yazmaq, səndən yaza biləni qabaqlamaq olub.

“Vaqif” komediyasında nəinki həqiqətə, tarixə uyğunuq yoxdur. Bu komediyada mübtədalar xəbərlərlə uzlaşmır, birinci şəkildə deyiləni üçüncü şəkildə deyilən yalana çıxarır.

Komediyanın əvvəlində Vaqif kəndlilərə, “çuvallarında bir arpa belə olmayan” kəndlilərə Qarabağdan danışır:

“Qarabağ doğrudan bir laləzardır,
Yenə yanaqlara sığal vurulur,

Hər daşın dibində bir toy qurulur,

Bir yanda tar səsi, bir yanda qaval,

Bükür dağ döşündə boynunu maral,

Axır şırıltıyla köpüklü çaylar,
Gəlir səcdəsinə ulduzlar, aylar…”

Bu monoloqda, əlbəttə, çoxlu cəfəngiyat var. Necə yəni daşın dibində toy qurulur? Necə yəni bir yanda tar, bir yanda qaval? Tar ayrı yerdə çalınır, qaval ayrı yerdə? Qaval çalınanda maral boynunu bükər, ya hürküb qaçar? “Ulduzlar, aylar” nəyin səcdəsinə gəlir?

Ancaq bunlara baş qoşmağa dəyməz, bu Səməd Vurğun həmişə belə basməmmədi yazıb. Ayrı şeyə diqqət yetirmək lazmdır. Əgər hər daşın dibində bir toy qurulursa, bu o demək deyilmi ki, qarabağlılar kefdədirlər? Əgər Qarabağ “bir laləzardır”sa, deməli, xanlıq abaddır. Çobanlar da toğlu kababı çəkirlər, qırqovul, kəklik ovlayırlar. Bəs onda Səməd Vurğun İbrahim xanı niyə poxa bulaşdırır və hətta ailə pozğununa, oğraşa çevirir? (“Oğraş” sözünü Səməd Vurğun özü təlxəyin dilindən işlədir…)

İbrahim xan kimin qanının içib, kəndlilərə nə divan tutub?

“Karfagen məhv olmalıdır!”
Səməd Vurğunun öz qarşısında qoyduğu vəzifə bu suallara cavab vermək deyil, onun məqsədi Azərbaycan dövlətçilyinin rüşeymlərini tapdalamaq, tariximizn az-çox ləyaqətli səhifələrinə tüpürməkdir.

Səməd Vurğun deyirdi: “Mənim babam olmuş iyirmialtılar”.

Şaumyan, Caparidze, Əzizbəyov…

Erməni Arşak, Şaliko, çoban Eldar…

İyirmialtıların 1918-ci ildə Bakıda nə qırğın törətdiklərini Səməd Vurğun gözəl bilməliydi…

“Mənim babam olmuş iyirmialtılar…”

Və kollektivləşmə zamanı Azərbaycan kəndlilərinə divan tutmuş komsomolu da Səməd Vurğun yekə bir poemada tərənnüm edir.

Bu mahir qafiyəbazın ürəyində bir damla milli təəssübkeşlik, əzilənə, incidilənə mərhəmət olmayıb. İnsan adını şərəfli edən nə varsa, Səməd Vurğun mükafatlara, ordenlərə, təriflərə satıb…

Əgər əqidəsizliyin beynəlxalq vahidi yaradılsaydı, ona Səməd Vurğunun adını vermək olardı.

Layiqdir…

Noyabr 2018

Samara

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

Реклама

«VAQİF KOMEDİYASI»: QACARIN QABAĞINA ÇIXAN “QARABAĞ QOŞUNU”: ÇOBAN ELDAR, KÜRD MUSA, ŞALİKO, LEYLA BƏDİRBƏYLİ…

samed-stalin

Aha! Cəlladlar gəlirlər.

Şeyx.

“Kəlmeyi-şəhadət alın dilinizə”.

Yenə şeyx sizlə-bizlə danışır, hecanın biri misrada artıq çıxsa da.

“Cəllad Əli bəyi çəkir”.

Belə edam olar?

“Vaqif onu buraxmır”.

“Şeypur şalınır. Qacar gəlir, uca bir yerdə dayanaraq”.

Bəs edam nə oldu?

Qacar öz adamlarına:

“İndi bərk durun,
Burda kəllələrdən bir qala qurun”.

Kəllələrdən qala qurmalı olan adamlar necə bərk dayanmalıdırlar?

Hansı kəllələrdən? Vaqiflə oğlunun kəlləsindən? İki kəllədən qala?

Yox, Vaqifin kəlləsi qalanın başına qoyulacaq. “Ylnız və yalnız!”

Aha!

Vidadi yenə özünü atır ortalığa:

“Yalvarıram sənə, onu ver mana!

Mana!

Vaqif:

“Yalvarma, yalvarma o cəllada sən,
Hələ baş əyməyib bu böyük Vətən!”

Hansı “böyük Vətən”, ay rəhmətli Səməd Vurğun? Sən bu Vətəni zımrıqlı çobanlığa çevirmisən, burda bir nəfər kübar adam yoxdur. Erməni Arşak və Kürd Musa ilə Vətən vöyük olur?

Qacar (Vidadiyə)

“Görürsən, o imiş qatı düşmənim…”
Vallah, bu, İran şahına yaraşan söhbət deyil. Bu söhbət heç Salyan qoçularına da yaraşmır… “Görürsən…”

“Tez olun, cəlladlar!”

Bəs cəlladlar bayaqdan neyləyirdilər?

“Bu arada səs-küy qopur”.

Aha!

Eldarın dəstəsi gəlir! Vay Qacarın halına! Çoban Eldar toğlu kababını, kəklik kababını elə-belə yemirdi ki.

Vəzir:

“Şahıım, vuruşmağa gəlir ki, Eldar,

Gəl qaçaq, gəl qaçaq,xata toxunar!”

Birinci misradakı “ki” – yə baxın, şagird belə yazsa, “iki” alar, bunu akademik xalq şairi yazıb. Ancaq qrammatika cəhənnəm olsun. Bu səhnəni ancaq heyvan tamaşaçı ciddi qəbul edər və gülməz. Şahın üstünə çoban gəlir, vəzir deyir “dur qaçaq”. Bu eybəcər yalan nəyə xidmət edir? Ağlı başında olan adamları bizə güldürməyə?

Və bir saatdır ki, cəllad qondarma Əli bəylə əlləşir, ancaq nədənsə onun boynunu çobanlar gəlib çıxanda vurmaq istəyir. Və cəllad qılıncını çəkəndə çoban Murad çomağını cəlladın başına endirir.

Aha! Çomağı! Qacar bilsəydi ki, Qarabağda belə çobaqlar var, heç ayağını sarayından qırağa qoyardımı?

Qacar (öz adamlarına)
«Tutun, diri tutun, bu saat onu!”

Aha! Qacarın adamları varmış! Qacar saatla danışır, “bu saat” yəqin qolunda İsveçrə saatı var, ya da cibində ayfon…

“Vidadi Vaqifi qucaqlayıb bir tərəfə çəkir…”
Hara çəkir? Yoxsa bunların arasında… O söz… Lənət şeytana…

Qacarın qabağına çıxan qarabağlılar:

Çoban Eldar, Kürd Musa, Şaliko, Gülnar…

Kül bizim başımıza?

Gülnar da qabaqda?

Təsəvvür edirəm Gülnarı oynayan aktrisaları… Yaxa-baş açıq…Zalda oturan şorgöz millət yerində qurcalanır…

“Şiddətli vuruşma düşür. Eldar qılıncla saray adamlarını yara-yara gedir”.

Səksən il bu cəfəngiyatın əsiri olan millətdən nə gözləyəsən? Vallah, bizim millətin başını xarab eləyən müsəlmaçılıq olmayıb, Səmədvurğunçuluq olub…

Qacarla Eldarı vuruş səhnəsini oxuyanda, düzü, adamn gülməyi gəlmir. Adam istəyir xəcalətindən yerə girsin.

Eldar yapıncının altından misri qılıncı çıxarır…

Bayaqdan bu saray adamlarını yara-yara gedəndə əynində yapıncı vardı? Bəs qılınc hardaydı?

Yəqin hər dəfə bu tamaşa oynananda Koroğlu qəbirdə mayallaq aşırmış…

Qacarı həm qabaqdan vururlar, həm də, türkün məsəli, daldan. Daldan qapıçı vurur. Yəqin futbol qapıçısı…

“Vidadi və Vaqif daxil olurlar”.

Bu, ikimənalıdır. Bayaqdan bunlar hardaydılar, nə ilə məşğuldular?

Komediya Vaqin dilindən cəfəng bir bəndlə bitir. Şeirin cəfəngliyi bir yana qalsın, əruz da axsayır.

“Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə…”

Bunu Ələkbər Ələsgərov (ya Ələsgər Ələkbərov?) necə ifa edirmiş?

Pərdə…

Burda pərdə yox, gərək daş düşə…

Necə ki düşüb də…

Elə hamımızın başına…

 

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

«VAQİF» KOMEDİYASI: ÇOBAN ELDAR FARCANI MÜKƏMMƏL BİLİR, NİZAMİ İLƏ RUSTAVELİNİN MÜQAYİSƏLİ ANALİZİNİ VERİR…

samed-stalin

Eldarla Kürd Musanın qılınclaşmağı o qədər gülməlidir ki, yəqin ki, akademik teatrımızın tamaşaçılarını qarınağrısına salırmış. Çoban Eldar hara, qılınc hara? Kürd Musa hara, qılınc hara? Əslində gərək bunlar dəyənəklə vuruşaydılar. Onda olardı dram ya faciə. Komediyada çoban gərək qılınc çala…

Tamara:

“Doğrudan, Eldar,

Qılınc döyüşündə məharətin var!”

Gürcü qızı da bir yandan özünü sürtür, türkün məsəli, Eldarın dəyənəyinə…

Kiçik gürcü:

“Bu dağlar mülkünün pələngi sənsən!”

“Dağlar mülkü!” Bu necə olur?

Məlum olur ki, gürcünün birində çonquri var. Tiflisi verib Qacara, sonra onun dalınca gəlib Qarabağa, əlində də çonquri…

Çoban Eldar da çonqurinin zəlilidir…

Bir gürcü havası sifariş verir…

Məlum olur ki, Tamara filoloqdur. Rustaveini əzbərdən deyir… Çoban Eldarın sevimli şairini…

Eldar:

“Bizim Nizami tək kəlamı vardır…”

Şübhə yoxdur ki, Çoban Eldar fars dilini mükəmməl bilirmiş. Yoxsa o vaxt Nizamini hardan tanıyardı? Özü də mütəxəssis kimi tanıyır: atüstü Rustaveli ilə müqayuisəli təhlil aparır…

Vaqifdən məktub gəlib. Kim oxusa yaxşıdır? Əlbəttə, çoban Eldar! Bütün şərq dillərini bilir, Azərbaycan dilimizi də, bəzi binamuslardan fərqli olaraq, yaddan çıxarmır.

Vaqif çobana yazır:

“Sən də qurtarmasan Vaqifi dardan,

Yoxdur umacağım pərvərdigardan”.

Komediyanın əvvəlində Vaqif marksist və ateist idi, dini tiryək sayırdı, indi belə çıxır ki, çoban onu dardan qurtarsa, “pərvərdigardan umacağı” olacaq? Çox dolaşıq beytdir. Əslində komedyanın çoxu dolaşıqdır. Bunun eybi yoxdur, komediya aydın olmamalıdır, belə qanun yoxdur, komediya gülməli olmalıdır…

Çoban:

“Of! Yenə beynimə sıçradı al qan!”

Başqa rəngdə qan olur?

Remarka:

“Bu arada bir qoca kəndli bir dəstə kədli ilə gəlir”.

Necə yəni qoca kəndli kədli ilə gəlir?

“Yenə öz sürünü nizama düzüb,
Baş alıb gedirsən hayana ceyran?”

Ceyran ceyran sürüsünü düzüb ya mal-qara sürüsünü? Əgər ceyran sürüsüdürsə, başda gedən təkə olmurmu?

Burda da eləcə.

Azərbaycan məktəbliləri, tələbələri on illərlə bu savadsız mətndən imtahan veriblər! Kül bizim başımıza!

Aha!

Aha! Qoca kəndli çoban Eldara Koroğlunun misri qılıncını gətirib!

Yox, mən buna davam gətirə bilmərəm, gülməkdən lap zad oldum… o şeyin adı nədir… Gülməkdən yaddaşım da xarab oldu…

Qılıncın dəstəsində Koroğlunun barmağının yeri var…

Hansı barmağının? Elə bir barmağının? Bir barmağıyla qılınc vururmuş Koroğlu?

Görəsən Səməd Vurğun bunu nə çəkib yazıb? Yox, bu qazaxlı qafiyəbaz Salyana təkcə ceyran ovuna gəlmirmiş, yəqin qaradan, ağdan da dadırmış…

Eldar:

“Qıratın belində qıvrılıb yatan…”

Qılınc atın belində yatırmış? Özü də ilan kimi qıvrılaraq? Qılınc necə qıvrılar? Yalançının…

Səhnəyə iki çoban da çıxır. Murad və Qasım. Biri ney çalır. Yəni kefdədirlər. Hərçənd guya Qacar Qarabağı qana boyayıb…

Vaqifdən danışırılar. Biri deyir ki, Qacar Vaqifi öldürəcək. O biri çoban deyir ki, o boyda zad olmaz… o boyda şey olmaz…

Vallav, biz çobanların əleyhinə deyilik, biz özümüz də elə çoban kimi bir zadıq, ancaq bu Qarabağda Səməd Vurğun bir başqa peşə sahibi tapmayıb…

Məlum olur ki, çobanlardan biri Vaqifin istintaq materiallarını təfərrüatı ilə bilir. Qacar nə soruşub, Vaqif nə cavab verib… Elə bil başı indicə İnternetdən ayılıb…

Vaqifi edama gətirirlər. Düz bu iki çobanın ədəbi-bədii məşğələ keçdikləri yerə. Çobanların qoyunları hardadır, məlum deyil…

Vaqif şairliyindən qalmır:
“Günəş qürub edir….sönür kainat…

Əzəldən belədir vəfasız həyat…”

Kainat hara sönür, a zalım oğlu Səməd Vurğun? Əsil keflər elə gecələr başlamırmı?

“Mən də yaradıldım, mən də parladım,
Gözəllər ağzından düşmədi adım…”
Yaxşı ki, adı…

“İndisə yelkənim toxundu daşa”.

Qarabağda nə gəmi, nə yelkən?

Əli bəy:

“Sənin günəş boyda bir vicdanın var,
Çiynində el dərdi daşıyacaqdır…”

Birinci misra cəfəngdir, əlbəttə, vicdanın keyfiyyəti onun böyüklüyü ya kiçikliyi ilə ölçülmür… İkinci misranı isə nə qədər əlləşdımsə, başa düşə bilmədim. Yəqin başa düşənlər hamısı Naxçıvanda akademik, Bakıda professordurlar…

Vidadi  toya gələndən burdadır. İndi də Vaqifin ehsanını yeməyə hazırlaşır.

Ancaq ateistliyindən qalmır və “çərxi-fələyin” “taxtına” yekə bir tüpürcək atır…

Şeyx də öz işindədir, yenə Vaqifə ilişir:

“Şair, rənginizdə bir sarılıq var”.

Fikir verirsiniz, Şeyx Vaqifə “siz” deyə müraciət edir…

Görün Vaqif nə deyir:

Qafil, gün batanda rəngi saralar”.

İndi Vaqifin fanatlarına müraciət: Gün batanda rəngi saralar ya qızarar? Yəni yenə inanmırsınız ki, Səməd Vurğun “basməmmədi” ustasıdır?

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

«VAQİF» KOMEDİYASI. ERMƏNİ ARŞAK: «DÜNYANIN CİLOVU ƏLİMİZDƏDİR…»

samed-stalin

Heyf ki, komediya bitmək üzrədir. Adam güldükcə gülmək istəyir…

Beşinci pərdə. Yenə meşəlik, yenə qayalıq, nenə dərə, yenə Eldarın dəstəsi, ancaq “əvvəlkindən çox görünür”. Yəqin toğlu kababının iyinə yığılıblar.

Çoban Eldar monoloq deyir. Hamlet dincəlir.

İlk səkkiz misra qayaya həsr olunub.

“O hələ almamış bu dünyadan pay,
Dərdini duymamış nə ulduz, nə ay,

Ona həmdən olmuş saralan şamlar…”

Hamletin buna fərasəti çatardımı? Hamlet nə bilirdi “saralan şamlar” nədir? Danimarka krallığında yəqin heç kim “saralan şaamlar”ın nə olduğunu bilmirdi…

“Of, igid Vətən,

Nələr çəkməmisən bu dünyada sən!”

Nələr çəkib? İgidliyi nədən bilinir? İgidləri Çoban Eldar, Kürd Musa, erməni Arşakdırsa…

“Qılınclar, nizələr, dəmir qalxanlar,

…Səni parçaladı, diddi ətini…”

Deyək ki. qılınc, nizə didir. “Dəmir qalxan” əti necə didir?  Vətənin əti necə olur? Yəni çoban Eldar Vətənə də toğlu kimi baxır?

Bu möhtəşəm monoloqu erməni Arşak kəsir:

“Ara, Eldar yenə fikrə cummubsan…”
Erməni ki erməni. “Fikrə cumubsan…”

Eldar Arşaka dərənin dibini göstərir. Meşə qalın, qaya hündür, dərə dərin olsa da, dərənin dibində sümüklər, əllər, ayaqlar görünür. Arşak deyir ki, o sümükləri yaxşı gördüyünə görə Eldarın dəyənəyinə sarılıb vuruşur.

Çoban Eldar erməni Arşakın başına dönüb yalvarır ki, Sayat Novadan desin. Çoban Eldar hər gün Sayat Novanın şeirlərini eşitməsəydi, toğlu kababı boğazına getməzdi.

Erməni Arçak oxuyur. Bilinmir nə oxuyur. Səməd Vurğun bunu bizdən gizlədir. Yəqin deyir ki, Qarabağ bizimdir”. Çoban Eldar tərifləyir: “Gözəl sözlərdir”.

Arşak birdən soruşur ki, “bu Məhəmməd Qacar noldi? Onu nə qayıraq?”

Eldarın cavabını oxuyan hər azərbaycanlının gərək gülməkdən ən azı bir orqanı çatlaya. Çoban Eldar deyir ki, Kürd Musa Qacarı axtarır, gec-tez tapacaq…

Kül bizim başımıza…

Arşakın da Qacarda öz acığı varmış.

“Saz tutub söz deyən Sayat Novanı,
O qurd parçaladı, Tiflisdfə o qur,
İlana bənzəyən o qara bulud…”

Erməni də olsa, Arşaq azərbaycanca qəşəng danışır. “İlana bəzəyən bulud”. Hansı azərbaycanlının küt ağlına gələr bu bənzətmə?

Xəbər verirlər ki, “gələn var”.

Üstlərinə qoşun gəlir, bunlar indi xəbər tuturlar? Bunlar ən hündür qayanın başında deyildilər?

Eldar:

“Arşak, sən dərənin boğazında dur”.

Bunlar dərədəymişlər? Haçan girdilər? Dərənin boğazı necə olur? Bir erməni necə saxlayacaq boğazı?

Məlum olur ki, gələnlər gürcülərdir. Gürcüstanı Qacara təslim edib gəliblər Qarabağa ki, qeyrətlərini göstərsinlər. Çoban Eldar və erməni Arşak kimi igidlər olan yerdə qeyrət göstərməyə nə var?

Eldar dərhal dağları gürcülərə peşkəş edir:

“Bu dağlar sizindir əziz qardaşlar”.

Remarka: “Kabab-çörək çıxarırlar. Yemək başlanır”.

Bu komediya başlanandan görəsən neçə toğlu şişə çəkilib. Çoban Eldarı və onun dəstəsini bircə döyüşdə də görməmişik. Yəqin vaxtaşırı kəndləri talayıb sütül toğluları kabablıq gətirirlər meşəyə (dağ? Dərəyə? Qayalığa? Çöllərə?)

Aha!
Aha! Tamara da burdadır!

Tamara Eldara deyir ki, “gəl qəlbimə qulaq as, gör nə döyüntülər var”.

Yəni başını qoysun sinəsinin üstünə? Lənət şeytana!

Tamara həyatını danışır.

“Gözümün işığı bir balam vardı,
Yenicə-yenicə top oynadardı”.

Gürcülər hələ on səkkizinci əsrdən futbol oynayırmışlar, ingilislər də utanmaz-utanmaz deyirlər ki, futbolu onlar yaradıblar. Yalançının lap…Əgər gürcülərdən qabaq futbol olubsa, ermənilərdə olub. Bunun heç o yan- bu yanı yoxdur…

Məhəmməd Qacarın gülləsi uşağı öldürüb. Tamara Eldardan xahiş edir ki, Qacarı tapıb ona versin ki, “hıçqırıqlarıyla onu boğsun”.

Hıçqırıqla adam boğmaq olar?
Səməd Vurğunun yadından çıxıb ki, komediyanın əvvəlində Tamara Qacarın yanındaydı…

Vallah, bu komediyanı yazanda Səməd Vurğun tut arağını çox içib. Qazaxlılar pis adam deyillər, ancaq tut arağını çox içirlər…

Görün Salika nə deyir:

“O dişi canavar,

Bizi quduz kimi daladı keçdi…”

Yaxşı dediniz Qacar axtalanıb, bunua inandıq. Ancaq bu hardan dişi canavar oldu?
Çoban Eldar əsil psixoanalitikdir:

“Kefini heç pozma, vətən qardaşı,
Əzilər dediyin ilanın başı”.

Ay kişi, Saliko ilan demirdi, dişi canavar deyirdi…

Erməni Arşak deyir:
“Dünyanın cilovu əlimizdədir…”

Təəssüf ki, Səməd Vurğunun erməni qohumunun dilindən dediyi bu həqiqətə indiyəcən şübhə edənlər var…

 

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

«VAQİF» KOMEDİYASI: FÜZULİ “ÇOBAN TORPAĞI”NDA YETİŞMƏYİB, KƏRBƏLADA YETİŞİB…

samed-stalin

Burda Qacarın Vəziri də, nəhayət, repertuarının bir qədər yeniləyir, deyir ki, “ayağı çarıqlı kiçik bir ölkə Firdövsülər yetirə bilməz”.

Vaqif:

“Sizin güıdüyünüz çoban torpağı,
Nizamilər, Füzulilər yetirmiş”.

Gec də olsa, Səməd Vurğunun və onun fanatlarının nəzərinə çatdırmaq lazımdır ki, Nizami “çarıqlı ölkədə” yetişməyib, Gəncə kimi böyük siyasi-mədəni mərkəzdə yetişib. Özü də fars dillidir… O ki qaldı Füzuliyə, Füzuli yetişib Kərbəlada… Kərbəla hardadır? Orda nə çarrıq geyilib (istidir!), nə də oranın Azərbaycana aidliyi var…

Yəni Vaqifin dilindən verilən bu bəyənat, yumşaq desək, ağ yalandır…

Ümumiyyətlə, Vaqifin bütün replikaları, monoloqları onu ən azı demaqoq və nə danışdığını bilməyən bir adam kimi xarakterizə edir. Məsələn, o, şeyxə cavab verir:

“Niyə, qulağınız çoxdan şəşədir(? – X.X.)
Böhtan eşidəndə qızarıb yanar…”

Əgər böhtan eşidən insanın qulaqları qızarırsa, bu onun abırlı oıduğunu göstərmirmi?

Vəzir:

“Sizin sözünüzün kəsəri azdır” (vəzir tamamilə doğru deyir).

Vaqif:

“Oxuyan bülbüldür, dinləyən qazdır”.

Bunu deyən bizim ədəbiyyatımızın fəxri Vaqifdir ya sovetski uşağıdır? “Dinləyən qazdır…”

Və burda guya Qacar da Vaqifin əlində girinc qalıb. Bilmir neyləsin.

Vidadi gəlir. Yəqin qırqovul-plovun boyadının üstündən durub. Vaqifin xahişini edir:

“Böyük bir ölkənin onda gözü var…”

Böyük ölkə? Hansı böyük ölkə?

Vidadi:

“Xeyr, o, Vaqifdir, eşqə gələrək,
Hərdən qamçılayır zəmanəsini…”

Eşqə necə gəlmək olar. Eşqə — düşərlər, Bəlkə “ilhama gələrək”? Heca düz gəlmir? Aha!

Qacar deyir ki, Vaqifin əlini və dilini kəsəcək. Ancaq nədənsə onu zindana göndərir və qapıçıya (! – X.X.) tapşırır ki, muğayat olsun. Bu yerdə məlum olur ki, qapıçının (“qapıçı” nədir? futbol qapıçısı?) adı Zülfüqardır. Burda qafiyə xatirinə Səməd Vurğun qapıçıya ad uydurur.

“Bəri bax, dayanma, burda Zülfüqar,
Vaqifi zindana sən özün apar”.

Qüdrətli şah Qacar Kürdəmirin polis rəisi kimi danışır… Biabır olduq…

Vaqif gedən kimi yenə Qacarın qurdu qalxır, “doza” istəyir.

Dəlicəsinə:

“Gözlərim doymayır insan qanından…”

Bu yəni qana baxır, içmir? Bəlkə iyləyir? Toksikomandır?

Vaqif zindanda. Zindan “qayalıqdadır”. Yəni Qacarın beş-altı atlı ilə gizlənmək istədiyi yerdə. Oğlu da yanında.

“Ah, mənim qəhrəman oğlum…”

Oğul hardan qəhrəman oldu? Qırqovul vurmaqla? Çoban Eldara məruzə etməklə?

“Bir gəl öpüm səni, pəhləvan oğlum…”

“Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş…”

“Oh, Qacar, vicdanın döndümü daşa?”

Qacarda, deməli, vicdan varmış. Ancaq daşa dönən Vaqifin (qondarma Vaqifin) öz vicdanıdır, demirdi ki, “vicdanın böyük heykəliyəm”?

Əli bəy:

“Hələ də çöllərdə qaçaqdır Eldar…”

Çöllərdə? Həm də meşələrdə, dağlarda, dərələrdə?

Yadınızdadır, Qacar Vaqifin mühüm orqanlarını kəsməliydi. Nədənsə kəsmir. Hələ gəlini Gülnar ona “peredaça” gətirir. Bu necə olur? On səkkizinci əsrdə heç Avropada belə türmə olmayıb…

Pəncərə də açıq… Belə şey olar?

Vaqif Eldara məktub yazır verir gəlininə, deyir “qoynuna” qoy, apar…

Bəs Eldar qurumsaq bilmir ki, Vaqif tutulub? Toğlu kababından başı ayılmayıb?

Vidadi də qıçları bir-birinə dolaşa-dolaşa gəlir. Zülfüqar (Zülfüqar!) onu da buraxır içəri.

(İndi fikirləşirəm ki, bu Zülfüqarın rolunu oynayan neçə aktyor xalq artisti olub, aməkdar olub, hökumətdən ev alıb…)

Məlum olur ki, Vaqif tutulandan sonra Vidadi imanını itirib, həppilim vaxtında başa düşüb ki, Allah-zad yoxdur. Yəni olub materialist, narksist-leninçi və stalinçi.

Vidadi deyir ki, Allahın vicdanı yoxdur.

“Onda da görmədim vicdandan əsər…”

İlahi, keç bunu yazanın, bunu tamaşaya qoyanın, buna çəpik çalanların günahından…

Yadınızdadırsa, Vidadi toya gələndən köçünü salıb qalıb burda. Havayı yeyib-içir, Qacarla ağız-ağıza verir…

Xuraman da xanın “qanlı qucağından” çıxıb gəlir türməyə. Ya kefdən doyub, ya səhvini başa düşüb.

“Hər qızıl xəzinə bir şahmarımış…”

Xəzinə — ilan deyil, müxtəlif xalqlardakı mifik təsəvvürlərə görə xəzinə üstündə ilan yatır… Yəni burda da Səməd Vurğun basməmmədi eləyir…

“İndi öz əlinlə gəl öldür məni…”

Vaqifin (qondarma Vaqifin) qeyrəti olsaydı, səni “qanlı qucağa” girəndə öldürərdi. İndi hardan öldürər. Özü də türmədə…

Vaqif:

“Get, get, vəfasızsan bu dünya kimi…”

Sonra Xuramanın dilindən cəfəng bir kuplet gəlir, Vaqif bunu eşidib təsirlənir.

“Nəydi o yazığın, nəydi günahı…”

A kişi, necə nəydi? “Bəs “qanlı qucaq”?

Səməd Vurğun Kant plaşına bürünür:

“İnsan! O, müqəddəs bir kainatdır,
O saf qəlbi pozan yalnız həyatdır…”

Necə yəni “həyat qəlbi pozur”? İnsan elə yaşamağı ilə, həyatı ilə insan deyilmi? Yəni həyat həyatı pozur?

Sonrası məlumdur: Xuraman özünü qayadan atır…

“Bizim eşqimizi məhv etdi zaman…”
Əlbəttə, səksən yaşlı Vaqifə bu bayağı, qondarma lotuluq, pozğunluq süjetini sırımaqla Səməd Vurğun böyük şairimizə, ruslar demişkən, “ayı xidməti” göstərib…

(ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

«VAQİF» KOMEDİYASI. QACARIN QABAĞINA ÇIXANLAR: KÜRD MUSA, ERMƏNİ ARŞAK, ÇOBAN ELDAR… NƏ QOŞUN VAR, NƏ XANLIQ…

samed-stalin

Hə, vətən xaini şeyx düşür Qacarın qabağına.

Qacar.

“Ha, ha, ha… Qaçmışdır kələbaş dana….”

Qacar bunu İbrahim xan haqqında deyəndə  akademik teatrımızın zalında oturan tamaşaçıların bir hissəsi yəqin ki gülməkdən şalvarını isladır. “Kələbaş dana…”

Kürd Musa isə xanın diversantını öldürür. Çoban Eldar, əlbəttə, intellekt dəryasıdır. Ancaq Kürd Musa bəşər dahisidir. Eldar deyir:
“Yaxşı, di durmayın, dayanmaq olmaz!”

Kürd Masa etiraz edir:
“Tələsmə, gözləyək burdaca bir az,
Arxada qalanlar gəlib çatsınlar”.

Yox, bu Kürd Musada Napoleon qüdrəti var!

Yenə Əli bəy səhnəyə çıxır. Deyir ki, dayanın, getməyin, çünki “İbrahim xan tülkü kimi qaçıb”.

“Bizə qəh-qəh çəkib güləcək Qacar”.

Səməd Vurğunun yadından çıxıb ki, “xanın qaçdığını” bundan əvvəl Qacara deyiblər, Qacar da qəh-qəhini çəkib…

Aha, burda hələ Arşak var imiş! Erməni-azərbaycanlı qardaşlığı. Arşak da çoban Eldarın dəyənəyinə sarılıb Qarabağ uğrunda döyüşür.

Arşak:

(son dərəcə hiddətli)

“Ax, namərd! Deməli boş qaldı torpaq!”

Erməni də hiddətləndi, üzünü görmə… Ax, Arşak, Arşak… Boş niyə qalır, ay zalım oğlu, siz ermənilər ölməmisiniz ki…

Axtarsan, Səməd Vurğun bu Arşakla qohum çıxar, şair özü deyirdi ki, Şaumyan və bütün qalan Bakı komissarları onun babasıdır…

Eldar ciddi strateji qərar qəbul edir:

“Durmayın, çəkilin tez meşələrə,
Bizim yuvamızdır, bu dağ, bu dərə…”

Əlbəttə, meşələrə çəkilmək lazımdır. Toğlu kababı soyuyur…

Ancaq meşəyə çəkilirlərsə, bu “dağ-dərə” nədir? İndiyəcən hardaydılar?

Sonrakı şəkildə xan sarayıdır. Şah Qacar yenə sarsaq-sarsaq danışır. Yenə “qaya, dağ”. Vətən xaini şeyx də deyir ki, hər dağ Qacara baş əyir…

Belə primitiv, yoxsul dillə ancaq mənim xalqımın içində yüksəlmək olar! Ah, xalqım, nə pis zadsan, İsgəndər demişkən…

Qacar:

“Belə deyirlər ki, ağladır yeri,
Sizin Qarabağın xanəndələri”

“Yeri ağlatmaq” – nonsensdir, “yeri-göyü ağlamtmaq” var. Xalq şairi göyü misraya soxuşdura bilməyib…

Xanəndə Vaqifin adından yazılmış cəfəng bir qəzəl oxuyur:

“Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından…”

Kim bir şey başa düşdü? Bir köpəkoğlu ədəbyatşünas professor bu misrada məna tapa bilər?

Guya bu cəfəngiyat Qacarı valeh edir:

“Vəzir, bu, doğrudan böyük qüdrətdir…”

Vətən xaini Şeyx Vaqifə pis xasiyyətnamə verir:

“Bir də bərk dostudur o qaçaq Eldar…”

Misrada gözəlliyə baxın: “bərk dostudur…”

Qacarı çoban Eldarın adı qorxutmalıdır? Hansı şücaətinə görə?  Biz onu ancaq toğlu kababı çəkən görmüşük…

Qacar:

“Dayan, sovuraram külə tozunu…”

Bəh-bəh!

Bəyi gətirirlər.

Yox, Vaqifi gətirirlər.

Qacar şokdadır.

“Aha, baş əyməyir hüzurumda bu…”

Heca sayı düzəlməyən kimi, Səməd Vurğun “aha”nı basır. Aha!

Qacar Vaqifin nəzərinə çatdırır ki, o, şahın hüzurundadır və baş əyməlidir.

Vaqif burda Azərbaycan ədəbiyyatının və teatrının şah misrasını deyir:

“Əyilməz vicdanın böyük heykəli”.

Necə yəni “vicdanın heykəli”?

Səməd Vurğunun çörəyini yeyən Bəxtiyar Vahabzadə özü tələbələrinə deyirdi ki, bu ifadənin heç bir mənası yoxdur. Mən isə belə başa düşürəm ki, Səməd Vurğun burda rus dilinin köməyi ilə samballı bir şey demək istəyib. Rus dilində “воплощенная совесть», yəni “vicdanın canlı təcəssümü” mümkündür, ancaq “vicdanın heykəli” nonsensdir. Səməd Vurğunun heykəlinə and olsun!

Sonra Vaqif, yəni Səməd Vurğun, Şopenhauer cildinə girib vicdan haqqında fəlsəfi fikirlər yürüdür. Ancaq Salyan mollalarının səviyyəsində çıxır:

“Vicdan dedikləri bir həqiqətdir…”

A kişi, Qacar səndən söz soruşur, cavab ver, elə hər şeyin adını beləcə həqiqət qoymaq olar…

Qondarma Qacar qondarma Vaqifi bəyənir.

“Xoşbət xəlq eləmiş sizi yaradan!”

Bunu Firdövsi, Xəyyam, Hafiz, Sədi kimi şairləri olan İranın şahı deyir?

Qacar Vaqifə elə vurulur ki (yaxşı ki, axtalanıb, yoxsa ayrı şey fikirləşmək olardı…), sarayı ona vermək istəyir. Ancaq Səməd Vurğunun ilhamı elə fəvvarə vurru ki, Qacar “ulduzu, ayı” da Vaqifə tapşırmaq istəyir. Bir şərtlə:

“Gərək fars dilində yazsın sənətkar”.

A kişi, Vaqifin səksən yaşı var. Bu yaşda o gərək fars dilini öyrənə. Səksənində öyrənən… Ay Səməd Vurğun, niyə sivil dünyanı bizim millətə güldürürsən…

Vaqif Qacarın təklifini rədd edir:

“Mən ellər bağında azad bir quşam,
Mənsəbə, şöhrətə satılmamışam…”

Satılmayıb, ancaq  “oğraş” xanın vəziri işləyir və qırqovul-plov yeyir…

 

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

«VAQİF» KOMEDİYASI: ÇOBAN ELDAR QACARIN QOŞUNUNU “SƏRÇƏ KİMİ” QIRIR…DƏYƏNƏYİ NƏ BİLMİSƏN…

samed-stalin

Əli bəy gəlir və çoban Eldara (çoban Eldara!) məruzə edir ki, “Qacar basqına keçmişdi”.

Belə dramaturqu olan millət, batasan!

Necə yəni “basqına keçmişdi”? Həlkə “hücuma”? Bəs Qacar hücuma keçmişdisə bu “qaçaqlar”, niyə toğlu kababı çəkirlər?

Oxuduqca adamın başıdan tüsrtü çıxır…

Sonra Əli bəy Vaqifin tapşırığını çoban Eldara çatdırır, deyir ki, siz gedin “arxadan vuruşun”.

Qacar ordusu qoyun sürüsüydü ki, çoban Eldar onun dalınca gedəydi?

Əli bəy:

“Vətənin gözləri indi bizdədir”.

Bu qondarma bəy hələ dünən qırqovul ovlamırdımı?

“Bu yurda qoymayaq zalım Qacarı,

Talana getməsin ellərin varı” – bunu da Əli bəy deyir.

“Ellərin varı”? Ellərin nə varı? Kəndlilər demirdilərmi çuvallarında “bir arpa belə yoxdur”?

Sonra çoban Eldar nitq söyləyir:

“Vətən torpağının bir böyük oğlu,
Vicdanı bir böyük eşq ilə dolu”.

Bunu, əlbəttə, çoban Eldar yazmayıb, Səməd Vurğun yazıb – xalq şairi, akademik. Baxın, “böyük sözü iki dəfə, dalbadal işlənir. Vicdan necə eşqlə dolu ola bilər? Vicdan özü subyektiv, mücərrəd anlamdır, eşq də duyğu. Bu sayıqlamanı Azərbaycanın xalq artistləri səksən ildir səhnədən ifa edirlər…

Dalına baxın, görün çoban nə deyir:

“Bizi dəvət edir qışdan bahara,
Azadlıq uğrunda vuruşmalara…”

Bir şey başa düşdünüz? Vaqif bu lotuları vuruşmağa dəvər edir. Acizanə. Pliz, toğlunu yeyəndən sonra, mümkünsə, keçin Qacarın dalına…

Ay-vay, gülməkdən öldüm…

Remarka: “Ura çəkib hücuma çəkirlər”.

Yalançının lap… Rəhim Qazıyev də belə hücuma keçirdi…

Sonrakı şəkildə Qacar dağ başından yanan kəndləri seyr edir.

“Çıxsın asimana odlar alovlar,
Göylərdən od töksün yerə ruzigar”.

Yerdən od qalxır, bunu başa düşdük,. Göydən də yerə? Ağ olmur?

“Üzsün qan içində gəlinlər, qızlar,
Yerdə göyərçinlər, göydə ulduzlar”.

Göyərçin toyuq deyil, uçan quşdur, yerdə niyə üzməlidir? Göydə ulduzların qanda üzməyi – bu necə olur?

Sonra Kəndli gəlir. Xahiş edir ki, Qacar əmr edib yanğınları dayandırsın.

Bayaqdan müəllif deyirdi ki, kənd od içindədir. Əmr verməklə yanğını necə dayandırmaq olar? Bəlkə söndürmək?

Həqiranə xahişlə gələn kəndli sözünü çox yuxarı notda bitirir:

“Burda Koroğlular at oynatmışdır”.

Çox maraqlıdır ki, qan-qan deyən Qacar başından böyük danışan kəndliyə baş qoşmur. “Qalxıb gedir”…

Ancaq yenə qayıdır. Və bu səhnədə birinci dəfə “sərkərdə” görürük.

“Şahım. Arxa cəbhə çox qorxuludur,

Eldarın dəstəsi gəlir irəli,
Qırır sərçə kimi bizimkiləri…”

Aha! Bəs çoban dəyənəyini nə bilmişdin? İran ordusu çoban dəyənəynin qabağında dayana bilər?

Gülməkdən öldüm…

Görün sərkərdə sonra nə deyir:

“Gizlənin barı,
Tutaq qabaqdakı qayalıqları,
Oralar çox bərkdir…”

Yox, dünya ədəbiyyatında belə gülməli şey yazılmayıb. Analoqu yoxdur!

“Qabaqdakı qayalıqlar” – qabaq haradır, dal haradır? Qaya, düzdür, bərk olur. Ancaq Qacar qayada necə gizlənəcək…

Vallah, Səməd Vurğun bizim millətə əməlli-başlı işəyib… Vallah, bunu oxuyan gülməsə, yumor hissini ana südüylə əmməyib…

Qacar:

“Çəkin atları,
Bir bölük göndərin arxaya sarı,

Qabağı saxlasın gizlənincə biz…”

Kül başına, Qacar! Bisavad bir cızmaqaraçının əlində girinc qalmısan…

Baça dümək mümkün deyil ki dal hardadır, qabaq harda. Qacarın at üstündə qayada gizlənməyini necə təsəvvür edirsiniz?

Vallah, Səməd Vurğun Azərbaycan oxucusunu, Azərbaycan tamaşaçısını heyvan sayıb…

Sonra Şeyx gəlir. Şeyx oğraş olduğu kimi gərək hökmən vətən xaini ola. Düşür Qacarın qabağına ki, bələdçilik edib qayalıqda gizləndirsin…

Ölmüşük, vallah, yerdən götürən yoxdur…

Sonra Qacarın qoşununda müharibə əleyhinə bolşevik təbliğatı gedir və dava düşür. İran əsgərlərinin çoxu keçir çoban Eldarın tərəfinə.

Çoban Eldar:

“And için qılınca!”

Əslində andı gərək dəyənəyə içələr…

Xanın Ştirlitsi yadınızdadır? İlyas. İnək oğurlayan. İndi Eldarı vurmaq istəyir. Gülləsi boşa gedir. Kürd Musa vurub onu öldürür.

Vallah, bu kürdlər olmasaydı Qarabağ əldən gedərdi…

Nə, gedib?

Hə, gedib, düzdür…

 

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

«VAQİF» KOMEDİYASI. ŞAH QACAR SIRAVİ ƏSGƏRİYLƏ QILINCLAŞIR, ELƏ BİL SALYAN UŞAQLARI BIÇAQLAŞIRLAR…

samed-stalin

Demək lazımdır ki, Səməd Vurğun bu komediyasında Vaqifi həm şair kimi (onun dilindən öz cəfəng şeirlərini dedirtməklə), həm diplomat kimi gözdən salır və hətta onu oğraşa çevirir. Vaqifin arvadı guya xanla… o söz… Burda əgər Vaqif qan töksəydi – öz qanını, xanın qanını, Xuramanın qanını – bu pyes olardı faciə. Sarayı tərk edib getsəydi, olardı dram. Ancaq arvadı xanla guya sevişən Vaqif yenə saraydadır. Bu olur kukold-komediya. Kim deyə bilər ki, olmur?

İki həftəyə yazılmış bu məzhəkədə guya tarixi olan hadisələrin heç bir məntiqi izahı, bünövrəsi yoxdur. Qacar iki gürcünü qapışdırmaq istəyəndə “birdən arxada (?), orduda üsyan qalxır”. “Bir nəfər əsgər yüyürərək Qacarın qarşısında durur”.

Qeyd etmək lazımdır ki, Qacarın yanında sərkərdələr, zabitlər, keşikçilər, cangüdənlər yoxdur. Bir başdan xarab vəzir var ki, tez-tez deyir “buyruq sizinkidir, adil hökmdar”.

Sıravi əsgər gəlib İran şahının qabağında durur? Lap belə yalançının…

“Bəsdir, vuruşmaqdan yorulduq daha,
Barı kor vicdanın baxsın Allaha!”

Bunu azərbaycanlı yazıb? Necə yəni “vicdanın Allaha baxsın”?

Qacar qılıncını çıxarır və başlayır əsgərlə qılınclaşmağa…

Belə döyüş mənə Salyan bıçaqlaşmalarını xatırladır. Salyanda elə indiyəcən belə bıçaqlaşırlar. Ancaq şah əsgərlə bıçaqlaşa? Allahu əkbər! Lənət şeytana! Qulaqlara qurğuşun!

Gürcülər fürsətdən istifadə edib qaçırlar. Gürcülər hamısı müsbətdirlər. Belə komediyaya Stalin necə mükafat verməsin?

Sən demə Qacarın qapıçısı da vampir imiş (bilinmir ki, qapıçı nə vəzifədir. Qarovul rəisi?). Deyir ki, Qacarın qanından doyunca içmək istəyir…

Sonra «qalın meşəli dağ» təsvir olunur. Eldarın dəstəsi kefdədir. Toğlu şişə çəkirlər. Maraqlıdır, bunlar kimin hesabına yeyib-içirlər? Çuvallarında “bir arpa belə” olmayan kəndlilərin?

Kürd Musa (əlbəttə, kürd. Kürdsüz necə ola bilər?) bayatı deyir…

Kürd bayatı deyir…

“Qərənfiləm qələmsiz…”

Qərənfilin qələmi olur?

Sonra Kürd Musa erotik şeir deyir:

“İsti otaq, bir qız…” və s.

İlyas yadınızdadır? İbrahim xanın Ştirlitsi? Hə, o da burda qaçaqlar arasında təxribat işi aparır. Deyir ki. xana batmaq olmaz. Xanın topu, tüfəngi var. Kürd Musa onun cavabını verir:

“Qorxutmasın səni xan,

Yapışıb boğazından,
Boğarıq sərçə kimi…”

Hörmətli soydaşlar! Yaxşı diqqət verin bu söhbətlərə, bütün komediya bu səvyyədədir, bu, Azərbaycan sovet ədəbiyyatının səviyyəsidir, bu, indiki Azərbaycanın rəsmi ədəbiyyatının səviyyəsidir, bu, Azərbaycan teatrının səviyyəsidir…

Və bu dəstənin başçısı çoban Eldardır. Çoban da elə Afrikada da çobandır.

Təbii ki, çoban gərək marksist-leninçi nitq söyləyə.

Eldar:

“Bir ağ gün görmədi bizim sonalar…”

Necə görmədi? Vaqifin gəlini bir dəstə qızla bənövşə yığır…

“Öldü diri gözlü yazıq analar…”

Bir şey başa düşdünüz? Analar hər yerdə ölürlər… Elə atalar da… Necə yəni “diri gözlü”?

“Böyük sarayları qurub tikən biz,
Qışın şaxtasında taxıl becərən,

Bizk, biz!”

Hansı ölkədə, hansı köpəkoğlu qışın şaxtasında taxıl becərər? Bunu yazanda Səməd Vurğun kefli olub ya nəşəli?

“Asıldıq hər zaman dar ağacından…”

Qarabağ xanlığında başqa iş yox imiş, elə “şaxtada taxıl becərənləri” dar ağacından asırlarmış? Niyə?

Kürd Musa:

“Ay Eldar, doğrudan, bu bəylər ki, var,

Bur azca arpası çox düşən zaman,

Yabı cinsi kimi şıllaq atırlar….”
Bəh-bəh! Şillər dincəlir!

Bu komediyaya yəqin Üzeyir bəy də əl çalırmış…

Bizim mədəniyyətimizi yaradanların çoxu elə bəy nəslindən olub. Çobanın opera ya roman yazdığını indiyəcən eşitməmişəm…

Yenə gürcülər peyda olurlar. Yenə “dağ-dərə”.

“Qana döndü dağ dərə”….

Bəlkə qana bulaşdı?

Məlum olur ki, çoban Eldar Gürcüstanı çox yaxşı tanıyır. Yəqin ildə bir neçə dəfə ailəsiylə orda dincəlirmiş.

“Çox keçmişəm hər gölündən,
Gürcüstanın dost elindən…”

Göldən necə keçirlər?

Eldar:

“İndi uşaqlar
Aparıb ötürsün sizi Tiflisə…”

Yəni lap Tiflisə? Qatarla? Ağstafa stansiyasından?

Yox, mən hələ indiyəcən belə gülməli komediya oxumamışdım!

Yox, burda da Kürd Musasız iş keçmir. Çoban Eldar ona tapşırır ki, beş-altı atlı götürüb qonaqları yola salsın…

Sonra “qoca bir qarı” gəlir. (Qarının cavanı olur?)

Məlum olur ki, xanın Ştirlitsi, yəni İlyas “qoca qarının” inəyini oğurlayıb!

Lənət şeytana!

Ştirlits – mal oğrusu?

Çoban Eldar cibindən bir dəst pul çıxarıb verir qarıya. Pul çoban Eldarda zibil kimidir . Hardandır – məlum deyil…

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

S. VURĞUNUN «VAQİF» KOMEDİYASI: PYESDƏ ABIRLI İKİCƏ MİSRA VAR, O DA OĞURLUQ…

samed-stalin

Qacar qılıncını vəzirə göstərir (Qacarın da vəziri var).

“Bir bax, qılıncımda qanlara bir bax!”

Bundan əvvəl remarkada deyilirdi ki, Qacar yuxudan oyanıb çadırdan çıxır. Qılıncla? Qılıncda da qanlar? Silib-təmizləmirlər? Qacar özü qılınc çalır?

Vəzirinə əmr edir:

“Dayan bir qul kimi əmrə müntəzir!”

Şah vəziri ilə belə danışmalıdır? Niyə?

Ədalət naminə demək lazımdır ki, bütün bu komediyada bir ləyaqətli beyt var:

“Bir boynu olsaydı bəşəriyyətin,

Onu bir qılıncla vurardım yəqin!”

Ancaq yenə ədalət naminə demək lazımdır ki, bu beyt oğurluqdur. Svetoniyə və başqa tarixi mənbələrə görə, bu sözləri Kaliqula deyib: “Əgər Roma xalqının bir boynu olsaydı, onu bir zərbə ilə üzərdim…”

Yəni Səməd Vurğun utanıb-çəkinmədən və hətta dırnaq arasına almadan özgə fikirlərini öz adına çıxır. Yaxşı ki, savadı az olub, çox oxumayıb, yoxsa oğurluğu da çox olardı…

Yuxarıda dedik ki, Səməd Vurğunda Qacar İran şahı deyil, dəlixanadan qaçmış psixopatdır.

«Gərək qan altında qalsın bu dağlar,

Bağlansın qapılar, sönsün ocaqlar».

Dalı qərəbədir:

“Könüllər ayrılsın sirdaşlarından…”

Bu boyda qoşun, bu boyda epspedisiya – məqsəd? Könülləri sirdaşlarından ayırmaq!

Bir şey başa düşdünüz?

“Vaqif” komediyasındakı Qacarla tarixi Qacar arasında ümumi heç nə yoxdur. Tarixi Qacar İranın ən qüdrətli monarxlarından bir olmuşdur, hərbi qələbələri və dağınıq əraziləri çərkəzləşdirmək yolunda səyləri böyükdür. Səməd Vuröunun həm mənfi, həm müsbət qəhrəmanları özünə bənzəyirlər zəifdirlər, sürüşkəndirlər, həlləm-qəlləmdirlər.

Sonrasında elə yerlər var ki, oxucu gülməkdən ölməsə də, gərək qəşş edə.

“Yox, bir potavalı, çoban bir ölkə,
Böyük Firdovsilər yaratdı bəlkə…”

Potava? İranlılar bəs ayaqlarına o vaxt nə geyirdilər? İran corabı? Mokasinlə?

Sonra Vaqifin məktubu oxunur. Yəni Səməd Vurğunun Vaqifin dilindən yazdı məktubu. “Tərlan oylağı” və s. cəfəngiyat.

“Mayan turş ayrandır, zatın qırıqdır…”

Vaqif əgər belə diplomat idisə, ondan Qarabağ xanlığı ancaq ziyan çəkib. Bir tərəfdən də yaddan çıxarmayaq ki, Səməd Vurğun Qarabağ xanlığını yox, Qarabağ çobanlığını təsvir edir…

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

S. VURĞUNUN «VAQİF» KOMEDİYASI: ARVAD «PİS GƏZİR», KİŞİ DEYİR «CANAN ÜZ DÖNDƏRDİ»…

samed-stalin

Yadınızdadırsa, Gülnar qırqovul-plov bişirməyə getməliydi. Ancaq nədənsə qazanı qoyub gəlib durub qapının dalında, Qarı ilə şeyxin Xuramanı xan üçün necə “düzəltməklərinə” qulaq asır.

“Ay ləçər,

Bu iş yaraşarmı heç nəslimizə?”

Yeri gəlmişkən, Gülnarın hansı nəsildən olmağı məlum deyil, atasının da olub-olmadığı bilinmir, tamaşaçı ancaq anasını, Əminəni görür. Əminə də corab toxuyub gətirib kürəkəninə..

Təbii ki, Vaqif dərhal səhnəyə qayıdır. Gülnar “utana-utana” eşitdiklərini deyir. Əli bəy Gülnarı “o biri otağa aparır”, ki, Vaqif tək qalıb monoloq desin. Vaqiflə gəzintiyə getmiş Vidadi yoxdur, yəqin su başına çıxıb…

Vaqifin monoloqu.

“Yenə gözlərimdə hava qaralır…”

Qaralmaq havanın təbii xassəsidir…

“Yenə dağ başını duman, çən alır…”

Dərin fəlsəfi fikirlərdir, eləmi? Şekspir dincəlir…

“Qəlbim sığışmayır dar saraylara…”

Pyesin əvvələindən eşidirik ki, Vaqifin qəlbi dar saraylara sığmır, ancaq ağzına qırqovul-plov sığır…

“Burda gözlərimə min qan görünür…”

Qan ədədlə ölçülür? Elə indi göründü?

“Könül viran qalan bir xanimandır…”

Yəqin bu yerdə tamaşaçılar ağlaşırlar… Azərbaycanlının ağlamağına nə var ki… Dostoyevski bir qəhrəmanı haqqında yazr: “O, sentimental idi”. Sonra əlavə edir: “O, kinli və sentimental idi…”

Xuraman səhnəyə qayıdır:
“Vaqif, ey sərvərim, ey tacidarım…”

Vaqif:

“İtil gözlərimdən bivəfa yarım…”

Bu, on səkkizinci əsr ucuz, kasıblar üçün qondarılmış fransız romanına oxşayır. Qafqazlı kişi gərək burda qılınca əl ata, qan tökə, heç olmasa öz qanını… “İtil gözlərimdən…” Belə şey olar?

Yəqin komediyada olar…

Vaqif Xuramanı təkrar xanın qucağına göndərir:

Get, atıl murdarın qan qucağına…”

Necə yəni “qan qucağı”?

Əgər xan murdar idisə, bu neçə ili Vaqif ona necə xidmət edirdi?

Xuraman gedir “qan qucağına”. Vaqif deyir: “Ey  bivəfa arvad!” Yox, bu ayrı komediyadadır. Vaqif ayrı cür deyir:
“Canan üz döndərdi…”
Canan.. Azərbaycanlı öz arvadı haqqında “canan” deyər?

Əli bəy gəlib icazə istəyir ki, “şərəfsizi” öldürsün. (Vuran oğul atasına baxmaz…”) Vaqif bir sovet gürcü komediyasındakı kimi deyir ki, bala, zaman dəyişib, öldürərsən, xalq bizi düz başa düşməz…

Nə isə, gülməkdən adamın qarnı cırılır…

Vaqif:

“Düşüb-düşməyəli bu saraylara,
Hələ rast gəlmədim vəfalı yara…”

Belə çıxır ki, Vaqif sarayda arvadbazlıq edirmiş, sevdiyi arvadların da hamısı “bivəfa” çıxırmış…

Məşədi İbad, yadınızdadırsa, qoçuları başına yığırdı. Vaqif isə qələm-kağız götürüb şeir yazmağa başlayır…

Qacarla bağlı səhnələr isə adi gülüş yox, hırıltı doğurur.

Elə ilk səhnədəcə Qacar uzun bir monoloq deyir. Doğrudur, bu monoloq dəli sayıqlamasına oxşayır, çətinliklə başa düşmək olur ki, bu insan çölü, dənizi, müşəni, dərəni qanla doldurmaq istəyir. Başqa məqsədi yoxdur. Qüdrətli bir dövlətin mütləq hakiminin, Tehranı İranın paytaxtına çevirmiş şahın nitqində mənalı bircə cümlə də yoxdur. Və hardan olsun, əgər onun nitqini xalq şairi və akademik adı daşıyan kəmsavad bir insan yazıbsa?

 

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/